Parlamentdə “Dərman vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı: deputat nazir müavinini “sual yağışına” tutdu
Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub. İclasda səhiyyə nazirinin müavini Rasim İsmayılov da iştirak edib. Müzakirələr zamanı deputatlar dərmanların keyfiyyətindən və qiymətindən şikayətləniblər.
Deputatdan suallar: “Alman apteklərindən alınan dərmanlar keyfiyyətli olur. Bunun səbəbi nədir?”
Deputat Vahid Əhmədov bildirib ki, Azərbaycan apteklərində satılan dərmanların keyfiyyətindən narazılıqlar çoxdur: “Bir neçə əsas dərman şirkətinin rəhbərləri ilə görüşmüşəm. Bildirirlər ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox qəliz məsələyə çevrilib. Aylarla gözləyirlər və axırda da qərar verilir ki, satmaq olmaz. Niyə zaman bu qədər uzundur?”.
“Apteklərdə çox ciddi dərman qıtlığı var. Dərman qıtlığı nədən yaranıb, səbəbləri nələrdir? Bu suallara cavab verilməlidir. Bununla yanaşı, dərmanların keyfiyyəti də ciddi məsələdir. Apteklərdən dərman alırsan, içirsən, heç bir təsir göstərmir. Amma alman apteklərindən alınan dərmanlar keyfiyyətli olur. Bunun səbəbi nədir? Qiymətlərin baha olması ilə bağlı isə danışmıram. Neçə vaxtdır qiymətlərin yüksək olduğunu deyirik, bildirilir ki, layihə hazırlanır. Təqdim edin görək, o nə layihədir?”, - deyə Əhmədov etirazını bildirib.
“Dərmanın keyfiyyət və qiymətləri ilə bağlı doğurdan da ciddi problemlər var. Bunun səbəbi ölkədə dərman istehsalının olmamasıdır. Dərmanların əksəriyyəti xaricdən gətirilir, bu da ciddi problemlər yaradır”. Bu sözləri isə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputata cavabında deyib.
Nazir müavini deputatın suallarına cavab verdi, spiker isə araşdırmaların nəticəsini istədi
Səhiyyə nazirinin müavini Rasim İsmayılov dərmanların qiymətindən danışarkən bildirib ki, hazırkı mərhələdə Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi daha məqsədəuyğundur: “Tarif Şurası tərəfindən beynəlxalq standartlara cavab verən tənzimlənmə həyata keçirilir. Bu tənzimlənmə dünyanın bir neçə inkişaf etmiş ölkələrində də istifadə olunur”.
Nazir müavini dərman qıtlığının səbəbindən də danışıb. Onun sözlərinə görə, səbəb beynəlxalq bazarda baş verən qeyri-stabillikdir: “Bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmirlər. Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunverciliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”.
“Keyfiyyətsiz dərman vasitələrinin bazara necə daxil olmasına gəlincə, etiraf edək ki, bu kimi dərman vasitələri təkcə şəxsi istifadə məqsədi ilə olmur. Bu kimi vasitələrdən eyni zamanda şəxsi maraqlar üçün də istifadə olunur. Belə halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi arasında danışıqlar aparılacaq”, - İsmayılov əlavə edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə vurğulayıb ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma apardıqdan sonra məlumat versə, yaxşı olar: “Siz qeyd etdiniz ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma aparacaq.Yaxşı olardı ki, araşdırma aparıldıqdan sonra Səhiyyə komitəsinə də məlumat verilsin”.
Nazir müavini: “Şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur”
Nazir müavini həmçinin şəxsi istifadə üçün insanların xaricdən ölkəyə dərman gətirməsində problem olmadığını söyləyib: “Şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsinə lazımi şərait yaradılıb. Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaircdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar. Bu dərmanların keyfiyyətinə zəmanət verilmir”.
Komitə sədri nazir müavini ilə razılaşmadı: “Bunu təkcə vətəndaşların üstünə atmaq olmaz”
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bu fikirlərlə razılaşmayıb: “Nazir müavini qeyd etdi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır, ona görə keyfiyyətsiz dərmanlar artır. Bunu təkcə vətəndaşların üstünə atmaq olmaz. “Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil. Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız”.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Müəllif: Anar Bayramoğlu