Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı ensiklopediyası. Ərkivan qəsəbəsi, Miyondi məhəlləsi. 36-cı yazı.


Masallı ensiklopediyası silsilsiləsindən Ərkivan Qəsəbə Ərazi Dairəsinin tarixini  işləməyə start vermişik. Ərkivanın tarixi çox əhatəli olduğundan onları məhəllə-məhəllə işləməyi qərara aldıq. İlk olaraq Abbaslı məhəlləsini seçdik və hazırladıq. (Həmin yazının linki burada: https://cenub.az/13050-masalli-erkivan-mudirler-mehellesi-abbasli.html )

 

Növbəti hədəfimiz isə Ərkivan qəsəbəsinin Miyondi məhəlləsidir. 

 

Məhəllənin özəlliyi:

 

  1. Miyondi məhəlləsi Ərkivan qəsəbəsində Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiədinin inşa etdirdiyi “Şah Səfi bulağı” tanınır. Hazırda "Şah Səfi bulağı" (Miyondi məhəlləsi) eyni zamanda bu bölgədə ziyarətgah kimi tanınır.
  2. Rayonun ilk qadın elmlər doktoru Rəsmiyyə Sabir Miyondi məhəlləsindəndir
  3. Rayonda ilkŞəhidlər Bulağınıbu məhəllədə Gülağa Tənha  inşa etdirib. 
  4. Ölkə şöhrətli xeyriyyəçi-şair Gülağa Tənha bu məhəllədəndir.
  5. Rayonda ən möhtəşəm mərasim evi bu məhəllədə, Gülağa Tənha tərəfindən inşa edilən Mərasim Evidir.


 

 

Əhalisi: 01. 01. 2023-cü ilə olan məlumat: 

Qəsəbədəki 214 evdə təxminən 1150 nəfər yaşayır.

            

Ərazisi  Ərkivan qəsəbəsi ilə birlikdə götürülür.

 

 Coğrafi mövqeyi: 

 

Miyondi məhəlləsi rayon mərkəzindən 3 km məsafədə,  Viləş çayının 1 kilometrliyində, Ərkivan qəsəbəsinin mərkəzində, Ərkivan Qəsəbə Ərazi Dairəsinin mərkəzindən keçən Ərkivan-Boradigah yolunun sol və sağ tərəfində yerləşir. 

Qərbdən Ərkivan qəsəbəsinin Zeynoba, şimaldan Həsənəküçə,

cənubdan Bağlaküçə məhəllələri, Şərqdən isə Masallı şəhərinin İsgəndərli adlanan ərazisi ilə həmsərhəddir. 
 

Məhəllə əhalisinin əsas məşğuliyyəti: maldarlıq, əkinçilik,  sənətkarlıq ( dulusçuluq, xarratlıq, bağbanlıq) və s.

 

Məhəllənin adının mənası:

 

“Miyonə” talış dilində “orta yer”, “mərkəzdə olan yer” anlamını verir. “-di” isə kənd deməkdir. Bu adın ona Ərkivan kəndinin (indi qəsəbəsinin) mərkəzi hissəsində yerləşdiyinə görə verildiyi bildirilir.

 

Məhəllənin tarixi:

 

Yerli sakinlərin bildirdiyinə görə, məhəllənin əsası XVIII əsrin əvvəllərində Cənubi Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığındakı Daşkəsən mahalından köçüb gəlmiş Qərib kişi tərəfindən qoyulmuşdur.

 

Bu məhəllədə sonralar aşağıdakı tayfalar formalaşmışdır:

 

1. Qərib tayfası. (Məhəllənin bünövrəsini qoyan bu tayfa olub).

2. Kazımoba tayfası. Digər məlumata görə Tayfanın bünövrəsi həm də 1760-cı illərdə Astaranın Ərçivan kəndindən köçüb gələn Əzim Lazım oğlunun Miyondidə köç salması ilə qoyulub. Tayfanın adı Kazım Əzim oğlunun adı ilə bağlıdır.

3. Nəzəroba tayfası - əvvəli 14-cü əsrdən başlayaraq Cənubi Azərbaycandan köçüb gələnlərin nəslindən olan Nəzərəli adlı kişinin adından götürülüb.

