Ülvi Bahadırın Yasamal qəbiristanlığından hazırladığı reportajı təqdim edirik.
Asta addımlarla, qan-tər içində qəbiristanlığa çatırıq. Dostum gül almağa gedir. Bu dəmdə gözüm qarşıdakı abidəyə sataşır: əl-ələ tutmuş cütlük...
– Ömər Eldarov düzəldib bu abidəni.
Dostumun söhbətə ani girişindən dik atılıram. Bir qurtum su içib yandakı qəbir daşına diqqət kəsilirəm:
– Yelmar Məmmədov müstəqillik dövrünün ən varlı adamlarından olub.
Yavaş-yavaş ətrafı dolaşmağa başlayırıq.
Hər tərəf toz-torpaq, ot-ələf. Kol-kos basıb məzarları...
Qəbiristanlıq çox qarışıqdır. Üstəlik, baxımsızlıq...
Sosial ədalətsizlik ürək ağrıdır, göz deşir. Tək burda yox, ölkənin bütün qəbiristanlıqlarında vəziyyət bu cürdür.
Qəbiristanlıq bir ölkənin, xalqın mədəniyyət göstəricilərindəndir.
Burda kimlər, kimlər dəfn olunublar. Yazıçılar, aktyorlar, aktrisalar, siyasətçilər...
– Bura gəl! – Dostum həmişəki macəraçı ruhu ilə uzaqdan səsləyir.
Zir-zibilin üstündən tullana-tullana keçirəm.
– Gör kimdir?
Ömrünü kommunizm quruculuğuna həsr eləyən, sonra isə “xalq düşməni” kimi güllələnən Əliheydər Qarayevin məzarı...
- Bu, simvolik qəbirdir. Onun qəbrinin yerini bilən yoxdur. Oğlu Nazim Qarayev Rusiyada yaşayır. Fizika riyaziyyat elmləri doktoru, professordur.
– Nə axtarırsan? – Dostum danışa-danışa nəsə axtarır.
– Bir şey tapsaydıq, üzünü silərdik. Hərflər görünmür.
Birtəhər silib-təmizləyirik. Nəhayət, kirilcə yazılmış ad, soyad, təvəllüd oxunur.
–Nə əcəb uçurub-dağıtmayıblar...
– Görmürsən, oxunmur.
– Gəl, buralarda da kiminsə məzarı olmalı idi.
Parçalanmış daşların üstüylə irəliləyirik. Bəzi yerlərdə torpaq təpələri var. Üstündə də cır-cındır, butulkalar...
Balaca qəbir daşlarının əhatəsi dəmirlə hasarlanıb. Ancaq bəzi hasarların arasında o qədər ot var ki, daşları görmək çətindir.
Yavaş-yavaş irəliləyirik. Oxşar mənzərələr...
– Bu, deyəsən, yazıçı idi.
– Hə, Cəmşid Əmirov. “Qara Volqa”nı yazan. Yerli detektivin banisidir.
– Oxumamışam, düzü.
Qəbiristanlıqlarda həmişə diqqətimi çəkən şeylərdən biri də daşların üstündəki qurumuş güllər olub. Qəribədir. Babamın qəbiri üstdəki quruyan gülləri heç vaxt bata bilməmişəm. Niyəsə əlim gəlməyib.
Ətrafı dolaşdıqca qəribə başdaşları diqqətimi çəkir. Bəzilərinin qəbir daşı olub-olmadığı bilinmir. Məsələn, balaca, ucu sivri daş. Üstündə Ay və ulduz əks olunub.
Bəzi qəbir daşlarının arxasında çıraq şəkli var. Yəqin ki, bunun da özünəməxsus mənası var. Nəzərə alsaq ki, bizdə “Yeri işıqlı olsun” deyimi var, bu şəklin daşa vurulması o qədər də təəccüblü deyil.
– Deyirlər, buralarda ilan olur e. Bayaq nəsə fısıltı eşitdim.
Əslində, bunu dünən də demişdi, ancaq indi, hadisə yerində eşidəndə ətim ürpəşir. Özümü bir anlıq Qaraca qız kimi hiss elədim. Dodağım qaçır.
Bir başdaşının arxasındakı bənd diqqətimi çəkir:
“Sən məni böyütdün sonuna qədər,
Bütün savabınla güllər üstəsən.
Çəkdiyin zəhmətin getmədi hədər,
Mən nəfəs aldıqca ürəyimdəsən."
Bir az irəlidə yazıçı, dramaturq Cabbar Məcnunnbəyovun məzarını görürük. Məcnunbəyov “Məhəbbətin hökmü”, “Dostların kələyi” kimi əsəsrlərin müəllifidir. Eyni zamanda, “Kapitan Qrantın uşaqları” və “Başsız atlı” romanlarının tərcüməçisi kimi tanınır.
