Mircəfər Bağırovun məhkəməsində iştirak edən yeganə masallılı, sonralar polis rəisi tərəfindən tədbirə buraxılmayan, rayon rəhbərlərindən birinə ibrətamiz jest edən Məmməd müəllim.
Cenub.az təqdim edir:
Məmməd Məmmədov 1909-cu ildə Masallı rayonunun Öncəqala kəndindən anadan olub.
1948-ci ildə Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirmişdir.
Bir müddət müəllim işlədikdən sonra Masallı Rayon Partiya Komitəsinin təbliğat- təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1952-1958-ci illərdə Masallı Rayon Partiya Komitəsinin (İndiki İcra Hakimiyyətinin Başçısı) 1-ci katibi işləmiş, ölkənin ən nüfuzlu ordeninə - Lenin ordeninə layiq görülmüşdür.
I katib vəzifəsindən azad edildikdən sonra 17 il rayonun ən çoxsaylı şagirdi olan təhsil ocağına, 1 saylı orta məktəbinə rəhbərlik edib. (Həmin vaxtlar şəhər 1 saylı orta məktəb indiki Xətai Parkının şimalında, hazırda Masallı Dövlət Regional Kollecinin fəaliyyət göstərdiyi binada yerləşirdi).
Məmməd müəllim bir müddət Masallı rayonun Maşın Traktor Stansiyasının (MTS-in) rəhbəri də olmuşdur.
M. Məmmədov 1983-cı ildə 74 yaşında vəfat etmişdir.
Müəllifdən: Məmməd Məmmədov haqqında məlumatlar olduqca azdır. Hətta yuxarıda qeyd etdiyim məlumatları aylarla araşdırma apardıqdan, onlarla insandan soraq-soraq edə-edə toplamışıq.
40 il öncə dünyasını dəyişən bu insanın xatirələrdə yaşadan çox az adam qalıb. Hətta onun normal foto-şəklini əldə etmək bir zülmə çevrilmişdi.
Hacı Mir Abdulla Hüseynovun “Oncəqala. (Keçmişdə və indi)” kitabında Rayon Ağsaqqal Şurasının sədri Ələşrəf Niftiyev M. Məmmədov haqqında yazır:
“Çox şərəfli ömür yolu keçmiş sədaqətli insan, təmiz və ləyaqətli insan, yüksək biliyə və təşkilatçılığa malik, faydalı məsləhətləri ilə hamının işinə yaramış, uzun müddət rayon rəhbərliyində, o cümlədən 1952-1958-ci illərdə raykomun 1-ci katibi işləmiş, əslən Öncəqala kəndində anadan olmuş Məmməd Abdulhəsən oğlu Məmmədov ruhu qarşısında bütün Masallı ziyalıları fikrini və yekdil rəyini bilib, öyrənib, mənəvi borcumuzu yerinə yetirməkdə bu böyük müəllimlər müəllimini xatırlamaq şərəfinə nail olmaq üçün həmişə beynimə, yaddaşıma həkk olmuş fikirlərimi onu tanıyanlarla bölüşmək, tanımayanlara gec də olsa, çatdırmaq istəyimi yerinə yetirməkdə bulunduğuna görə bu kitabın müəllifinə böyük minnətdarlıq və razılıqla bəzi mülahizə və xatirələrimi təqdim edirəm.”
Son 9 ildə Masallıya rəhbərlik etmiş ilk masallılı şəxs
Məmməd müəllim bu rayona rəhbərlik etmiş insanlar içində yeganə şəxsdir ki, Lenin ordeni ilə təltif olunub.
O həmçinin Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olub.
Yuxarıda qeyd etdiyim kimi, M. Məmmədov haqqında onu tanıyan hər kəs xoş sözlər desə də, konkret nümunələr söyləyən olduqca azdır.
Əksəriyyətin birmənalı fikir odur ki, Məmməd müəllim olduqca təmkinli, hər sözünün çəkisini bilən, Masallıya, 1 ci katib vəzifəsinə 1952-ci ildə gələn əsl ağsaqqal, sözün həqiqi mənasında müəllimlər müəllimi olub.
