Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Köhnə tamaşaya yeni nəfəs - Ehtiraslı Məşədi İbad, bivec Sərvər


“Tamaşaçı” adlı yeni layihə ilə qarşınıza çıxırıq. Bu rubrikamızda teatrlarımızda nümayiş etdirilən tamaşaların hansı şəkildə tamaşaçıya təqdim olunmasından danışacağıq. Düzü düz, əyrini əyri.

İlk söhbətimiz isə hazırda Dövlət Akademik Musiqili teatrının repertuarında olan ən maraqlı tamaşalardan biri, dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa  barədə olacaq.

Bu əsəri daha çox “Məşədi İbad” adı ilə tanıyırıq. Azərbaycan incəsənətinin incilərindən olan “O olmasın, bu olsun” əsərinin  mövzusunu yəqin ki, bilməyən tapılmaz. 50 yaşlı Məşədi İbad evlənmək arzusundadır. Kasıblamış Rüstəm bəy 18 yaşlı qızı Gülnaz xanımı ona pul müqabilində ərə vermək istəyir. Elə ilk görüşdə Məşədinin gözü həm Gülnaza, həm də evin qulluqçusuna düşür. Gülnaz Sərvər adlı tələbəni sevir. Sərvər Məşədi İbada kələk qurub elə edir ki, tamaşanın sonunda heç kim heç kimə borclu qalmır, o Gülnazı, Məşədi İbadsa Sənəmi alır.

Əslində “O olmasın, bu olsun” filmi o qədər möhtəşəm çəkilib ki, bu filmdən sonra tamaşanı səhnəyə çıxarmaq, Məşədi İbad rolunun möhürünü vurmuş Əliağa Ağayevdən sonra bu rolu oynamaq, cəsarət tələb edir.

Üstəlik hər kəsin dəfələrlə izləyib, bütün replikalarını demək olar ki, əzbər bildiyi bir əsərə yeni nəfəs vermək, onu tamaşaçıya sevdirmək yüksək peşəkarlıq tələb edir. Bu mənada tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovanı təbik etmək olar. Çox maraqlı səhnə həlli ilə tamaşanı elə şəkildə qoyub ki, filmdən heç də sönük görünmür.

Baş rolun ifaçısı Əməkdar artist Şövqü Hüseynov Məşədi İbadı elə bir ab - havada təqdim edir ki, qızın Sərəvərə yox , ona qismət olmasını istəyirsən. Şövqinin Məşədi İbadı daha ehtiraslı, daha şövqlü, daha qıvraq, daha şən, daha qorxaq və daha xəsisdir. Onun ifasındakı Məşədi İbad yaşından gənc qalmış, pullu, şən, hazırcavab, dünyanın gedişatından baş çıxaran kişidir.

Hamının ona 50 yaşlı qoca kimi baxmasına narazılıq edib, min cavana bərabər olduğunu cani-dildən sübut edir. Şövqinin Məşədi İbadının səhnəyə hər çıxışı insana enerji verir, gülüş bəxş edir.

Tamaşada Rüstəm bəy rolunu ifa edən Pərviz Məmmədrzayevin oyununu da xüsusi qeyd etmək istərdim. Hiss olunur ki, səhnəyə çıxmaqdan zövq alır və digər aktyorların da  daha emosional oyun sərgiləmələrinə can atır. Pərvizin Rüstəm bəyi tamaşanın ən parlaq personajlarından biriydi.

Sənəm rolunu ifa edən Gülnarə Abdullayevanın, hambal rolunun ifaçısı Hüseyin Əlilinin də ifasında eyni fikirləri səsləndirmək olar.

Təəssüf ki, eyni fikri Sərvər rolunun ifaçısı  Elxan İsmayılovun oyunu barədə səsləndirə bilməyəcəm. Aktyorun ifasındakı Sərvər sanki bivec, ona buna fırıldaq gəlməyə hazırlaşan bir gəncdir. Qızı alsa da olar, almasa da olar. Əsas məsələ ortaya şuluq salmaqdır. Üstəlik aktyorun toy gecəsi səhnəsində çaşması xoş görünmədi. Məşədi İbadın onu vəziyyətdən çıxarmaq üçün dəfələrlə təkrar-təkrar improvizələr etməsinə baxmayaraq, Sərvərin fikri sanki başqa yerdəydi. Özünü tamaşaya, komanda oyununa verə bilmirdi.

Maraqlı məqamlardan biri də kütləvi səhnələrə 5 azyaşlı aktyorun çıxarılması idi. Təxminən 3-13 yaş qrupunda olan bu uşaqlar kütləvi səhnələrdə oynayırlar. Əldə etdiyim məlumata görə,  teatrın aktyorlarının uşaqlarıdırlar və səhnəyə çıxdıqlarına  görə qonorar alırlar. Lap əla. Gələcəyin aktyorlarını indidən yetişdirirlər.

Tamaşaçı səhnədə baş verənləri diqqətlə izləyir, hətta kütləvi səhnələrdə ən arxa planda qalan oyunçuların belə hansının yaxşı, hansının laqeyd oyun sərgiləməsinin fərqində olur. Kütləvi səhnələr demişkən, aktyorların kostyumları barədə də bir neçə söz demək istərdim. 1900-cü illərin əvvəllərində Bakı intelligentsiyası bir - neçə qrupa bölünmüşdü. Ruspərəstlər, türkçülər,  Avropapərəstlər, ərəb və İran mədəniyyətinin təsiri altında qalanlar. Xalqın böyük bir hissəsi də bütün bunları seyr edən sadə, avam və zəhmətkeş təbəqə idi. Səhnə kostyumlarının  köməyi ilə bütün bu təbəqələrin nümayəndələrini aydın görmək olurdu. Bakı bazarında pəhləvanlar, dua yazan mollalar, dərvişlər, cadugərlər, hamamçılar, susatanlar, xoruz döyüşdürənlər, daha kimlər, kimlər... 2 saatlıq oyun zamanı tarixə maraqlı bir səyahət etdik.

Əgər övladlarınızın klassik əsərlərdən xəbərinin olmasını istəyirsinizsə, onları mütləq bu tamaşanı seyr etməyə aparın. Yorulmadan, qəhqəhə çəkə-çəkə XX əsrin əvvəlindəki Azərbaycan barədə çox şey öyrənəcəklər. /lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10