Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Niyə Cəlilabad Lənkərandan sonra bölgənin təhsil mərkəzlərindən biri sayılır?


Rusların bu rayonda məskunlaşmsı Cəlilabadda təhsilin inkişafında hansı rolu oynadı?

Cenub.az təqdim edir:

XX əsrin əvvəllərinə qədər Azərbaycanın digər ərazilərində olduğu kimi indiki Cəlilabad rayonu ərazisində də təhsil əsasən dini xarakter daşımış, rayonun (həmin vaxt Cəlilabad Astraxanbazar adlanmış və Lənkəran qəzasının tərkibinə daxil olmuşdur) ayrı-ayrı yaşayış məntəqələrində mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. 

    Cəlilabadda dünyəvi məktəblər XIX əsrin ikinci yarısından rusların buraya köçürülməsindən sonra açılmışdır. 

Burada ilk dünyəvi məktəb 1857-ci ildə Andreyevka (Qarazəncir) və Astraxanka (1952-ci ildə Astraxanbazar şəhərinə birləşdirilmişdir. Cəlilabad 1967-ci ilə qədər Astraxanbazar adlanmış və 1952-ci ildə ona şəhər statusu verilmişdir) kəndlərində açılmışdır. Daha sonra 1860-cı ildə Prişib (Göytəpə; 1967-ci ildən şəhərdir), 1873-cü ildə Privolnoye, 1885-ci ildə Novoqolsk (Novoqolovka/Uzuntəpə) və Pravoslavnı, 1895-ci ildə Hasıllı və Xanaq (Xanagah) kəndlərində açılmışdır. Göründüyü kimi burada ilk məktəblər əsasən ruslar yaşayan kəndlərdə təşkil edilmişdir.

    Qeyd edək ki, çar I Nikolayın 20 oktyabr 1830-cu il fərmanı ilə ruslar Cənubi Qafqaza köçürülmüşlər. Azərbaycanda onların ən çox məskunlaşdığı ərazilərdən biri Lənkəran qəzası, xüsusilə indiki Cəlilabad və Biləsuvar rayonları olmuşdur. Privolnoye kəndində 1877-ci ildə daha bir məktəb açılmışdır. Hazırda 1873-cü ildə açılmış məktəb 2, 1877-ci ildə açılan məktəb isə 1 saylı tam orta məktəb sayılır.

    1910-cu ildə Göytəpədə (keçmiş Prişib) rus-tatar (Azərbaycan) məktəbi açılmışdır. Hazırda həmin məktəb Göytəpə şəhər 2 saylı tam orta məktəb adlanır. 1911-ci ildə isə Petrovka kəndində məktəb açılmışdır. Petrovka kəndi 1952-ci ildə Astraxanbazar, indiki Cəlilabad şəhərinə birləşdirilmişdir.

    Sovet hakimiyyəti qurulduqdan sonra Cəlilabadda da məktəblərin intibah dövrü başlanmışdır. Burada ilk olaraq Ocaqlı (1920), Dövlətbəyli (1923), Əliqasımlı (1926), Üçtəpə, Seyidbazar, Sabirabad (1930), Astraxanbazar 91931), Məmmədrzalı (1932), Fərzili (1933), Şorbaçı (1935), Cəngan, Alaşar (1935), Ləkin (1936), Kövüzbulaq (1937), Alar, İncili, Bayxanlı (1930-cu illərdə) kəndlərində məktəblər açılmışdır (Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014).

    Bu gün Cəlilabad rayonunda 13-ü ibtidai, 39-u ümumi, 74-ü tam orta olmaqla 126 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblərdən 8-i Cəlilabad şəhərində yerləşir. Cəlilabad şəhərində yerləşən məktəblərdən üçü (3,5,6 saylı) ümumi, beşi (1,2,4, 7,8) tam orta məktəbdir. 

    Cəlilabadda 126 ümumtəhsil məktəbindən başqa Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Tibb Kolleci, Peşə Təhsil Mərkəzi, Uşaq İncəsənət Məktəbi və Uşaq Musiqi Məktəbi də fəaliyyət göstərir.

    ADPU-nun Cəlilabad filialı Azərbaycan Müəllimlər İnstitutunun filialı kimi 13 iyun 2000-ci ildə Cəlilabad Kənd Təsərrüfatı Texnikumu bazasında yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli 1582 saylı Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsi nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı ADPU-nun Cəlilabad filialı adlandırılmışdır.

    Cəlilabad Tibb Kolleci 2014-cü ildə yaradılmışdır.

    Sovet dönəmində Cəlilabad rayonunda ixtisaslı fəhlə kadrları hazırlayan 2 texniki-peşə məktəb (8 və 108 saylı) fəaliyyət göstərmişdir. 8 saylı texniki-peşə məktəb Göytəpə, 108 saylı texniki-peşə məktəb isə Cəlilabad şəhərində yerləşmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli 116 saylı qərarına əsasən 8 saylı peşə məktəb Cəlilabad Peşə Liseyi, 108 saylı peşə məktəb isə Cəlilabad Peşə Məktəbi adlandırılmışdır. 

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 507 saylı qərarına əsasən peşə təhsil müəssisələrinin rasionallaşdırılması ilə əlaqədar Cəlilabad Peşə Məktəbinin Peşə Liseyinə birləşdirilməsi nəzərdə tutulmuşdur. Cəlilabad Peşə Məktəbinin Peşə Liseyinə birləşdirilməsi nəticəsində 30 may 2023-cü il tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır.

    Cəlilabad Uşaq İncəsənət Məktəbi 1969-cu ildə 7 illik Musiqi Məktəbi kimi fəaliyyətə başlamış, 1982-ci ildə rəssamlıq şöbəsinin açılması ilə Uşaq İncəsənət Məktəbi adlandırılmışdır. 

    Uşaq Musiqi Məktəbi, həmçinin Peşə Liseyi (hazırda Peşə Təhsil Mərkəzi adlanır) Göytəpə şəhərində yerləşir.

    Sovet dönəmində Cəlilabadda Kənd Təsərrüfatı Texnikumu (Sovxoz-Texnikum) və 1992-2010-cu illərdə Pedaqoji Kollec fəaliyyət göstərmişdir.

    Qeyd edək ki, Cəlilabad Lənkərandan sonra regionun ikinci təhsil mərkəzi sayılır.

                                                                                                           İldırım ŞÜKÜRZADƏ,

                     Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10