Müğənni Bahar Lətifqızı haqqında maraqlı faktları təqdim edirik.
Əsl adı Samirə, soyadı Şahverdiyeva olan Bahar Lətifqızı 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Altı yaşına qədər ata, ana himayəsində yaşayan Baharın valideynləri sonradan ayrılır.
Valideynləri ayrılandan sonra Bahar qardaşı ilə birlikdə 1 saylı internatda yaşamağa və orada oxumağa başlayır. Həmin günləri müsahibələrinin birində Bahar belə xatırlayır:
“Uşaqlara qulluq edirdim, analıq etməyə çalışırdım. İkinci sinifdə oxuyurdum, qardaşımın corabları təmizdirmi, səhər dərsə nə geyinəcək deyə düşünürdüm. Səhər dərsə gedirdik, günorta yeməyindən sonra iki saat gəzirdik. Axşam hazırlığından sonra yemək yeyib yatırdıq. Palatanı özümüz yığışdırırdıq, paltarlarımı özüm yuyurdum. Çox adam elə bilir ki, mənim anamın evi olub, amma bizi internata qoyub. Xeyr, belə deyil. Atamla anam ayrıldı. Sonra atam rəhmətə getdi. Anam ikinci dəfə ailə qursa da, bizi dolandıra bilmədi. O, çöllərdə qalırdı. Heç kim mənim anamı təhqir edə bilməz, mən həmin adamı bağışlamaram. Anamı sevdiyim qədər nifrət etmişəm, nifrət etdiyim qədər də sevmişəm. Anam bizi internata qoyandan sonra yanımıza gəlib gedirdi, amma mən onu istəməmişəm. Qəlb şüşə kimidir, qırıldı, qurtardı. Mən istəməzdim internatda qalım. İstəyirdim ki, anamın yanında yatım gecələr. Səhərlər məni məktəbə yola salsın, saçlarımı darasın. Bunların heç biri olmadı, mən özüm öz başıma böyüdüm. Qardaşıma həm bacı, həm də ana oldum. O da mənim həm atam, həm anam olub. Mənim qardaşımla uşaqlıq şəklim azdır. Hətta bir şəklimiz var. O şəkli mən yataq otağımdan vurmuşam. Hər səhər o şəklə baxıb, Allaha şükür edirəm. O vaxtlar qardaşımın yanından ayrılmırdım. Qardaşım futbol oynamağa gedəndə, onun şalvarından yapışıb qalırdım. Hətta o, mənə acıqlanırdı, deyirdi, rədd ol burdan. Amma mən yenə ondan əl çəkmirdim. Bayramlarda uşaqların anasının əlindən tutub getməsinə baxıb ağlayırdım. Deyirdim, kaş, o uşaqların yerinə mən olardım”.
***
Günlərin birində Məmmədbağır Bağırzadə ilə Hüseyn Arif Bahargilin qaldıqları internata qonaq gəlirlər. Bahar Məmmədbağır müəllimə yaxınlaşıb deyir, əmi, məni bir günlük evinizə apararsınız? Məmmədbağır Bağırzadə isə onun başını sığallayıb gülümsəyir.
***
İnternatda təhsil aldığı illərdə Sumqayıtda yerləşən klubların birinə musiqi qabiliyyəti olan istedadlı uşaqlar cəlb olunur. Klubda fəaliyyət göstərən Sədulla adlı tarzən internata gələrək Baharı həmin kluba aparır. Burada Bahar konsertlərə hazırlaşır, özfəaliyyət tədbirlərində oxuyur.
***
Bahar internatda yaşadığı illərdə çox əziyyətlər çəkir. Bir qarnı ac, bir qarnı tox yaşamağa öyrəşir. Hətta bir dəfə yay vaxtı zibilxanadan tapdığı qarpız qabıqlarını da yediyini etiraf etməkdən çəkinmir.
