Dr. Bayram Quliyevin araşdırma məqaləsini təqdim edirik.
Hazırkı çağdaş dönəmdə İran iki məsələni əsas götürərək Azərbaycana təsir etmək niyyətini açıqca ortaya qoyur. Bunlardan birincisi Azərbaycanın tarixən İranın bir parçası olduğu, ikincisi isə Azərbaycanda yaşayan əhalinin əslində fars olması, Səlcuqlu imperiyası zamanında onların “türkləşməsi”nin baş verməsi iddialarıdır.
Hazırda fars rejimi bu iki uydurma fikirlə sadəcə Azərbaycana basqı gerçəkləşdirmir, eyni zamanda Güney Azərbaycanda yaşayan soydaşlarımızı bu fikirlərə inandırmaqla onları həm bizdən qoparır, eyni zamanda assimilyasiya siyasəti həyata keçirir.
Onu da vurğulamaq gərəklidir ki, “İranı min illərdir Türklər idarə edib” cümləsini işlətmək də yanlışdır. Çünki, bu fikir farsların uydurduqları “Azərbaycan İranın bir parçasıdır” fikri ilə üst-üstə düşür. Orta Çağda “İran” və “Azərbaycan” coğrafiyalarının dəqiq təsvirinin təqdim olunması bu fikirlərimizi doğrulayacaq.
İlk olaraq“Azərbaycan” adının Orta Çağ qaynaqlarında necə xatırlandığına baxaq.
Bu ad ilk dəfə Dərbənd daşları üzərində həkk olunub və orada bildirilir ki, “Bura və burdan aşağılar Adurbadaqan/Azərbaycandır.” Bu, onu deməyə əsas verir ki, Azərbaycanın quzey sərhədi Dərbənd şəhəridir. Lakin, bu daşlardan Azərbaycanın güney sərhədini müəyyən etmək mümkün olmur. Bunun üçünsə ərəbdilli qaynaqlara göz gəzdirilməlidir. Çox təəssüf ki, ərəbdilli coğrafi əsərlərdə dəqiq məlumatlar yoxdur. Bunun bir səbəbi odur ki, ərəbdilli coğrafiyaçıların çoxu Azərbaycanı görməyiblər. İkinci səbəb isə onlar antik yunan-roma coğrafiyaçılarının təsirinə düşmüş və bu əraziləri yanlış təsvir etmişdilər. Lakin, buraları öz gözləri ilə görən ərəbdilli tarixçilər Azərbaycan sərhədlərini daha dəqiq təsvir edirlər. Ərəb Coğrafiyaçılarına görə, bu coğrafiya Azərbaycan və Arran kimi təqdim olunsa da, tarixçilər bu əraziləri başqa formada təsvir edir.
IX əsrdə yaşamış ərəb tarixçisi Əl-Bələzuri “Fütuhül-büldən” əsərində Azərbaycanın fəthini anladarkən Bərdə, Beyləqan, Muğan, Cilan, Şabran kimi şəhərlərin adını çəkir və Azərbaycanın mərkəzi şəhərinin Ərdəbil olduğunu vurğulayır. Əsərdə Azərbaycanın fəthi ilə bağlı məlumat verilərkən Arran adı çəkilmir. IX yüzillikdə yaşamış Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri özünün “Tarixüt-Təbəri” adlı əsərində Azərbaycan haqqında daha dəqiq məlumat verir:
“Əcəmin Atəşgahları orda (Azərbaycanda) idi. Pəhləvi dilində atəşə “ezer” deyirlər. Ona görə əcəm xalqı bura Azərbaycan adını vermişlər. Ən böyük atəş məbədi ordadır. (Ərazisi) Həmədan tərəflərdən başlayıb, Zəncan və Əhərdən davam edib, ta Dərbəndi-Xəzərə qədər uzanır. ... Ərəbcədə ora (Dərbəndə) əl-Bab deyirlər”.
