Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2-ci yazı. Böyükağa Talıblının qızı Sonanın (Soneçkanın) ürək dağlayan ömür yolu


Masallı əsilli, eyni vaxtda Azərbaycan SSR-nin Respublika Prokuroru və Ədliyyə naziri, Xalq Təsərrüfatı Şurasının sədri olmuş, yazıçı, dramaturq, jurnalist,  40 yaşında qətlə yetirilmiş ictimai-siyasi xadim kimdir?  


1-ci yazının linki burada: (https://cenub.az/14589-masalli-esilli-eyni-vaxtda-azerbaycan-ssr-nin-respublika-prokuroru-ve-edliyye-naziri-xalq-teserrufati-surasinin-sedri-olmus-yazici-dramaturq-jurnalist-40-yasinda-qetle-yetirilmis-ictimai-siy.html)


B. Talıblının özünü və həyat yoldaşını həbs ediblər, yeganə qız övladını “Kimsəsizlər evinə” təhvil verdilər. 


- “ Şübəhəsiz, çox maraqlı olan bir faktdan az adam xəbərdardır ki, böyük rus yazıçısının ailəsinin azərbaycanlılarla qohumluq əlaqəsi olmuşdur.


 Təqribən ötən yüzilliyin 20-ci illərində Tula yaxınlığındakı “Yasnaya Polyana”ya o dövrdə Azərbaycanın tanınımış yazıçı-satiriki Böyükağa Mirqasım oğlu Talıblı dincəlməyə gəlir. Əldə olan səhih məlumatlara görə həmin ədib Azərbaycanın ictimai və dövlət həyatında fəal iştiraik etmiş, mühüm dövlət vəzifələrində çalışmış, hətta nazirliyə rəhbərlik etmişdir. Burada - “Yasnaya Polyana”da dünya ədəbiyyatının dahisi Lev Nikolayeviç Tolstoyun vətənində gənc, mütərəqqi azərbaycanlı, Tatyana adlı cavan, göyçək qızla və onun anası - mahir hekayələr ustası Anton Pavloviç Çexovun doğma bacısı (əslində qardaşı arvadı - X. C. C.) Mariya Pavlovna ilə tanış olur. İki qardaş xalqın nümayəndələri arasındakı ehtiraslı sevgi, sərhədləri aşaraq Böyükağa Talıblı ilə Tatyana arasında qanuni nigahın bağlanması ilə nəticələnir. Gənc ailə Azərbaycanda yaşamağı qərara alır və Bakıya köçürlər. Tezliklə ailədə qız uşağı dünyaya gəlir və onun adını Sona (rus variantında Sonya) qoyurlar. Həyatının bütövlükdə faciəli sınaqlardan ibarət olmasına baxmayaraq, azərbaycanlı qohumlar əzizləmə mənasında qızcığazı “Soneçka” deyə çağırırmışlar. 

     İ. Stalin repressiyasının tufanlı illəri bu nüfuzlu ailədən də yan keçməmişdir. 1939-cu ildə həmkarlarının saxtalaşdırılmış donosları əsasında əvvəlcə yazıçı Böyükağa Talıblı, sonra isə həyat yoldaşı Tatyana həbs edilirlər. Nəticədə qızcığaz “Soneçka” tənha qalır. Qohumları onu uşaq evinə yerləşdirməyi qərara alırlar. Burada o, uzun illər - anası Tatyana bəraət alana qədər yaşamalı olur. 60 -cı illərdə Tatyanaya və onun qızına Bakı şəhərində - N. Nərimanov prospektində, indiki “Elmlər Akademiyası” metrosu ilə üzbəüz ərazidə mənzil ayırırlar və ömürlərinin sonuna qədər onlar orada yaşayırlar. A. P. Çexovun qardaşı nəvəsi olan Sona öz vətənini, onun doğma ab-havasını, adət-ənənələrini daim ürəkdən sevmişdir. Bakılıların böyük həvəslə “bulvar” dedikləri sahildə saatlarla əyləşər, laylalı Xəzərin boz ləpələrinin seyrinə dalardı. Onun ərə getməsi, övladlarının olması bəlli deyil. Böyükağa və Tatyana Talıblıların yeganə qız övladı, onu tanıyanların yaddaşında ciddi, xeyirxah, hazırcavab “Soneçka” kimi indi də yaşayır”.


