Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad. Müqəddəs Olqa klisəsi


 cenub.az. təqdim edir


 Rusiya ilə İran arasında 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən Azərbaycanın şimal torpaqları Rusiya tərəfindən işğal edildi. İşğal edilmiş ərazilərdə müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi özünə etnik dayaq yaratmaq məqsədilə 1830-cu il oktyabrın 20-də Cənubi Qafqaz (Zaqafqaziya)  vilayətlərinə rus ailələrinin köçürülməsi haqqında hökumət sərəncamı verildi. Sərəncama əsasən çoxlu sayda rus ailəsi Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürüldü. İlk olaraq bidətçi və təriqətçi (subbotniklər, molokanlar, babtistlər, duxoborlar) ruslar köçürülmüşdür.

    Azərbaycana köçürülən rusların çoxu Muğanda məskunlaşdırıldı. Təsadüfi deyildir ki, XIX əsrin I yarısında Muğanda 20 min rusun yaşadığı 49 kənd olmuşdur.Ruslar Muğanda daha çox indiki Cəlilabad rayonunda (Lənkəran qəzası) məskunlaşmışlar. Məhz, bu məskunlaşmanın nəticəsi olaraq burada Astraxanka, Andreyevka, Qriqoryevka, Petrovka, Prişib, Privolnoye, Pokrovka,  Novoqolovka , Svetlaya Zarya və digər rus mənşəli yaşayış məntəqəsi adları yaranmışdır.

    Muğana köçürülən rusların bir qismi Göytəpədə yerləşdirilmişdir. Ruslar buraya köçürüldükdən sonra ərazi Prişib adlandırılmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Prişibin adı dəyişdirilərək tarixi Göytəpə adı bərpa edilmişdir. 1967-ci ildən şəhər statusu alan Göytəpənin tarixi-memarlıq abidələrindən biri “Müqəddəs Olqa” kilsəsidir. Kilsə Bakı-Astara şose yolunun üstündə yerləşir.

    Qırmızı kərpicdən hörülmüş bu kilsənin əsası 30 aprel 1868-ci ildə qoyulmuşdur. Kilsənin tikintisində Qafqazın general-qubernatoru Böyük knyaz İ.İ. və knyaginya Olqa Fyodorovnanın böyük rolu olmuşdur (Sabir Nəsiroğlu. Muğan salnaməsi. B., 2014, səh. 58).

    Altı günbəzdən ibarət olan kilsənin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə də kilsənin pəncərə və divarlarında Azərbaycanın milli-memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır. Kilsənin çöl divarları hər tərəfdən özündə xaç şəklini əks etdirir. Üç tərəfdə qapı yerləri var, onlar da xaç şəklində qurulub. Hətta içəridə şam yandırılan yerlər də xaç şəklini xatırladır (Mənbə: Lent.az saytı).

    Ateizmin hökm sürdüyü Sovet dövlətində digər məscid, kilsə və sinaqoqlar kimi “Müqəddəs Olqa” kilsəsi də dindarların üzünə bağlanmışdır. Sovet imperiyası parçalandıqdan sonra Cəlilabad rayonunun digər yaşayış məntəqələrində yaşayan ruslar kimi Göytəpədə yaşayan rusların da əksəriyyəti Rusiyaya, özlərinin ata-baba torpaqlarına qayıtmışdır. 

    Kilsə dindarlar tərəfindən istifadə edilmədiyi üçün onun birinci mərtəbəsində Göytəpə şəhər kitabxanası yerləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən “Müqəddəs Olqa” kilsəsi “Kilsə” adı altında 4177 invertar sayı ilə 1878-ci ilə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.

    Qeyd edək ki, “Müqəddəs Olqa” kilsəsinin sənədlərdə əsasının 30 aprel 1868-ci ildə qoyulduğu göstərilsə də, kilsənin çöl divarında asılmış lövhədə onun 1878-ci ildə istifadəyə verildiyi yazılmışdır.

                                                                          Cenub.az, İldırım ŞÜKÜRZADƏ,

              Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10