Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ dövləti, sovet alimlərinin faciəsi... – Nəsiman YAQUBLUNUN ARAŞDIRMASI


"...Onlar eyni zamanda sovet rejimi tərəfindən cəzalandırılan alim və ziyalıları "ifşa" edən, "təşkil" olunmuş xüsusi "iclaslarda" iştirak etməli, öz həmkarlarına qarşı olan qəbul edilən edilən qərarları bəyəndiklərini ifadə etməli idilər..."

"Azərbaycanda da belə münasibətin qurbanı olan ziyalılarımızın sayı az deyildi..."

Sovet rejiminin qurbanları yalnız "bəylər, xanlar, qolçomaqlar" deyildi, eyni zamanda beyin və düşüncə insanları da bu amansız ideologiyanın qurbanına çevrilirdilər. Bu faciələrin miqyası isə 1920 - 1930-cu illərdə daha geniş idi. Doğrudur, sonrakı dövrdə də (1940, 1980-ci illərdə) belə xoşagəlməz münasibət və davranışlar davam etdirildi. Və bu məlumatları heç də arxivlərin sənədlərində araşdırmadan da, o dövrün mətbuatından da öyrənmək mümkündür.

Həmin dövrdə Sovetlər Birliyində rus dilində nəşr edilərn aşağıdakı qəzetləri oxumaq yetərincə məlumatlar əldə etməyə imkan yaradır: "Pravda", "İzvestiya", "Zarya Vostoka", "Posledniye Novosti", "Vozrojdeniye", "Trud"...

Sovetlər Birliyində ali məktəblərdə dərs deyən, marksist - leninçi ideologiyasına qarşı olan professor və müəllimlər sorğu - sualsız işdən çıxarılır, elmi adlardan məhrum edilirdilər. Hətta adi müraciətlərdə "yoldaş" sözünü işlətmədiyinə görə "cəzalanan" ziyalılar da az deyildi.

Sovet rejimində alimlər yalnız elmi adlardan məhrum edilmirdi, onlar daha ağır cəzalara məhkum olunurdular: həbs edilir, güllələnir, sürgünə göndərilirdilər.

Həmin dövrdə beş il müddətində Solovki adasına sürgün edilmiş ixtisasca zooloq, professor Çernavin sovet həbs düşərgəsindən böyük çətinliklə xilas ola  bilmişdi. Həbsxanadan qaçdıqdan sonra  ictimaiyyətə 1930 - 1932-ci illərdə Petroqraddan olan, ölümə, həbsə, deportasiyaya məruz qalmış yetmiş alimin də siyahısını açıqlamışdı. Siyahıda o dövrün tanınmış alimlərindən - Platonov, Lixaçev, tarixçi Yeqorov, fizik Lazarev var idi. Ümumilikdə 29 (iyirmi doqquz) professor, 6  (altı) akademik həbsxana həyatı yaşayırdı.

Bir məlumatda göstərilirdi ki,  akademik Lazarevin xanımı  həyat yoldaşının  həbsi xəbərini eşitdikdə özünü asmışdı. Yalnız bundan sonra bolşeviklərin "ürəyi yumşalmış", cəzanı icbari işlə əvəz etmişdilər.

Digər bir alimin həyat yoldaşı Çarçina - Engelhardt özünü beşinci mərtəbədən ataraq intihar etmişdi.

Akademik Platonova təzyiq göstərmək üçün onun iki qızını həbs etmişdilər.

Həbs edilmiş həmin yetmiş alimdən üçü güllələndi: professor Proxorov, tarixçi - şərqşünas Meervart, jurnalist Volfson.

Yetmiş yaşlı kimyaçı professor Sapojnikov on il həbs olunmuş, geoloq - professor Vittenburq ölümə məhkum olunsa da, sonradan on il icbari əməklə əvəz edilmişdi.


Həbs olunmayan, güllələnməyən sovet alimlərinin də həyatı yaxşı keçmirdi. Onlar müxtəlif təhqirlərə məruz qalırdılar. Belə ki, onları mənəvi - psixoloji cəhətdən "sındırır", sovet sistemini tərifləyən müxtəlif  "qərarlara" imza atdırırdılar. Onlar eyni zamanda sovet rejimi tərəfindən cəzalandırılan alim və ziyalıları "ifşa" edən, "təşkil" olunmuş xüsusi "iclaslarda" iştirak etməli, öz həmkarlarına qarşı olan qəbul edilən edilən qərarları bəyəndiklərini ifadə etməli idilər.

1930-cu ildə 48 (qırx səkkiz) iqtisadçının güllələnməsi qərarını təqdir edən  onların həmkarlarını isə bütün dünya ictimaiyyəti hiddətlə qarşılamışdı.

Almaniyanın Frayburq Universitetinin professoru Hartzmanın SSRİ-yə səyahəti zamanı bir sovet aliminin göz yaşı içərisində etirafını belə təqdim etmişdi: "Bizim mətbuatın (yəni sovetin - N.Y.) yazdığı, alimlərimizin dedikləri heç şeyə inanmayın: biz sadəcə öz rollarını ifa edən aktyorlarıq və biz qulağımıza nə pıçıldayırlarsa, onu təkrar edirik, səhnə arxasında isə Lubyannadan (QPU-nun yerləşdiyi küçə) olan naqanla silahlanmış rejissor durub aktyorun improvizə etməməsinə nəzarət edir. Biz pyesin bütün mətnini olduğu kimi deməliyik, əks təqdirdə bizi ən azı aclıq və daha pis cəzalar gözləyir..."

SSRİ-də alim və ziyalının məhkum olunduğu cəzalardan başqa, hakimiyyət onu ərzaq payından da məhrum edə bilərdi. Zehni əməklə məşğul olanlara ayrılan çörək payı 600 - 800 qram arasında idi. Ayrılan qənd payı da təqribən 600 qrama yaxın idi.

1933-cü ildən başlayaraq ziyalıların mənzil ehtiyacı haqqında da sovet hökuməti düşünməyə başladı.

80 yaşında vəfat etmiş məşhur tarixçi Kareev isə ölümündən əvvəl məqalə və əsərlərini yazmaq üçün ağ kağız tapmadığından gileylənirmiş.

Əlbəttə, bu - sovet rejiminin elm adamlarına, ziyalılara qarşı olan həqarətli münasibəti idi.

Azərbaycanda da belə münasibətin qurbanı olan ziyalılarımızın sayı az deyildi.

Qeyd: Yazıda görkəmli mütəfəkkir və jurnalist Ceyhun Hacıbəylinin mühacirətdə yazdığı "SSRİ-də ziyalılar" məqaləsindən istifadə edilmişdir./olaylar.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10