Qeyd: (müəllif) 

     Baxış Babayevin apardığı araşdırmada B.Talıblı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilsə də, oxucular üçün bir çox məqamlar qaranlıq olaraq qalır. Xüsusilə, B. Talıblının şərlənməsi və həbs edilməsinin tarixi 1939-cu il kimi göstərilir. Bu baxımdan müəllifin fikri filologiya elmləri doktoru Əzizağa Məmmdovun fikirləri ilə üst-üstə (Q. Dünyaminqızının tədqiqatlarının əksinə olaraq) düşür. Lakin B. Talıblının həyat yoldaşının adı və soy-kökü ilə bağlı məlumatlar Musarza Mirzəyevin arasdırmasında göstərilən bəzi faktlarla əkslik təşkil edir. Bütün bunlara baxmayaraq əldə etdiyimiz səhih məlumatlara əsasən, İ. Ştalin tərəfindən Azərbaycan SSR üzrə 03.10. 1937-ci il tarixdə təsdiq edilmiş güllələnənməyə məhkum edilənlərin siyahısında (cəmi 1117 nəfər) 962-ci müttəhim B. Talıblıdir.


     Qısa haşiyə: (müəllif)

     B. Babayevin yazdığı məqalə ilə tanış olandan sonra, sanki qəflətən dərin bir yuxudan ayıldım. Ətrafıma göz gəzdirdim, yaddaşımı vərəqlədim, axır ki, axtardığımı tapdım. 1971-ci ildə ali məktəbə qəbul olunmuşdum. Biz iki əmioğlu - mən və sinif yoldaşım Məhəmmədəmin Qurbanov bir kirayə mənzildə yaşamalı olduq. M. F. Axundov küçəsində (“Qız qalası”nın yanında) valideyinlərimizin kirayə etdikləri mənzildə sanitariya qaydaları baxımından yaşamaq mümkün olmadı. Dərs mövsümünün başlanmasına cəmi 3-4 gün qalırdı. Lakin mənzil problemini həll etmək müşkülə dönmüşdü. Masallı Süd Zavodunun direktoru vəzifəsində işləyən, atamın əmisi oğlu Novruz Zeynalov xidməti işi ilə əlaqədar olaraq Bakıya tez-tez ezamiyyətə gedirdi. Ona görə də Bakıda onun dost-tanışları çox idi. İş belə gətirdi ki, Novruz əminin yaxından köməkliyi sayəsində biz N. Nərimanov prospekti (indiki H. Cavid prospekti) ilə perpendikulyar istiqamətdə yerləşən, “Elmlər Akademiyası” metro stansiyası ilə üzbəüz, Ələsgər Ələkbərov kuçəsində tağlı beşmərtəbəli binanın 1-ci mərtəbəsində yaşayan Sona adlı 50-55 yaşlı tənha qadının bir otaqlı mənzilində məskunlaşdıq. 

     Ortaboylu, dolu bədənli, ağbəniz, alma yanaqlı, zahirən bütün qadın gözəlliklərini özündə cəmləşdirən, dilli-dilavər qadın təsiri bağışlayan Sona xanım çox hazırcavab adam idi. O, bizimlə çox vaxt rus dilində danışardı, onu başa düşmədiyimizi hiss edəndə azərbaycan dilində şirin ləhcə ilə izahatlar verərdi. Qalın pərdə ilə ikiyə bölünmüş otaqda biz çox vaxt dərslərimizi hazırlayandan sonra öz aramızda söhbətəşər, zarafatlaşardıq. Belə hallarda Sona xanım bizi mətbəxdə çay süfrəsinə dəvət edəndə hərdən deyərdi:

- Rebyata, ya vas oçen lyblyu. A, vı znaete poçemu? Potomu çto vı moi rodnıye… (Uşaqlar, mən sizi çox sevirəm. Siz heç bilirsiniz niyə? Ona görə ki, siz mənim doğmalarımsınız).

