Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əksər şadlıq evləri müflis durumda- menyu qiymətləri qəfil artdı


Eyyub Kərimli: “Şadlıq saraylarının bəziləri sıradan çıxacaq, iflasa uğrayacaqlar”

Postpandemiya dövrünün təsiri ilə Azərbaycanın toy bazarında restoranlara olan tələbatın azaldığı ilə bağlı fikirlər dolaşır. Məsələ ilə bağlı “Trend”in əməkdaşı bir neçə restorandan hazırda vəziyyətin necə olduğunu öyrənib. Restoranlardan verilən məlumata görə, yayılan söhbətlər həqiqəti əks etdirir. Belə ki, toyların sayı kəskin azalıb. Biz düşünürdük ki, pandemiyaya görə tətbiq edilən qadağalardan sonra toyların sayında artım olar. Lakin belə olmadı. İnsanlar artıq əvvəlki kimi dəbdəbəli toy keçirməyə maraq göstərmir. Pandemiyanın insanların toy adətlərinə çox təsiri olub.

Əvvəllər ayda 25-30 toy olurdusa, hazırda 10-15 toy olur. Toya çağırılan qonaqların sayında da azalma var. Əvvəllər 400-500 nəfərlik toylar indi 200 nəfərlə keçirilir. Hazırda 100-150 nəfərlik toy edənlər artıb. Qonaq sayı az olan toylar restoranlar üçün sərfəli deyil. Bundan başqa hazırda qız-oğlan toyunu bir edir. Bu da toy sayına təsir edən səbəblərdən biridir. Son vaxtlar restoranlarda menyuların qiymətində 20%-ə qədər bahalaşma var. Bu da toy sahibinə çoxlu qonaq çağırmağa əngəl olur. Biz ilk vaxt fikirləşirdik Ramazan və Məhərrəmlik ayında toy olmadığından vəziyyət belədir. Lakin belə olmadı. Artıq toyların ən çox keçirilən aylarında da toyların sayında azalma var. Toy bazarında vəziyyət durğundur.

İqtisadçı ekspert Xalid Kərimli bildirb ki, vəziyyət belə davam edərsə, bir çox restoranların bağlanması və təyinatının dəyişməsi realdır: “Restoranlarda gəlirlilik aşağı düşüb. Bundan dolayı ölkədə fəaliyyət göstərən restoranların icarə haqlarının aşağı düşməsi gözlənilir. Ölkəmizdə bir dönəm var idi ki, pullu adamlar restoran sahibi olmağa investisiya kimi baxırdılar. Çünki mənfəətli sahə idi və rahat pul qazanırdılar. Pandemiyadan sonra bu sahə artıq çox da gəlirli sahə sayılmır. Əsas da qiymət artımı, pandemiya, müharibə və dünyada baş verən proseslərin fonunda insanların alıcılıq qabiliyyəti aşağı düşüb. Bu da toy biznesinə və toya gələn qonaqların maliyyə imkanlarına təsir edib. Şadlıq saraylarının qiymətlərinin bahalaşması onların xərcinin artması deməkdir. Rəqabətdə uduzanlar restoranın təyinatın dəyişməlidirlər, ya da bağlamalıdırlar. Şadlıq sarayları və restoranları qarşıda daha çətin günlər gözləyir”, - deyə ekspert qeyd edib.

Bu xəbərlərin fonunda Bakıda şadlıq saraylarında menyularda qiymət artımı müşahidə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, 2023-cü ilin aprel ayında şadlıq saraylarında sifarişlərin sayı 72.8 faiz azalıb. Bunun əsas səbəbi aprel ayının ilk iki onluğunun Ramazan ayına təsadüf etməsi olub. Bununla belə, aprel ayının son həftəsində şadlıq saraylarında canlanma müşahidə edilib. Bununla yanaşı, şadlıq saraylarında aprel ayında qiymətlər 10.2 faiz artıb.

Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 14.5 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 8.7 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 7.4 faiz artım qeydə alınıb.

Mürvət Həsənli ən qədim asayiş keşikçilərindən yazdı

 Mürvət Həsənli 

“Xəmsə” restoranlar şəbəkəsinin rəhbəri Mürvət Həsənli “Yeni Müsavat”a dedi ki, son dövrlər toy sifarişlərində azalma var: “Kəskin şəkildə bahalaşma olsa da, şadlıq evlərində qiymətləri qaldırmaq olmur. İnsanlar artıq müraciət etmirlər. Toylar azalıb, əvvəlki kimi deyil. Ərzaq məhsullarının qiymətində artım var. Yəni biz 2015-ci illə 2020-ci ili müqayisə edəndə görürük ki, qiymətlərdə böyük artım var. Pandemiyadan sonra toy bazarı bir az fəallaşdı, amma indi zəifləyib. Artıq payız aylarına daha çox önəm verirlər”.

