Azərbaycanda mədrəsələr və dini təhsil
Mədrəsələr Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Təhsil Nazirliyinin verdiyi xüsüsi razılıq (lisenziya) əsasında fəaliyyət göstərə bilərlər. Amma Təhsil Nazirliyi lisenziya verməzdən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi alınmalıdır. Yəni bir mədrəsənin fəaliyyət göstərməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi əsasında Təhsil Nazirliyi lisenziya verə bilər. Bu barədə Modern.az-ın əməkdaşı ilə söhbətdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirib.
Azərbaycanda mədrəsələrin tarixi İslam dininin ölkəmizdə yayıldığı dövrlərdən başlayır. İslamın yayıldığı bütün bölgələrdə olduğu kimi, Azərbaycanda yeni dinin ehkamlarını anlatmaq və savadlandırmaq üçün məscidlər nəzdində məktəblər və mədrəsələr açılırdı.
Orta əsrlərdə Azərbaycanən bir çox şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərib. Həmin mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq, kəlam (dini doqmatika), fiqh (islam hüququ), riyaziyyat, xəttatlıq, tarix və ədəbiyyat öyrədilirdi. Böyük mədrəsələrdə isə həm də yunan fəlsəfəsi, astrologiya, məntiq, natiqlik elmi, həndəsə, tibb, əlkimiya və bu kimi fənnlər tədris olunurdu.
Vaxtilə Azərbaycanın Şamaxı, Gəncə kimi iri şəhərlərindəki böyük mədrəsələrdə imkanlı şəxslərin, ruhanilərin uşaqları oxuyurdular. Məsələn, Şamaxının �Məlhəm� mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri olub. Bu elm ocağının banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər idi. Bu mədrəsədə tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı riyaziyyat, məntiq, ilahiyyat və sair fənləri də öyrənirdilər.
Keçmiş SSRİ dağılandan sonra müstəqillik əldə edən Azərbaycanda xeyli mədrəsə açılıb. Bir neçə il öncəyədək respublikamızın cənub rayonlarında - Cəlilabad və Masallıda, eləcə də Ağdaş, Göyçay, Şəkidə, həmçinin paytaxt Bakıda mədrəsələr fəaliyyət göstərib. Sayı təxminən 20-dək olan həmin dini təhsil ocaqlarının fəaliyyətində qüsurlar olduğuna və rəsmi dövlət qeydiyyatına alınmadığına görə onlar qapadılıb.
Sonradan 3 mədrəsə - Şəbnəm qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad islam mədrəsəsi və Şəki islam mədrəsəsi dövlət qeydiyyatına alınıb və onlar 2009-cu ilin may ayınadək fəaliyyət göstəriblər. Lakin �Dini etiqad azadlığı haqqında� Qanunun 10-cu maddəsinə edilən dəyişikliklərdən sonra onların da fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Həmin qanuna edilən əlavə və dəyişikliklərdən öncə İslam Universiteti, mədrəsələr, digər dini tədris müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilirdilər. Lakin �Dini etiqad azadlığı haqqında� Qanuna edilən yeni dəyişikliklərə uyğun olaraq dini tədris müəssisələri Dövlət Komitəsinin verdiyi rəy əsasında Təhsil Nazirliyindən lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilər.
Yuxarıda adları çəkilən dini tədris ocaqları sonradan qanuna müvafiq olaraq fəaliyyətlərini bərpa ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov əməkdaşımıza bildirib ki, hazırda Zaqatala rayonu Əliabad qəsəbəsində, Şəki şəhərində və Bakı şəhərində mədrəsə fəaliyyət göstərir. S.Aslanov deyib ki, bu 3 dini təmayüllü təhsil ocağından əlavə, son vaxtlar yeni mədrəsələrin açılması ilə komitəyə müraciət daxil olmayıb.
Təhsil Nazirliyinin rəsmiləri Azərbaycanda mədrəsələrin sayının artmasını hələki məqbul saymırlar. Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəbləri üçün proqram və dərslik yaradıcılığı işində müəlliflər ümumi təhsilin məzmununun
zənginləşdirilməsində, onun tərbiyəedici rolunu gücləndirməkdə dini dəyərlərdən geniş istifadə edirlər.
Nazirlikdə hesab edirlər ki, ümumi təhsili başa vuranlar dini təhsil almaq arzusunda olsalar, dövlətin yaratdığı imkandan istifadə edərək, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində, Bakı İslam Universitetində və digər dini təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər.
Nazirlik rəsmilərinin sözlərinə görə, hazırda orta məktəblərdə tədris olunan �Oxu�, �Həyat bilgisi�, �Ədəbiyyat�, �Azərbaycan tarixi�, �Ümumi tarix�, �Azərbaycan Respublikasının Konstitusiyası�, �İnsan və cəmiyyət� dərsliklərində dinlərin tarixi haqqında verilən məlumatlarla yanaşı, dini dəyərlər müvafiq mövzuların məzmununa hopdurularaq, inteqrasiya edilmiş halda, elmi əsaslarla şagirdlərə çatdırılır.
Mail Ağaxanov