Bir müharibə iştirakçısının ömür yolundan...
Müharibə dəhşətləri ilə kimisə təəccübləndirmək çətindir. Həmin od-alovun içində kimsə hətta 1-2 həftə belə döyüşübsə, o da unudulmamalıdır.
1941-1945 Böyük Vətən müharibəsindən Masallı rayonundan da yüzlərlə insan iştirak edib. Müharibəyə gedənlərin yarıdan çoxu ya qayıtmayıb, ya da aldığı yaralardan qısa zamanda dünyasını dəyişib. Masallıda müharibənin ağrı-acısını yaşayanlardan biri də əslən Masallının Qasımlı kəndindən olan Fəyyaz kişidir. Nəvəsi Mehdi Fəyyazov Dövlət Arxivindən onun haqqında aşağıdakı məlumatları əldə etmiş:
“Fərəcov Fəyyaz Qasım oğlu 1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində anadan olub. Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən sayılırdı.
O, 1941-ci ildə Masallı rayonu Hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmətə başlayıb.
1941-ci ildə Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşub.
1942-ci ildə cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə başından ağır yaralanaraq alman ordusu tərəfindən əsir götürülür. Əsirlikdə olarkən Stalino (indiki Donetsk) və Almaniyanın Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir.
SSRİ hökumətinin 10 saylı fərmanına əsasən, 19 noyabr 1944-cü ildə İngilis komandanlığı tərəfindən 2909 nömrəli SSRİ eşelona (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır.
21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərində işləməyə göndərilmişdir. O, 1947-ci ilin aprel ayınadək mədəndə işləmişdir.
Daha sonra öz doğma kəndinə qayıdır və dini təhsilini Mirhüseyn ağadan alaraq digər mollalarla yanaşı məsciddə Quran dərsi verməyə başlayır. Öz bilik və bacarığını gələcək nəsilə öyrədir. Azərbaycan, rus və ərəb dillərini bilib.
Mükafatları: \"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə\" medalı,
\"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi\" yubiley medalı, \"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi\" yubiley medalı, SSRİ Müdafiə Nazirliyi tərəfindən 6 aprel 1985-ci ildə II dərəcəli Böyük Vətən müharibəsi Ordeninə layiq görülüb.
Uzun sürən xəstəlikdən sonra 19 may 1998-ci ildə Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndində vəfat edib. Qasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb”.
Övladlarının söylədiyinə görə Fəyyaz kişi çox zəhmətkeş və dindar adam olub. Əsirlikdə yaşadığı aylar onun həyatında əzablı izlər qoyub. Danışırmış ki, almanlar hərbi sirrləri öyrənmək üçün onlara çox əzablar verib. Həm də xatırlayırmış ki, kimlər sirrləri açıb, öz sovet ordusuna xəyanət edirmiş, onun artıq istifadəsiz məhsul kimi güllələyirmişlər. Fəyyaz kişi vətəninə, millətinə bağlı əsgərlərdən olub.
Nəvələri öz qəhrəman babaları ilə qürur duyur.
Hazırladı: Arzu