“Atamın yaşadığı binaya xatirə lövhəsi vurdurmaq istəyirəm, amma hələ də icazə ala bilməmişəm, bütün xərci çəkməyə hazıram”
“Bu gün müasir uşaqlar üçün televiziyalarda baxımlı, onların marağını cəlb edəcək verilişlər yoxdur. Mən düşünürəm ki, o dövrün uşaqları həqiqətən də xoşbəxt idilər. Xoşbəxt idilər ki, onları düşünürdülər, onlar üçün xüsusi verilişlər, çizgi filmləri hazırlanırdı. Mənim atamı uşaqlar “Xoruz baba” deyə çağırırdılar. “Xoruz baba” dövlət televiziyasında efirə gedirdi, bu uşaqların çox sevdiyi qəhrəman idi. Atam onlar üçün saysız-hesabsız nağıllar, əhvalatlar danışırdı. Uşaqlar böyük həvəslə televiziya qarşısında oturub, verilişlərə baxırdılar. Bu günki uşaqları qınamıram, onlar nəyə baxsınlar? Adda-budda uşaq filmləri, uşaq verilişləri çəkilir. Uşaqlar üçün hazırlanan verilişlərin öncə kəmiyyəti, sonra da keyfiyyəti azaldı”.
Bunu açıqlamasında xalq artisti, görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.
“Atam nə qədər böyüsə də, uşaq saflığı, balacalara olan mərhəməti onu heç vaxt tərk etmədi. O sanki uşaq təbəssümü ilə daxilini zənginləşdirib, uşaqların qəlbinə yol tapmağa çalışırdı. O həm “Xoruz baba”, həm də “Piri baba” idi. Abdulla Şaiq obrazlarının çoxunu məhz atam üçün yazırdı. Atam həmişə deyirdi ki, “mən fəxr edirəm ki, aktyoram. Bilirəm ki, qapım döyüləndə yaxud telefonuma zəng gələndə məni ya teatra, ya kinostudiyaya, ya da ki, televiziyaya çağıracaqlar”. Atam həyatda nə qazanıbsa, öz zəhməti hesabına qazanıb. Ömrünün son günlərində atamın qapısını döyən yalnız uşaqlar idi. Evimizə bir bilsəniz o qədər məktublar gələrdi. Poçtalyon hər dəfə məktubları yuxarı çıxaranda yorulub əldən düşməsindən gileylənərmiş. Bütün məktubları bir-bir oxuyardı. Çünki bu məktublar ona verilişlərində lazım olurdu. Atam infarkt keçirib, xəstə yatan zaman ona xəbər verdilər ki, uşaqlar gəlib, “Xoruz baba”-nı görmək istəyirlər. O xəstə olsa belə, uşaqlarla görüşüb, söhbətləşdi. Atam xəstəxanadan çıxandan sonra bizim evə başqa adam gəlməyib. Atamın yaşadığı evə öz hesabıma xatirə lövhəsi vurdurmaq istəyirdim, amma bununla bağlı icazə ala bilmədim. Aidiyyatı qurumlara müraciət etmişəm, hələ də gözləyirəm. Yaxşı olardı ki, bu lövhə onun yaşadığı binanın qarşısında olsun. Bütün xərcləri çəkməyə hazıram” deyə sənətkarın övladı deyib.
Tamilla Sadıqova babasının Güney Azırbaycandan şimala köçdüyünü bildirib.
“Bakıda neft fontan vurandan sonra Güney Azərbaycandan bir çox insan Bakıya işləməyə gəlib. İşləməyə gələnlər arasında atamın ailəsi də olub. İllər sonra atamgilin ailəsi 1930-cu ildə geri qayıdıb. Artıq atam burada teatrda işləyirdi, öz sənətinin yavaş-yavaş zirvəsinə yüksəlirdi. Ona görə də sənətini qoyub, öz valideynləri ilə birgə Güneyə qayıtmayıb. Elə bilirdi ki, ailəsi yenidən onun yanına qayıdacaq. Amma qayıtmayıb. Yalnız bir dəfə müharibədən qayıdanda İran ərazisindən keçərkən öz atasını uzaqdan görsə də, görüşə bilməyib. Çünki Sovet ordusunda idi. Onların görüşü nə atam, nə də ki, babam üçün yaxşı olmazdı. Atam ömrünün sonuna qədər ata-anasının, bacı qardaşlarının yolunu gözlədi. Ölən gününə qədər bu acını ürəyində daşıdı” deyə sənətkarın qızı Tamilla Sadıqova deyib.
Sənətkarın qızı atasının ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini də bizimlə bölüşüb.
“Heydər Əliyev hər zaman tamaşadan sonra atamla və digər sənətkarlarla pərdə arxasına gəlib görüşürdü. Atam Heydər Əliyevdən heç nə xahiş etməyib. Elə onun teatra gəlişi bütün aktyorlar üçün böyük bir bayram və sevinc idi. Atam ulu öndərə “yoldaş birinci katib” deyə müraciət edib. Heydər Əliyev ona deyib ki, “Azərbaycanın birinci katibi mənəm, amma uşaqların birinci katibi sənsən”. Heydər Əliyev onu çox istəyirdi, onunla söhbət edirdi, hörmətini saxlayırdı” deyə Tamilla Sadıqova deyib./Moderator.az