Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Göldə balıq yan gedir, ya göllər niyə vergidən yan keçir?


37 sututarın təmir və bərpası üçün 20 milyonluq vəsait Masallıda necə xərclənib və nəticəsi nə olub?

(cenub.az-ın araşdırması)

100-dən artıq göldən qazanılan pulların vergisi bilirsiniz nə qədərdir?

40-60-100 hektarlıq balıqçılıq göllərində nə var, nə yox?

Balıqçılıq gölləri doğrudanmı ləğv olunur?

Masallıda 100-dən artıq göl var ki, onların da 70 faizindən çoxunda balıqçılıq təsərrüfatıdır. Bu göllər ümumilikdə 100 hektarla sahəni əhatə edir. Həmin göllərdə hər il yüz tonlarla balıq yetişdirilir. Bəs bu balıqçılıq təsərrüfatları dövlətə nə qədər vergi verir? Yaxud bu göllər həmin ərazidəki digər şəxslər üçün problem yaradır, ya onların rifahına yardımçı olur?

İlkin araşdırmalara görə, təkcə Qəriblər Ərazi Dairəsində yerləşən, Hacı Cavanşir Əliyevin rəhbərlik etdiyi göl üçün bütün müvafiq sənədlər hazırlanıb və bu təsərrüfat hər il vergilərini vaxtlı-vaxtında ödəyir. Digərləri isə ya vergi vermir, ya da faktiki qazancının cüzi bir hissəsindən vergi ödəyir.

Elə balıqçılıq təsərrüfatı var ki, 40-60-100 hektar sahəsini əhatə edir. Hər il həmin təsərrüfatlarda 50-100-200 ton arası balıq yetişdirir, orta hesabla 300-400 min manat qazanc əldə edilir. Ödədiyi vergi isə cəmi bir neçə min manatdır. Rəqəmləri “xırdalayaq”: – 1 hektar sahədə təxminən, ən az 3 –4 ton arası balıq yetişdirilir. 1 kiloqram balığı 3 manatdan hesablasaq, bu, bir hektarda, 3 min manat edir. Bu sahə 50-60 hektardırsa, qazanc az qala yarım milyon manatla hesablanır.

Biz dəfələrlə yazanda bələdiyyələr qazancları haqqında detallı məlumat versinlər, hamı gizlənir. Bir ağızdan deyirlər ki, bələdiyyənin qazancı yoxdur. Normal ictimai nəzarət də yoxdur ki, belə hallar araşdırılsın, cəmiyyətə təqdim olunsun. (Həm də bu, təkcə balıqçılıq göllərinə aid deyil. Çay qırağından qum, çınqıl çıxaranlar, torpaq daşıyanlar və s.)

Masallı ərazisindəki göllərin əksəriyyəti ya ərazi nümayəndələri və bələdiyyələrin yaxın qohumlarının, ya da başqa adlar altında özlərinin, yaxud vəzifəli məmurların nəzarəti və himayəsi altındadır.

Balıqçılıq göllərinin bir çoxu 5 hektardan 100 hektara qədərdir. Dəqiq uçot olmadığı üçün balıqçılıq göllərinin istifadə etdiyi (eləcə də zəbt etdiyi) torpaq sahələrinin həcmi bir neçə yüz hektardır Belə məlumatlar da dolaşır ki, rayonda 300 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaqlar zəbt edilib və həmin torpaqların bir qismi yararsız hala salınıb.

Bəzən bu torpaqlar elə kobud qaydada zəbt olunur ki, nəinki bir sıra təsərrüfatlara gediş-gəlişini çətinləşdir, həm də daşqın olanda həmin gölləri xilas etməyə gedən texnika üçün də maneə yaradır. Bəziləri də lap “Ərəbzəngi ” kimi bütün bənd-bərəni bağlayır.

Bəs balıqçılıq gölü saxlayanın hansı sənədləri olmalıdır?

Ekoloji Pasport, 

Fövqəladə Hallar Nazirliyinin rəyi, Kənd Təsərrüfatı Nazirliyinin rəyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin müvafiq orqanların rəyi,  

vergi idarəsində qeydiyyat, 

yerli bələdiyyə orqanının rəyi, 

Dövlət Əmlak Xidmətinin müvafiq çıxarışı.


Masallıya ayrılan 20 milyona yaxın vəsait necə xərcləndi?

Masallıda 37 sututar var. Masallının sabiq başçısı R. Hüseynovun təklifi ilə bu sututarların təmir-bərpa işləri üçün Prezident sərəncamı ilə 2018-ci ildə 1 milyon, sonrakı illərdə isə 18 milyon, ümumilikdə 20 milyona yaxın vəsait ayrıldı. Heyf ki, bu vəsaitdən həmin sututarların bərpa-təmiri üçün səmərəli istifadə edilmədi. Həmin vəsaitin xərclənməsinə cavabdeh olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-i detallı aydınlıq gətirsə maraqlı olar.

Lakin hazırda bu sututarların yarıdan çoxu tam gücü ilə işləmir. Buna səbəb tikinti zaman buraxılmış səhvlər, səriştəsiz işlər və sui-istifadələrdir. Həmin vəsaitlə 3 min hektar sahəyə suvarma suyunun verilməsi və yaxşılaşdırlması nəzərdə tutulmuşdu. Hazırda bunun heç 20-30 faizi də icra olunmayıb. Bu isə milyon manatlarla itki deməkdir. Hazırda bu sututarlar bələdiyyələrin sərəncamındadır. Lakin bu göllərin fəaliyyətinə nəzarət çox aşağı səviyyədədir. Göllərin ətrafı o qədər çəpərlənib ki, həmin göllərə yaxınlaşmaq, istismar etmək, qəza vaxtı əraziyə ekskavator salmaq belə mümkünsüz olur. Kimin də çəpərinə toxunulursa, o da “əmlakıma ziyan dəyib” deyə, verir məhkəməyə

Kolatanda Ərazi Dairəsində bu torpaqlar yerli rəhbərlərin yaxın qohumları tərəfindən zəbt edilib. (Hansı və nə qədər zəbt edib, onlar da bəllidir və yaxın vaxtlarda adbaad paylaşılacaq). 

Rayonun Boradigah, Şərəfə, Çaxırlı, Babaser, Sığdaş, Köhnə Alvadı, Yeyənkənd ərazilərində, eləcə də Viləş çayı sahilindəki göllərdə daha qabarıq hiss olunur.

 Hazırda bir çox ərazilərdə mütəxəssislərin, bəzi yerlərdə isə İcra başçısı Araz Əhmədovun şəxsən öz iştirakı ilə baxış keçirilir.  

İnanırıq ki, bu araşdırmaların nəticəsi İcra hakimiyyətinin Başçısının yanında Şura iclasında ciddi müzakirə olunacaq və ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10