4. Qurbanoba tayfası. 1850-1930-cu illərdə yaşamış və xalq təbabəti ilə məşğul olan məşədi Qurbanəlinin adı ilə adlanıb.

5. Rəhmətulla tayfası - XIX əsrdə yaşamış Rəhmətullanın adı ilə yaranıb.

6. Mirzəcanoba tayfası – tayfa başçısı Mirzəcan 1850-1900-cü illərdə yaşamışdır.

7. Qəhrioba tayfası - 18-ci əsrin sonlarında yaşamış Qəhri adlı kişinin adı ilə adlanıb. 

8. Əşrəfoba tayfasının başçısı Səlim kişi 1790-cı illərdə Salyan rayonundan gəlib Miyondi məhəlləsində yaşamışdır.

9. Zülfüqar tayfası 1800-cü illərdə yaşamış Zülfüqar kişinin adı ilə adlanıb.

10. İskəndər tayfasının başçısı İskəndər XIX əsrin sonu, XX əsrin əvvəllərində Lerik rayonundan köçüb gəlmişdir. 

11. İsmayıl (Cühudoba) tayfasının başçısı İsmayıl kişi 1807-1880-ci illərdə yaşamışdır. Tayfada yaşayan Əli kişi heç kəsdən heç nə təmənna etmədiyinə və heç kəsə heç nə vermədiyinə görə tayfaya “Cühudoba” da deyilir.

12. Mahmudoba tayfası haradan gəlməsi məlum olmayan Mahmud kişinin adı ilə yaranıb.

13. Bağıroba tayfasının başçısı Bağır kişinin babası Nağı Zeynoba məhəlləsindən köçüb Miyondiyə gəlib. 

14. Əskəroba tayfası – 1780-1860-cı illərdə Astaradan köçüb gəlmiş Elçin adlı kişinin nəvəsi Əskər Əzim oğlunun adı ilə belə adlanır.

 

Məhəllənin tarixi abidələri:

Bulaqlar:

 

 "Şah səfi" bulağı”

 

Müxtəlif mənbələrin verdiyi məlumata əsasən tarix elmləri doktoru Seyidağa Onullahi Şeyx Səfiəddinin 1274-1281-ci illərdə Ərkivan kəndində yaşadığını qeyd edir.

Həmçinin həmin illərdə onun Ərkivan kəndində  inşa etdirdiyi ”Şah Səfi bulağı” göstərilir. 

 

Hazırda Ərkivanda Masallının ilk "Şəhidlər bulağı"nın yaxınlığında yerləşən "Şah Səfi bulağı" (Miyondi məhəlləsində) eyni zamanda bu bölgədə ziyarətgah kimi tanınır.

 

Bəzi ehtimallara görə, 1501-ci ildə Təbrizdən qayıdarkən Şah İsmayıl Xətai yol üstü Ərkivanda dayanıb dincəlmiş və Şeyx Səfi bulağından su içmişdir.

 

Ərkivanın Miyondi məhəlləsində aşağıdakı bulaqlar  və quyu vardır:

 

"Şəhidlər" bulağı

"Axund" bulağı 

"Bağı" bulağı

“Mahmud quyusu 


Məktəb:

Miyondi məhəlləsində məktəb olmadığı üçün burada yaşayan uşaqlar əvvəllər Ərkivanın Abbaslı məhəlləsindəki “Ağ məktəbə” (indi 5 saylı məktəb), sonralar qonşu Həsənəküçə (4 saylı) və Bağlaküçə (3 saylı)məhəllələrindəki məktəblərə gediblər.


 Məscid:

Miyondi məscidi Əsası Şeyx Səfiəddin tərəfindən qoyulmuşdur. "Şah Səfi" bulağı adlanan, ibadətgah və ziyarətgah sayılan bulaq üzərində ilk dəfə kiçik bir koma, evcik kimi olmuşdur. Sonralar isə Miyondi sakini xeyriyyəçi Xanalı kişi tərəfindən həmin komanın yerində gözəl bir məscid binası inşa edilmiş, buradan ibadətgah və ziyarətgah kimi bütün insanlar, o cümlədən, Miyondi məhəlləsinin sakinləri istifadə edirlər

 

Məhəllənin alimləri: 

 

Məhəllənin 4 alim yetirməsi var. 1-i elmlər doktoru, 3-ü fəlsəfə doktorudur.

