Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitler və Göbbelsi heyrətləndirən sovet qadınları – 41-45-də 1 milyon qadın döyüşüb


II dünya müharibəsində SSRİ yeganə ölkə olub ki, qadınlar kütləvi şəkildə orduya çağrılıb. Müharibənin ilk günlərindən onlar orduya tibb işçisi kimi cəlb olunsalar da, sonralar sovet qadınları bütün qoşun növlərində təmsil olunublar.

Dövlət Müdafiə Komitəsi qadınların səfərbərliyi haqqında rəsmi olaraq üç dəfə qərar qəbul edib: 25 mart, 15 aprel, 18 aprel 1942-ci ildə. Bu qərarlarla orduya 490 min 235 qadın çağrılıb və döyüş bölgələrinə göndərilib. Bundan əlavə, orduya könüllü qatılanların sayı da az olmayıb. Ümumittifaq komsomol komitəsinin çağırışı ilə müharibəyə könüllü yollanan qadınların sayı 220 min nəfərdən artıq olub. Bütün bunlarla yanaşı, minlərlə qadın parizan dəstələrində düşmənə qarşı mübarizə aparıb. Ümumilikdə 1941-1945-ci illərdə nasist Almaniyası ilə mübarizədə təxminən bir milyona yaxın sovet qadını fəal iştirak edib.

c2b17dfd7e507fcc31efda61c81d1c02.jpg (112 KB)

Almaniyada qadınlar hərbi xidmətə çağrılmayıblar. Qadınlardan yalnız bəzi hallarda terror aktlarının və diversiyaların həyata keçirilməsində istifadə olunub. Məhz bu baxımdan SSRİ-də qadınların orduya çağırılması nasist Almaniyasında təəccüblə qarşılanıb. Adolf Hitler qadınların müharibədə iştirakını ağlasığmaz hərəkət kimi qəbul edib. Müharibə illərində isə SSRİ-nin bu “ağlasığmaz hərəkəti”, sovet qadınlarının müharibədə iştirakı daha “maraqlı” faktlarla fürerin böyük təəccübünə səbəb olub.

1943-cü ilin fevralından, Vermaxt qoşunlarının Stalinqrad döyüşlərində məğlubiyyətindən sonra Almaniyanın uğursuz hərbi əməliyyatları və bunun fonunda addım-addım məğlubiyyətə doğru getməsi bütövlükdə müharibənin gedişində aydın bir mənzərə yaradıb. Hitlerin hərbi stavkasında uğursuzluqların səbəbi müzakirə olunanda sovet ordusundakı qadınların rolu da səbəb kimi göstərilib.

zhenschini_geroi_620.jpg (136 KB)

Xüsusilə, almanlar tərəfindən “gecə şeytanları” adlandırılan, Vermaxt qoşunlarını gecələr qorxuya salan qırıcı təyyarələrin qadın pilotları, partizan hərəkatındakı qorxmaz qadınlar, o cümlədən kəşfiyyat xidmətlərində qulluq edən xanımların SSRİ-nin qələbəyə doğru getməsində xidmətləri heç də az olmayıb. Təsadüfi deyil ki, müharibədə iştirak edən sovet qadınlarının 150 min nəfəri yüksək dövlət mükafatları ilə təltif olunublar, 96 qadın isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

1944-cü ildə isə Yozef Göbbelsin Hitlerə verdiyi bir məlumat füreri sözün əsl mənasında çaşdırıb. Təbliğat naziri Hitlerlə görüşlərinin birində bildirib ki, əsir düşən sovet hərbçi qadınlarının 90 faizi bakirə qızlardır. Göbbels fikirlərini aşağıdakı kimi davam etdirib:

plennye-768x552.jpg (94 KB)

- Almaniyadakı psixoloq və sosioloqların qənaətinə görə, rus qadınları alkoqollu içkilərə meylli, yüngül həyat tərzinə daha çox üstünlük verirlər. Yəni onları asanlıqla ələ almaq mümkündür. Hətta kəşfiyyat işlərinə cəlb edilmələri də asan prosedur ola bilər. Amma tərəfimizdən aparılan araşdırmalar tam fərqli fikir yaradır. Hazırda əsirlikdə saxlanılan və ərə getməmiş qadınların 90 faizi bakirə qızlardır. Bu sovet cəmiyyətində əxlaq normalarına ciddi riayət edilmənin ifadəsidir. Belə bir ölkəyə qalib gəlmək çətin məsələdir. Əsirlikdə olan sovet qadınları arasında təbliğat aparmaq, onlarda antisovet ruhu yaratmaq mümkünsüzdür.

Fürerin göstərişi ilə əsir qadınları nasist qayda-qanunlarına tabe etmək üçün ən ağır işgəncələrdən istifadə edilib. Hələ 1942-ci ildə Vermaxtın 4-cü ordusunun komandanlığı əsir düşən qadınları yerində güllələmək barədə qərar qəbul edib. Belə ki, zərif cinsin nümayəndələrinin heç işçi qüvvəsi kimi də istifadəsi məqsədəuyğun sayılmayıb. Amma az sonra əsir düşən sovet qadınları işğal olunmuş ərazilərdəki düşərgələrdə saxlanılıb. Daha sonra onların böyük bir qismi Berlindən 90 kilometr aralıda yerləşən Ravensbryuk qadın düşərgəsinə aparılıb.

zhenschini_geroi_vrez1_600.jpg (139 KB)


Ravensbryukda sovet qadınları çətin islah olunan və düşərgə qaydalarına tabe olmaq istəməyən məhbuslar kimi ayrıca baraklarda saxlanılıb. Bu düşərgədə sovet qadınları ilə nəzarətçilər arasında, demək olar ki, hər gün qarşıdurma yaranıb. Ən böyük qarşıdurma isə 1943-cü ildə baş verib. Sovet qadınları alman əsgərləri üçün hərbi forma tikməkdən imtina ediblər. Düşərgənin rəisi Frits Zuren 500 qadın əsiri yarıçılpaq vəziyyətdə düşərgə ətrafındakı qəsəbəyə çıxararaq marş əmrini verib. Qadınlar minlərlə insanın qarşısında yürüş edərək rus hərbi marşını oxuyublar. Bu ifadan sonra onlardan 200 nəfəri işgəncə nəticəsində vəhşicəsinə öldürülüb.

Ümumiyyətlə, Ravensbryuk əsir düşərgəsi almanların ən dəhşətli cəza müəssisələrindən biri olub. Bu düşərgədə yüzlərlə qadın üzərində tibbi sınaqlar keçirilib.

1-4.jpeg (128 KB)

Maraqlı faktlardan biri də odur ki, Ravensbryuk düşərgəsində bir nəfər də olsun sovet qadını alman kəşfiyyatına işləməyə razılıq verməyib.

Ravensbryuk əsir düşərgəsi 78 il öncə, 1945-ci ilin aprel ayında sovet qoşunlarının nəzarətinə keçib. Həmin ərəfədə düşərgədə təkcə 4 minə yaxın ölüm ayağında olan sovet qadını saxlanılıb.

Müharibədən sonra İosif Stalin qələbənin təmin olunmasında sovet qadınlarının rolunu, onların şücaətini, göstərdikləri qəhrəmanlıqlarını öz çıxış və məruzələrində dəfələrlə ifadə edib.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10