Məmməd müəllim Masallıya 1-ci katib, rayon rəhbəri vəzifəsinə 1952-ci ildə, Mircəfər Bağırovun vaxtında seçilmişdi. Tutatutun qızğın vaxtında Məmməd Məmmədov öz insanpərvərliyini qoruyub və onun Masallıya rəhbərlik etdiyi illərdə bu rayonda kimsə şərlənməyib, nahaqdan həbsə salınmayıb.
Məmməd Məmmədov bir rayonun rəhbəri olsa da, yuxarıda güclü dostlarının yanında hörməti olduğu üçün bütün bölgənin ağsaqqalı sayılırdı. Bölgəyə kimsə rəhbər təyin olunurdusa, mütləq Məmməd müəllimin rəyi öyrənilirdi.
Məmməd müəllimdən ondan sonrakı rayon rəhbərinə ibrətamiz jest
Onu yaxından tanıyanlardan biri deyir ki, Məmməd müəllim rayon rəhbərliyindən çıxandan sonra 1 saylı məktəbə direktor təyin edilir. Ondan sonrakı rəhbərlərdən hansısa biri şikayət əsasında onun rəhbərlik etdiyi məktəbə gəlir. Məmməd müəllim həmin rəhbəri məktəbin qarşısında qarşılayır. Rəhbər məktəbə çox qəzəbli gəlibmiş. Məktəbin qarşısındakı böyük gövdəli ağac onun diqqətini cəlb edir. Soruşur:
-Bu nə ağacıdı?
Məmməd müəllim deyir:
- Qarağac ağacıdır. - daha sonra əlavə edir ki, bu ağacın materialından ölən adamın qəbir yerinə düzmək üçün ƏHLƏT ağacı kimi istifadə olunur.
Bu izah rəhbəri düşündürür və heç nə demədən məktəbdən geri qayıdır. (Məmməd müəllim bu deyimlə çatdırmaq istəyir ki, rəhbər, sonu fikirləş).
Məmməd müəllim çox saf, təmiz, qayğıkeş adam olub. Amma çox ağrılı ömür sürüb. Əsl ailə dramı yaşayıb.
Bu qədər təmiz insanın rəhbərlik etdiyi məktəbdə müəllimlərin 30 min manat pulu oğurlanıb.
Ölkənin ən çətin dövründə fədakar əməyinə görə Lenin orden kimi yüksək mükafat qazansa da, sonra, eləcə də ölümündən sonra ona çox diqqətsiz olublar.
Hələ də müdrik, təhsil fədaisi, ordenli şəxsin adına Masallıda bir küçə, məktəb belə yoxdur, xatirəsi heç yerdə anılmır. Deyilənlərə görə, vəsiyyət etsə də, onun evi onun muzeyinə çevrilmədi. Onunla bağlı sənədlər itə-bata düşdü.
Məmməd müəllim beləcə unuduldu. Hansı ki, Masallının ilk masallılı rəhbəri, həm də çox namuslu və saf rəhbəri olub.
Bütün bunlar azmış kimi, 80-cı illərdə rayonun tarixini, eləcə də dəyərli insanlarını tanımayan polis rəisi bir dəfə Məmməd müəllimi kobud şəkildə bir rəsmi tədbirə buraxmır. Bunu eşidən Məmməd müəllimin Bakıda polis müstəntiqi işləyən oğlu rayona gələrək həmin rəisə həmin kobudluğun qarşılığını sillə ilə verib.
Yenə Ələşrəf Niftiyevin xatirələrindən: - “Məmməd müəllim... hamının yanında üzüağ idi. ... Dərs vaxtı sanotoriyaya, istirahətə gedəndə kitabxanadan “Azərbaycan məktəbi” jurnalını, eləcə də çoxlu metodika ədəbiyyatı “karton” qutulara yığıb aparardı ki, istirahət yerində də oxusun”.
Keçmişə bir nəzər - Masallıya kimlər rəhbərlik edib?
Yeri gəlmişkən bildirək ki, 1930-cu ildə Masallı rayon statusu aldıqdan sonra bu əraziyə 1930-1992-ci ilədək ayrı-ayrılıqda 19 nəfər rəhbərlik edib.