Ət-Təbəri əsərinin başqa bir yerində yazır:
“Hz. Səmak Bəkirin Xəlifə Hz. Ömər bin Xəttaba yazdığı məktub da diqqətdən kənarda qalmamalıdır. “İsfəndiyarı məhbus etdim. (Hələlik) Azərbaycanda müharibə aparmıram. Dərbəndə çatında orda dərbəndlilərlə savaşıb oranı fəth edəcəm”.
IX yüzillik ərəb coğrafiyaçısı İbn Havqəlin “Sürətül-ərz” adlı əsərində “Azərbaycan xəritəsi” cızmış və bura Azərbaycanın əsas hissəsi ilə bərabər Arran, Muğan, Şirvan və Ərməniyyəni (Ərməniyyə ərəb dilli coğrafi ədəbiyyata antik qaynaqlardan keçmişdir və indiki ermənilərlə heç bir bağlantısı yoxdur. Ermənilər özlərinə “hay” adlandırırlar) daxil etmişdir. Beləliklə, anlaşılır ki, Azərbaycanın ərazisi Həmədan şəhərindən başlayır Dərbənd şəhərinə qədər davam edir.
İndi isə İranın haranı çevrələdiyinə bir nəzər salaq. Qeyd etmək lazımdır ki, “İran” adı Orta Çağ qaynaqlarının çoxunda yoxdur. Çox az saylı qaynaqlarda “İran” və ya “İranşəhr” kimi işlədilir ki, bu da indiki İranı əhatə etmir. Ərəb coğrafiyaçı Yaqut əl-Həməvinin “Məcməül-buldən” əsərini və bu əsərin Səfiəddin Əbdülmömin bin Əbdülhaqq əl-Bağdadi tərəfindən yığcam formaya salınmış “Mərasitül-ittila əla əsmail-əmkinə vəl-bika” adlı əsərində “İran” sözcüyü belə xatırlanır:
“Bura İraq, fars, əl-Cibal və Xorasını bir araya gətirən biladın (şəhərin) adıdır. Yenə bura bütün iqlimlərə görə orta iqlimdir”.
Bu əsər İranın sərhədlərini dəqiq göstərir və Azərbaycandan güneydə bir bölgə olduğunu açıqca göstərir. Eyni zamanda “İran” anlamı avropalıların “Persiya” adlandırdıqları Haxamanış (Əhəmənilər) imperiyasının əhatə etdiyi torpaqlar deyildi. Bu qavram Antik Çağda istifadə edilsə də Orta Çağda dünyanın coğrafiyası dəyişmişdi. Həmçinin Persiya bir qavram olaraq və “fars”, nə də “İran” anlamlarını ifadə etmir. Farsdilli qaynaqlarda da çox hallarda bu ada rast gəlinmir, lakin bir neçəsi istisna təşkil edir. Fəzlullah Rəşidəddin Həmədaninin “Cameüt-təvarix” əsərinin “Tarixi-mübarəki-Qazan” cildində Hülakü xanın öncə İrana, ardından Azərbaycan gəlməsi təsvir olunur. Bu da yuxarıda Yaqut əl-Həməvinin fikrini bir daha təsdiq edir.
Daha bir irəli sürülən iddia: bu coğrafiyalarda Türk hakimiyyəti qurulduqdan sonra əhali türkləşərək assimilyasiya oldumu? Bunun üçün iki məqama diqqət yetirmək lazımdır. Birincisi, Türk hökmdarları belə bir siyasət aparmışdılarmı?
Həm Qaraxanlı və Qəznəli, həm də Səlcuqlu tarixinə nəzər saldıqda fərqli bir mənzərə ilə qarşılaşırıq. Hər üç dövlətin rəsmi yazışma dili fars dili idi. Fars dili məhz bu dövlətlər zamanında inkişaf etdi, Firdovsi öz “Şahnamə” əsərini bu zaman yazdı. Səlcuqlular zamanında işə sadəcə fars dilini bilən katiblər götürülürdü. Hətta, Əbu Reyhan əl-Biruni və Nizami Gəncəvi Türk dilində əsər yazmaq istəmiş, lakin məmurlar buna etiraz etmişdi və onlar məcburən yad dillərdə yazmışdılar. Bu faktlar göstərir ki, deyilənlər uydurmadır.