***
İnternat dövrü başa çatandan sonra Bahar qardaşı ilə birgə ordan çıxır. Bu zaman artıq Baharın anasına dövlət tərəfindən ev verilir. Onlar həmin evdə yaşamağa başlayır. Ancaq aclıq günləri bitmək bilmir. Bahargilin ailəsi internatdan sonrakı dövrlərdə də aclıq çəkirlər. Bahar tez-tez qonşulara çörək üçün borca gedir. Hər dəfə qonşularından çörək alanda, axşam çörəyi geri qaytaracağını söz versə də, buna əməl edə bilmir. Ona görə də o, qonşulardan utandığından axşam düşəndə evlərinin işıqlarını söndürür ki, qonşuları onların evdə olduğunu bilməsin. Sonralar isə o, qonşulara çörək üçün getməkdən utanır. Binalarının mərtəbələrində yığılan quru çörəkləri, vaxtı keçmiş piroq qırıntılarını böyük klyoklara yığıb evlərinə gətirir.
Ancaq evlərinə qayıdandan bir müddət sonra Baharın yaşadığı çətinliklər onun atalığının qohumlarının gözündən yayınmır. Baharın qardaşı əsgər gedir, anasını maşın vurur. Xəstə ana ilə tək qalan Bahara atalığının bacıları köməklik edir. Ona paltar alırlar, evlərində saxlayırlar. İş elə gətirir ki, Baharın atalığı da bir müddət sonra dünyasını dəyişir. Yaxşı səsi olan Bahar on altı yaşından toylara getməyə başlayır.
On səkkiz yaşında Bahar ailəsinin razılığı olmadan nişanlı olduğu oğlana qoşulub qaçır. Toyları olur. Ancaq Baharın bu evliliyi uğursuz alınır. İki il ailəli olan Bahar günlərin birində həyat yoldaşından ayrılmaq məcburiyyətində qalır. Bahar ikinci dəfə özündən yaşca böyük bir insanla ailə həyatı qurur. Doqquz il birlikdə yaşasalar da, Baharın övladı olmadığı üçün onlar ayrılırlar. Nəhayət Bahar üçüncü dəfə ailə həyatı qurur və bu evlilikdən onun bir qızı doğulur. Amma müğənni bu evliliyinə də müəyyən səbəblərə görə son verməli olur.
***
Bahar atasının ölüm xəbərini on beş yaşı olanda qohumlarının birindən öyrənir. Ağlaya-ağlaya evə gələn Bahar stolun altına girib paltar sərilən sancaqları götürüb çeynəyə-çeynəyə stulun altında oturub ağlayır. Bir saatdan sonra o, bütün sancaqları çeynəyib qırdığını görür.
***
Sonralar o, atasının qəbrini tapmaqda əziyyət çəkir. Atası əslən Füzulidən olduğundan bu işdə ona həmkarı və dostu Manaf Ağayev köməklik edir. Uzun illərdən sonra müğənni atasının qəbrini tapıb onun üstünü götürür.
***
Bahar musiqi aləminə el şənlikləri ilə gəlir. Bir müddət keçir özünə məxsus səsi qısa zamanda insanlar tərəfindən sevilir. Onu tamaşaçılara isə “Nənəmin nağılları” adlı ifa etdiyi mahnısı sevdirir. Bu həzin mahnı onun vizit kartı hesab olunur.
***
Hazırda iki qızı ilə birgə yaşayan müğənni keçmişinin ağrı-acılı günlərini unudub “Çağır aləmi”, “Gecələr”, “Divanələr” adlı mahnıları ilə pərəstişkarlarını sevindirir.
Bahar haqqında yayılan ən məşhur şayiələrdən biri isə onun iki qızından əlavə bir oğlunun olmasıdır. Deyilənlərə görə, müğənni oğlunu hər kəsdən gizlətmək üçün ciddi səy göstərib. Bu barədə ondan soruşanda belə cavab verir:
“14 il övladım olmadı, mən də arzulayırdım ki, mənim də övladım olsun. Ona görə də, iki dəfə ayrılmışam. Sonra iki qızım oldu. O oğlan, əslində, mənin oğlum kimidir. Onu da biləsiz. Mənim qardaşlığım Çingizin övladıdır. Biz ailəvi möhkəm dostuq. Özü ilə də, yoldaşı ilə, valideynləri ilə də. İstəmirəm belə şayiələr olsun. Baharın Tunar adında oğlu var, onu gizlədir. Yox, bu cür deyil. O, mənim bacımın, qardaşımın övladıdır”./kulis.az