Sahibkar onu da əlavə etdi ki, şadlıq saraylarının bağlanması fikri ilə razılaşmır: “Düşünmürəm ki, müflis olacaqlar. Müəyyən bazar həmişə olacaq. Bizdə mentalitet məsələsinə görə hər kəs toy etmək istəyir, ona görə olacaq. Amma müəyyən azalmalar var. Toya dəvət olunanların sayında azalmalar ola bilər. Əvvəllər 500 nəfərlik toy edənlər ay ərzində 20-30 nəfər idisə, indi bu rəqəm 5-10 nəfərə düşüb”.

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

 Eyyub Kərimli

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, yaxın gələcəkdə şadlıq saraylarının müflis olması qaçılmazdır: “Toy mövsümünün ən aktiv dövrü Ramazan ayına düşdü. Həm mart ayı, həm də aprel ayı təsir göstərdi. Hazırda may ayıdır, bu ayda bizdə toy edilmir. Məsələnin iqtisadi tərəfinə gəlincə, ölkədə ötən ildən inflyasiya gedir, bu 40 faiz özünü göstərdi. Hazırda da davam edir, demək olar ki, inflyasiya 20 faizin üzərindədir. Qiymətlərin artması sözsüz ki, restoranlarda menyuların bahalaşmasına səbəb olub. İkinci məsələ, şadlıq evlərinin ən böyük problemi onların standart menyu təklif etməsi ilə bağlıdır. Müştərinin tələbinə uyğun yox, özlərinin təqdim etdiyi standart menyu var ki, orada da bəzən müştəri çox dəyişiklik edə bilmir. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Çünki şadlıq evləri əvvəlki dövrə görə işləri yaxşı gedirdi, heç nə onlara təsir etmirdi.  Tələb çox olduğundan, rəqabət az olduğundan daha çox özlərinin diktə etdiyi menyular var idi. Hazırda bu da məsələyə öz təsirini göstərir. Ona görə də insanlar daha az toy etməyə meylidirlər. Böyük toyların azalması, həm də pandemiya insanlara məsələyə fərqli yanaşmağı öyrətdi. Artıq dəbdəbəli toylar gündəmdə deyil, kiçik kompakt toylar etmək istəyirlər. Digər ölkələrin də təcrübəsinə meyllənirlər. Gənclərimiz də gec ailə qururlar, daha çox karyera ilə məşğul olmaq istəyirlər. Həmçinin burada demoqrafik məsələ də var. O vaxt bizim müharibədə şəhidlərimizin olması kişilərin sayında kəskin azalmaya səbəb olmuşdu. İnandırım ki, bu təsir hələ 25 ildən sonra , 2045-də özünü göstərəcək. Çünki 44 günlük müharibədə də kişilərimiz şəhid oldu. Yəni bunlar kompleks məsələlərdir. Vəziyyətdən çıxış nədir? Fikrimcə, şadlıq sarayları özündən razılığı kənara qoyub, menyularını tələbə uyğun iş qurmalıdırlar. İnsanlara standart menyu yox, seçim verməlidirlər. Kim hansı menyunu vermək istəyir, restoranlar da o menyu ilə razılaşmalıdırlar. Onda toy etmək insanlar üçün daha sərfəli olar və onlar standart menyudan çıxıb, sifarişli menyulara üstünlük verəcəklər. Şadlıq sarayları da daha çox müştəri əldə edə bilərlər. Çünki hər dövrün öz tələbləri var və bunlar yerinə yetirilməlidir. Bu gün rəqabət də çoxdur, şadlıq saraylarının sayı çoxalıb. Bu amil də bir tərəfdən öz təsirini göstərir”.

Ekspert əlavə edib ki, yaxın gələcəkdə şadlıq saraylarının bəziləri sıradan çıxacaq, iflasa uğrayacaq.  Sahibkarların kifayət qədər vəsaiti var, yəqin ki, obyektlərinin fəaliyyət istiqamətini dəyişəcəklər: "İstirahət mərkəzinə, hotelə, konfrans zalı kimi istifadə edə bilərlər. Ya da söküb yerində bina tikə bilərlər. Yəqin ki, gələcəkdə  şadlıq saraylarının sayı azalacaq. Çünki bu sahədə rəqabət çoxalıb və hər kəs bu sahə ilə məşğul olmaq həvəsində olmayacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10