Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Eşşək alışı, at satışı


Əvvəllər xaricdən eşşək alırdıq, indi isə Avropaya at satacağıq       

Eşşək alışı

Hələ 5 il öncə Azərbaycanın çox baha qiymətə xaricdən uzunqulaqlar alması haqqında xəbərlər mətbuatdan düşmürdü.

Dövlət Statistika Komitəsinə istinadən  bildirirdilər ki,  2014-cü ilin birinci yarısında Azərbaycan xaricdən 34 uzunqulaq alıb. Alınan uzunqulaqlara görə nə az, nə çox 98 min manat pul xərclənib.

Dövlət Statistika Komitəsi. Komitənin yaydığı məlumata görə, 2013-cü ildə əvvəlki illə müqayisədə uzunqulaqların sayında 0.9 min baş azalıb. 
 Daha çox köməkçi vasitə kimi istifadə olunan uzunqulaqların sayı 1988-1992-ci illər arasında aşağa düşüb. Sonradan başlanan artım nəticəsində ötən il Azərbaycanda uzunqulaqların sayı 45 min 157 baş olub. 

Xarici uzunqulaqlar Azərbaycana nə üçün lazımdır?
 Ehtimal edilir ki, ölkəmizdə uzunqulaqların sayının çoxalması insanların bu heyvanlara tələbatının artması ilə bağlıdır. Ölkədə yanacağın qiyməti bahalaşdığından kənd yerlərində yükdaşımada at və uzunqulaqlara üstünlük verməyə başlayıblar. Xaricdən gətirilən uzunqulaqlar isə hamıda marağa səbəb olub. 


Uzunqulaq gətirilməsi dayanıb, at əti satışı 

Daha sonra belə məlumatlar yayıldı ki, Azərbaycanda atların kütləvi şəkildə ölkədən daşınmasına başlanıb. Əldə etdiyimiz məlumata görə, mütəmadi olaraq at dolu maşınlar Ələt dəniz limanından bərələrlə Qazaxıstana daşınır.

Regionlardan “Qafqazinfo”ya bildirildiyinə görə,  2 ay əvvələdək Azərbaycanda cins olmayan atların biri ən yaxşı halda 200 manata satılıb, indi isə qiymət 300-350 manata yüksəlib. Bütün ölkə boyu atları alan işbazlar onları at ətinin yeyildiyi Orta Asiya ölkələrinə, əsasən də Qazaxıstana daşıyırlar.  Bu zaman alıcılar atların məhz kəsim üçün alındığını bildirirlər.

Dövlət Statistika Komitəsinin xarici ticarət əlaqələrinə dair açıqladığı məlumatdan da aydın olur ki, diri atların ixracında kəskin artım var. Belə ki, Komitənin məlumatına əsasən  2015-ci ildə  ölkədən kənara cəmi 7 baş diri at, ulaq, qatır  və at qatırı ixrac olunub – 13,4 min dollara – 1-i təxminən 1900 dollardan yuxarı. Həmin il Azərbaycana 29 baş cins at idxal edilib – 132,4 min dollar.

2016-cı ildə yanvar-sentyabrda  “Diri atlar, ulaqlar, qatırlar və at qatırları”nın idxalı cəmi 8 baş (22,7 min dollara) təşkil etsə də(1-i 2800 dollardan yuxarı), ixrac 586 başa yüksəlib (85,22 min dollar – 1-i 145,42 dollara).  İlin yekununda isə atların (“digər atlar”) ixracı 1155 başa çatıb. Bu zaman bir atın qiyməti təxminən 141 dollar təşkil edib. Beləliklə, ötən ilin son 3 ayında at ixracı əvvəlki 9 ayla müqayisədə 2 dəfədən çox artıb. 2016-cı il ərzində cəmi 10 baş təşkil edən idxal atlarının birinin qiyməti isə 3 min dollardan yuxarı olub.

Ötən il atların çox böyük hissəsi – 1120 başı Qazaxıstana ixrac olunub – 1-i 140,4 dollara. Qalan 35 baş at isə Qırğızıstana aparılıb – 1-i 160 dollara.

Statistika Komitəsinin bu ilin birinci rübünə dair açıqladığı məlumatdan isə aydın olur ki, 3 ay ərzində ölkədən kənara ixrac olunan diri atların sayı 973 baş təşkil edib(?!) – biri təxminən 147,8 dollara. Hamısı da Qazaxıstana.

Nəzərə alsaq ki, “Statkom”un məlumatında aprel-may aylarına dair ixrac əksini tapmayıb, onda kütləvi at ixracına dair yayılan məlumatların reallığı əks etdirdiyini söyləyə bilərik.

