Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı Adışirin Bağırov: “Kasıbçılıq ömrüm boyu məni qarabaqara izlədi, bu gün də yaxamdan əl çəkmir”


“Kasıbçılıq ömrüm boyu məni qarabaqara izlədi, bu gün də yaxamdan əl çəkmir.”

-Bunu müsahibəsində daha çox ekranlardan Simsim lələ obrazı ilə tanınan aktyor Adışirin Bağırov deyib.

-Ailəmiz çox kasıb olub. Kiçik yaşlarından anamı itirdim. Qaldıq iki qardaş və qoca atam. Dərslərimdə də gerilədim. Amma kiçik yaşlarımdan fərqli səs tembrim ətrafdakıları çox cəlb etdiyinin fərqində idim. Hərəkətlərimdəki qeyri-adilik də görənlərin marağına səbəb olurdu. Qəribə təbəssümlə, həm də maraqla  baxırdılar mənə.

Siqaretin kötüklərini yığa-yığa bir gözüm səhnədə- məşqdə idi…

-Təxminən 7-8-ci sinifdə oxuyurdum. Bir də baxdım ki, özümdən asılı olmayaraq gəlmişəm kəndimizin klubuna. O vaxt klubumuzda tez-tez filmlər göstərilərdi. Səhər baxardılar ki, zal siqaret kötükləri ilə doludu. Kəndimizin teatr həvəskarları klubumuzun səhnəsində teatr tamaşaları da hazırlayardılar. Camaat o tamaşalara böyük həvəslə baxardı.

Klubun müdirinə yaxınlaşdım. Çox təəccübləndi. Dedi,- xeyir ola, bala, nəyə gəlmisən? Çaşıb qaldım. Dinmədim. Başımı aşağı saldım. Müdir hələ də məndən cavab gözləyirdi. Birdən gözlərimə yerə atılmış siqaret kötükləri sataşdı. Cəld başımı qaldırdım, dedim ki, Vidadi əmi, olar mən bu siqaret kötüklərini yerdən yığışdırım, həm də tamaşanın məşqinə baxım. Gülümsündü. Nə düşündüsə,- o ki istəyirsən… Sözünü tamamlamadı, başını bulayıb elə həmin təbəssümlə də məşqlərin davamı üçün səhnəyə qalxdı.

 

Görürdüm ki, Vaqif, Vidadi, Şah Qacar yox, təlxək obrazı məni daha çox özünə çəkir.  

-Bir dəfə Səməd Vurğunun “Vaqif” pyesi hazırlanırdı. Bir küncə sıxılıb məşqi elə acgözlüklə izləyirdim ki, bir anı belə gözümdən qaçırtmaq istəmirdim. Baxdıqca da obrazların hər birini fikrimdə götür-qoy edirdim. Görürdüm ki, Vaqif, Vidadi, Şah Qacar obrazları yox, məni təlxək daha çox özünə çəkir. Bunu o vaxtlar kimsəyə demədim, özümdə sirr kimi saxladım.

 

Rayon mərkəzinə getməyə pul  tapa bilmirdim.

-…Kluba xeyli tez gəlmişdim. Məşqlərin vaxtına hələ vardı. İçəri keçib  həmişəki qayda ilə yerdən siqaret kötüklərini yığırdım. Başladım öz-özümə böyük sənətkarlarımız Əliağa Ağayevlə Fazil Salayevin oynadıqları bir səhnəciyi parodiya etməyə. Qapının açılmağından xəbərim olmadı. Bir də gördüm ki, Vidadi müəllim gülür. Təkrar-təkrar o səhnəciyi oynatdı mənə. Hər dəfə də Vidadi müəllimin necə ürəkdən güldüyünü görüb daha da həvəsləndim. O gündən tamaşalarda mənə də yer verildi. Çox keçmədi hazırladığım parodiyalarla rayon mədəniyyət evində də çıxış etdim. Müxtəlif tamaşalarda rol aldım. O dövrün mötəbər “Məhsul bayramı” tədbirində çıxış etməyə mənə də icazə verildi. Amma rayona gedib-gəlmək mənə çox böyük çətinlik hesabına başa gəlirdi. Bunu biləndə ali təhsilim olmasa da məni mədəniyyət evinin kitabxanasına işə götürdülər, əmək haqqı yazdılar.

Məlik Dadaşov etiraf etmişdi ki, həmin obrazı mən Akademik Milli Dram Teatrında oynaya bilərəm.

-1982-ci ildə göndərişlə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) kütləvi tamaşalar rejissorluğu fakültəsinə qəbul olundum. Elə birinci kursdan Lütfi Məmmədbəyovun yaratdığı xalq teatrına getməyə başladım. Lütfi müəllim deyirdi ki, sən hazır aktyorsan. Saçlarına heç daraq vurma, bir dəfə əlini çəksən bəsdi. Qrim də lazım deyil. Pencəyini gey, şlyapanI qoy, vəssalam. Obraz hazırdır.

Lütfi müəllimin quruluş verdiyi tamaşada- Sabit Rəhmanın “Nişanlı qız” tamaşasında Mindilli rolunu oynadım.  Tamaşa çox böyük uğur qazandı. O vaxt həmin tamaşa Azərbaycan Dövlət Akademik Milli Teatrında da hazırlanırdı. Mindilli obrazını Rafael Dadaşov oynayırdı. Xalq artistləri Məlik Dadaşovla Lütfi Məmmədbəyov arasında mübahisə düşmüşdü ki, bu obrazı kim daha yaxşı canlandırır. Mənim oyunuma baxmaq üçün Məlik müəllim teatra gəlmişdi. O da etiraf etmişdi ki, həmin obrazı mən Dövlət Akademik Milli  Teatrında oynamağa layiqəm. Elə oldu ki, komik rolların mahir ifaçısı Səyavuş Aslan bu teatra gəldi və həmin obrazı yüksək peşəkarlıqla oynadı. Mindillinin arzusunda olanalara onun oyununa heyranlıqla baxmaq qaldı.

