“Məktəb bufetləri özbaşına qalıb...”
Bakıdakı 20 nömrəli məktəbdə kütləvi qida zəhərlənməsi məktəb və universitetlərdəki bufetlər mövzusunu cəmiyyət üçün, özəlliklə valideynlər üçün təzədən aktuallaşdırmış oldu. Əlbəttə, baş verənlərdə əsas günahkar həmin obyektlərdə qida təhlükəsizliyinə məsul olanlardır.
Qeyd edək ki, hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicə alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstrəilidikdən sonra ambulator müalicə üçün evə buraxılıb. TƏBİB-in ictimaiyyətlə əlaqələr sektorundan “Yeni Müsavat”a verilən məlumata görə, 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsinin olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin məktəblərdə müvafiq xidmətin göstərilməsi ilə bağlı təlimatı var. Orada qeyd olunur ki, evdən gətirilən un məmulatlarının satışı, ət məhsulları, hisə verilmiş məhsulların satışı qadağandır. Məktəblərdə ət məhsullarının satışının qadağan olunması ilə bağlı suala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, nəticələr barədə məlumat veriləcək.
Onu da diqqətə çatdıraq ki, valideynlər zaman-zaman övladlarının məktəbdən aldıqları qidalardan şikayət edirlər. Bizimlə söhbətdə valideyn Zülfiyə Əliyeva qeyd edir ki, uşaqlarına artıq məktəbdən nə isə almağa icazə vermir: “Bir neçə dəfə olub ki, evdə uşağın çantasına qoymağa heç nə olmayıb, pul vermişəm ki, bufetdən alsın. Həmin gün uşaq qarın ağrı, ürək bulanması ilə evə gəlib, halbuki uşağı sağlam şəkildə məktəbə göndərmişəm. Soruşuram, deyir, ”bulka" yemişəm. Bəlkə də köhnə olub, nə bilirik. Deyirlər valideynlər nəzarət etsin, necə edək? Məktəbin heç qapısından belə içəri buraxmırlar, o da qalmışdı ki, bufetə gedib baxaq. Bu cür hadisədən sonra necə etibar etmək olar?!"
Bəs nə etməli, uşaqlar, valideynlər nələrə diqqət etməlidir?
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olduğu üçün yoxlamalar aparmır: “Biz əhalidən gələn şikayətləri tədqiq edirik, dövlət orqanlarının qarşısında qaldırırıq. Qeyd edim ki, hələ Standartlaşdırma üzrə Komitə olan zaman məktəb bufetləri üçün standartlar hazırlandı. Məktəb bufetlərində bir sıra məhsulların satışı qadağan olundu, o cümlədən də kolbasalar, sosiskalar, qazlı içkilər, ”Coca-Cola" və sair. Hazırda məktəblərdə, xüsusilə region məktəblərinin bufetləri icarəyə verilib. Ayrı-ayrı sahibkarlar bununla məşğul olur.
Məktəb bufetləri özbaşına qalıb. Çox yaxşı haldır ki, AQTA monitorinqlər aparır bu sahədə. Lakin ictimai nəzarət burada yerində olmalıdır. Xüsusilə valideynlər komitəsi fəal olmalıdır. Məktəb müəllimləri ilə əlbir işləməlidirlər və daim məktəb bufetlərində monitorinqlər aparmalıdırlar. Deyirlər zəhərlənmə toyuq ətindən baş verib. Toyuq əti tez çirklənən ərzaqdır. Əminəm ki, bunun səbəbini qətiyyən toyuq ətinin istehsalçısında tapmayacaqlar. Çünki 26 ildir biz hələ bir dəfə də sənaye üsulu ilə istehsal olunan məhsuldan zəhərlənmə zamanı hüquqi nəticə əldə edə bilməmişik. Çünki hər bir məhsulun sertifikatı var. Sertifikat verdisə, Azərbaycan həkimlərinin əlini kəsəsən də yazmaz ki, zəhərlənmə filan sənaye üsulu ilə hazırlanan məhsuldan olub. Mütləq bunu yıxacaqlar ya mətbəxdəki soyuducunun üstünə, ya oradakı adamların, ya da şagirdlərin öz üzərinə. Hələ bu vaxta kimi biz zəhərlənmədən əzab çəkmiş adamlara kompensasiya verilməsinə nail ola bilməmişik. Çünki hamısında istehlakçının özü günahkar çıxarılıb".
Ekspert əlavə edib ki, bu vəziyyətdən qaçmaq üçün əlbəttə ciddi maarifləndirmə işi aparılmalı, ictimai nəzarət güclənməlidir: “Valideyn komitələri, müəllimlər, sinif rəhbərləri ciddi nəzarət etməlidirlər. Kiçik bir problem görən zaman mütləq AQTA-ya məlumat verilməlidir. Əlbəttə, Azad İstehlakçılar Birliyi mükəmməl işləsə belə məsələlər az olar. Təəssüflər olsun ki, birliyimiz istədiyimiz səviyyədə deyil, bizim günahımız da var bu məsələdə, ona görə bu kimi hallar baş verir”.
Ağa Salamov
Qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov isə bildirib ki, həm məktəblərdə, həm də universitetlərdə yeməklər gənclərin qida rasionuna uyğun şəkildə hazırlanmalıdır: “Misal üçün, təhsil müəssisələrinin bufetlərində rəngli və qazlı içkilər satılır. Fosfor turşusu ilə zəngin olan bu içkilərin PH səviyyəsi aşağı, şəkər miqdarı yüksək olur. Bu da gələcəkdə şagird və tələbələrdə şəkərli diabet, ürək-damar xəstəliklərinə yol aça bilər. Bu səbəblə bufetlərdə adi qazsız suların, zərərsiz qazıl içkilərin satılması həm sağlamlıq, həm də qiymətlər baxımından daha məqsədəuyğundur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”