 

Rəsmiyyə Əşrəfova (Sabir) (Miyondi) —iqtisad elmləri doktoru, professor

 

1973-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində anadan olub. Memarlıq və İnşaat Universitetini   bitirib. İqtisad elmləri doktorudur. Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda şöbə müdiri və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor olaraq çalışır. Azərbaycan, rus, türk, ingilis, çin dillərində nəşr olunan 120-dən çox elmi əsərin müəllifidir. Elmi əsərləri Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə çap olunub. 2006-cı ildə elm sahəsindəki nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin “İlin gənc alimi”mükafatına layiq görülüb. “Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi”nin sədridir.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır.

100-dən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio-albom işıq üzü görüb. 2003-cü ilin «Fəxri Gənc»i adını qazanıb. 

2003-cü ildə «Həbs olunmuş sükut», 2006-cı ildə «Rəngsiz göz yaşları» «Kölgəsiz dar ağacları» (İraq), 2009-cu ildə “Unutdun məni”, 2011-ci ildə “Sahilsiz adam” (Türkiyə), 2018-ci ildə “Sonun başlanğıcı”, 2021-ci ildə “Zindan sevinci” adlı şeir kitabları nəşr olunub.   Onun şeirləri özbək, qazax, qırğız və Türkiyə  türkcəsinə, rus, ingilis, bolqar, gürcü dillərinə tərcümə olunaraq Türkiyə, Rusiya, İraq, İran, İsveç, Almaniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqa xarici ölkələrdə çap olunub. 

2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayınlanan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla, 2016-cı ildə Kərkük Kültür Mərkəzinin, 2017-ci ildə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə Qazaxıstanın Mədəniyyət Nazirinin Fəxri Fərmanları ilə təltif olunub. 2017-ci ildə “Fəzanın cazibəsi” antologiyasının hazırlanmasındakı əməyinə görə Rusiya Yazarlar Birliyinin Arxangelsk Regional Bölməsinin “Təşəkkürnamə”sini qazanıb.

 2018-ci ildə ədəbi sahədəki nailiyyətlərinə görə TÜRKSOY-un “Molla Pənah Vaqif” medalına və Fəxri Fərmanına layiq görülüb. 2020-ci ildə Şahmar Əkbərzadə mükafatına layiq görülüb. Həmin ildə Özbəkistanda keçirilən Beynəlxalq Şeir Müsabiqəsinin qalibi olub. 

Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub.                                                 (Əşrəfoba tayfası)

 

Kazımov Nadir Əliş oğlu— iqtisad elmləri namizədi (vəfat etmişdir).

1914-cü ildə Miyondi məhəlləsində anadan olmuş, Ərkivan kəndində natamam orta məktəbi bitirdikdən sonra təhsilini Lənkəran pedaqoji məktəbində davam etdirmiş və orta ixtisas təhsilli müəllim kimi əmək fəaliyyətinə başlamışdır. İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, bir çox orden və medallarla təltif olunmuş, yaralandıqdan  sonra doğma kəndi Ərkivana qayıtmışdır. 

Masallı Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə irəli çəkilmişdir. Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Masallı Rayon Partiya Komitəsinin üçüncü katibi seçilmişdir. Bir neçə il həmin vəzifədə işlədikdən sonra, Masallıda 2 saylı orta məktəbin direktoru, Ərkivan kəndindəki K. Marks adına kolxozun sədri, daha sonra sovxoz direktoru vəzifələrində çalışmışdır. Onun işlədiyi dövrdə kənd iqtisadi və mədəni cəhətdən xeyli inkişaf etmişdir. Sonra Bakı şəhərinə köçən Nadir müəllim elmi fəaliyyətə başlayaraq Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən isə Azərbaycan İnşaat və Memarlıq Universitetində “Siyasi iqtisad” kafedrasının  dosenti vəzifəsində çalışmışdır. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.                                                       (Kazımoba tayfası)

 

Həsənağa Qənbərov (Miyondi) — tibb elmləri namizədi, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi.

Həsənağa Qənbərov Ərkivanın Miyondi məhəlləsində dünyaya gəlib. Orta təhsilini Ərkivanda almışdır. Sonra Azərbaycan Tibb Universitetini bitirərək həkimlik ixtisasını qazanmışdır. 

