Dünya ədəbiyyatının bir neçə nəhəng nümayəndəsinin, eləcə də Azərbaycan nəsrinin məhək daşı sayılacaq bir yazıçının hazırcavablığını göstərən maraqlı əhvalatları diqqətə çatdıracağıq.
Burada indiyədək sevə-sevə oxuduğunuz məşhur yazıçıları həm də maraqlı bir tərəfləri ilə - təəccübləndirici səviyyədə hazırcavablıq keyfiyyətləri ilə tanıyacaqsınız:
Lev Tolstoy ömrünün ahıl çağında hər şeydən uzaqlaşaraq tərki-dünya bir həyat yaşamağa başladı. Nə yazıçı dostları, nə dövlət xadimləri , nə də oxucuları ilə görüşürdü. Jurnalistlər isə onu ən çox təngə gətirən şəxslər idi. Yazarın onlara nifrəti demək olar ki, patoloji həddə çatmışdı.
Bir gün bir jurnalist çox xahiş-minnətlə müsahibəyə razılıq alır. Jurnalistin ilk sualı bu olur:
– Sizcə, dünyanın ən yazıq insanı kimdir?
Tolstoy qeyri-adi cavab verir:
– Lev Nikoloyeviç Tolstoy.
Təəccüblənən jurnalist səbəbini soruşur. Tolstoy isə cavabında:
– Çünki hazırda dünyanın ən bədbəxt, yaramaz və sırtıq insanı ilə danışıram, – deyir.
***
Bir gənc şair şeirlərini Viktor Hüqoya oxuduqdan sonra soruşub:
- Ustad, şeirlərim necədir?
Hüqo cavab verib:
- Afərin! Vəznsiz, qafiyəsiz və mənasız bir şey yazmaq istəmisən və bunu bacarmısan...
***
Bir gün Aleksandr Dümanın yanına bir yazıçı gəlib deyir:
– Əgər mənə 300 frank borc verməsəniz özümü və 3 uşağımı öldürəcəyəm.
Düma isə təəssüflə bildirir ki, cəmi 200 frank verə bilər.
– Yox, mənə ancaq 300 frank lazımdır.
Düma əlacsız qalıb deyir:
– Sizə bir məsləhət verə bilərəm. Götürün bu 200 frankı. Özünüzü öldürün, amma uşaqlara toxunmayın. 200 frank onlara bəs edər.
***
Avstriyalı yazıçı Peter Altenberq bir gün səhhətinin ağır olduğunu görüb həkimə müraciət edir. Yazıçının həyat tərzi ilə tanış olan həkim ona spirtli içki içməməyi məsləhət görür. Altenberq heç bir söz demədən palto və şlyapasını götürüb getmək istəyərkən həkim deyir :
– Bağışlayın bəs məsləhət üçün pul vermirsiniz ?
– Niyə görə pul verməliyəm ki ? – deyə Altenberq təəccüblənir, – axı mən sizin məsləhətlərinizi qəbul etməmişəm
***
- Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır. Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasıyca qaçaraq onu yaxalayır. Cəlilin gəncə yazığı gəlir, elə polisin yanında ona yaxınlaşıb ərklə deyir:
– Sənə neçə dəfə demişəm ki, tələsmə, niyə tələsirsən, bir neçə gündən sonra jurnalda çıxar oxuyarsan.
Sonra ərklə də kağızı cavan oğlandan alır. Polis onların bir birini tanıdığını zənn edib oradan uzaqlaşır.
***
Süleyman Sani Axundov bir dəfə Mirzə Cəlili evinə qonaq çağırır. Ocağın üzərində qoyduğu yağın əriyib-əriməməsini bilmək üçün mətbəxə girir. Görür ki, ocağın üstündə xeyli müddətdir ki, qalan yağın demək olar ki, hamısı əriyib buxar halında havaya qalxır. Cəld Mirzə Cəlilə səslənir:
– Mirzə inanmazsan yağ uçur.
– Mirzə Cəlil də tənbəllik etməyib mətbəxə gəlir. Görür ki, ocağın üstündəki qabda heç nə yoxdur. Molla Nəsrəddin kinayəsini işə salır:
– Əsil jurnalın malıdı. Yaz, ver, çap edək. Görək müsəlmanlar bu dəfə buna nəmənə möcüzə uyduracaq./Moderator.az