Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranlı tədqiqatçı-tarixçi İ. Şükürzadə türkəsilli professor Eda xanım və Mehmet bəyi necə təəccübləndirdi? Eləcə də Lənkəranda yaşamış almanlar haqqında


 Alman qonaqlar ən çox maraqlandıran isə, tarix və mədəniyyət abidlərimizdir. Onlar bu sahədə bizimlə ciddi əməkdaşlıq etmək arzusundadırır


   Bir neçə gün öncə Lənkəran şəhərində, dəmiryol vağzalının yaxınlığındakı “Taksim” restoran-kafedə professor Eda Bayraq və Mehmet Gürkanla görüşdüm. 

    Eda Bayraq turizm mütəxəssisi Samir Axundovun (Lənkəran şəhəri) vasitəçiliyi ilə bir gün öncə zəng edib, mənimlə görüşmək istədiyini bildirmişdir. Milliyyətcə türk olan (anası alman) Eda Bayraq Almaniyada yaşayır və Berlin Universitetinin professorudur. O, həmçinin EU4 Lənkəran-Astara iqtisadi regionunun inkişafı layihəsinin rəhbəridir. Mehmet Gürkan isə Ankaradan olub, turizm mütəxəssisidir.

    EU4 Lənkəran-Astara iqtisadi regionunun inkişafı layihəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin birgə iştirakı ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd regionda meyvə-tərəvəz sektorunun, turizmin inkişaf etdirilməsi, qadın və gənclərin dəstəklənməsidir.

   Görüşümüz konkret olaraq turizm sahəsi ilə bağlı olmuşdur. Görüş zamanı professor Eda Bayraq və Mehmet Gürkan turizm sahəsinin tərkib hissələrindən biri kimi tarix və mədəniyyət abidələrinin də olmasını, regionun tarix və mədəniyyət abidələri ilə bağlı kitab və məqalələr yazdığımı, sosial şəbəkədə bu qəbildən paylaşımlar etdiyimi, paylaşımlarımın onların diqqət və marağında olduqlarını bildirdikdən sonra layihə çərçivəsində mənim onlarla əməkdaşlıq etməyimi istədilər.

    Qeyd edək ki, həvəskar şəkildə bölgənin tarixi, abidələri, toponimləri və etnoqrafiyasının tədqiqi ilə məşğul olur, 10 kitabımın 9-u regionun tarixi, abidələri, toponimləri və etnoqrafiyasından bəhs edir. Nəşriyyata təqdim olunan “Masallı ziyarətgahları” kitabı naşir üzündən 2 ildən artıqdır ki, çapını gözləyir. “Lənkəranın tarix və mədəniyyət abidələri” kitabımı bu yaxınlarda çap olunmaq üçün nəşriyyata təqdim edəcəyəm. Hazırda bölgə ilə bağlı 3-4 kitab üzərində işləyirəm. Həmçinin bölgə ilə bağlı çoxlu sayda məqaləm müxtəlif qəzet və jurnallarda dərc olunmuşdur.

    Bəli, yuxarıda qeyd olunduğu kimi turizmin tərkib hissələrindən biri də tarix və mədəniyyət abidələridir. 

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Lənkəran-Astara iqtisadi regionunda 718 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da 438-i yerli, 278-i ölkə, 2-si dünya əhəmiyyətli abidələrdir. Bu abidələrin 88-i Lənkəran, 173-2 Lerik, 102-si Astara, 209-u Masallı, 92-si Yardımlı, 40-ı Cəlilabad rayonlarında qeydə alınmışdır. Regionda rəsmi abidələrlə yanaşı, eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar olunmuş abidə kimi çoxlu sayda tarix və mədəniyyət abidəsi də qeydiyyata götürülmüşdür.

    Sual olunur, görəsən abidələrimizin durumu necədir? Təəssüf hissi ilə qeyd edə bilərik ki, abidələrimizin durumu heç də ürəkaçan şəkildə deyildir. Abidələrimizin müəyyən hissəsi Sovet dönəmində təsərrüfat işlərindən ötrü məhv edilmiş, dağıdılmışdır. əksər abidələrimiz baxımsızlıq üzündən uçub-dağılmış, qəzalı və yararsız vəziyyətə düşmüşdür. Unutmaq lazım deyildir ki, hər bir abidə özündə tariximizin müəyyən dövrünü yaşadır. Buna görə də, abidələri qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Digər tərəfdən turizm sektoru ən gəlirli sahələrdən biridir. Turizm sektorunun tərkibində abidələr də vardır. Yəni, istənilən turist üçün eyni zamanda olduğu ölkənin, regionun abidələri ilə tanışlıq da böyük önəm kəsb edir.

    Bu sahədə abidələrimizin təbliği, onların tanıdılması vacibdir. Abidələrimizin təbliği məsələsi isə demək olar ki, yox dərəcəsindədir. Regiona gələn turist Daş dövrünün abidəsi sayılan Büzeyir, Zuvandçay (Lerik), Allar (Yardımlı) mağaralarından, atın əhliləşdirildiyi ilk məskənlərdən olan Eneolit dövrünə aid Əliköməktərə abidəsindən (Cəlilabad) nə üçün xəbərsiz olmalıdır?

    Bundan ötrü yaxşı olardı ki, ölkənin əsas yollarında abidələrlə bağlı tanıtım-reklam lövhələri, mühüm abidələrin şəkilləri, abidələr haqqında məlumatlar yerləşdirilsin, onların istiqamətini göstərən işarələr göstərilsin, slaydlar tətbiq olunsun.

    Bu yolla həm ölkəmizi, onun tarix və mədəniyyət abidələrini tanıtmış olarıq və həm də ölkəmizin büdcəsinə gəlir gətirmiş olarıq. 

    Görüş əsnasında professor Eda xanım və Mehmet bəylə Türkiyə, Almaniya dövlətləri və Azərbaycan, o cümlədən Lənkəranda yaşamış almanlarla bağlı maraqlı söhbətlərimiz oldu. İşlərimin (yaradıcı) çox olduğunu nəzərə alıb, əməkdaşlıq məsələsində bir qədər tərəddüd etsəm də, Eda Bayraq gülərək, məni asanlıqla əldən verməyəcəyini bildirdi.

    Təqribən 1 saat davam edən görüşümüz xoş notlarla başa çatdı.

                                                                                                 İldırım ŞÜKÜRZADƏ,

  Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10