Sonralar Həsənağa Qənbərov Tibb Universitetinin aspiranturasını bitirmiş və müvəffəqiyyətlə dissertasiya müdafiə edib tibb elmləri namizədi, alimlik dərəcəsini almışdır. O, hazırda Tibb Universitetində çalışır.                                         (Kazımoba məhəlləsi)

 

Kazımov Rahib Nadir oğlu (Miyondi) 

(Qəsəbənin tanınmışlarından olan Nadir Kazımovun   oğlu)  

 1954-cü ildə Masallı rayonunda anadan olmuşdur. 1971-ci ildə Bakı şəhəri 126 saylı orta məktəbi bitirmiş, 1971-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1975-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1986-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifəsində çalışır, iqtisad elmləri namizədidir. Üç dərslik, üç dərs vəsaitinin müəllifidir, 50-dən çox elmi məqalələri respublikanın və eləcə də xarici ölkələrin aparıcı jurnallarında nəşr olunmuşdur. Evlidir, üç övladı var.                     (Kazımoba məhəlləsi)

II Dünya müharibəsində iştirak edən miyondililər:        

Cəmi:                                                           32 nəfər

Onlardan geri qayıtmayanlar:           15 nəfər 
 

Miyondi kəndinin yüksək vəzifələrdə işləmiş və hazırda işləyən sakinləri:
 

Ərkivan qəsəbəsində:

 

Kənd XDS-də:

Sovetlər İttifaqı dövründə Ərkivan kənd XDS İK-nın sədri və sovetdən sonrakı müstəqillik dövründə İcra Hakimiyyətinin Ərkivan Ərazi nümayəndəsi vəzifəsində Miyondi məhəlləsindən aşağıdakı şəxslər işləmişlər:

Qədir Kazımov — Ərkivan Kənd (indi Qəsəbə) XDS-nin sədri olub.

                                                                                  (Kazımoba tayfası)

 

Əliyev Əli Bürhan oğlu –Həsənkücə kənd orta məktəbinin 

direktoru işləmişdir.                                                                                                                                       

 

 

 

 

(Əşrəfoba tayfası)

 

 

Əskərov Xanoğlan Əliəkbər oğlu – Azərbaycan Pedaqoji İnstitutunu bitirib, Qodman və Ərkivan kəndlərində məktəb direktoru işləmişdir.                                                    (Əskəroba məhəlləsi)

 

Ərkivandakı kolxoz və sovxozlarda işləmiş miyondililər:

 

1929-1950-ci illərdə Masallı rayonunda 85 kolxoz, o cümlədən, Ərkivan kəndində isə 3 kolxoz fəaliyyət göstərmişdir. 

1950-ci ildə rayonun həmin 85 təsərrüfatı birləşdirilərək 30 iriləşdirilmiş kolxoz yaradıldı. Bunlardan biri də Ərkivan kəndində üç kolxozun birliyi olan K. Marks adına kolxoz idi. 1950-1964-cü illərdə Miyondi kəndindən aşağıdakı şəxslər K. Marks adına kolxoza rəhbərlik etmişlər. 

 

Nadir Əliş oğlu Kazımov - 1961-1964 cü illərdə kolxoz sədri. (Kazımoba tayfası) 

(Haqqında bu yazının alimlər bölümündə daha ətraflı)


 

 

İsmayılov İbad Fətulla oğlu – Ərkivan sovxozunda ferma müdiri işləyib.                                   (Qərib tayfası)

 

Hacıəli Bəşir oğlu –kolxoz-sovxoz vaxtı ferma müdiri işləyib.

(İsmayıl tayfası)

Nəcəf Bağı oğlu –Ərkivan kəndindəki kolxozda anbar müdiri və xəzinədar işləmişdir.                                       (Bağıoba tayfası)

 

Rayonda:

 

Qasımov Xurşud – Masallı Rayon Xalq Maarif Şöbəsinin müdiri işləyib.

 

 

1930-cu ildə doğulub. Ərkivan kənd (indi qəsəbə) orta məktəbinin direktoru, Masallı RPK aparatında məsul vəzifələrdə və RXMŞ (indi RTŞ)-nin müdiri işləmişdir.                                (Kazımoba tayfası)

 

Nəzərov Ələddin Fazil oğlu – Masallı Rayon Mərkəzi Kitabxanasının müdiri işləmişdir.                         (Nəzəroba tayfası)


 

Bəhlul Yegən oğlu – Masallı Rayon Maliyyə İdarəsində şöbə müdiri, Masallı Rayon kooperatvlər İttifaqında Tədarük İdarəsinin müdiri, Nizami sovxozunun direktoru vəzifələrində çalışmışdır. 

