Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran. BOLADİ KƏNDİ


Boladi Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzi olan Lənkəran şəhərindən 18 km şimal-qərbdə, Boladi çayının sahilində yerləşir.

    Boladi kəndi şimaldan Masallı rayonu, cənubdan Şağlaser, qərbdən Zövlə kəndləri, şərqdən Liman şəhəri ilə həmsərhəddir. Kəndin ərazisi 1500 hektardır. Kənddə 1849-cu ildə 65 evdə 197 kişi (qadınlar sayılmamışdır), 1859-cu ildə 62 evdə 407 nəfər, 1873-cü ildə 107 evdə 612 nəfər, 1911-ci ildə 113 evdə 1154 nəfər, 1933-cü ildə 1966 nəfər, 1976-cı ildə 5233 nəfər, 1990-cı ildə 6190 nəfər, 1999-cu ildə 7742 nəfər, 2009-cu ildə 8435 nəfər, 2019-cu ildə 9670 nəfər yaşamışdır. Hazırda kənddə 10 min nəfər əhali yaşayır.

    Boladi kəndi Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında ərazisinə görə Lənkəran şəhərindən sonra ikinci, əhalisinin sayına görə isə Lənkəran və Liman şəhərlərindən sonra üçüncü yerdə durur.

    Boladi talış dilində şəffaf toponimdir. Toponim talış dilində “bol/bolə” – varlı, bollu və “di” – kənd sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “bollu kənd”, “varlı kənd” mənasını verir. Bəzən yanlış olaraq kəndin adı Boladı yazılır. 

    Boladi kəndi ərazisində rəsmən heç bir arxeoloji abidə (kurqan, nekropol, qədim yaşayış yeri, qala) qeydə alınmasa da, kəndin Seyidoba məhəlləsindəki “Bəylər” və “Qəriblər” qəbiristanlıqları, bu qəbiristanlıqlardakı köhnə qəbirüstü daşlar, “Bəylər” qəbiristanlığındakı iki kurqan (qəbir abidəsi olub, “torpaq təpə” deməkdir), kəndin Lütoba məhəlləsinin yuxarı hissəsində yerləşən “Qaraağac” (talış dilində qarağac “vızım”, “vızımə do” adlanır) ziyarətgahı   (ağacın 800 ildən çox yaşı olduğu ehtimal olunur) və kəndin ayrı-ayrı ərazilərində təsərrüfat işləri zamanı tapılmış maddi-mədəniyyət nümunələri – tunc qılınc, xəncər, saxsı qablar Boladinin qədim tarixindən, ulu keçmişindən soraq verir. 

    1984-cü ildə kəndin Seyidoba məhəlləsindəki çay sahilində ekskvator torpağın üst qatını götürərkən çoxlu saxsı qablar aşkar edildi. Bu əşyalar əsasən relyefli, aypara bəzəkli tunc qılınc və xəncərlərdən, o cümlədən çoxlu gil qablardan ibarət idi. Kəşfiyyat zamanı əldə olunan materiallar Lənkəran tarix-diyarşünaslıq muzeyinə və AMEA-nın Tarix İnstitutuna aparılmışdır. Müəyyən edilmişdir ki, Boladi kəndinin ərazisində hələ eramızdan əvvəl II minillikdə insanlar məskunlaşmış, ibtidai əmək alətlərindən istifadə etmişlər. Həmçinin, kəşfiyyat zamanı Boladi kəndi ilə Zövlə kəndi arasında yerləşən “Bəylər” qəbiristanlığının ətrafında mixi əlifba yazı nümunələri aşkar edilmiş və qədim insanın çənə sümüyü tapılmışdır. Alimlər sübuta yetirmişlər ki, bu yazılar İslamdan qabaqkı dövrlərə, yəni V-VI əsrlərə aiddir. Həmin tapıntılar tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-ya aparılmışdır (İsabala Xankişiyev, Hacı Etibar Əhədov. Boladi. B., 2003, səh. 18-19).

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Boladi kəndində 4 abidə - konkret olaraq 1 ləm (Seyidoba məhəlləsində yerləşir. Həsən kişinin ləmi; inv: 4798;  XIX əsr),  1 hamam (inv: 4799;  1914-cü il; hazırda mövcud deyildir), 2 məscid (Seyidoba və Mollaoba məhəllələrinin məscidləri; inv: 4833, 4834;  XIX əsr) yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.

    Qeyd edək ki, rus səyyahı və diplomatı Artemey Suxanov 1638-ci ildə qələmə aldığı “Rəştdən Qızılağaca qədər və Gilan vilayətinin sonuna kimi” kitabında adını qeyd etdiyi yaşayış məntəqələri və çayları sırasında Boladi kəndinin və Boladi çayının da adı vardır (Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. B., 1990, səh. 300).

