Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2 günlük həbs olunmağımın 1 ili tamam oldu


Bu işdə qazancım o oldu ki, 70 ildə yaxşı tanıya bilmədiyim bəzi “dostları” və “kişiləri” bu 2 gündə (40 saatda) daha yaxşı tanıdım.

                                     1-ci hissə

  1. Bu gün azadlıqda olmağımda iki qanadın köməyi oldu - onlardan biri ölkənin hələ də vicdanını itirməmiş jurnalist cameəsi, o biri də Daxili İşlər Naziri, cənab Vilayət Eyvazovdur.
  2.  
  3. Bu sadəcə həbs yox, sabiq icra başçısı Şahin Məmmədovun  birQisas əməliyyatı idi və mənim ölümümə hesablanmışdı.

      “Gedənin (sabiq icra başçısının) arxasınca danışmaq “silsiləsindən”. Buna kimin haqqı var, kimin yox?

Hazırkı icra başçısı Araz müəllimin uğuru nə, nöqsanı nə?

 “Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri isə cəsarətin sayəsində inkişaf edir”. Dünya şöhrətli diplomat Uinston Çorçilin bu fikrini oxuyanda xəyalınıza kimlər gəlir? 

 

“Mən rüşvət alsaydım, elə RİHB-nin sabiq 1-ci müavini Məmmədhüseyn Hüseynovun qəbul otağında təkidlə mənə vermək istədiyi yüzlükləri alardım”. 

Polisdə “Gör, sənə necə torbalar tikəcəm!” - hədəsi nələrdən  xəbər verirdi?

“Məni müdafiə etdiyim şəxsin kamerasına salıb, onun yatdığı çarpayıya məhkum etdilər.

 

Bu gün - aprelin 13-də sabiq icra başçısı Şahin Məmmədovun ”arzusu” ilə həbs olunmağımın 1 ili tamam olur.

 

Sanki bir pis yuxu idi. 1 il öncə polis işçiləri sabiq icra başçısı Şahin Məmmədovun sifarişi ilə məni otağımda həbs edib şöbəyə apardılar. Dərhal barəmdə cinayət işi açıldı. O şəxsin ki, (hansı ki, qayınatası həbsə atdırmışdı) hüquqlarını müdafiə edirdim, onu həbsdən çıxardıb, 70 yaşım ərəfəsində məni həmin şəxsin yatdığı kameraya salıb, onun çarpayısında yatmağa məhkum etdilər.

Hətta yazılanlar tam həqiqət olsa idi belə, izahatımı alıb, evə buraxıb, araşdırma apara bilərdilər. Lakin bunu etmədilər. Dərhal cinayət işi və dərhal kameraya.

Bəlkə də kimlər üçünsə yazdıqlarım  maraqsızdır, oxumaq məcburiyyətində deyilsiniz. Sadəcə, səhifəmdən çıxıb, başqa yazılara baxa bilərsiniz.

                   Hadisə necə baş verdi?

     Deməli, 11 aprel 2022-ci ildə səhər çağı, təxminən saat 11-12 arası ofisimə orta boylu bir şəxs gəldi. Soruşdu ki, Zahir müəllim kimdir? Dedim ki, mən. Dedi ki, sizinlə ikilikdə sözüm var. Otaqda 2-3 nəfər var idi. Onlardan xahiş etdim ki, ofisdən çıxsınlar. Çıxdılar.

Həmin şəxs:

  1. Mən Sığdaş kəndindənəm. Adım Emindir, Mənim doğma əmim oğlu, Sığdaş kəndinin ərazi dairəsinin nümayəndəsi İsrafil Əliyev öz yeznəsi olan qardaşımı həbs etdirib. Ona 15 sutka iş verdirib. İstəyir ki, onu uzun müddət həbsdə saxlatdırsın. Sizdən kömək istəyirəm. Bu adam bizim ailəni məhv etmək istəyir.

Daha sonra o, İsrafil Əliyev, onun ətrafı, sabiq icra başçısı Şahin Məmmədov haqqında ilginc şeylər danışdı. Bildirdim ki, çox təhlükəli məlumatlar deyirsən. Qoy, sənin razılığınla səsini diktofona yazım. Razılaşdı və onun şikayətini lentə aldım. Bu vaxt  operatorum Vadim Eyvazoğlu otağa girdi. Məsələnin  daha ciddi olduğunu təxmin edib, təklif etdim ki, bəlkə dediklərini video kamera ilə videoya  çəkək. Etiraz etmədi. Çəkdik. Hazırda həmin video çəkiliş məndədir.