 (Qurbanoba tayfası)

 

Zülfüqar İman oğlu –Azərbaycan Tibb İnstitutunu bitirmişdir, Əvəz Cəbiyev adına Masallı PMX-da işləyir.     (Zülfüqar tayfası)



Şakir Kərimov. Ərkivan Qəsəbəsinin Miyondi Məhəlləsində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. Öncə Masallı Mədəniyyət Evində bədii rəhbər, daha sonra Ərkivan Qəsəbə Mədəniyyət Evində direktor vəzifəsində çalışıb. İfa etdiyi 10-a yaxın mahnısı internet resurslarında yayımlanıb. El şənliklərində ifaları ilə seçilib. Səmimiliyi və xeyirxahlığı ilə həmişə sevilənlərindən olub. 2022-ci ilin mart ayında dünyasını dəyişib.


 

Kərimov Yusif  Şakir oğlu –

 

Kərimov Rusif Şakir oğlu – oktyabr 1982-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Orta məktəbi Ərkivanda bitirib.  Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəqliyyat tikintisi fakültəsini  bitirib. 2003-2004-ci İllərdə Dövlət Sərhəd Qoşunlarında hərbi xidmət edib. 2005-2015-ci ilə kimi Moskvada tikinti sektorunda aparıcı mütəxəsis kimi çalışıb. 

2016-ci ildə yenidən Azərbaycana gəlib.  Masallıdakı Viləşçay Su Anbarında əvvəl mühəndis, sonra baş mühəndis, 2021-ci ildən isə həmin təşkilatda idarə  rəisi kimi fəaliyyət göstərir.

O, həmçinin Yaponiyada bir aylıq peşəkar kurs keçib. Hazırda Bakı İnşaat Universitetinin meliorasiya  fakültəsində təhsilini davam etdirir. Təbiət etibarı ilə onu çoxları kifayət qədər cəsarətli, işgüzar və xeyirxah bir insan kimi xarakterizə edir. Rusif Kərimov vaxtaşırı olaraq rayonda şəhid və qazi ailələrinə, imkansızlara yardım kompaniyalarında, eləcə də qəsəbənin tarixi, mədəniyyəti ilə bağlı aksiyalarda olduqca fəal iştirak edir.

 

 

Elman İnşalla oğlu – Masallı ƏSMM-də işləyir. (Qəhrioba tayfası)

 

Nüsrətov Akif    Əli oğlu-Masallı Rayon Uşaq və Gənclər Yaradıcılıq Məktəbində direktor işləmişdir. (İsmayıl tayfası)

 

 

 

 

 

 

 

 

 

İsmayılov (Nüsrətov) Vəkil Əli oğlu Masallı rayon Mədəniyyət Mərkəzinin direktorudur, 

“Tərəqqi” – medallı                                                                               (İsmayıl tayfası)


                                   

 

Ölkədə:

 

Rafiq Nəcəf oğlu –Azərbaycan Dövlət Gömrük Komitəsində (indi Nazirliyində) məsul vəzifədə çalışır.                            (Bağıroba tayfası)

 

Nüsrətov Rövşən Əmrəli oğlu –Təhlükəsizlik orqanları mayoru                                                                     (İsmayıl tayfası)

Nüsrətov Ramin Akif oğlu - Masallıda, DSMF-də baş mütəxəssis işləyib.

 

Kəndin yazarları barədə:

 

Rəsmiyyə Əşrəfova Sabir – şairə. 

(Ətraflı “Alimlər” bölümündə)     (Əşrəfoba tayfası)

 

 

Gülağa Məmi oğlu Qənbərov (Tənha)– şair. 

(Daha ətraflı “Xeyriyyəçilər” bölümündə)

 

Dadaşov Məmmədağa Mirzəmməd oğlu – şair-mühəndis. “Yollar, talelər” adlı kitabın müəllifidir.     (Qurbanoba tayfası)

 

Kəndin din xadimləri: 

 

Hacı Sübhan Cavad oğlu– Masallı Mərkəzi Xəstəxanasında tibb işçisi işləyib.                                                                                  (Rəhmətulla tayfası)

Kənd xeyriyyəciləri barədə:

 

 Gülağa Məmi oğlu Qənbərov- Xeyriyyəçi - sahibkar

 

1959-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində dünyaya gəlmişdir. Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlamış, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri İstitutunu bitirmiş, SSRİ Ticarət Nazirliyinin əsaslı tikinti və layihələşdirmə baş idarəsinin rəisi vəzifəsində işləyib, tikintiyə aid iki monoqrafiya və beş metodik vəsaitin müəllifidir. Moskva Şəhər Dumasının Tikinti Komissiyasının sədridir.