     Hər dəfə bu sözləri deyəndə Sona xanım ağlayardı. Biz onun bu cür davranışından heç nə anlamırdıq, valideyinlərimizə bu barədə bir kəlmə də demirdik. Biz elə zənn edirdik ki, o yəqin tənha yaşadığına görə, övladı olmadığına görə ağlayır. Həmin mənzildə bir həftəyə yaxın müddətdə yaşadıq. Sona xanımda özümüzə qarşı əsl doğma ana məhəbbətinin, ana sevgisinin, ana qayğısının şahidi olduq. Mənzildəki darısqallıq səbəbəbindən biz bir həftədən sonra bir qədər aralıda “Dağüstü bazar” tərəfdə mənzil kirayə etdik. Amma bizdən ayrılanda o necə də dodaqaltı nəyi isə deyir, hey ağlayır, dəsməlla göz yaşlarını silirdi… O nədənsə bizdən heç ayrılmaq istəmirdi…

     Əziz oxucu! 

     Beləliklə, mən B. Talıblının yeğanə övladı olan Sonanı görən, onunla həmsöhbət olan, həyat şəraiti ilə tanış olan hal şahidlərindən biri oldum. O idi - rus dilli, tənha yaşayan, kimsəsiz Soneçka” - Sona Böyükağa qızı Talıblı. Lakin o vaxtlar onun kimliyi və həyatında baş verənlərdən tamamilə xəbərsiz idim. Görünür ki, onun həyat tarixçəsini daha mükəmməl, daha ətraflı bilən bir nəfər də vardı - Novruz əmi. Amma əfsus ki, o illər arxada qalıb, Sona xanım da, Novruz əmi də haqqın dərgahına qovuşublar… Allah hər ikisinə rəhmət eləsin!


    Ədəbi yaradıcılığı haqqında


     Gənc yaşlarından başlayaraq ədəbi yaradıcılığa böyük həvəs göstərən B. Talıblı hələ Bakı realnı məktəbinin 3-cü sinfində oxuyarkən “Yaxşı məsləhət hər şeydən yaxşıdır” adlı ilk hekayəsini (1912) yazmış, Orucov qardaşlarının mətbəəsində kitabça şəklində çap etdirmişdir. Müəllif həmin əsərdə Azərbaycan kəndlisinin acı həyatını, çətinliklərini qələmə almaqla yanaşı, zəhmət adamlarına qarşı olan sevgisini bədii boyalarla tərənnüm etmişdir.

     1915-ci ildə realnı məktəbini bitirdikdən sonra maarif, mədəniyyət və qadın azadlığı məsələlrinə dair publisistik məqalələrlə dövri mətbuatda çıxış etmişdir.

     1916/17-ci illərdə Salyan realnı məktəbində müəllim işlədiyi dövrdə “Keyf içində” (1916) pyesini, “Tövbə”, “Mədən sahibinin fərasəti” və b. hakayələrini yazmışdır. O, Salyanda məktəblilərin yay tətili mövsümündə gənc teatr həvəskarları ilə birlikdə C. Məmmədquluzadə, Ə. Haqverdiyev, N. Nərimanov və b. ədiblərin əsərlərinin səhnəyə qoyulmasında yaxından iştirak etmişdir.

     1920-ci ildə Rusiyadan Azərbaycana qayıdan B. Talıblı “Azərbaycan füqərası” məcmuəsini və “Kommunist” qəzetini redaktə etmişdir. O, 1922/23-cü illərdə Tiflisdə çıxan “Yeni fikir” qəzetinin redaktoru olmuşdur. Burada ədəbi və jurnalistlik fəaliyyətini davam etdirən yazıçı, 1923-cü ildən N. Nərimanov adına klubun nəzdində gənc ədəbi qüvvələri birləşdirən “Ədəbiyyat dərnəyi”nin əsas təşkilatçılarından biri olmuşdur. Sonralar - 1927-ci ildə həmin dərnək Tiflis Azərbaycan Proletar Yazıçılarının bölməsinə çevrilmişdir.

     B. Talıblı çalışdığı mühüm dövlət vəzifələri ilə yanaşı olaraq yazıçı, dramaturq, jurnalist kimi də gərgin əmək sərf etmişdir. O, zəhmətkeş xalq kütlələrinin güzəranını, həyat şəraitini ədəbiyyata gətirən digər qələm dostları kimi mülkədar-burjuaziya ideologiyasına qarşı kəskin mübarizə aparmışdır. O dövrün cəsarətli, mübariz qələm sahibləridən olan C. Məmmədquluzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Tağı Şahbazi (Simürğ) və b. ilə bir sırada Böyükağa Talıblı da dayanırdı.