    Kəndin iqtisadiyyatının əsasını əkinçilik və maldarlıq təşkil etmişdir.1960-cı illərin ortalarına qədər əkinçillikdə taxılçılıq, xüsusilə çəltikçilik mühüm yer tutmuşdur. Sovet dönəmində Boladidə kollektiv təsərrüfat yaradılmış (1931) və təsərrüfat müxtəlif vaxtlarda “Zarya Vostoka” (“Şərqin Şəfəqi”), “İnqilab”, “Zarya sosializma” (“Sosializmin şəfəqi”), M.C.Bağırov, N.S.Xruşşov və Nizami adlanmışdır. Təsərrüfat əvvəl kolxoz, 1964-cü ildən isə sovxoz kimi fəaliyyət göstərmişdir. Nizami adına sovxoz tərəvəzçilik, çayçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır.Nizami adına sovxozun illik çay planı 1989-cu ildə 860 ton, tərəvəz planı isə 16840 ton olmuşdur. Nizami adına sovxoz Lənkəran rayonunda Baloğlan Abbasov adına sovxozdan sonra (planı 17600 ton) ikinci ən böyük tərəvəzçilik təsərrüfatı sayılırdı. 1996-cı ildə Nizami adına sovxoz ləğv  edilmiş, yerində “Boladi” istehsalat kooperativi yaradılmışdır. 1997-ci ildə respublikamızda Aqrar islahat həyata keçirildi. İslahata əsasən kolxoz və sovxozlar, istehsalat kooperativləri ləğv edilərək, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanıldı.



    Boladi kəndində 2 tam orta məktəb, 2 diyarşünaslıq klubu, 3 kitabxana, xəstəxana, uşaq bağçası, məişət evi, poçt, ATS, 2 məscid, mağaza-dükanlar, ictimai iaşə obyektləri, bərbərxanalar və digər sosial obyektlər vardır. Kənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulmuşdur. 

    Boladi kəndində icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. İcra nümayəndəliyi əvvəl yoxsul komitə, kənd sovetliyi adlanmışdır. 1922-ci ildə Boladi kənd sovetliyi yaradılmışdır. Boladi kənd sovetliyi Boladi, Şağlaser, Separadi, Tükəvilə, Cil, Xarxatan və Zövlə kəndlərini əhatə etmişdir. Sovetlik 1936-cı ilədək fəaliyyət göstərmişdir. 1954-cü ildə mərkəzi Şağlaser kəndində yerləşməklə  və Boladi, Şağlaser, Cil, Xarxatan, Separadi, Tükəvilə və Zövlə kəndlərini əhatə edən Boladi kənd sovetliyi yenidən yaradılmışdır. Çox keçməmiş Şağlaser, Cil, Xarxatan, Separadi, Zövlə və Tükəvilə kəndləri Boladi kənd sovetliyinin tərkibindən çıxarılmış və bu kəndlərdən ibarət Şağlaser mərkəz olmaqla Şağlaser kənd sovetliyi yaradılmışdır. Boladi kənd sovetliyi 1992-ci ilin fevral ayından Boladi kənd icra nümayəndəliyi və ya rəsmən Boladi kənd inzibati ərazi dairəsi adlanır. 

    Boladi kənd bələdiyyəsi özündə 11 üzvü birləşdirməklə 2000-ci ilin yanvar ayında yaradılmışdır. Boladi kənd inzibati ərazi dairəsi və bələdiyyəsi tək Boladi kəndini əhatə edir. 

     Boladi kəndi Qarabağ – Vətən müharibəsində 13 şəhid vermişdir.

     4 sentyabr 2022-ci il kəndin tarixinə faciə (“Boladi faciəsi”) kimi daxil olmuşdur. Həmin gün Lerik rayonunun Günəşli (keçmiş Azərbaycan) kəndi ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində üçü bacı olmaqla 8 nəfər Boladi kənd sakini həyatını itirmişdir. 

    Boladi qədim tarixi, əhalisinin çoxluğu ilə yanaşı həmçinin özünün ziyalıları, əməksevər insanları ilə də nəinki respublikada, ölkə xaricində belə tanınır.  Kəndin tanınmışlarına misal olaraq kontr-admiral Arif Talışxanov, Birinci dərəcəli kapitan Rəfael Talışxanov, general-mayor Altay Mehtiyev, xalq artisti, müğənni Yalçın Rzazadə, əməkdar artist, aktyor Nazir Əliyev, şairlər Şəkər Aslan, İltifat Saleh, Süleyman Hüseynov, Salman Məmmədoğlu, Eldar İlqaroğlu, SSRİ Dövlət mükafatı laureatı Musa Babayev, SSRİ Ali Sovetinin deputatı (1985-1990) olmuş Gövhər Həsənova, filologiya elmləri doktoru, professor Səyadulla Babayev, filologiya elmləri doktoru Məsud Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Axundov, kimya elmləri doktoru, professor Atakişi Cabbarov, riyaziyyat elmləri doktoru, professor Seyidağa Həmidov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mirbaba Babayev, tibb üzrə fəlsəfə doktoru Şəmsəddin Abdullayev, biologiya üzrə fəlsəfə doktoru Məryəm Şəfiyeva, riyaziyyat üzrə fəlsəfə doktoru Arif Heydərov, filologiya üzrə fəlsəfə doktorları Əjdər Hüseynov, Şaiqə İsgəndərova, tarix üzrə fəlsəfə doktoru Rakif İbadov, texnika üzrə fəlsəfə doktoru Elşən Haşımov, əməkdar müəllim Əliməmməd Ağayev, tanınmış pedaqoq Musa Xanbabazadə, əməkdar aqronom Vəliağa Cavadov, Lənkəran MRX Konsultativ Poliklinika Şöbəsinin müdiri Zahir Axundov, LARTİ-nin Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, tanınmış jurnalistlər Azad Zülaloğlu, Füzuli İsmayılov və digərlərini göstərmək olar.

    İsabala Xankişiyev və Hacı Etibar Əhədovun həmmüəllifliyi ilə 2003-cü ildə 500 tirajla “Boladi” kitabı işıq üzü görmüşdür. “Boladi” kitabını Boladi kəndinin “pasport”u saymaq olar.                                                                   

                  İldırım ŞÜKÜRZADƏ,

 Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10