Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər niyə bölgədə nümunə oldu?




Əsas iqtisadi resursların Qarabağa yönəldiyi günlərimizdə Lənkəran-Astara iqtisadi  zonasında, digər məkanlarda yox, təkcə Masallıda 4 yaddaqalan   açılışlar oldu.

Bir də, Uşaqsız, Müdirsiz, Tərbiyəçilərsiz Uşaq Bağçasının açılışının qəribəlikləri, eləcə də Masallıda uşaq bağçası “siyasətinin” parıltılı və qaranlıq tərəfləri barədə

 Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkənin hər yerində silsilə tədbirlər- konfranslar, idman yarışları, konsertlər və sair tədbirlər təşkil olunur.

Masallıda da bu qəbildən olan tədbirlər keçirilib və keçirilir.

Fərqlilik isə odur ki, Masallıda bu bayram ərəfəsində, iqtisadi resursların Qarabağa yönəldiyi  məqamlarda, hökumətdən 1 manat belə vəsait almadan  4 möhtəşəm binanı inşa etmək və bunun açılışını sərgiləmək, həqiqətən təqdirəlayiqdir. Bunu Rayon İcra Hakimiyyətinin Başçısı Araz müəllimin xeyriyyəçilərin timsalında xalq birliyinin nümunəsi də saymaq olar.

Statistika isə  belədir – 2 uşaq bağçası, 1 idman zalı, 1 konfrans zalı.

Bu açılışlar barədə ümumi mənzərə ilə Masallı rayon icra hakimiyyətinin və digər   saytların materialından tanış ola bilərsiniz. Yəni, Ulu Öndərin  heykəli, Qələbə Meydanında şəhidlərin abidələri önünə əklillər qoyulması, icra başçısı Araz Əhmədov, tədbirə qatılan 6 deputat və digərlərinin  çıxışları  və sair.

Diqqət çəkən isə o oldu ki, Masallıda doğma yurdun xeyriyyəçilərinin köməyi ilə yüzlərlə insanın rahatlığına səbəb olan obyektlərin xalqın sərəncamına verilməsidir.

İstifadəyə verilən 4 obyektdən 3-ü – şəhər 4 saylı Uşaq Bağçası, stolüstü tennis zalı və 400 nəfərlik akt zalı millət vəkili Məşhur Məmmədovun və onun övladlarının zəhmətinin bəhrəsidir. 

Bir qədər detallara varaq. 

400 yerlik akt zalı

230 mindən artıq əhalisi olan Masallıda cəmi 280 yerlik bir akt zalı var. (Rayon Mədəniyyət Mərkəzində). Dünən isə Məşhur müəllimin maliyyə dəstəyi ilə Heydər Əliyev Mərkəzində 400 yerlik, bütün müasir tələblərə cavab verən bir zal istifadəyə verildi.

140 yerlik Uşaq Bağçası
 
Ölkə üzrə hər 1000 nəfərə düşən bağça yaşlı uşaqların sayına görə sonuncu yerlərdən birini tutan Masallı üçün bu böyük hədiyyədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan bu tikintiyə Millət Vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov sponsorluq edib. Onlar bu Uşaq Bağçasının binasını sıfırdan təmir ediblər. 

Xatırladaq ki, bir il öncə millət vəkilinin həmin  övladları Masallının ən qədim, son ilə qədər bərbad vəziyyətdə olan 1 saylı Şəhər Uşaq Bağçası üçün də 100 yerlik gözəl bir bina   inşa etmişdilər.

Stolüstü Tennis Federasiyası Masallı Filialının açılış 

Bayram günü açılışı olan binalardan biri də Ölkə Stolüstü Tennis Federasiyasının Masallı filialı üçün inşa edilən Tennis Mərkəzidir ki, burada yüzlərlə gənc bu idman növü ilə məşğul olacaq.  (İcra hakimiyyəti binasının şimalında, keçmiş Bayraq Meydanında).