     Oktyabr İnqilabından sonra öz şəxsi fəaliyyətində ədəbi yaradıcılığa geniş meydan verən ədib, 1930-cu ilə qədər “Erkək Tükəzban” (1926), “Qırx zopa” (1927), “Xeyir iş”, “Qaynananın kələyi” adlı hekayələrini və “Dirək” (1930) povestini yazmışdır. Onlardan ilk iki hekayəni və son povestini ayrıca kitabça şəklində çap etdirmişdir.

     1930-ci ildə müəllifin “Tövbə” adlı kitabçası “Şirindilli” imzası ilə “Azərnəşr” tərəfindən çap edilmişdir. Onun “Erkək Tükəzban” hekayəsi və “Dirək” povesti rus dilinə tərcümə edilmişdir. O, 1932-ci ildə “Xortdan” hekayəsini, 1934-cü ildə isə Bakı neftçilərinin həyatından bəhs edən “Birinci buruq” pyesini yazmışdır.

     B. Talıblının qələmə aldığı “Erkək Tükəzban”, “Mədən sahibinin fərasəti”, “Xortdan” kimi hekayələri dəfələrlə dərsliklərə salınmışdır.

     O, Lev Tolstoyun “Hacı Murad” povestini Azərbaycan dilinə tərcümə etmiş, A. S. Puşkinin “Xəsis cəngavər” pyesinin motivləri əsasında özünün 3 pərdəli “Xəsis” dramını yazmışdır.

     İnqilabi fəaliyyətə qoşulan ədibin dünyagörüşü getdikcə förmalaşır və o, real həyat hadisələrinə, cəmiyyətdə baş verən proseslərə daha dərindən müdaxilə etməyə başlamışdır. O, ictimai həyatda baş verənlərə getdikcə tənqidi yanaşaraq, ədəbi yaradıcılığında ictimai-əxlaqi məsələlərə daha dərindən nüfuz etməyə başlayır. Onun hekayələrində dadlı-duzlu yumor və zəngin gülüş elementləri, kəskin satira oxucunun diqqətini cəlb etməklə yanaşı, onu dərindən düşünməyə sövq edir. Müəllif sadə məzmunlu əsərlərində cəmiyyətin istismarçı qüvvələrinə qarşı haqq səsini qaldırmaqla yanaşı, zavallı, kasıb insanların haqq işi uğründa da öz etiraz səsini qaldırır.

     B. Talıblı 1920-ci ildə Azərbaycanda sinfi mübarizənin yeni ictimai-siyasi şəraitdə kəskinləşdiyi bir dövrdə köhnəliklə yenilik arasındakı qarşıdurmaları ədəbi yaradıcılığında böyük məharətlə qələmə almışdır. Yazdığı bir sıra əsərlərin əsas mövzusunu millətçi burjua ziyalılarına, dini mövhumatçılara qarşı kəskin mübarizə, yeni cəmiyyətdə qadın azadlığına geniş meydan verilməsinə çağırış təşkil etmişdir. O, ədəbi yaradıcılığında köhnə istismarçı cəmiyyətin buxovlarından yenicə azad olmuş Azərbaycan qadınının mətin, işgüzar, təşkilatçı, bacarıqlı obrazını yaratmaqla, onların yeni həyatın qurulmasında vacib yer tutduğunu ustalıqla qələmə almışdır. 

     Xüsusilə, XX əsrin 30-cu illərində kolxoz quruculuğuna qarşı qolçomaqların, mövhumatçı ruhanilərin açıq mübarizəyə qalxdıqları bir dövrdə B. Talıblı qələmini süngüyə çevirərək bu cür sinfi düşmənlərə qarşı kəskin mübarizəyə qalxmışdır.

     B. Talıblı yaradıcılığını dərindən təhlil edərək belə nəticəyə qəlmək olar ki, o, qələmə aldığı ədəbi yaradıcılıq nümunələri ilə milli ədəbiyyat tariximizdə öz layiqli dəsti-xəttini qoyub getmişdir. Ona görə də o, xalqımızın maariflənməsi və tərəqqisi uğrunda canlarını qurban vermiş bir sıra görkəmli sənət nəhəngləri ilə bu gün də bir sırada addımlayır.

