Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yaponiyada ər-arvad cütlüklərinin həyat tərzi niyə fərqlidir?


Evli cütlüklərin eyni yataq və yataq otağını paylaşması əslində normal bir haldır. Bu cütlüklərin bir-birinə bağlılıqlarını və sevgilərini nümayiş etdirmələri üçün bir yol kimi düşünülsə də, Yaponiyada cütlüklər üçün vəziyyət bir az fərqlidir. Yaponiyada ər və arvadın həyat tərzi digər ölkələrdən tamamilə fərqlidir. Onların yuxu keyfiyyəti onlar üçün yüksək prioritetdir. Çox çalışqan bir xalq olduğu bilinən yaponlar, işlərinə verdikləri əhəmiyyətlə paralel olaraq yuxuya da dəyər verirlər.


Bu ölkədə bir çox evli cütlüklər hesab edirlər ki, ayrı yatmağın bir çox üstünlükləri var. Yaponiyada evli cütlüklərin ayrı yatmasının səbəblərindən biri fərqli iş saatlarıdır. Həyat yoldaşlarının yuxu vaxtları çox vaxt bir-birindən çox fərqli olur. Həyat yoldaşlarından biri günə digərindən tez qalxaraq başlamaq məcburiyyətində qaldığı zaman və yaxud işdən gec gələndə həyat yoldaşını oyatmamaq üçün diqqətli davranırlar. Bu səbəbdən cütlüklər bir-birlərini narahat etməmək üçün ayrı çarpayılarda yatmağa üstünlük verirlər.

Yaponiyada aparılan bir araşdırmaya görə, cütlərin yalnız 29 faizi eyni yataqda yatır və bu cütlüklərin 47 faizi 20, 14 faizi isə 60 yaşlarındadır. Eyni zamanda, bu ər-arvadların 39 faizi bir otaqda, 30 faizi ayrı-ayrı otaqlarda yatırlar.

Yapon ailə qaydasına görə, azyaşlı uşaqlar həmişə anaları ilə yatmalıdırlar. Belə ki, ana və uşağın birlikdə yatması, səmərəli yuxuya kömək edir. Bu uşağın bədən istiliyini və ürək döyüntüsünü sabit bir sürətdə saxlayır. Ana və körpənin gecə birlikdə yatması körpənin ani ölüm riskini azaldır. Bu səbəbdən də yaponiyalı analar uşaqları ilə yatır, həyat yoldaşları da onlardan ayrı yatırlar. Bu yuxu rejimi uşaqlarda daha yüksək özgüvəni inkişaf etdirməyə, daha müstəqil şəxsiyyətə sahib olmağa və məktəbdə daha yüksək uğur qazanmağa kömək edir.

Yaponlar üçün yuxu keyfiyyəti hər şeydən üstündür. Tək yatan cütlərin bir-birindən uzaqlaşacağını və bu davam edərsə boşanmaya səbəb ola biləcəyi düşünülsə də, Yaponiyanın bu mövzuya baxışı tamamilə fərqlidir. Yuxuya inanılmaz dəyər verən və yatarkən xoruldama, çarpayının bir küncündə sıxılma, təpikləmə və ya yorğanın üstündən sürüşərək düşməsi kimi narahat edilməyi sevməyən yaponlar bu səbəbdən müxtəlif çarpayılarda yatırlar.

Qeyd edək ki, ayrı-ayrılıqda yatmaq ənənəsinin əsas səbəbi keçmişdə Yapon çarpayılarının ölçülərinin olduqca kiçik olması ilə də əlaqəlidir.

Fasiləsiz yuxuya böyük əhəmiyyət verən yaponlar, əvvəllər pambıqla doldurulmuş döşəklərdə yatırdılar. Hazırlanması çox çətin olan bu döşəklər bir nəfərin sığacağı böyüklükdə idi. Bu gün yaponiyalı cütlüklər pambıq döşəklər üzərində yatmağa üstünlük verir.

İlahin, Bizimyol.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10