Daha bir şeir. 17 yaşında vəfat etmiş bir gəncin dilindən yazılıb:
"Təzə tamam olurdu 17 yaşım,
Bu soyuq məzara əyildi başım.
Bütün arzularım tarimar oldu,
Fəqət toy otağım bu məzar oldu."
Mirzəzadə Aydın Qafur Rəşad oğlunun məzarı...
Qafur Rəşad Mirzəzadə görkəmli pedaqoq, naşir və tərcüməçidir. O, ADR dövründə dərsliklərin hazırlanmasında fəal iştirak eləyib.
Qafur Rəşadın məzarı da elə buradadır.
Bir az aralıdakı qəbirin üstünə kiril əlifbası ilə “Абашидзе Абугаят Исмаиловна”yazılıb.
Ətrafındakı qəbirlər də Abaşidzelərə aiddir. Yəqin, məşhur Abaşidzelər nəslinin bəzi nümayəndələri burada dəfn olunub.
– Salam, dayı. Eldəniz Zeynalovun məzarı haradadır?
Dostum şirin dilinə salıb araba ilə yük daşıyan ağsaqqalı yola gətirməyı bacarır. Ağsaqqal sağ əli ilə həsir papağını başından götürüb sol əli ilə başının tərini silir: Gəlin dalımca.
Bir-iki addımdan sonra qarşımıza ADR dövrünü araşdıran görkəmli alim, tarix elmləri doktoru Aydın Balayevin büstü çıxır. Aydın Balayev kitablarını böyük zövqlə oxuduğum nəhəng alimdir. Qarşısında ehtiramla baş əyib ağsaqqalın ardıyca gedirik.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hərbi nazirin müavini olmuş Əliağa Şıxlinskinin abidəsi...
– Bu da Eldəniz Zeynalovun məzarıdır. – Ağsaqqal bizi səsləyir.
Sevimli aktyorumuzun fikirli-fikirli ətrafı "seyr edir."
Uşaqlıq qəhrəmanlarının məzarını görmək qəribədir.
“Əhməd haradadır?”da Əhməd, “Uşaqlığın son gecəsi”ndə Rüstəm obrazları ilə tanıdığımız Siyavuş Şəfiyevin məzarı... Açığı, ağsaqqal deməsəydi, tanımazdım. Nədən ki, onun baş daşındakı şəkli ahıl yaşlarında çəkilib. Mən onu gənc xatırlayıram.
“Bəxtiyar” filmindəki Gülzar obrazı ilə tamaşaçının yaddaşına əbədi həkk olunan Xalq artisti Münəvvər Kələntərlinin nurani siması yayın öldürücü istisində dirilik suyu kimi səpilir ruhuma. Mən onu daha çox “Görüş” filmindəki Münəvvər rolu ilə sevmişəm.
Düşündüm ki, heç olmasa, incəsənət adamlarının dəfn olunduğu yerlər təmiz, ot-ələfsiz olar, ancaq buradakı bəzi yerlər daha betərdir.
Qabaqda Akademik və Musiqili Teatrın aktrisası olmuş Əməkdar artist Gülnar Salmanovanın məzarı var. Açığı, onu teatrda izləmək fürsətim olmayıb, ya da xatırlaya bilmədim, ancaq şəklindən nə qədər pozitiv, həyat dolu olduğu görünür. Səd əfsus, belə insanlar çox yaşamır.
Bir az irəlidə uşaqlar görünür. Yanlarında ortaşlı iki kişi var var. Yəqin ki, valideynləridir.
– Əli Zeynalov. Aktyor. – Ağsaqqal təqdim edir.
Əli Zeynalov daha çox dublyaj aktyoru kimi çalışıb. Filmlərimizdən aşina olduğumuz səslərin bir çoxu ona aiddir. Ancaq maraqlı rolları da var. Ən məşhuru, məncə, “Bir qalanın sirri”ndəki Simnar xan roludur.
– Ağsaqqal, siz də Bakındansınız?
– Yox, mən lənkəranlıyam, talışam.
– Maşallah, hamını tanıyırsınız
– Həə, gör nə vaxtdır burdayam. Bu da Səməndər müəllimin məzarı.
Görkəmli aktyor Səməndər Rzayevin sərt, amma qayğıkeş siması...
Mən onu daha çox Əli Kərimin şeirlərinin qiraətindən və təbii ki, Məhluqə Sadıqova ilə apardığı “Bulaq” verilişdən tanıyıram. “Tanıyıram” deyəndə ki, o veriliş gedəndə mən "portağalda vitamindim". Vallardan, Yutubadan dinləmişəm.