     Hər şeyi media qanunları çərçivəsində etdim. Elə kamera qarşısında sual etdim: “bilirsiniz də, dedikləriniz lentə alınır, efirə verilmək üçün yazılır. Həmçinin soruşdum ki, əsəbi deyilsiniz, səhhətinizdə problem yoxdur ki? və sair.

Bütün sorğularıma müsbət cavab aldım.

Bundan sora Emin “açdı sandığı, tökdü pambığı”. Kamera qarşısında dediklərinin hamısını sadalaya bilməyəcəyəm.  Çünki söhbətdə efirə veriləsi mümkün olmayan məqamlar var. Əsas məqam da ondan ibarət idi ki, şikayətçi deyir:  “ərazi nümayəndəsi İ. Əliyev və qızı (yəni şikayətçinin gəlini) bu ailəyə zülm verir. Atamı əsbləşdirib elə xəstələndirdi ki, Bioloji Təbabət Klinikasına onun müalicəsi üçün 15 min manat xərcimiz çıxdı. Qızı - bizim gəlinimiz telefonu olmadığını desə də, sonra şirəçəkən aparatdan onun telefonu tapıldı və bəlli oldu ki, buradan yaxın qohumu olduğu xanıma çoxlu arzuolunmaz  mesajlar göndərilib”. Həmçinin şikayətçi həmin səs yazılarını bizə təqdim etdi. Bütün bunları şikayətçi Emin bəy bildirirdi.

     Sonradan bəlli oldu ki, bu məlumatlar, video  və səs yazıları məndən başqa da bir sıra şəxslər arasında paylaşılıb və bəzi saytlara da təqdim olunub. Onu da xatırladım ki, mən verilişdə  Eminə dedim ki, yaxın qohumsunuz, bəlkə barışasınız. Dedi barışmaram. İsrafil deyir ki, icra başçısı Şahin Məmmədov mənim   adamımdır, harada olsanız, sizi məhv edəcəyəm.

 Səhəri gün qarşı tərəfin rəyini öyrənmək üçün İsrafil Əliyevə zəng vurdum.

     İsrafil Əliyevə  dedim ki, sizin haqqınızda belə bir məlumat var. Ya telefonla münasibətiniz bildirin (həmçinin xatırlatdıq ki, cavab verməmək hüququnuz da var), ya da gəlin, sizə efir verək, deyilənləri təkzib edin. Dedi ki, gəlirəm və gəldi.

Ofisə gələndən sonra başladı məni və çəkdiyim verilişləri tərifləməyə. Mənim verilişlərimə baxmaq   Şahin Məmmədov tərəfindən həmin vaxtlar qeyri-rəsmi qadağan edildiyinə baxmayaraq, sən demə, onun ərazi nümayəndəsi İsrafil Əliyev bu verilişlərin hamısına bitdim-bitdim baxırmış. Adbaad deyirdi ki, filan-filan verilişlərin əladır.

Nə isə. Mən ona bildirdim ki, bu şəxs çox saytlara müraciət edib. Bunun hansının qarşısını alacaqsan? Bu adamın 2 dərdi var, biri qardaşının, yəni sənin yeznənin həbsdən azad olunması, biri də xəstəxanada ona dəyən 15 min manat ziyan. Sən həmin ziyanın bir hissəsini ödə və onun həbsdən azad olunmasına kömək et ki, sakitləşsin, heç yerə müraciət etməsin.

İsrafil Əliyev də getdi. Dedi ki, həmin gün saat 3-də gələcəyəm. Lakin gəlmədi. Mən də heç zəng vurub demədim ki, niyə gəlmirsən.

İsrafil Əliyev məndən ayrılandan sonra nə edib?

     Aldığım məlumata görə məndən ayrılandan sonra dərhal gedib, icra başçısının sabiq 1-ci müavini Məmmədhüseyn Hüseynovun yanına. O da bəh-bəhlə aparıb onu icra başçısı Şahin Məmmədovun qəbuluna (Ay can, ay can Zahiri ilişdirmək üçün əla şans yaranıb). Ondan sonra da bu əməliyyatı düzüb-qoşublar.

“- Hələ bu pulu say” 

“- Səndən borc almışam, borc vermişəm? Niyə saymalıyam ki, qohumun gəlsin, pulu ona ver və barışın”.

Aprelin 13-ü İsrafil yenə bir neçə dəfə zəng vurdu ki, 11-də gələcəyəm, 3-də gələcəyəm, amma gəlmədi.  Saat 4-də zəng vurdum ki, ya gəl, ya da  qarşı tərəf kimi fikrini bildir, yazını yekunlaşdırım, mən başqa yerə getməliyəm.

Nəhayət, 13 apreldə təxminən   axşam saat 18:00 - də İsrafil Əliyev gəldi. Əlində da, bir ovuc pul.