     

    İnqilablar övladlarını yeyir…


     Azərbaycan SSR-nin yaradılması ilə bağlı apardığımız araşdırmalardan bəlli olur ki, 1920-ci il aprel ayının 28-dən başlayaraq istər dövlətin və hökumətin, istərsə də partiyanın yüksək eşalonlarında vəzifə tutan milli kadrların böyük əksəriyyəti ya güllələnib, ya istintaq təcridxanalarında işgəncə ilə öldürülüb, ya da sürgünlərdə məhv ediliblər. O adamlardan biri də 1920-ci ildən başlayaraq AK (b) P MK-nin və Azərbaycan MİK-nin qərarları ilə Azərbaycan SSR-də müxtəlif mühüm dövlət vəzifələrinə təyin edilən, XX əsrdə Azərbaycan mətbuatının yaranması və inkişafında mühüm xidmətləri olan, istedadlı yazıçı-publisist, jurnalist Böyükağa Talıblı olmuşdur. 

     Apardığımız araşdırmalardan eyni zamanda belə bir nəticəyə gəlmək olar ki, B. Talıblının taleyinin acı sonluğu həm də onun istedadlı, yaradıcı şəxsiyyət olması ilə bağlıdır. Mühüm dövlət vəzifələrindən könüllü olaraq imtina edərək ədəbi yaradıcılığa, maarifçiliyə üstünlük verməsi ilə o, həyat tarixçəsinə öz əli ilə son qoymuşdur. Görünür ki, B. Talıblı da N. Nərimanov kimi “kommunizm ideyaları”nın boş xülya və yalançı vədlərdən başqa bir şey olmadığını vaxtında dərk edərək siyasi səhnədən “sakitcə” getmək qərarına gəlmişdir. Lakin onun belə bir siyasi manevr etməsi heç şübhəsiz ki, müxalif qüvvələrin nəzər-diqqətindən yayınmamışdır. Digər tərəfdən heç şübhəsis ki, respublika prokuroru və ədliyyə naziri vəzifələrində öz əllərini qarşıdan gələn repressiyalarda nahaq qanlara bulaşdırmaq istəməmişdir. Şübhəsiz ki, həmin vəzifələri icra edərkən mövcud rejimin repressiya siyasətinin əleyhdarı olduğundan, yuxarı instansiyalarda “sərfəli kadr” kimi xarakterizə edilməmişdir. Ona görə də gələcəkdə onun təhlukəli fenomenə çevriləcəyindən ehtiyat edən bəzi hakimiyyət mənsubları onu vaxtında zərərsizləşdirmək, aradan götürmək qərarına gələrək adekvat cəza tədbirləri görmüşlər.

     Bir daha Q. Dünyaminqızının tədqiqat işlərinə müraciət edək:

- “…Sədaqətlə qulluğunda durduğu hökumət, artıq 1936-cı ilin sonlarından başlayaraq Böyükağanı da "xalq düşməni” etməyin planlarını cızdı. 1936-cı il dekabrın 25-də Azərbaycan K(b)P Voroşilov rayon Komitəsi imzasız məktub əsasında Böyükağa Mirqasım oğlu Talıblını "aşkar edilməmiş milli-təmayülçü kimi” partiya sıralarından çıxarmışdır. Artıq onun səksəkəli günləri başlanmışdır. 09 yanvar 1937-ci ildə Böyükağanı həbs edirlər. Dindirməni ilk olaraq müstəntiqlər Xoren Qriqoryan və Ruben Markaryan aparırlar. İstədikləri ifadələri B. Talıblıdan ala bilmədikdə ona amansızcasına işgəncələr verdirirlər. Nəhayət, 6 ay çəkən bu cəhənnəm əzabından sonra B. Talıblı X. Qriqoryanın və R. Markaryanın diktəsi ilə Azərbaycan SSR Xalq Daxili İşlər komissarı Yuvelyan Sumbatov-Topuridzeyə bir ərizə yazır: "6 ay ərzində mən istintaqa səmimi ifadələr verməmişəm. İndi isə partiya və Sovet hökuməti qarşısında tamamilə təslim olub müqaviməti dayandırıram. Mən əksinqilabi millətçi təşkilatın üzvüyəm və bu məsələ ilə əlaqədar olaraq ətraflı ifadələr vermək istəyirəm. Mənim işim üzrə istintaqın sürətini artırmaq üçün sizin əmrinizi gözləyirəm”.

