Sovet Rusiyası 1920-ci ilin aprelində Azərbaycanı işğal etdikdən və burada öz məqsədlərinə uyğun bir bölgə yaratdıqdan sonra milli – mənəvi dəyərləri, mədəni – kültürəl və ədəbi irsin zənginliklərini də məhv etməyə çalışdı.
1920-ci illərdə “Oxuma tar” kampaniyasının başladılması, Üzeyir Hacıbəylinin musiqi əsərlərinin həqarətlə mətbuatda tənqid edilməsi və digər məqamlar buna ciddi sübutdur.
Milli – mənəvi dəyərlərimizin sıradan çıxarılması istiqamətində çalışmalar 1937-ci il hadisələri ilə də yekunlaşmadı. Təəssüflər ki, 1950-ci illərdə də belə yanaşmaların mövcudluğunu görürük.
1950-ci illərin əvvəllərində böyük tarixi, milli – mənəvi abidəmiz olan “Dədə Qorqud” dastanına qarşı sovet rejiminin kəskin hücumları başladı.
İlk öncə “rus uşağı” olan (Mirzə Bala Məmmədzadə yazılarında onu belə adlandırır), Azərbaycana o dövrdə rəhbərlik edən Mir Cəfər Bağırovun çıxışından və rus dilində çıxan “Ədəbiyyat qəzeti”ndə filologiya elmləri doktoru Cəfər Xəndan (Hacıoğlu) ilə Mirzəağa Quluzadənin yazılarından sonra bu mövzuda “kampaniyaçılıq” sürətləndi. Qeyd edilirdi ki, “Dədə Qorqud”un məktəblərdə oxudulması “kommunizm” baxımından siyasi və ideoloji yanlışlıq təşkil edir. Onların iddiasına görə “Dədə Qorqud” sinif mübarizəsindən kənardır və “xanlara, bəylərə qarşı üsyan etmiş xalq qəhrəmanlarına” bu dastanda yer ayrılmamışdır.
Bu dastanda aşağı təbəqədən yalnız bir çobana (Salur Qazanın çobanına) yer verilmişdir. Qeyd edilir ki, dastandakı boylarda “zamanlarını kefdə, əyləncədə, ovlarda keçirən Oğuz xanları, Oğuz bəyləri idealizə edilmişdir”.
Sovet rejiminin hücumuna məruz qalmaq üçün “Oğuz xanları, Oğuz bəyləri”nin idealizə edilməsi fikri də yetərlidir. Bu yanaşmadan məntiqi fikir belə sonuclanır: “Dədə Qorqud xalq düşmənidir”. Yəni “xalq düşməni” fikrini bir az da açıqlasaq belə sonluğa gəlinir: “kommunizm düşməni, sovet rejiminin düşməni, hürriyyət və istiqlal aşiqi olan milliyyətçi”.
Təbiidir ki, millətçi ruhunda olan şair və ədiblərimizin repressiya illərində məhv edilməsindən, onların milli məzmunlu əsərlərinin qadağan olunmasından sonra “Dədə Qorqud”u qəbul etmək qeyri – mümkün idi.
“Dədə Qorqud” dastanında Azərbaycan türklüyünü Anadolu və Türküstana, Oğuz türklüyünü müştərək qaynaqlara bağlayan sehrli bir qüvvə vardır.
Bu isə mövcud sovet rejiminin ideologiyasına uyğun gəlmirdi.
Odur ki, Sovet Azərbaycanında bütün mənbələrdə “Dədə Qorqud” dastanı qadağan edildi, dərsliklərdən isə çıxarıldı.
Sovet alimləri “Türk və Azərbaycan xalqının bu nurani piri olan Dədə Qorqudu” bir irtica və gerilik rəmzi deyə tənqid etməyə başladılar.
Sovet rejiminə uyğun gələn isə Sovetlər Birliyindəki qeyri – rus bütün millətləri milli tarixindən, dilindən, dinindən ayıran “sovet patriotzmi” idi.
“Dədə Qorqud”dakı vətən, din, hürriyyət, eşq, sədaqət və fədakarlıq duyğuları “sovet patriotizmi” üçün təhlükəli idi.
Qeyd: məqalədə M.Ə.Rəsulzadənin mühacirətdə yazdığı “Dədə Qorqud dastanları” məqaləsindən və M.B.Məmmədzadənin “Dədə Qorqud və kommunizm” yazısındakı faktlardan istifadə edilib.