     O, otağa girən kimi gileyləndim. Dedim ki, zəhləm vədəxilaf adamdan gedir. Gəlirsən gəl, gəlmirsən, de ki gəlmirəm. 2 saatdır məni girinc etmisən. Heç o yazını da efirə verməyəcəyəm. Ərkim çatan sayt rəhbərlərinə da xahiş edəcəyəm ki, verməsinlər. O isə təkidlə pulu mənə uzatdı ki, “al, hələ bunu 

say, hələ bunu say”.  Dedim: niyə saymalıyam ki? Səndən borca almışam, borc vermişəm? 5 dəqiqə gözlə, şikayətçi qohumunu çağırım. Nə verəcəyin varsa, ona ver, barışın, çıxıb gedin. O isə xahiş etdi ki, onu görmək istəmir, vaxtı yoxdur, sən çağır, bu işi özün həll elə. Və pulu stolun üstünə qoydu. Mən də onu hörmətlə ofisin qarşısına qədər ötürdüm ki, qayıdım, şikayətçini çağırıb, ağsaqqallıq edib, bu məsələni həll edim. Ona qarşı heç bir hədə-qorxu, filan da olmayıb və bu heç mənim təbiətimə də yaddır. Amma eşitdiyimə görə İ. Əliyev özü mənə hədə-qorxu biçirmiş ki, gedib onu, yəni məni öldürəcək.

Çölə çıxan kimi gördüm mülki geyimli polislər, videokamera-filan hazırdır.

     Qısası,  gəldilər, çəkdilər və məni polis yox, şəxsi maşınlarında apardılar polis şöbəsinə. Orada da kamera ilə dindirilmə və hədələr. “Gör sənin  üçün nə torba tikəcəyik”, “Otur oturduğun yerdə” və sair. 

Sanki bir terrorist tutmuşdular. 

     Ədalət naminə onu deyim ki, müstəntiqdən gördüyüm kobudluğun əksinə olaraq,  polis rəisi Azay müəllimdən və VVS rəisi Bəhruz müəllimdən və ikinci müstəntiq Saday müəllimdən daha çox səmimiyyət gördüm. Bu barədə bir az sonra.

     Çöldən xəbərim yox idi. Mənə bir hökumət vəkili təyin etmişdilər - Tofiq Şamarov. Onun da necə “prinsipial”, “mərd”, “ədalətli” adam olduğunu el bilir, aləm bilir.

     7 saylı kamerada mənimlə yanaşı 2 narkotik vasitə aludəçisi və vaxtilə Rusiyada adam bıçaqlamış, indi isə xırda xuliqanlığa görə cəzalandırılan şəxslər yatırdı. Tez dostlaşdıq. Dedilər: səndən əvvəl burada yatan, qayınatasının həbs etdirdiyi bir şəxs var idi. Bizə dedi ki, çıxıram, amma yerimi saxlayın. Gedib İsrafili öldürb, gələcəm.

      Kameranın çöldən, normal həyatdan fərqi o idi ki, burada heç gündüzlər də işıqlar sönmürdü. Hər şey dəmir barmaqlıqlar arasında idi - hətta işıq lampası da.

     Əvvəl istədim aclıq elan edəm. “Xlebniklərim” dedilər ki, müəllim, nə verirlər ki, aclıq edəsən - səhər çağı bir bişmiş yumurtadır, axşam da kartof suyu.

Onlar belə dalğa gözləmirdilər.

Deməli, Şahin Məmmədov və onun düşüncəsində olanlar hesablayıblar ki, Zahiri tutdurmaqla nə olacaq ki? Rayonda 3-4 “yazan” var, onların da “dişin” çoxdan çıxartmışıq. Cəsarət damarların da çoxdan kəsmişik. Həm də hamıya göz dağı olar ki, Zahiri həbs edə bildilərsə, digər  “başı tərpənənləri” diri-diri udarlar. Əslində yarıya qədər hesablamışdılar. Nəzərə almamışdılar ki, ölkədə hələ vicdanını itirməyən, ləyaqətini qoruyan, cəsarətini içində dəfn etməyən zümrə, mənim müdafiəmə necə qalxacaq.

     Mərdlər və namərdlər barəsində bir qədər sonra danışacağıq. Hələlik, 40 saatlıq türmə söhbətini bitirmək istəyirəm.

Deməli, 1-ci axşam heç yatmadım. Güclü diabet xəstəsi olduğum (günə 60-70 vahid insulin vurduğumdan) üçün narahatçılığım var idi. Olayları özüm üçün götür-qoy edir, özümü Kürdəxanı türməsinə hazırlayırdım. “Xlebniklərim” təcrübəli məhbuslar olduğu üçün deyirdilər ki, ora buradan yaxşıdır, sənin kimi oğlanlara da orada böyük hörmət var.