Bundan bir neçə il öncə isə yenə Məşhur Məmmədovun maliyyə dəstəyi ilə (Onun millət vəkili olmadığı illərdə) Masallıda Taekvando Mərkəzini inşa edilmişdi. 

Uzun illər Masallıda deputat olan əksər millət vəkillərinin ancaq öz maraqları üçün çalışdığını nəzərə alsaq, Məşhur müəllimin və övladlarının belə, eləcə də sadalamadığımız onlarla xeyriyyə əməllərinə imza atması çox qürurverici və nümunədir.

Ərkivan Qəsəbə Uşaq bağçası


Ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu günlərdə açılışı olan 4-cü obyekt isə Ərkivan Qəsəbə Uşaq Bağçasıdır.

100 yerlik bu uşaq bağçası daha fərqli dizaynı, necə deyərlər, uşaq ruhunu daha qabarıq əks etdirən arxitekturası, uşaq əyləncə meydanı ilə daha çox seçilir.

 2 il öncə Ərkivan Qəsəbə Uşaq Bağçasının Ərkivan 1 saylı tam orta məktəbinin həyətindəki dövlət torpağında bu bağçanın təməli qoyulanda, sabiq icra başçısı Ş. Məmmədov elan etdi ki, bu bağça Heydər  Əliyev Fondunun dəstəyi ilə tikilir və 1 ildən sonra istifadəyə veriləcək, Ərkivandakı hazırkı bağça bura köçəcək.  1 il  2 oldu və nəhayət bu günlərdə həmin bağçada inşaat işləri başa çatdı.

2 il öncəki, təməlqoymada həmçinin qeyd olundu ki, bu uşaq bağçası ərkivanlı iş adamları Məşkur Qasımov və Qalib Məmmədovun şəxsi vəsaitləri hesabına tikilir.

Xatırladaq ki, hər iki iş adamı  Ərkivanda məhəllələrarası yolların abadlaşmasında, qəsəbə stadionunun tikintisində, xeyli qəsəbə sakininin  nəinki Masallıda, eləcə də Bakıda və Sankt Peterburqda işlə təmin olunmasında, həm də şəhid ailələrinə və qazilərə, imkansızlara yardım edilməsində dəyərli addımlar atıblar.

Qəsəbə sakinləri də düşündü ki,  Ərkivanda cəmi 40 uşağın cəlb edildiyi bərbad gündə olan ( məcburi köçkün ailələrinin mal-qaraları, ev quşları və digər heyvanları ilə tam antisanitariya şəklində burada yaşayır) dövlət bağçasından normal binaya köçəcək. Lakin bağça istifadəyə verilən ərəfədə bəlli oldu ki, bağçanın təyinatı bəlli deyil.

Hələ də çoxları, hətta yüksək səlahiyyətli  rəsmilər bilmir ki, bura dövlət, yaxud özəl bağçadır. Yəni, bu məsələ elə gizlədilir ki, sanki dövlət sirridir.

Dərhal da suallar yarandı?

Bu bağça özəl olacaqdısa, niyə dövlət torpağında, məktəb həyətində tikilib.

Bu gün Ərkivan qəsəbəsinin 5 məktəbindən 4-ü, eləcə də həmin özəl bağçanın 10 metrliyində yerləşən Ərkivan 1 saylı tam orta məktəbinin binası, sinif otaqları işğal olunmuş ərazilərdəki xarabalıqlara bənzəyir. Niyə onlara və digər buna bənzər obyektlərə yardım edən yoxdur? 

Ərkivanda Uşaq Bağçası binasının açılışı oldu.    İcra başçısı, bir neçə  millət vəkili tədbirdə iştirak etdi. Bəs  niyə bağçanın "qapısı" açıldı, özü açılmadı? Bəli, açılış oldu – lakin bu bağçanın hazırda nə müdiri var, nə tərbiyəçiləri, nə uşaqları.

Bəlkə 2-ci dövlət bağçası açmaq istəyirlər?

