Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xocalı sakini: “Ağdamın məscidinə meyitlə dolu bir “KamAZ” gəldi” - MÜSAHİBƏ


“Mən evdən ayrılanda həyat yoldaşım Vasif öz şəklini verdi. Dedi ki, “dünyanın işini bilmək olmaz, bəlkə qayıda bilmədim. Şəklim səndə qalsın”. Sanki hiss etmişdi”.
 
Bu sözləri müsahibəsində 1992-ci il fevralın 25-dən 26-a keçən baş verən qətliamın şahidi olan Xocalı sakini Ceyran Əzizova deyib.
 
Müsahibəni təqdim edirik:
 
- Ceyran xanım, Xocalı xatirələrinizi bizimlə bölüşməyinizi istərdim. Xocalı xatirənizdə necə qalıb?
 
- Biz yerli xocalıyıq. Yoldaşımın da, mənim də valideynlərim xocalıdandırlar. 1992-ci il fevral ayının 13-ə qədər mən özüm də Xocalıda idim. Hələ çıxmamışdım. Xocalıda vəziyyət yaxşı deyildi, ərzaq tükənmiş, insanlar öz ehtiyaclarını ödəməkdə çətinlik çəkirdilər. Yollar bağlanmışdı.
 
Hər an hər şey gözlənilirdi. Ətrafda azərbaycanlıların yaşadıqları ərazilər boşaldılırdı. Fevralın 11-də Şuşa, Xankəndi yaxınlığında olan Malıbəyi ilə Quşçuları ermənilər aldılar. Atəş səsləri eşidirdik. Bilirdik ki, bizi də o hücum gözləyir.
 
Həyat yoldaşım Milli Orduda xidmət edirdi. Döyüşə gedirdi, hər gün müxtəlif postlarda olurdu. Yoldaşım dedi ki, “sizdən narahat qalıram, buradan çıxmalısınız”. Nəhayət fevralın 12-də uşaqlarımı götürüb, aeroporta gəldik.
 
- Həmin gün Xocalını tərk edə bilmədiyinizi dediniz. Xocalıdan sonra hansı ərazidə məskunlaşdınız?
 
- İki vertolyot gəldi. Xəstələri, yaralıları, körpələri öncə mindirdilər. Sonuncu vertolyota da çıxa bilmədim. İki uşaqla evə geri qayıtdım. İki oğlum var idi. Birinin bir, digərinin 2-i yaşı var idi.
 
Həmin gün gecə ermənilər bizi mühasirəyə aldılar. 15-20 dəqiqə ərzində Xocalıya güllələr dolu kimi yağdı. Onlara cavab atəşi verilmədi. Çünki buna imkan yox idi. Özləri sonradan sakitləşdilər. Övladlarımla birlikdə pəncərənin altına sığındıq. Uşaqları qorumağa çalışırdım.
 
Səhəri gün fevralın 13-də vertolyota tərəf yola düşdüm. 400 adam var idi. Əhali qarışqa kimi idi. Baxdım ki, vertolyotun arxa tərəfini açıblar. Yenə çıxa bilmirdim. Köməkliklə vertolyota minə bildim. Vertolyot qalxan kimi Boz dağının başından ermənilər bizi vurmağa başladılar. Vertolyot bizi Gəncəyə gətirdi. Sonra bacımın həyat yoldaşı bizi Gəncədən Ağdama apardı.
 
- 1988-ci ildən təxribatların başladığını dediniz. Bu cür qətliam törədəcəkləri ağlınıza gəlirdimi?
 
- Təxribatlar 1988-ci il fevralın 12-dən başlamışdı. Ermənilərin içərisində işləyən azərbaycanlılara təkliflər edirdilər. Təklifi rədd edənləri işdən çıxarırdılar. 1989-cu ilin ortalarında camaatı işdən çıxardılar, bundan sonra ermənilərlə bizim aramızda nümayişlər başladı. 1991-ci ilin avqust-sentyabr aylarında isə tərəflərdən ölənlər oldu. Elə bir gün yox idi ki, hücum olmasın.
 
- Xocalıya hücum edildiyini necə öyrəndiniz?
 
- Hücumun səhəri günü Ağdamda dükana getmişdim. Dükanda Xocalıya hücum edildiyini, cəmi 30 nəfərin özünü xilas edə bildiyini eşitdim. Həmin an nələr keçirdiyimi dilə gətirə bilmərəm. Hər kəs Xocalıda faciədən danışırdı. Lakin heç kəs məsələnin mahiyyətini dərk etmirdi. Hadisənin dərinliyini iki-üç gün sonra başa düşdük.
 
- Yaxınlarınız arasında əsir və itkin düşən oldu?
 
- Xəbəri alandan sonra Ağdamda xəstəxanaya gəldik. Xocalının bir hissəsi bizə qohum idi. Qohumlarımı gördüm. Tanınmaz halda idilər. Mənim 27 yaşım var idi. İnsan doğmalarını elə görəndə çox pis olur. İki gün heç kəsdən xəbər tuta bilmədik. Daha sonra dedilər ki, əsirlikdən qadınları qaytarırlar.
 
Qayınanam əsir düşmüşdü. Fevralın 28-də qayınanam əsirlikdə olanların içində gəldi. Ondan məlumatları ala bildik. Qaynımın meşədə öldürüldüyünü, yoldaşımın və digər qaynımın əsir düşdüyünü dedi.
 
Martın 2-də Ağdamın məscidinə meyitlə dolu bir “KamAZ” gəldi. Yoldaşımın meyiti də gəldi. Martın 3-də Ağdamda dəfn etdik. Həmin gün qapıya 4 meyit gəldi. Qaynımın oğlu, yoldaşım, yoldaşımın xalasının əri, baldızımın yoldaşının nəşləri gəldi. Digər qaynımın nəşi sonradan gəldi.
 
- Hər il bu günü necə qeyd edirsiniz?
 
- Elə bir gün yoxdur ki, bizim evdə Xocalının adı çəkilməsin. Elə bir şey ola bilər ki, insan doğmasını xatırlamasın? Viran qalmış evini unutsun? Biz qaçqınlığın hər üzünü yaşamışıq. Elə bir gün yoxdur ki, Xocalını anmayaq. Biz hər gün ora qayıdacağımıza ümid edirik.
 
- Qələbə xəbərini necə qarşıladınız?
 
- Namərdlik olaraq ki, torpağın qayıtmağına sevinməyəsən. 2020-ci il sentyabr ayının 27-də başlayan müharibə xəbərini hər bir azərbaycanlı ailəsi kimi biz də sevinc və kədərlə qarşıladıq. Qələbə çalacağımızı bilirdik. Bir tərəfdən şəhid verəcəyimizə üzülürdük. Mənim oğlum özü də həmin vaxt Səfərbərlik Xidmətinə müraciət etdi. Lakin onu aparmadılar.
 
Şükür qələbə qazandıq. Biz inanırıq ki, öz torpağımıza qayıdacağıq. Mən hələ Qarabağ torpağında olmamışam. Şuşaya, Ağdama getməmişəm. Xocalıya qayıtmaq ümidi ilə yaşayıram./Oxu.Az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10