     Saat olmadığı üçün günün necə keçdiyini bilmirdik. Sadəcə Azan səsindən və dustaqları səhər tezdən Bakıya aparan “Katalaşka”  deyilən polis maşınının səsindən təxmin edirdim ki, saat neçədir. Arabir müstəntiqin də yanına  danışıqlara aparırdılar. Daha doğrusu, qandallayıb aparırdılar.

     Tutulan günün səhəri   VVS deyilən təcridxananın müdirinin yanına apardılar. Bəhruz adlı polis işçisi məni elə hörmətlə qəbul etdi ki (rəhmətlik İltifat Məmmədovun oğlu) az qala türmədə olduğum yadımdan çıxdı. (Bu barədə onun atası haqqında yazılan kitabda ətraflı məlumat vermişəm).

Vəkil T. Şahmarovdan  imtina etmək istədim. 

Dedim: vəkilim Qəhrəman Əliyev olsun.  İmkan vermədilər, dedilər ki, işi çoxdur və sair.

     Səhəri gün növbətçi dedi ki, bu gün səni buraxacaqlar. Sonra qandalla o otağa, bu otağa aparıb, 37-ci ilin vətən xainləri kimi sağdan-soldan şəklimi çəkdilər.

     Nəhayət,  təxminən səhər saat 11-də məni rəis Azay müəllimin yanına gətirdilər. Kabinetinə girməzdən öncə, qəbul otağında onun əmri ilə qandalı qolumdan açdılar. 10-15 dəqiqəlik söhbətimiz oldu. 1 il öncə də görüşmüşdük. Sadəcə o vaxt redaktor, indi isə məhbus kimi. Sözarası dedi ki, biz 2 ay idi səni “xüsusi antenlər” vasitəsi ilə izləyirdik. İstədim deyəm ki, bu olay 2 gün öncə olub, bəs 2 ay əvvəldən niyə məni izləyirdiniz? Düşündüm ki, bəlkə sətiraltı mənə xatırladır ki, ehtiyatlı ol, izlənirsən. Daha sonra, məndən şikayətçi olan İsrafil Əliyevin bəd əməllərindən danışdı. Pandemiya dövründə  qadağan olnumasına baxmayaraq,  övladına 150 nəfərlik toy etməyindən, bir neçə nəfərə saxta arayışlar verməsindən söz açdı. Yəni... nə isə.

     Nəhayət, müstəntiqə son ifadəmi verdim. Heç kameraya qayıdıb “xlebniklərimllə” sağollaşmağa, ayaqqıbılarımı geyməyə imkan vermədilər. Dedilər: təcili çölə çıx ki, dostların gözləyir. Məni “şəpit” lə çölə çıxartdılar. Bayıra çıxanda dəyərli vəkilimiz Elçin Sadıqovu və ölkənin tanınmış hüquq müdafiəçisi, Avropa Məhkəməsinin eksperti Xalid Ağəliyevi  darvazanın qabağında görəndə olduqca məmnunluq hissi keçirtdim. Sonrada bəlli oldu ki, daha doğrusu, oğlum dedi ki, həbsin 2-ci günü, səhər tezdən vəkil Tofiq Şahmarov ona zəng vurub ki, təcili  səhər saat 9-da məhkəməyə gəl, atanın məhkəməsidir. Deməli, səhər tezdən məhkəmə edib, məni Kürdəxanıya yola salmaq istəyirmişlər ki, ölkə jurnalistləri məhkəməmdən xəbər tutmasınlar. (“Kişilər” varmışe...). Sonradan bildim ki, mənim həbsimlə bağlı ictimai birliklər, jurnalistlər necə həyəcan təbili çalıblar. Təkcə FB səhifəmdə 1000-dən artıq rəy var idi. Rəis özü etiraf etdi ki, olayın ətraflı və obyektiv araşdırılması üçün cənab nazir Vilayət Eyvazov şəxsən özü ona zəng vurub.

Bəs Şahin Məmmədov mənimlə niyə düşmən olmuşdu?

Düzünü desəm, bu işin mənə  ziyanından çox, xeyri oldu. Bir daha gördüm ki, kim kimdir. Həqiqi və geydirmə dostlar üzə çıxdı. Mən hamının adından danışırdım. Yazdıqlarım yalandımı? Yalandısa, bəs niyə Şahin Məmmədov təsadüfi bir fiqur kimi rayondan qovuldu. Masallıları üz-üzə qoydu, getdi. Mənim davam şəxsi dava deyildi. Yazdıqlarım düz idi ki,  cənab prezident Şahin Məmmədovu cəzalandırdı.

Zahir Əmənov. Cenub. az

                                    (Ardı var)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10