Eyni əminliklə atların qeydə alınan ixrac qiymətinin reallığı əks etdirmədiyini də söyləmək olar. Belə ki, aldığımız məlumata görə, Azərbaycandan atlar sırf ətlik məqsədilə aparılır. Əsas ixrac ölkəsi olan Qazaxıstanda ötən ilin 4-cü rübündən etibarən ət, o cümlədən at ətinin qiyməti sürətlə bahalaşmaqdadır. Hazırda at ətinin 1 kq-ı pərakəndə satışda 2500 təngəyə – təxminən 13,5 manata satılır (8 dollara yaxın). Bir atın ən pis halda 150-200 kq ət verdiyini (söhbət ümumi çəkidən deyil, məhz istifadəyə yararlı ətdən gedir) nəzərə alsaq, bu, hardasa 2025-2700 manat deməkdir. Azərbaycandan ixrac edilən atın biri isə bundan 8-10 dəfə ucuz rəsmiləşdirilir.

Maraqlıdır ki, Qazaxıstanda 2014-cü ildə atların sayı 1 milyon 784,5 min baş olubsa, bu ilin yanvarına bu rəqəm 2 milyon 113,2 min başa çatıb. Burada at əti mal və qoyun ətindən bahadır – 1 kq mal əti 1700-1800 təngə, at əti isə 2500 təngədir.

Azərbaycanda nə qədər at var?

Azərbaycanda atların sayına dair ən uzaq məlumat 1941-ci ilə aiddir – Statkomun məlumatına görə, Böyük Vətən Müharibəsinin başlandığı həmin ildə Azərbaycanda 216,9 min baş at olub. Müharibə və ondan sonrakı aclıq illərində atların sayı yarıabayarı azalıb. Azalma tempi sonra da davam edib. Arada bir qədər artım qeydə alınsa da, Qarabağ müharibəsinin ağır dövründə  – 1992-1993-cü illərdə 34,6 min başa düşüb. Ondan sonra yenidən artım başlayıb – 2012-2013-cü illərdə 77,2 min başa çatıb. 2014-cü ildən isə atların sayında yenidən azalma dövrü başlayıb –  həmin il 76,6 min baş,  2015-ci ildə 75,4 min baş(azalma 1200 baş ), 2016-cı ildə isə 73,7 min başa düşüb (azalma 1700 baş). Atların ixracı bu sürətlə davam edəcəksə, heç şübhəsiz ki, 2017-ci ildə azalma daha böyük olacaq.


Azərbaycan Avropaya at ixrac edəcək

Bir neçə gün öncə atlarla bağlı şad xəbər yayıldı.  Əvvəllər xaricdən eşşək aln, digər ölkələrə at əti satan  ölkəmiz Avropaya cins atlar satacaq.

 “Dünyada 265 at növ var, onun 2-i Azərbaycandadır. Bunlardan biri Qarabağ, digəri isə Dilbaz atıdır. Hazırda “Qarabağ Atçılıq Zavodu” MMC-də 245 baş Qarabağ cinsindən olan at saxlanılır”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi press-tur çərçivəsində jurnalistlərlə görüşən zavodun direktoru Maarif Hüseynov deyib.

Onun sözlərinə görə, bunu 6 başı törədicisi ayğır, 60 başı ana madyan damazlıq, 61 başı bu il alınmış bala, qalanları az və orta yaşlı dişi və erkək atlardır.

Xatırladaq ki, Ağcabədi rayonunda yerləşən müəssisə vaxtilə Ağdam rayonunun Eyvazxanlı kəndindəki atcılıq zavodunun əsasında yaradılıb.

“Hələ o vaxt ermənilər çalışırdı ki, Qarabağ atını özünküləşdirsinlər. Onlar silahlı şəkildə bir neçə dəfə gəlib Qarabağ atınıb aparmaq istəyirdilər. Kollektiv atları Ağdam rayonunun Üçloğlan kəndindəki quşçuluq fermasında gizlədib və ermənilər tapa bilməyiblər. Qarabağ atını ermənilərə verməmişəm”, – deyə M.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, zavodda atlar yüksək səviyyədə saxlanılır. Qiyməti 2 – 10 min manat arasında dəyişən heyvanların Avropanın inkişaf etmiş ölkələrinə ixrac edilməsi nəzərdə tutulub.

“Sovet İttifaqı dövründə bu atlar Rusiyanın paytaxtı Moskvaya göndərilirdi, oradan isə xarici ölkələrə satılırdı. Hazırda Azərbaycandan dünya bazarına at çıxarılmır, amma Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrə ixrac nəzərdə tutulub. İldə təxminən 25 baş at satıla bilər. Burada ildə 50 baş artım olur. Atlar təbii yolla artırılır”, – deyə direktor qeyd edib.

M.Hüseynov Qarabağ atının neçə seçildiyini də açıqlayıb: “Qarabağ atının rəngi qızılı kürən olur, alnında qaşqası var, qıçalarında səkili, gözəl nişanələri var”.


Hazırladı: Zahir Əmənov / cenub.az









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10