     Bu zaman "Kommunist” qəzetinin 12 mart 1937-ci il tarixli sayında Seyfulla Şamilovun "Ədəbiyyatda bolşevizm ideyaları uğrunda” sərlövhəli məqaləsi çap edilir. Məqalə müəllifi yoldaşlarından Əli Nəzmi və Əli Razinin yaradıcılığını tənqid etməklə kifayətlənməyərək, onların şəxsi həyatını da təhqir obyektinə çevirir. B. Talıblını isə "Səməd Mənsuru, Əhməd Cavadı öz qanadı altına almaqda” günahlandırır. Dünənəcən B. Talıblı ilə birlikdə yazıb-yaradan "qələm yoldaşları” dönüb ona qarşı düşmənə çevrilirlər. 

     İstintaq materiallarından aydın olur ki, Böyükağa Talıblıya necə dözülməz işgəncələr verilibsə hətta o, kürəkəni Əbüsalam Səmədovun da müsavatçı olduğunu "etraf edib”. Bu dəhşətli iztirablar, işgəncələr, təhqiramiz ittihamlar B. Talıblının səhhətində qısa bir vaxtda problemlər yaradır. Ona görə tez-tələsik 1937-ci ilin sentyabrın 14-də B. Talıblının işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edilir və sentyabrın 20-də ittiham qərarı yazılır. Qərara əsasən: “1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclası oldu. İclas saat 15.05-də başlandı. Müttəhim B. Talıblı özünün günahkar olduğunu etiraf etdi. İclas saat 15.25-də bağlandı. Hərbi Kollegiya Böyükağa Talıblını ən ağır cəzaya - güllələnməyə məhkum etdi. 1937-ci il oktyabrın 13-də B. Talıblı güllələndi”.     

     B. Talıblı güllələnəndən bir necə ay sonra onun həyat yoldaşı Natalya Mixaylovnanı həbs edərək, sürgün edirlər. 

     Qeyd: (müəllif)

     Buradan bir daha aydın olur ki, B. Talıblının həyat yoldaşının atası Anton yox, Mixaildir, yəni o, A. P. Çexovun qızı deyil.   

   Beləliklə, Azərbaycana "xoşbəxtlik gətirən sovetlər” bir ailənin də işığını söndürür, ocağını qaraldır, yuvasını dağıdırlar. Nədənsə, bu gün də bəzi mənbələrdə yazılır ki, B. Talıblı 1939-cu ildə vəfat etmişdir. Bəzi ensiklopediyalar da belə yanlışlıqlardan xali deyillər...” 

      Azərbaycan Yazıçılar Birliyinin internet saytında B. Talıblının faciəli həyat sonluğu barədə deyilir:

   N. M. Talıblı  - “…08.01.1937-ci il tarixdə 1934-1938-ci illərdə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları İdarəsinə başçılıq etmiş Yuvelyan Sumbatov - Topuridzenin imzası ilə B. Talıblının həbsinə qərar qəbul olunub.

     10.01.1937-ci il tarixdə təhlükəsizlik baş leytenantı Ağasəlim Atakişiyev və təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Böyükağa Mirqasım oğlu Talıblı Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə həbs edilərək Azərbaycan SSR XDİK İdarəsinin həbs evində saxlanması qərara alınıb.

     B. Talıblı Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 69, 70, 73-cü maddələri ilə təqsirli bilinərək 12.10.1937-ci il tarixdə güllələnməyə məhkum edilib.

     14.10.1937-ci ildə B.Talıblının həyat yoldaşı N. Talıblı həbs edilərək Bakı şəhərində ümumi rejimli həbsxanada saxlanılıb. Qızları Sona isə Azərbaycan SSR XDİK-nin uşaq evinə yerləşdirilib.

     B. Talıblı 1938-ci ildə cəza tədbirləri dövründə həlak olub”. 

     B. Talıblının ölümü ilə bağlı yuxarıda göstərilən tarix Q. Dünyaninqızının araşdırmasında göstərilən tarixlə daban-dabana ziddiyyət təşkil edir və tarixi baxımdan həqiqəti əks etdirmir.

     B.Talıblının həyatı və bədii yaradıcılığı ilə bağlı bir sıra məlumatlar filologiya elmləri doktoru Əzizağa Məmmədov tərəfindən toplanmışdır. Araşdırma zamanı mənbə olaraq həmin kitabdan da istifadə edilmişdir. (“Böyükağa Talıblı - Seçilmiş əsərləri”. Bakı -“Yazıçı” 1983-cü il ). 