Azərbaycanda türklərin varlığını ilkin qaynaqlar da sübut edir. Antik qaynaqlardan bu coğrafiyalarda Türk əsilli İskit, Sak və Kimmerlərin yaşadıqları izləmək mümkündür. Musa Kalankatuklunun “Alban tarixi” əsərində Azərbaycanda hunların yaşadığını, eyni zamanda burada Sanatürk adlı bir hakimin olduğunu görmək mümkündür. Bu baxımdan ən dəqiq bilgiləri ərəbdilli qaynaqlar verir. Ət-Təbəri özünün “Ər-Rəsul vəl-mülk” əsərində yazır:
“Və həmin il (H. 89) Məsləmə bin Əbdülməlik Azərbaycan bölgəsində Türk qəzasına (məntəqəsinə) çatdı. Ta Dərbəndə qədər irəlilədi. Bir çox qala və şəhər ələ keçirdi”.
İbn Kəsr də özünün “Əl-bidayə vən-nihayə fit-tarix” əsərində bildirir:
”Bu ildə (H.89) Küteybə bin Müslim Türk bölgələrinə hərəkət etdi. Azərbaycan tərəflərdəki Babül-Əbvab (Dərbənd) şəhərinə çatdı. Çoxlu sayda qala və şəhərləri fəth etdi”.
Əl-Məsudinin “Mürucüz-zəhəb” əsərində Xəzər dənizi ətrafında türk qəbilələrinin yaşadığı haqqında yazır:
“...Bu dənizin müxtəlif sahillərində insanlar yaşamaqdadırlar. Bu dəniz Babül-Əbvab, Xəzər, Gil, Deyləm, Cürcan, Təbəristan dənizi adı ilə də tanınır. Ətrafında müxtəlif Türk qəbilələri yaşayırlar. Bir tərəfi Xorasandan Xarəzmə birləşir”.
Azərbaycanın Türk yurdu olmasını İbn Hişam özünün “Kitabüt-tican fi-mülkü Himyər” adlı əsərində Xəlifə Müaviyə ilə IX yüzillik ərəb tarixçi-coğrafiyaçısı İbn Übeyd bin Şəriyə ilə söhbətində aydın şəkildə əks olunur. Xəlifə Azərbaycan haqqında İbn Übeyddən xatirəsini soruşarkən o da belə cavab verir “Ora Türk torpağıdır. Orada Türklər cəm halda məskunlaşmışlar.” Bir çoxları bunu Cürhumiyə aid etsələr də bu faktın ilk işləndiyi yer məhz İbn Hişamın əsəridir. Qaynaqlardakı bilgiləri birlikdə təhlil edərək belə sonuca varmaq mümkündür ki, Dərbənddən Həmədana qədər uzanan Azərbaycan ən əskidən Türk yurdu olmuşdur.
Deyilən fikirlərin təsdiqi kimi Mahmud Kaşğarlının “Divani-lüğət it-Türk” əsərindəki yeganə Türk dünyasının xəritəsinə diqqət yetirmək lazımıdır. İndiki Anadolu coğrafiyasından Yaponiyaya qədər uzanan Asyanın ərazisini əhatə edən xəritədə Azərbaycan adına rast gəlinsə də İran adı bu xəritədə yoxdur. Bu onu deməyə əsas verir ki, Azərbaycan Türk dünyasının bir parçası idi. İran Orta Çağda iddia olunan kimi İran nəinki geniş bir ərazini əhatə etmir, heç onun adı da çəkilmirdi.
Gerçəkdən də çağdaş dövrün iddiaları ilə tarix fərqli düşüncələr sərgiləyir və guya tarixə dayanaraq özünü qədim və dərin gələnəyi olan bir coğrafiya kimi göstərərək indi hanasısa ölkəyə təsir etməyə cəhd etmək əsassızdır. Fakt odur ki, min illərdir Güneyində və Quzeyində Türklərin yaşadığı Azərbaycanın ərazilərinin çox hissəsi başqa dövlətlərin tərkibindədir./kulis.az