 

Elə olurdu yeməkxanada gözləyirdim ki…

-Tələbə yoldaşlarım yay tətilində rayona istirahətə gedəndə mən o istidə şəhərdə qalırdım. Sözsüz ki, korluq çəkirdim. Yeməkxanada kiminsə stolunda çörəyin artıq qalmasını gözləyirdim. Qalanda tez bir sosiska, çörək götürüb gedirdim həmin stola. Qalmış çörəklə  birləşdirib, özümü doydururdum. Digər tərəfdən, rayonda yaşayan qardaşım ailəli idi, onları narahat etmək də istəmirdim. Həm də düşünürdüm ki, qalsam, hansısa aktyoru yaxından görüb-tanıyaram, gələcəyimə kömək olar.

 

Lütfi müəllim dedi ki, səni heç kəs çağırmayacaq. Evində telefonun da olsa rejissor sənə zəng etməyəcək.

-Azərbaycan Televiziyası ilə əməkdaşlığımın da xeyirxahı Lütfi Məmmədbəyov olub. Tapşırılsam da rejissorlardan heç biri məni nə çağırır, nə də rola dəvət edirdi. Bunu biləndə Lütfi müəllim dedi ki, səni heç kəs çağırmayacaq. Evində telefonun da olsa rejissor sənə zəng etməyəcək. Sən onun qarşısında olmalısan, onun diqqətini cəlb etməlisən.  O sözdən sonra saatlarla, günlərlə Aztv-nin qapısının ağzında bitdim. Ailəli idim. Çox vaxt gözləmə qapısına kiçik yaşlı oğlum İlkinlə gəlirdim. O vaxtlar elə bil, həm də ata-oğulun dözümünün, səbrinin sınağa çəkildiyi vaxtlar idi. Hansısa rola çəkilmək üçün hər çətinliyə qatlaşmağa hazır idim.

Bəzən elə olurdu ki, rejissor rolun mətnini verirdi. Deyirdi, get, hazırlaş gəl. Gəlirdim ki, həmin rolu başqasına verib. Axırda məlum olurdu ki, iki yox, həmin rolu beş nəfərə söz veriblər. İndi necə ki, bir mənzili beş-on nəfərə satırlar.  Amma mən sınmadım. Dözdüm və həyatda aktyor kimi qalmağı bacardım.

 

Nə qədər çalışsalar da saçımı incəsənətə qurban vermədim. 

-Tələbə idim. Böyük sənətkarımız Yaşar Nuri bir gün məni tanınmış teatr, kino və televiziya rejissoru, xalq artisti Ramiz Həsənoğlunun yanına gətirdi. Tanış eləyib dedi ki, bizdən sonra gələn nəsildəndir. Ona bir rol ver. Həmin vaxt “Yaşıl eynəkli adam” tamaşası hazırlanırdı. Mənə milis obrazı təklif etdilər. Saçlarımın uzun olmasına görə Ramiz müəllim tərəddüd elədi. Nə qədər çalışsalar da saçımın kəsilməyinə razı olmadım. Bu səbəbdən sözlərimi mətndən çıxartdılar. Epizodik də olsa tamaşaya çəkildim. Ramiz müəllimin hazırladığı tamaşada epizodik də olsa rol oynamaq bilirsiniz nə deməkdir? Deyirdim ki, Ramiz müəllim adımı bilir, bəsimdir.

Simsim obrazı adımı da unutdurdu. Hamı məni Simsim lələ deyə çağırırdı. Redaktor rəhmətlik Ənvər Fərəcov bir gün zarafatla dedi ki, sən “Sim Sim”i əməlli-başlı reklam edirsən. Get, “Azercell”dən haqqını tələb et!

-Azərbaycan Televiziyasında məni ilk dəfə uşaq verilişlərinə dəvət edən rejissor Calal Cavadov olub. Baş redaktor Kamran İbrahimovun, rejissor Elçin Seyidzadənin, redaktorlar Ənvər Fərəcovun, Bəturə Nəbiyevanın, Gülayə Xəlilovanın, Nazim Əlifovun, Aidə Quliyevanın, Aidə Əhmədovanın da mənə qayğılarını böyük minnətdarlıqla xatırlayıram. Həm də onların zəhməti, peşəkarlığı sayəsində televiziyanın uşaq verilişlərində Savalan babanın. ovçu Pirimin, Tənbəl Əhmədin sırasına Simsim də qoşuldu. Bu obrazla çox sevildim, tanındım. Həmin vaxtlar SimSim mobil operatoru yeni-yeni tətbiq olunmağa başlayırdı. Redaktor rəhmətlik Ənvər Fərəcov bir gün zarafatla dedi ki, sən “Sim Sim”i əməlli-başlı reklam edirsən. Get, “Azercell”dən haqqını tələb et!

Bu gün də nəqliyyatda, küçədə məni görüb tanıyanlar olur. “Simsimdi”- deyəndə  çox fərəhlənirəm. Unudulmuramsa, demək yaşayıram.

           cenub.az-dan: Xatırladaq ki, Adışirin Bağırov Masallı rayonunun Çaxırlı kəndindəndir 

 

News365.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10