Ceyhun Məmmədov: “Diplom veririk, sonra deyirik ki, sizin diploma güvənmirik”
Etibar Əliyev: “Nazir problemləri bir yerə qeyd etdi, bəlkə də həmin qeydləri artıq itirib”
Bəxtiyar Əliyev: “Alimlərimiz xarici ölkələrə milyonlara pul qazandırırlar?!”
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında gündəliyə 4 məsələ daxil edilib. Müzakirələr zamanı “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi təklif olunub. Məsələn, dəyişiklik təkliflərindən biri peşə təhsili müəssisələrində qiyabi təhsilalma formasının ləğvini nəzərdə tutur. Bu, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. Həmçinin peşə təhsili müəssisələrində təhsil alanlara akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.
Məktəblərdə 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq
Müəllimlərlə bağlı da dəyişikliklər təklif olunur. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır. Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər. Təklif olunan dəyişikliyə əsasən, bu müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur.
Bununla yanaşı dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Bu da iclasda müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb.
Bağça müəllimləri də sertifikatlaşdırmadan keçəcək
Dəyişiklik təklifinə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlər sertifikatlaşdırmadan keçəcək. Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək.
Bununla belə, dövlət məktəbəqədər təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər. Eyni zamanda, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçməyəcəklər. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.Bununla əlaqədar “Məktəbəqədər təhsil haqqında” qanuna da müvafiq dəyişikliklər edilir. “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir. Təklif olunan dəyişikliyə əsasən, sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçiriləcək.
“Sertifikasiya ilə bağlı ali təhsilin keyfiyyətində ciddi probemlər var”
Qanunlara dəyişikliklər təkliflərinin müzakirəsi zamanı çıxış edən deputatlar Elm və Təhsil Nazirliyinin fəaliyyətindən narazılıqlarını bildiriblər. Komitə üzvü, deputat Ceyhun Məmmədov deyib ki, nazirlik ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir: “Bu gün təhsil sahəsində ciddi problemlər var. Yəqin ki, biz bu qanunlara yenidən baxmalı olacağıq. Hesabe dirəm ki, proseslər də çox yavaş gedir. Elmlə bağlı ciddi iş görülmür və bunu qanunvericiliklə əsaslandırırlar”.
“Sertifikasiya ilə bağlı ali təhsilin keyfiyyətində ciddi probemlər var. Ümumiyyətlə, sertifikasiyada problemlər var. Təsəvvür edin ki, diplom veririk, sonra deyirik ki, sizin diploma güvənmirik. Yəni ki, sertifikasiyaya cəlb etmək güvənməmək anlamı verir. Bununla da biz mütəxəssis müəllim yetişdirə bilmirik”, - deyə millət vəkili narazılığını bildirib.
“Bu gün mərkəzdənqaçma halları var”
Deputat qeyd edib ki, təhsilin hər üç pilləsində ciddi problem var: “Nazirlik bu sahələrin idarə edilməsində öz funksiyasını tam yerinə yetirmir. Fərmanın üzərindən xeyli vaxt keçib, amma ciddi işlər görülməyib.
C.Məmmədov onu da bildirib ki, universitetlərin bir çoxunda proqramlarla bağlı problemlər mövcuddur: “İndi ali məktəblərə muxtariyyətin verilməsi, dərsliklərin hazırlanması haqda təkliflər var. Amma maraqlı sual yaranır ki, universitetlərimiz bu prosesə nə dərəcədə töhfə verə biləcəklər? Bu gün mərkəzdənqaçma halları var və bu, pərakəndəlik bir çox hallarda özünü göstərir. Bunu etiraf etmək lazımdır".
“Məscid, restoran var, amma peşə məktəbləri yoxdur”
Deputat Etibar Əliyev isə Elm və Təhsil Nazirliyinin üzərinə bu qədər vəzifənin qoyulmasının düzgün olmadığını söyləyib: “Nazirliyin bu yükü qaldırmaq gücü yoxdur. Hazırda nazirlik üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Mən onların kitabxanasında olmuşam. Kitabxana qənaətbəxş deyil. Bu qədər dəyişikliklər olur, amma nazirliyin ortada bir işi yoxdur. Ötən dəfə nazir burada çıxış edəndə biz təklif etdik ki, peşə məktəbləri açılsın. Çünki ölkədə bu sahədə ciddi çatışmazlıq var. Məscid, restoran var, amma peşə məktəbləri yoxdur. Nazir problemləri bir yerə qeyd etdi, bəlkə də həmin qeydləri artıq itirib.Bbiz nə qədər nazirliyə təkliflər versək də, ciddi nəticələr yoxdur”.
“Müəllimlərin maaşları hər dəfə artır, amma nəticə görmürük. Məncə, müəllimlərin maaşlarının artması onların bilik və bacarıqlarına uyğun olaraq artırılmalıdır. Bundan əlavə, məktəblərdə dərslərə nəzarət olunmalıdır. Yuxarı siniflərdə dərslərə davamiyyət demək olar ki, 40 faizi keçmir. 10-11-ci sinif şagirdləri dərsə gəlmir. Belə olan halda inkişafdan söz gedə bilməz”, - E.Əliyev söyləyib.
Komitə sədri: “AMEA bu yükü çəkə bilmədi”
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə çıxışında deyib ki, müxtəlif sahələr dövlət tərəfindən müasir avadanlıqlarla təmin edilir: “Amma həmin avadanlıqlarla işləyə bilən müəlimlər, həkimlər azdır. Ona görə bu sahəni daha da inkişaf etdirməliyik. Hesab edirəm ki, həmin şəxsləri xarici ölkələrə göndərməliyik. Bu sahələrin inkişafı üçün belə bir addım atılmalıdır.
“Bu gün Azərbaycanda elmi araşdırmaların, qanunların tətbiq səviyyəsi bizi qane etmir. Bu o demək deyil ki, ölkədə yaxşı alimlərimiz yoxdur, xeyr, əksinə, bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ-da, İngiltərədə, Almaniyada, Yaponiya və Koreyada böyük mərkəzlərə rəhbərlik edirlər, elmi araşdırmalar aparır, yeniliklər gətirirlər, həmin ölkələrə milyonlara pul qazandırırlar?! Demək ki, Azərbaycan xalqında bu potensial var, sadəcə istifadə edə bilmirik. Siyasətimizə müəyyən dəyişikliklər etməliyik. Vaxtilə elm siyasəti Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həvalə olunmuşdu, təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi. Çünki mərkəzi icra orqanı kimi o vəzifəni icra etmək iqtidarında deyildi", - deyə komitə sədri əlavə edib.
Müəllif: Anar Bayramoğlu