Beynəlxalq EXO Energetika Akademiyasının Tikinti və Memarlıq doktorudur. 


 

Gülağa Qənbərov Əfqanıstan müharibəsinin iştirakçısıdır. 

Gülağa Tənha həm də yaradıcı bir insandır. Onun şeirlərindən, hekayə, povest və romandan ibarət 5 cildlik kitabları bir neçə il öncə işıq üzü görmüşdür. Onun şeirlərinin bir çoxuna mahnı bəstələnmişdir.

Gülağa Tənha həm də ölkədə məşhur xeyriyyəşi kimi tanınır. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Son zamanlar Gülağa müəllim Azərbaycanda və rayonlarda, doğma Ərkivan və qonşu  kəndlərdə xeyriyyəçilik fəaliyyətini davam etdirir. Bakı şəhərində “Tənha” sağlamlıq mərkəzini yaratmışdır. 

Gülağa Tənhanın xeyriyyə işlərinin siyahısı bir neçə səhifə təşkil edir. O, anadan olduğu məhəllədə möhtəşəm Mərasim Evi tikdirib, məhəllədaxili 1 km-dan artıq yolu yüksək standartlara uyğun təmir etdirib (səki, su axar, işıqlandırma və sair)

O, AYB-nin üzvüdür.                                                                (Qərib tayfası)

 

Miyondi sahibkarları:

 

Gülağa Tənha - sahibkar

(Onun barəsində xeyriyyəçilər bölümündə ətraflı məlumat verilib)                                                                              (Qərib tayfası)

 

Xanəli Bəşir oğlu – Şeyx Səfiəddin bulağının yanında MƏSCİD və ikimərtəbəli “Şadlıq Evi” inşa etdirmişdir.                            (İsmayıl tayfası)

 

                        

                        

Nüsrətov Adəm Əmrəli oğlu  “Türkan” firmasının sahibi. Türkan Şadlıq Zalının rəhbəridir.            

                     (İsmayıl tayfası)

            

Alxas Əliyev- ölkənin aparıcı kommersiya şirkətlərindən birinin sahibidir. Hazırda xaricdə fəaliyyət göstərir. 

 

 

Miyondi məhəlləsində hökumət obyektləri: məktəb, uşaq bağçası, həkim məntəqəsi olmasa da, qəsəbənin və rayonun ən möhtəşəm, 2 mərtəbəli Mərasim Evi, “Ərkivan” Şadlıq Zalı burada yerləşir. Məhəllədə 10-dan artıq mağaza, metlax, dulusçuluq sexi və sair obyektlər fəaliyyət göstərir.

Məhəllədə 1 qəbristanlıq, 1 məsçid, 1 ziyarətgah fəaliyyət göstərir.

 

 

Kəndin sənətkarları:

 

Yaqub Mədi oğlu –Ərkivandakı məzar daşları hazırlayan sexdə usta işləyir.                                                (İsmayıl tayfası)

Elçin (atası haqqında məlumat yoxdur) –dulusçuluqla məşğul olub.                                                                 (Əskəroba məhəlləsi)

Əzim Elçin oğlu –atasının dulusçuluq peşəsini davam etdirmişdir.                                                                  (Əskəroba məhəlləsi)

Həzi Əskər oğlu – dulusçu                            (Əskəroba tayfası)

 

 

 

Miyondi məhəlləsi haqqında yazı Zahir Əmənovun redaktorluğu ilə Əlizaman Baxış tərəfindən hazırlanmışdır.

 

Yazının hazırlanmasına həmin məhəllə sakini Rusif Bağırov yaxından dəstəkçi olmuşdur.

İşlənmiş materiallarda hörmətli alimimiz, fəlsəfə doktoru Abdurrahman Səmədovun “Ərkivan” kitabından bəzi dəqiqləşdirilmələr aparılmaqla geniş istifadə olunmuşdur.

Həminin yazının hazırlanmasında biz yaxından kömək edən Vəkil Nüsrətova da təşəkkür edirik.

Təəssüf ki, dəfələrlə cəhd etsək də, bəzi şəxslərdən heç valideynləri haqqında məlumat almaq mümkün olmadı.

 

Masallı Ensiklopediyasını hazırlayan qrup.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10