Tariximizi sevənlər və yaşadanlar bir arada
Ötən şənbə günü Astara Rayon Mərkəzi Kitabxanasında bölgəmizdə tarixmizlə bağlı olduqca maraq bir tədbir düzənlənmişdi
Tədbir “Astaranının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı ilə bağlı idi. Kitabın müəllifləri tədqiqatçı-tarixçilər, Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi İldırım Şükürzadə və Astara rayonunun Sərək kənd tam orta məktəbinin direktoru Nuranə Həmidova yəqin ki, çoxlarınıza tanışdır. Bu şəxslər son illər bölgəmizin tarixi ilə bağlı olduqca maraqlı və dəyərli araşdırmalar aparıblar. Xüsusən, bu sahədə 10-dan artıq kitabın müəllifi olan İldırım Şükürzadəninin xidmətləri əvəzsizdir. Eləcə də Nuranə xanımın gənc-tədqiqatçı kimi araşdırmaları böyük maraq doğurur.
Tədbirin aparıcılığı cenub.az saytının rəhbəri Zahir Əmənova etibar edilmişdi.
Xatırladaq ki, bölgənin tarix və mədəniyyət abidələri ilə bağlı ilk mükəmməl nəşr ötən il işıq izi görən 366 səhifəlik (İldırım Şükürzadə və Zahir Əmənovun müəllifliyi ilə) “Masallının tarix və mədəniyyət abidələri” kitabı oldu. Ötən ilin sonunda isə “Astaranın tarix və mədəniyyət abidələri” kitabı işıq üzü gördü. Hazırda Lənkəran rayonu üzrə eyni məzmunlu kitab çapa hazırlanır.
Astaranın tarix və mədəniyyət abidələri ilə bağlı yüksək poliqrafik şəkildə çap olunan kitabda Astara rayonunun 102-si rəsmi olmaqla, ümumilikdə 150 tarix və mədəniyyət abidəsi haqqında məlumat verilir.
Konkret olaraq 145 səhifəlik kitabda 14 kurqan (qəbir abidəsi), 18 nekropol (qəbiristanlıq), antik və orta əsrlərə aid yaşayış yeri, 6 qala, 13 ziyarətgah, 21 məscid, 1 təkiyə, 1 kilsə, 3 hamam, 21 ləm, 3 bina, 3 körpü, 1 dəyirman, 2 bulaq, 3 park-xiyaban, 14 abidə (heykəl-büst), 2 muzey və 8 dekorativ-tətbiqi sənət nümunəsi haqqında məlumat verilmiş və eyni zamanda 94 şəkil yer almışdır.
Tədbirdə astaralı ziyalılarla yanaşı Lənkəran, Masallı, Lerik və Bakıdan dəvət olunan qonaqlar da iştirak edirdi. Dəvətlilər sırasında alimlər, şairlər, yazıçılar, jurnalistlər, müəllimlər, dövlət qulluqçuları, hərbçilər, mədəniyyət xadimləri və digərləri var idi. Tədbirə gələnlər hamısı ürəyi dolu gəlmişdi. Belə ki, 10-da artıq şəxs çıxış etsə də, yenə də hamıya söz vermək imkanı olmadı.
Tədbirə Bakıdan qatılan, əslən Lənkərandan olan 936 səhifəlik ” Lənkəran Qəzasının kameral təsviri” kitabının həmmüəliflərindən biri Rəzzaq Xansuvarovun (digər həmmüəllif Ağaəli Varsaman) çıxışı məclisə özgə rəng qatdı. Bundan əlavə Tarix üzrə fəlsəfə doktorları Leyla Məcidova, Fəxrəddin Hüseynov, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, İdarənin Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Dövlət qulluqçusu Rafiq Məmmədov, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, Filoloq-araşdırmaçı Hacı Allahverən Nəzərov, "Astara" qəzetinin müxbiri, "Tərəqqi" medallı Gülnar Əsədli və digərlərinin çıxışları çox maraqla qarşılandı.
Tədbir iştirakçıları kitab və onun müəllifləri haqqında xoş sözlər səsləndirmiş, müəllifləri təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
İnanırıq ki, yaxın vaxtlarda bölgəmizin tarixi abidələrlə zəngin olan Lənkəran, Cəlilabad, Yardımlı, Lerik rayonlarının tarixi və mədəniyyət abidələrə ilə bağlı kitabların təqdimatına toplaşmaq şansımız olacaq.