Hər rayonun özünəməxsus “sağalmaz yaraları” var. Masallı rayonunda da belə “yaralarından” biri ucqar Xırmandalı və Ərəb kəndlərinin susuzluq problemi idi.
Dəniz kənarında yerləşən bu kəndlərin əkinçiləri və heyvandarları uzun illər idi ki, su problemindən əziyyət çəkirdilər. Hətta Viləşçay Su Anbarının da suyu bu kəndlərin dərdinə çarə olmurdu.
Sən demə, bu kəndlərin su dərdinin əlacı lap “ovuclarının” içində imiş. Sadəcə, işə təşəbbüskarlıq və yaradıcı münasibət lazım imiş.
Bir az yaxın keçmişə nəzər salaq.
59 il əvvəl, 1964-cü ildə Muğan düzündə, Neftçaladan Masallının Xırmandalı kəndinə bir kanal çəkilir. Bu kanal mənbəyini Biləsuvardan alıb, Neftçala rayonundakı Lapatin ərazisini keçməklə Masallının da bir neçə kəndini su ilə təmin edirdi. Əsasən pambıqçılıq təsərrüfatlarının suvarılması məqsədi ilə çəkilən bu kanalın artıq suları Masallının dənizə yaxın kəndlərinin də karına gəlirmiş. Bir neçə il bu kanalın imkanlarından səmərəli istifadə edilsə də, 1980-ci ildən bəri həmin kanalda təmizlik işləri aparılmadığı üçün kanaldan istifadə etmək mümkünsüz olub.
Onu da xatırladaq ki, 40 ildən artıqdır ki, Masallının dənizkənarında yerləşən Muğan kəndləri, necə deyərlər, suyun bir addımlığında olsalar da sudan xeyli əziyyət çəkiblər. Çıxış yolu tapmayan yerli sakinlər dəfələrlə, həm də kütləvi şəkildə müvafiq təşkilatlara müraciət edirdilər.
Nəhayət, 2023-cü ilin əvvəlində bu düyünün açılmasına start verilib.
Gəlin, hər şeyi Viləş Çay Su Anbarının müdiri Rusif Kərimovun dilindən eşidək:
Bəlli olduğu kimi rayona yeni rəhbərin gəlişi ilə hər şeyə yaradıcı bir münasibət hökm sürür. Neçə illərini çətinə düşmüş problemləri bir-bir yoluna qoyulur. Belə düyünlərdən biri də Muğan kəndlərinin su problemi idi.
Masallı RH Başçısı Araz müəllimin işə yaradıcı münasibəti nəticəsində müəyyənləşdirdik ki, biz, artıq diqqətdən kənarda qalmış keçmiş su kanalını bərpa etməklə həmin su məsələsinin yoluna qoya bilərik.
Beləliklə, icra başçısının yaxından dəstəyi ilə işə start verdik. Viləşçay Su Anbarı idarəsinə məxsus texnikalarının 18 günlük gərgin əməyi nəticəsində qısa müddətdə, az qala torpaq səthi ilə bərabər olan 15 kilometr sahə likdən-zir-zibildən təmizləndi. Neftçaladan Xırmandalıya su gəlməyə başladı. Aşağıda təqdim etdiyimiz videoda susuz inəklərin kanala necə cumduğunun şahidi ola bilərsiniz.
Bu kanalın təmizlənməsi, işlək hala gəlməsi rayon təsərrüfatına nə verəcək?
620 hektar həyətyanı və payıbəlli torpağın susuzluq probleminə son qoyulacaq.
5260 baş iri buynuzlu, 5100 baş xırda buynuzlu mal-qaranın normal su təminatına nail olacaq. Həmçinin 15 kilometrlik su aparıcı kanalın ətrafında olan Dövlət Ehtiyat Fond torpaqlarında otlaq sahələrinin normal inkişafı üçün zəmin yaradılacaq. ciddi təkan veriləcək.
Qısası, Xırmandalı və Ərəb kəndinin əkinçilik və heyvandarlıq təsərrüfatlarının su problemi bir xatirəyə çevriləcək. Həm də nəzərə alaq ki, 15 kilometrlik Kanalın 4 kilometri kəndarası ərazidən keçir ki, bu da bütün təsərrüfatların bu imkandan faydalana bilməsinə imkan yaradır.
Növbəti mərhələdə Köçəkli və Eminli kəndlərində də analoji işlər görüləcək.
İlk baxışda adi görünən bu işlər yüzlərlə ailənin təsərrüfat fəaliyyətini yaxşılaşdıracaq, onların yeni qazanclar əldə etməsinə stimul yaradacaq.
Rusif Kərimov bizimlə söhbətində Azərbaycan Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da bu layihənin reallaşması yaxında kömək etmiş, ürəkdən dəstək vermişdir.
Bununla bağlı Orucluq Bayramı ərəfəsində. Aprel ayının 20-də Xırmandalı kəndində açılış mərasimi olub.
Masallı Rayonun İcra hakimiyyətinin Başçısı Araz Əhmədovun rəhbərliyi ilə rayonun bir qrup rəhbər işçisi, mətbuat nümayəndələri, din xadimləri Xırmandalı kəndində olub. Xırmandalı kəndinin mərkəzindən 11 metr aralıda olan, Cəlilabad, Neftçala torpaqlarının kəsişdiyi ərazidə yerləşən məkanda kanalın açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən RİH-nin Başçısı Araz Əhmədov bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin su ehtiyatlarından daha səmərəli istifadə etmək haqqında göstərişlərini rəhbər tutaraq bu addımı atdıq. Bu kanalın çəkilməsinin nəinki Xırmandalı və Ərəb, eləcə də qonşu kəndlərin təsərrüfatına faydalı olacağını vurğuladı. Bu işin reallaşmasında Viləşçay Su Anbarının müdiri Rusif Kərimovun və onun kollektivinin böyük zəhməti olduğunu xatırlatdı. Həmçinin bildirdi ki, masallılı iş adamı və xeyriyyəçi Ramazan Mirzəyevin də bu işdə zəhməti olub və bu sahədə işlərin davamlı olması üçün yenə də səy göstərəcək.
İcra başçısı çıxışında yay aylarında kanalın qurumaması üçün bura yüksək təzyiqli su motorlarının qoyulacağını, eləcə də 500 diametrli borularla təchiz ediləcəyini xatırlatdı.
Tədbirdə həmçinin yerli sakinlər, o cümlədən müəllimlər, təsərrüfat işçiləri, din xadimlər və sahibkarlar çıxış etdi. Bu addımın olduqca əhəmiyyətli bir iş olduğunu xatırlatmaqla rəhbərliyə minnətdarlıqlarını bildirdilər.
Bir mahnıda deyilmişkən
“Su Muğana axdı gəldi, sevinməyin vaxtı gəldi”.
Sonda qurbanlar kəsildi.
Həmçinin mərasimin sonunda qurbanlar kəsildi.
Cenub.az. Zahir Əmənov