“Məni unutdular, Yaqub Zurufçunu çəkdilər irəli, çox incidim”
Səs hamıda var, müğənnilərdə isə kimisində bəm, kimisində zil, kimisində də qışqırmaq üçün… var. Dünya şöhrətli Rəşid Behbudovun səsi Baba Mahmudovun səsinin yarısı qədər deyildi, amma Rəşid Behbudov sənətkar idi, o səsdən məharətlə istifadə edirdi….
1980-ci illərdə fərqli səs tembri, səhnə mədəniyyəti ilə seçilən bir müğənni vardı – Azad Zamanov. “İntizar” mahnısının möhürünü elə vurmuşdu ki, indiyə qədər də o mahnını onun kimi şirin ifa edən olmayıb. 90-cı illərdə səhnələrdən çəkildi. Bu günlərdə rastlaşdıq.
- Sizi çox axtarmışam, həmkarlarınızdan gördüm deyən olmadı.
- Uzun illər gömrüyün rəisi olmuşam Astarada, polkovnikəm, indi təqaüdə çıxmışam.
- “İntizar” mahnısının sevilən ifaçısı Azad Zamanov niyə birdən qeybə çəkildi?
- O vaxt yalnız televiziyada çıxışlarımla tanındım, kaset çıxartdırmadım. Heç vaxt ara mahnısı oxumamışam, həmişə bəstəkar və xalq mahnıları oxuyardım. İndiki İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirəndən sonra orda müəllim işlədim. Sonra işimi dəyişdim, təzədən BDU-da təhsil aldım, müxtəlif rayonlarda işlədim, son iş yerim Astara gömrüyü oldu. Arada Türkiyədə də yaşamışam. 1988-ci ildə universitetdə müəllim işləyirdim. Tələbələrlə gedirdim Azadlıq meydanında mitinqlərə. Həmin vaxtlar anam, atam, gənc qardaşım ardıcıl rəhmətə getdilər. Sonra 20 Yanvar oldu, mən oxumaqdan söndüm, uzaqlaşdım. Getdim hüquq fakültəsində təhsil aldım, işimi dəyişdim. İnsan dəyərsizlikdən sınır.
İndi səsim əvvəlkindən də yaxşıdır. Xan Şuşinski də o vaxt demişdi ki, səs 40-dan sonra püxtələşir, yerinə oturur. Deyirsiniz “İntizar” mahnısı ilə tanımısınız məni. O mahnını 1981-ci ildə Moskvada “Melodiya” firmasında yazdırmışam. Həmin vaxt “Ayrılıq” mahnısını da yazdırmışam. Məndən çox sonra Yaqub Zurufçu oxudu. Ona qədər ancaq Rəşid Behbudov, bir də Ququş oxumuşdu. Mən Ququşu çox dinləyərdim. Azərbaycanlıdır, Gəncədən köçüb. Məni unutdular, Yaqub Zurufçunu çəkdilər irəli, çox incidim.
- Məqamında gəldi və yerində oxudu Yaqub Zurufçu, ona görə. “İntizar”ı ilk dəfə siz oxumamışdınız?
- Elmira Rəhimova oxumuşdu. Onun ifasında sevmişdim bu mahnını. Mən ilk oxuyan kişi müğənni oldum. O vaxt İslam Rzayevin ansamblı ilə Elmira xanım məşq edirdi. 10-15 gün sonra İslam Rzayevdən xahiş etdim ki, mən də oxuyum o mahnını. Dedi, hazırsan? Dedim, bəli. Eyni vaxtda o iki mahnını yazdırdım. Yaqub isə “Ayrılıq” mahnısını 93-də oxudu.
- Türkiyəyə niyə getmişdiniz, inciyib getmişdiniz həm də?
- O vaxt musiqiyə, musiqiçiyə bugünkü qədər dəyər verilmirdi.
- 90-larda bir xaos vardı. İndi Neftçalada yaşadığınızı dediniz. Nə iş görürsünüz orda?
- Oralıyam. Ürəyimdən açıq əməliyyat keçirmişəm. Həkim dedi təmiz havada yaşa. Neftçalada Kürün kənarında bir ev tikmişəm. Qalıram orda, uşaqlar gəlib dəyir, hərdən də mən Bakıya gəlib, onlara dəyirəm.
- Övladlar burda olur?
- Üç qızım var, ikisi ailəlidir. Mən xalqıma çox bağlıyam, çox sevirəm millətimi. Ən çox toya gedən müğənni olmuşam, heç kimə imtina edə bilmirdim. İndi torpaqlarımızı geri almışıq, oxumaq da olar, oynamaq da. Efirə də çıxaram. Amma hər verilişə yox. Tar məktəbini bitirmişəm, özüm çalıb-oxuyuram Kür qırağında. Ömür boyu təhsil almışam. Dünyanın hər yerində qastrolda olmuşam, Zakir Bağırov mədəniyyət naziri olan vaxtlar. Sovet vaxtı Türkiyədə qastrolda olmuşam. Alim Qasımova, Brilyanta, Mənsum İbrahimova, Almas Əlsgərovaya dərs demişəm. Məni görəndə ayağa qalxırlar, bu mənə bəsdir. Mənə heç nə lazım deyil. Həccə getmişəm ziyarətə. Hərdən mənə Hacı deyirlər, deyirəm polkovnikəm, bu kifayətdir. Ziyarətə Allah buyurduğu üçün getmişəm. Əməkdar artist fəxri adı üçün adımı verməyə də qoymadım ki, polkovnikəm. Filankəs də əməkdar artist olsun, mən də? Sözümü deyənəm, qorxan deyiləm. Tərifi sevmirəm, təhqirə dözmərəm, amma tənqidi heç kim sevmir, mən sevirəm. Tənqid insanı özünə nəzər yetirməyə, əyrini, yanlışı düzəltməyə sövq edir.
- Adətən sənətdə ilk addımlarını atan adama gələcək planlar barədə sual verirlər, sizdən isə soruşa bilərəm ki, indi nə planlaşdırırsınız, qayıdırsınız səhnəyə, yoxsa hərdən görünüb, yenə çəkiləcəksiniz?
- Yaşayarıq, görərik, tamaşaçı qəbul edərsə, hərdən görünməyə üstünlük verərəm.
Ramilə Qurbanlı