Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həbsdən çıxanlar üçün reabilitasiya və iş məsələsi - ekspertlərin təklifi


Əliməmməd Nuriyev: “Azadlığa çıxmış əksər şəxslər yaşayış yerləri ilə bağlı problem yaşayır”

Bir neçə gün öncə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 801 nəfər məhkum azad edildi. Bu humanist addımla azadlığa çıxan şəxslərin reabilitasiyası və işlə təminatı məsələsi də prioritet olmalıdır.

Bəllidir ki, həbsxanadan çıxan şəxslərin cəmiyyətə adaptasiyası müəyyən bir mərhələ tələb edir. Bunun üçün reabilitasiya mexanizmi mövcuddur.

Bu mexanizm Azərbaycanda nə dərəcədə işləkdir? Azad olunan şəxslər bura necə cəlb edilir?

Həmçinin həbsxana həyatı yaşamış şəxslərə bir çox hallarda şirkətlər, dövlət qurumları iş verməyə tərəddüd edir. İşsizlik isə bəzi məhkumluq yaşamış şəxsləri növbəti dəfə cinayətlər törətməyə də sövq edə bilən faktordur. Bu yöndə iş gedirmi? Kimlər, hansı qurum məşğuldur?

“Azadlığa çıxan məhbusların cəmiyyətə adaptasiyası ilə bağlı qanunun tələblərinə görə azad olunmuş şəxslərlə bağlı dövlət qurumları  üzərinə bir çox öhdəliklər düşür”.

Bu sözləri tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirib. Hüquqşünas azadlığa çıxan məhbusların adaptasiya prosesini bu cür izah edib:

Əliməmməd Nuriyev: DİN yanında ictimai şuranın nümunəvi bünövrəsini qoymaq  istəyirik

Əliməmməd Nuriyev

“Azadlığa çıxan şəxslər Əmək və Əhalinin Müdafiə Nazirliyinin müvafiq strukturlarına müraciət edirlər və onlara  bir ay müddətində ilkin xərclərini ödəmək üçün minimal əmək haqqının 4 misli qədər müavinət verilir.

Digər tərəfdən, həmin şəxslər istənilən məşğulluq mərkəzinə müraciət edə bilər, bu zaman mərkəzlər onları işlə təmin etmək üçün fəaliyyətə keçirlər. Qeyd edim ki, bu vaxta            qədər müraciət etmiş şəxslərin 80 faizi ya müvəqqəti, ya da daimi işlə təmin olunub".

Hüquqşünas qeyd edib ki, işlə təmin olunmaq üçün müraciət edənlərin sayı çox olmur: “Hesab edirəm ki, bu məsələdə vətəndaş cəmiyyəti işləməli, azadlığa çıxan şəxsləri təşviq etməlidirlər ki, onların bu cür hüquqları var.

Əgər şəxsin səhhəti ilə bağlı problem varsa, məsələn, vərəm xəstəliyi ilə bağlı müalicə almalıdır, bu zaman dispanserə qeydiyyata düşür, müalicəsini davam etdirir.

Və yaxud azadlığa çıxmış şəxs həbs olunan zaman təhsili yarımçıq qalmışdısa, Təhsil Nazirliyi müvafiq təhsil qurumlarında onun təhsilini təmin etməlidir. Yəni  bu istiqamətlərdə tapşırıqlar var, sadəcə, şəxslər özləri maraq göstərib, müraciət etməlidir".

Əliməmməd Nuriyev azadlığa çıxmış şəxsləri ən çox narahat edən digər problemlərdən də söz açıb:

“Azadlığa çıxmış əksər şəxslər yaşayış yerləri ilə bağlı problem yaşayır. Yəni əksər hallarda ya əvvəllər onların yaşayış yeri olmur, ya da ailədaxili problemlər  səbəbindən evə buraxılmır. Bununla bağlı azadlığa çıxan məhbusların cəmiyyətə adaptasiyası ilə bağlı qanuna görə onların yaşayışı üçün sığınacaqlar olmalıdır. Onlar sığınacaqlarda bir il, istisna hallarda isə bir ildən çox qala bilərlər. Azərbaycanda hələ ki bu cür sığınacaq istifadəyə verilməyib. Lakin qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu cür sığınacağı tikib başa çatdırıb və yaxın  vaxtlarda istifadəyə verilməsi məsələsi var.

Hesab edirəm ki, burada əsas məsələlərdən həm də biri yeni ixtisaslara yiyələnməklə bağlıdır. Çünki bəzi ixtisaslar var ki, şəxslər artıq azadlığa çıxanda həmin ixtisaslara ehtiyac olmadığını görür. Bu baxımdan, şəxslər yeni ixtisaslara yiyələnməklə bağlı müraciət edərlərsə, bu istiqamətdə zəruri tədbirlər həyata keçiriləcək. Hesab edirəm ki, vətəndaş cəmiyyəti institutları da bu istiqamətdə bir çox layihələr həyata keçirə bilər.

Lakin baxaq, bu proses bütövlükdə tam, yüksək səviyyədədirmi, əlbəttə ki, yox. Problemlər təbii ki, var. Hesab edirəm ki, bu istiqamətdə həm vətəndaş cəmiyyəti, həm də dövlət qurumları sıx kordinatsiya etməli, eyni zamanda qeyd etdiyim kimi, məhkumların özləri də müvafiq qurumlara müraciət etməkdən çəkinməməlidirlər".


Xalidə GƏRAY,

“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10