Belə ki, 1930-cu ildə Masallının ilk rəhbər yəhudi, lakin Azərbaycan dilin mükəmməl bilən bakılı Minşiyev olub. Bakılı olan Minşiyev 1930-1933-cü illərdə Masallı rayonun rəhbəri olub. Daha sonra Bakıdan və digər rayonlardan müxtəlif rəhbərlər təyin olunub. (Onların tam siyahısı yazının sonuna əlavə olunacaq).
Xüsusi vurğulamaq istəyirik ki, 1930-1991-ci illərdə Masallı Rayon Partiya Komitəsinin 1-ci katibi və sonralar icra başçısı vəzifələrində cəmi 5 masallılı işləyib.
- Məmməd Məmmədov. 1952-1958. Öncəqala.
- İltifat Məmmədov – 1989-1990. Qızılağac kəndi.
Daha sonra icra başçısı kimi
- Teymur Yəhyayev – 1991-ci il noyabr- 1992-iyul
- Ağaddin Niftiyev – 1992 iyul 1993 iyun. Göyəçöl
- Teymur Yəhyayev – 1993- noyabr- 2000 iyul. Ərkivan. 2-ci dəfə.
- Şirəli Əhədov – 2000 iyul 2002-ci il dekabr. Lürən kəndi.
(Son 21 ildə isə Masallıya heç bir masallılı rəhbər təyin olunmayıb.)
Nəhayət, yazının yuxarısında vəd etdiyim siyahını təqdim edirəm:
(1930-cu ildən bu günə kimi Masallıya kimlər rəhbərlik edib?)
- ...Minşiyev- 1930-1933
- Baba Seyidov. 1933-1934. Bakılı
- Hüseyn Abdullayev. 1934-1935. Bakılı.
- Cəlil Qasımov. 1935-1937. Bakılı
- Kərim İbrahimov. 1937-1940. Bakılı.
- İbrahim Əfəndiyev. 1940-1941. Bakılı
- Ələkbər Əliyev. 1941-1942 Salyan
- Nağdəliyev. 1943-1944. Bakılı
- Hənifə Hüseynov. 1944 – 1947. Qubalı
- Cəlil Məmmədov. 1947- 1952. Goranboy.
- Məmməd Məmmədov. 1952-1958. Masallı. Öncəqala.
- Qəzənfər Məmmədov -1958-1961. Bakılı
- Mətləb Məmmədov. 1961-1962. Bakılı.
- Əlövsət Baxışov. 1963-1971 . Quba.
- Zöhrab Ömərov- 1971-1974. Şabran
- Ələddin Həsənov – 1975-1983. Zərdab
- Ələsgər Qocamanov- 1983-1989. Ağsu.
- İltifat Məmmədov. 1989-1990. Masallı Qızılağac.
- Hüseynağa Qəniyev. 1990-1991. Lənkəran.
- Teymur Yəhyayev. 1990-1992. Masallı. Ərkivan
- Ağaddin Niftiyev. 1992-1993. Masallı Göyəçöl.
- Teymur Yəhyayev. 1993-2000. Masallı Ərkivan
- Şirəli Əhədov. 1990- iyul-2002-Masallı. Lürən.
- Azər Səfərov. 2002-2004. Ağsu.
- Oqtay Əliyev. 2004-2006. Bakı.
- Qəzənfər Ağayev. 2006-2012. Naxçıvan.
- Rafil Hüseynov - 2012-2019. Bərdə.
- Şahin Məmmədov. 2019 noyabr - 2022-ci il 25 iyul. Bərdə.
- Araz Əhmədov – 2022. 25 iyul- hal-hazıra kimi. Naxçıvan.
Qeyd: Bu müddətdə Masallıya rəhbərlik edənlərin əksəriyyəti Bakıdan gəlsə də, onlardan 2-si qubalı, 2-si ağsulu, 2-si naxçıvanlı olmuşdur.
Bu məlumat ilk dəfə dəyərli ziyalımız Hüseyndadaş Hüseynovun təqdimatında 1992-ci ildə Zahir Əmənovun redaktorluğu ilə çıxan “Masallı” qəzetində dərc olunmuşdur.
Məmməd Məmmədov haqqında məlumatların toplanmasında bizə yaxından kömək edən onun qohumu Üzeyir Bilalova təşəkkürümüzü bildiririk.
Hazırladı: Cenub.az üçün Zahir Əmənov