“Atam Allaha, dinə çox bağlı insan idi. Hətta uşaq yaşlarında yas məclislərində, məscidlərdə nohə və mərsiyyə söyləyərdi. Yaxşı səsi olduğu üçün məsciddə azan da verib. Ulu nənəm onun axund olmağını istəyirdi. Yaşlı qadın idi də. Atam sonradan xanəndə olanda demişdi ki, mən onun axund olmağını istəyirdim, uşağım getdi nə oldu. Bilirsiniz ki, Sovet hakimiyyəti dindarlara, dinə qarşı mübarizə aparırdı. Məktəblinin də məscidə getməsinə qarşı idilər. Atam məscidə getməsinə görə müəllimi onu bərk danlayıb. Atam stulu götürüb onun başına çırpıb. O həmişə deyirdi ki, stulu götürüb “vızıllatdım”. Bu hadisədən sonra məktəbdən qaçır. Bir də məktəbə qayıtmır. Məktəb həyatı da 4-cü siniflə bitir”.
Bunu açıqlamasında xalq artisti, tanınmış xanəndə Hacıbaba Hüseynovanın qızı Sədaqət Hüseynova deyib.
“Ölümünə yaxın idi. Axşam oturub söhbət edirdik. Dedi ki, mən öləndən sonra dəfimi heç kimə vermə, özündə saxla. Təbii ki, mən heç kimə verməzdim. Yəni, o muzeyi nəzərdə tuturdu. O vaxtdan dəfi özümdə saxlamışam. Məcbur idim ki, dəfi satım, amma fakt dəf bu gün məndədir, əlimdən belə vermərəm onu” deyə sənətkarın qızı bildirib.
Sədaqət Hüseynova bildirib ki, atasına fəxri ad gec verilib.
“Fəxri adı 70 illik yubileyindən sonra verdilər. Əməkdar artist adını verdilər, 20 gündən sonra da xalq artisti fəxri adını. Amma bu ona heç bir mənfi təsir etmirdi. Bir kəlmə də eşitmədim ki, desin ki, bax filankəsə verdilər, mənə yox. Paxıl adam da deyildi axı! Hamı ona paxıllıq edirdi, o kimə edəcəkdi?! Bu insan şan-şöhrət, şöhrətpərəst biri deyildi. Onsuz da bilirdi ki, onu xalq istəyir! Hər dəfə də deyirdi ki, mən xalq istəsin, neynirəm o adı?! Düzdür, fəxri adı alanda fərəhləndi, laqeyd yanaşmadı. Ümumilikdə götürəndə o həyatda heç nəyin arxasınca qaçan biri deyildi. Hər şeylə qane olurdu, razılaşırdı. Bir başqa cür xasiyyəti var idi. O ancaq sənəti ilə şadlanırdı. Bilirdi ki, sənətinin peşəkarıdır” deyə sənətkarın qızı deyib.
Moderator.az