Xatırladaq ki, son 6 ildə Masallıdakı nəinki yeni uşaq bağçası açılmayıb (təmirlər istisna olmaqla), hətta binası hazır olsa da, bəzi  bağçalar üçün əlavə heç bir 1 qrup   almaq belə mümkünsüz olub..

Yəni ki, 


  1. 100 yerlik Səmidxan Uşaq Bağçası 6 ildir (!!!) təmir olunub, lakin 1 qrup belə alına bilməyib. Buna görə, bağça hazırda fəaliyyətsizdir. Verilən məlumata görə bağça günbəgün bərbad hala düşür.
  2. Şəhər 1 saylı Uşaq Bağçası üçün 2 saylı bağçanın yerində yeni 100 yerlik bağça tikilib, yəni 2 qruplu, qalan  2-3 qruplar üçün ştatlar alına bilmir. 
  3. Göyəçöl kəndində 140 yerlik uşaq bağçası var. Amma, bura 40 uşağ cəlb olunub, amma cəmi 2 qrup işləyir. Xeyriyyəçi Xudayar  Rəhimov bir neçə dəfə 10 min manata yaxın pul xərcləyib həmin bağçanı təmir etdirir, lakin ətraf kəndlərin heç birində (Musaküçə, Lürən, Xıl, Öncəqala, Şıxlar, Yeddioymaq və sair) uşaq bağçası olmasa da, burada hazır otaqlar olmasına baxmayaraq, əlavə 2-3 bağça  qrupu aça bilmirlər.
  4. Eləcə də 100 yerlik Ərkivan Uşaq Bağçası illərdir ki, məcburi köçkün ailələri, onların mal-qarası ilə birgə cəmi 2 qrupda, bərbad gündə işləyir. Ümumləşdirsək, Səmidxanda 5, Şəhər 1 saylıda 3, Göyəçöldə 4, Ərkivanda 2-ci  bağça açılarsa 4 əlavə, 2-də köhnə  (cəmi 18)   bağça qrupunun açılmasına ehtiyac var. Lakin bunların heç birinə ştat ala bilmirlər. 
  5. Belə olan təqdirdə icra başçılarının xeyir-duası ilə təməli qoyulan, açılışı edilən bağça üçün qruplar, ştatlar necə alınacaq?  Yaxud, bu bağça da özəl bağça kimi necə işləyəcək? Cavabın heç kim bilmir və cavab varsa da,  səbəbsiz olaraq hamıdan gizlədilir.

Belə getsə, yəqin ki, Ərkivanda ki yenu uşaq bağçası Səmidxan bağçası kimi 6 il tam təmirli olsa da istifadəyə verilə bilməyən  "ölü"bağçasının gününə düşə bilər.

Yaxud, digər ərazilərdə illərlə əlavə qrup ala bilməyən, uşaqları,  hazır, təmirli olan bağçalardan istifadə edə bilməyən ərazilərin sakinləri buna necə baxacaq? Onlarda qıcıq yaratmacaqmı.

Müdirsiz, tərbiyyəçisiz, uşaqsız təzə bağçanız mübarək, Ərkivan.

Onu da unutmayaq ki, Masallıda bağça yaşlı uşaqların heç 8-9 faizi belə bağçalara cəlb olunmayıb. Bu rayonun 103 yaşayış məntəqəsində, şəhər və qəsəbələr çıxıldıqdan sonra 100 kəndinin cəmi  11 uşaq bağçası (!!!Ğ(var ki, onun da  yarısı 2 qruplu, 40 nəfərlik, yarısı bərbad gündədir. 

Digər rəqəmləri də sadalasaq,   körpü qalar çaydan o yana. Bəlkə, Seyid Sadıq Ağa demişkən, hələlik "tərpətməyək". 

İnanırıq ki, öz işini yaxşı bilən, kifayət qədər praqmatik rəhbər olan hörmətli Araz müəllim bu məqamlara ciddi diqqət yetirəcək.

Fotoların müəllifi: Elsevər

Cenub.az üçün hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10