Ağsaqqal bizə asfalt yolu göstərib xəbərdarlıq edir:
– Ehtiyatlı olun haa. Burada ilan-çayan var. Budee bu yoğunluqda.
İrəlilədikcə vəziyyət çətinləşir. Kol-kos basmış məzarlar ürəyimi üzür, sarıldığım iynə ucu boyda ümiddən də əlim üzülür.
Dostum Mircəfər Bağırovun məzarını tapmaq ümidilə qabaqdakı ortayaşlı kişilərə yaxınlaşır:
– Salam.
– Salam.
– Mircəfər Bağırovun məzarı ha tərəfdədir?
– O tərəfdədi ee. Çox uzaqdı.
– Haradan getməliyik?
– Burdan keçin, o yolnan üzü yuxarı gedin.
Üzü yuxarı addımlayırıq. Keçən il vəfat etmiş aktyor Vaqif Əsədovun məzarıyla rastlaşırıq.
...Təəccüblənirəm. Sıx, çəhrayı güllər diqqətimi çəkir. Bayaqdan o qədər ot-ələf, çayır, kol-kos görmüşəm ki, gözlərim qamaşır.
– Bura, deyəsən, xristian məzarlığıdır.
– Hə, yuxarıdakı da yəhudi məzarlığıdır.
– Burdakılar elə bil daha nizamlıdır.
– Burda ilan görmüşdüm o gün.
– Ağzını xeyirə aç.
Getdikcə, fısıltılar eşidirəm... Sağa baxıram, sola baxıram, arxaya baxıram... - Yaxşılıq deyil ki, əlindən gəlsin.
Xaçlı məzarlar... Uzaqdan səliqəli görünsə də, yaxınlaşdıqca ot-ələf, zir-zibil... Ancaq məzarların ətrafı dəmirləndiyinə görə, qəbir daşları yaxşı vəziyyətdədir. Həm də sırayla düzülüb.
Hasarların arasında, qəbirlərin yanındakı masayaoxşar şeylər diqqətimi çəkir. Yaxınlıqdakı ortayaşlı bir kişidən soruşuram:
– Dayı, bunlar nə üçündür?
Boğazına çırtma vurub qımışır: - Yeyib-içmək üçün. Açığı, bir az şübhəyə düşürəm, ancaq yadıma gəlir ki, nənəm də bayram günlərində şirniyyat, mer-meyvə qoyardı ölənlərimizin qəbirləri üstə. Sadəcə biz başqaları üçün qoyurduq. İbtidai ritualı müasirləşdirmişdik.
General-mayor Məmmədbağır Bağırovun şərəfinə ucaldılmış abidə. Onun haqqında çox az məlumat var. 1946-cı ildə vəfat etmiş Bağırov tamamilə unudulub.
Asfalt yola çıxıb gülsatan kişidən Asəf Zeynallının məzarını soruşuruq:
– Buradan yuxarı qalxın. Dar cığır görəcəksiz. Yuxarı çıxın, sol tərəfdədir.
– Gəl. Mən bir dəfə olmuşam burda.
Nəhayət, Asəf Zeynallının məzarını tapırıq. Əvvəllər bura da çox baxımsız idi. Bir-iki xəbərdən sonra nisbətən səliqəyə salınıb.
Cəmi 23 ilə böyük bir dünya sığdıran bu böyük bəstəkar, məncə, daha artığına layiqdir.
Dar cığırla dayanacağa doğru irəliləyirik. Yolüstü Davud ulduzlu yəhudi qəbirləri görünür. Bəzilərinin üstündə ibranicə yazılar var.
Bu qəbiristanlıq Azərbaycan tarixi və mədəniyyəti baxımından bir xəzinədir. Belə vəziyyətdə olması faciədir. Tarixinə, mədəniyyətinə kol-kos arasından baxan xalqın gələcəyi heç də işıqlı görünmür. Bu qəbiristanlğı təmizləmək, səliqəyə salmaq lazımdır. Özü də istidir, elə yer var üfunətdən, zir-zibildən keçmək olmur. Budurmu tariximizə göstərdiyimiz qayğı, hörmət?
Başqa ölkələrdəki tarixi qəbiristanlıqlara, lap adi kənd qəbiristanlıqlarına baxanda adam nizam-intizama, təmizliyə, estetikaya heyran qalır.
Bu qəbiristanlığa tarixə, incəsənətə marağı olan əcnəbilər gəlirlər.
Gəlib nə görürlər?
Biz nə gördüksə onu!..
Birdəfəlik ürəyimizi nişan alın, ağrıdır axı.../kulis.az