     Son söz əvəzi 

Repressiya, terror və qətlüamlar, dünyanın harasında baş verməsindən asılı olmayaraq antidemokratik, avtoritar, totalitat, despotik, teokratik, faşist rejimlərin əsl mahiyyətindən doğur.

                                                                      Müəllif

     Bu araşdırma-yazıda xalqımızın parlaq tarixi şəxsiyyətlərindən biri olan B. Talıblının həyat yoluna qısaca nəzər saldıq və sonda belə bir nəticəyə gəldik ki, o da N. Nərimanov, M. Əzizbəyov, Q, Musabəyov, H. Sultanov, A. Sultanova, H. Hüseynov və b. kimi öz xalqının işıqlı gələcəyini, səadətini, nicat yolunu Azərbaycanda sosializm cəmiyyətinin qurulmasında, insanların bərabər yaşamasında görmüşdür. Lakin 20 ilə yaxın bir müddət ərzində, sədaqətlə xidmət etdiyi dövlətin, təsadüfi adamların əlinə keçdiyini dərk edərək vəziyyətdən çıxış yolunu siyasi fəaliyyətdən uzaqlaşmaqda axtarsa da, bir çox silahdaşları kimi mənsub olduğu amansız rejimin günahsız qurbanlarından birinə çevrilmişdir.

     B. Talıblı fenomeninə hansı rakusdan yanaşsaq, gözlərimiz önündə xalqına daim sədaqətlə, şərəflə xidmət edən bir vətən fədaisinin obrazı canlanır. İstintaq materiallarının ümumi məzmunundan da göründüyü kimi o, işində yol verdiyi nöqsanlara görə deyil, millətçi kimi, xalqın dəyərli ziyalı şəxsiyyətlərini himayə etməkdə ittiham edilmişdir. 

     Apardığımız araşdırmalardan bir daha aydın olur ki, B. Talıblı harada doğulub boya-başa çatmasından və yaşamasından asılı olmayaraq hər şeydən əvvəl Azərbaycanın ən görkəmli tarixi simalarından biridir. Onun adı və əməlləri ilə hər bir vətən övladı öyünüb fəxr edə bilər. Axı, o, insanlığın, düzlüyün, haqq-ədalətin mücəssəməsi olan nadir şəxsiyyət, əsl yenilməz dövlət xadimi olmuşdur. B. Talıblının mənalı, məzmunlu həyat fəaliyyəti və sonu faciə ilə bitən uğursuz taleyi hər kəsə ibrət dərsi olmalıdır. Xüsusilə, bu günkü Azərbaycan gəncliyi xalqımızın taleyinə yazılmış mənfur erməni xəyanəti ilə və milli satqınlarla mübarizədə daim ayıq-sayıq və qətiyyətli olmalıdır. Tarixə diqqət yetirsək görərik ki, təqribən Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı dövründən başlayaraq bu günə kimi xalqımızın başına gələn fəlakətlərin əsas səbəbləri daha çox yuxarıda adlarını çəkdiyimiz iki faktorla - erməni xəyanəti və milli satqınlarla üzvi surətdə bağlıdır.

     Azərbaycanın ictimai-siyasi həyatında və ədəbi mühitində müstəsna yeri olan Böyükağa Talıblının portret cizgilərini Azərbaycan oxucularına təqdim etməklə bir vətəndaş olaraq onun müqəddəs ruhu qarşısında baş əyirəm! Allah rəhmət eləsin! Ruhu şad, uyuduğu torpaq Behişt olsun!


PS.

     Qələmə aldığımız yazının ümumi ab-havasından da göründüyü kimi Böyükağa Talıblı Masallı övladıdır. Və indiyə kimi dövlət idarəçiliyində Masallı rayonundan belə yüksək vəzifə pillələri tutan ikinci bir tarixi şəxsiyyət yoxdur. Ona görə də B. Talıblının adının əbədiləşdirilməsi - adına küçə-xiyabanların olması, büstünün ucaldılması zamanın tələbi olmaqla yanaşı, həm də qədirbilən, təəssübkeş ziyalıların ürək arzusudur. Ümid edək ki, Masallı rayonunun hakimiyyət mənsubları məsələnin aktuallığını nəzərə alaraq, tezliklə qəti addımlar atacaqlar.

                                                                   Xodaşirin Cəbiyev (Cabbari)                             Yazıçı-publisist, journalist-tədqiqatçı








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10