Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Dağlıq Zuvand kəndində adamlar doğrudanmı özləri özlərinə iynə vurur?


Rəsmi mövqelər, şikayətçiinin təkidi və...

Bu gün insanları xaraba yollar,  sınıq-salxaq elektrik dirəkləri və sair sosial problemlərlə təəccübləndirmək çətindir. Birincisi, hətta paytaxt daxili ərazilərdə elə nöqsanlar görürük ki, yaxınlıqdakına şükür edirik. Məsələn, Bakı şəhərinin 5 kilometrliyindəki 100 mindən artıq əhalisi olan Sulutəpə qəsəbəsindəki dəhşətli problemlər buna nümunə ola bilər.

İkincisi, obyektivlik xətrinə deyək ki, bu sahədə son illər bir sıra uğurlu işlər görülüb. Təkcə Masallıda son illər 50 kilometrdən artıq kənd yoluna asfalt döşənib. Elektrik xətləri yenidən qurulub. Bir neçə kənddə sürətli internet sistemiı qurulub. Yeni məktəblər tikilib və sair.

Həmişə sosial problemləri  ilə seçilən, Masallının  dağlıq ərazində yerləşən Güllütəpə kəndində də  bir sıra işlər görülüb. Ərazidə yollara 10 km. məsafəyə asfalt döşənib, Güllütəpə, Zuvand, Yolağac kəndlərində yeni məktəblər tikilib.

Lakin yenə də narazılıqlar var. İctimai fəal Çingiz Cabbarov yazır ki, son vaxtlar Yeni Zuvand kəndində 3 yeni transformator qoyulsa da, 500-ə yaxın yeni elektrik dirəkləri  basdırılsa da, bu dirəklərin dibinə beton vurulmayıb və dirəklər indidən aşır.

Masallı Enerji Satış İdarəsinin rəhbəri Samir müəllim bu barədə şifahi sorğumuzu cavablandıraraq bildirib ki, həmin ərazidə  işləri görən təşkilat tərəfindən obyekt hələ bizə təhvil verilməyib. Yaxın vaxtlarda yenidənqurma işləri təhvil alınarkən bu problem həll olunacaq.

C. Cabbarovun 2-ci gileyi tibb xidmətindəndir. O yazır ki, 500-dən artıq əhalisi olan (Köhnə) Zuvand kənddə həkim yoxdur. Adamlar özləri özlərinə iynə vurur.  Masallı Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsi, direktpru  İlqar Ramizoğlu bu olaya münasibət bildirərək dedi ki, Zuvand kəndində həkim məntəqəsi yox, tibb məntəqəsi var. Tibb məntəqəsinin isə 2 işçisi olur – tibb işçisi və xadimə. Həmin kəndə təyin edilən Tibb işçisi olan qadın hazırda analıq məzuniyyətindədir, yerinə də təyinat olmayıb. Bir də xatırladım ki, tibb məntəqəsindəki tibb işçisinin səlahiyyətləri azdır. Yəni,  həkimin təyinatı olmasa, o heç iynə də  vura bilməz. Digər zəruri hallarda isə Təcili Yardım çağrılmalıdr. 

Amma şikayətçi Ç. Cabbarov bu cavabla kifayətlənmir. Bildirir ki, 2, 5 ildir ki,  Zuvanddakı həmin tibb məntəqəsində çalışan Tibb yaşa görə pensiyaya çıxıb.  O vaxtdan məntəqədə həkim görən yoxdur.  Analıq məzuniyyətə çıxan hansı həkimdir ki, heç onu kənddə tanıyan, bilən olmayıb? (Şəkildə görüdüyünü 15 kv.m-lik tibb məntəqəsi aylarla, illərlə bağlıdırsa, xadimə orada nə işlə məşğuldur? Hansı ki, onu da tanıyan yoxdur. Necə olur ki, 1-2 aylıq kursları bitirən onlarla, yüzlərlə “həkim” iynə vurub, sistem köçürə bilir, amma rəsmi tibb işçisi iynə vura bilmir. Hörmətli direktor zəhmət olmasa açıqlansın ki, həmin həkim kimdir, nə vaxt, ilin hansı ayında, günündə bu kəndə təyinat alıb ki, indi də analıq məzuniyyətinə çıxıb? Bizdə məlumat var ki, əksər həkim məntəqələrində “ölü”, yaxud yarı “ölü canlar” , ya işə gəlmir, yada 50-50-yə işləyirlər. Yaxşı olar ki, kəndbəkənd  həkimlərin, tibb işçilərinin adlı siyahısı paylaşılsın ki,  hamı bilsin, nə nədir, yaxud kim kimdir?  Hələ sığorta “şapkası” – filanı, güzəştli dərman və digər məsələlərdən hələlik söz açmırıq. Amma bu sahədə aşkarlığı təkidlə və kütləvi şəkildə tələb edəcəyik. İnanırıq ki,  hələ ki paklıq siyasəti yeridən icra başçısı Araz müəllim bu məsələyə biganə qalmayacaq.

Hələ ki, 1200 əhalisi olan Köhnə Zuvandda  həkim tapılmır. İnsanlar özləri, özlərinə iynə vurur.

Çingiz Cabbarovun şikayəti əsasında cenub.az üçün hazırladı:Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10