Hatəm Əsgərovun satirik şeirlərini təqdim edirik.
Kim-kimədir
Cadugər Tanrıqulu açdı qara baxtımızı,
Uca bir zirvəyə qaldırdı bizim taxtımızı,
Çatmışıq arzumuza, xoş keçirək vaxtımızı,
Bəxtimizdən yetişib gəldi zaman, kim-kimədir,
Dövlətin sərvətini eylə talan, kim-kimədir.
Kabinetdə oturur sən tanıyan kəblə Miriş,
Təzəliklə verilib kəbleyiyə yaxşıca iş,
Yeriyir el-obada, indi tamam özgə yeriş,
Yetişib mənsəbə hər zurnaçalan, kim-kimədir,
Dövlətin sərvətini eylə talan, kim-kimədir.
Bəxtəvər gündədi təsbeh çevirən kəblə Tağı,
Qurtaqurtla içir o "Çistıe rosı" arağı,
Gah Dubaydan, ya Parisdən gəlir hər gün sorağı,
Sözlərimdə azacıq yoxdu yalan, kim-kimədir
Dövlətin sərvətini eylə talan, kim-kimədir.
Özünə yağlı vəzifə hərə bir yerdə tapır,
Çapacaq əldə tutub şappaşarap gündə çapır,
Bircə göz qırpımına məqsədinə tezcə çatır,
Sel kimi puldu gələn, gündə, hər an, kim-kimədir,
Dövlətin sərvətini eylə talan, kim- kimədir.
Tanrıya şükr edirəm, hasil olub qismətimiz,
Çıxırıq taxtımıza, dildə gəzər şöhrətimiz,
Yetişib şükr ola ki, arzulanan fürsətimiz,
Dilini sıx dişinə, asta dolan, kim-kimədir,
Dövlətin sərvətini eylə talan, kim-kimədir.
Müftəxorun dediklərindən
Sirr deyil kimsəyə, puldur mənim arxam, köməyim,
Ömrümün ləzzəti, mənasıdı, çarpan ürəyim,
Pul olub eşqim odu, daima arzum, diləyim,
Vicdanım, həmdəmim o, məsləkimin yoxdu tayı,
Pula minnət, gəzirəm Afrika, Madrid, Dubayı.
Pula qurban ola canım məni pəlvan elədi,
Qalxdığım mərtəbəyə hamını heyran elədi,
Dilsizi, mən fəqiri mötəbər insan elədi,
Görmədim qüdrəti heç kimsədə puldan savayı,
Sayəsində gəzirəm Afrika,Madrid Dubayı.
Pulu seçdim canıma can, təzə mehrab özümə,
Nə ləyaqət, nə şərəf, heç nə görünməz gözümə,
Pul ilə başlayaram söhbətə, hər bir sözümə,
Varımın, dövlətinin, sərvətimin yoxdu sayı,
Pula minnət, gəzirəm Afrika, Madrid, Dubayı.
Çirkli pullar yumağın zərgəri, sərrafdı əlim,
Oynayır nazım ilə, naz ilə min bir gözəlim,
Fərqi varmı?! Kimə dəxlidi nə olmuş əzəlim,
İçirəm püstə, badam, ləbləbi, kişmişlə çayı,
Pula minnət, gəzirəm Afrika, Madrid, Dubayı.
Vergilərdən qaçıram, büdcədə çoxdur günahım,
Görürəm tüstüsünü, yaxşı deyildir sabahım,
Tələyə tez salacaqdır məni nəfsim, tamahım,
Auditdən gələcək yoxlama bildim dolayı,
Gözləyir taleyimi bəllidi zindan harayı.
Ehsanına bax
Şah plovla xuruşu, səbzi qovurma, döşəmə,
Dərinə getmə daha gördüyunü çox çözəmə,
Yeməli, içməli xeyrat sayı gəlməz qələmə,
Sanki şah süfrəsidir, süfrədə sahmanına bax,
Necə dartır özünü, verdiyi ehsanına bax.
Qışın oğlan çağıdır, süfrədə qarpız, yemişı,
Məclisində lələşin təkcə çatışmır keşişi,
Kimi ötməkçün edir o, görəsən, bu gedişi,
Düzülüb cərgə ilə-qozlu fisincanına bax,
Necə dartır özünü, verdiyi ehsanına bax.
Gözü doymur lələşin, qarət edir el malını,
Əlinə almış əsanı, uzadıb saqqalını,
Daşıyır xaricə ahəstəcə dövlət varını,
Zər-ziba ilə gedən qırx dəvə karvanına bax,
Necə dartır özünü, verdiyi ehsanına bax.
Səpələr pullarını canın alan canlarına,
Ceylalar, Dora kimi işvəli cananlarına,
Ofisə, dərgahına gəldiyi ceyranlarına
Eşqin isbatı kimi kəsdiyi qurbanına bax,
Necə dartır özünü, verdiyi ehsanına bax.
Ana bir zərrə qədər görmədi heç riqqətini,
Oğlunun sevgisini, rəğbətini, diqqətini,
Anaya nankor oğul qıymadı öz şəfqətini,
Naxələf övladının məsləki-imanına bax,
Necə dartır özünü, verdiyi ehsanına bax./kulis.az