Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saraydan çıxdı, taksiyə mindi və… qeyb oldu!


Eks-prezidentin 24 il “dövlət sirri” sayılan səfəri ilə bağlı miflər və həqiqətlər… 

Dövlət naziri Cavid Çağlar az qala qaça-qaça Baş nazir Dəmirəlin yanına gəldi: “Əfəndim, sayın Elçibəyi tapa bilmirik”… 

Azərbaycan Prezidenti Əbülfəz Elçibəy 24 iyun 1992-ci il, çərşənbə günü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsis toplantısında iştirak etmək üçün İstanbula yollandı. Böyük perspektivlərə malik yeni qurum Türkiyənin təşəbbüsü ilə yaradılırdı və Baş nazir Dəmirəl sammitə hazırlıq məsələlərinə xüsusi həssaslıqla yanaşırdı.

Düz 24 il sonra, 2016-cı ilin iyununda, artıq bu təşkilat haqqında xəbərlərin siyasi aləmdə əvvəlki qədər maraq doğurmadığına baxmayaraq, Türkiyənin “Hürriyet” qəzeti Azərbaycan prezidentinin həmin sammitdə iştirakı ilə bağlı sensasiyaya səbəb olmuş bir məqalə ilə çıxış etdi.

Türkiyə səfəri xalq hərəkatının lideri Əbülfəz Elçibəyin prezident seçildikdən sonra beynəlxalq səhnədə, belə demək mümkünsə, debütü idi, həm də prezidentin ad gününə təsadüf edirdi. Amma məqalə o vaxta qədər guya “dövlət sirri” hesab olunan başqa məsələ haqda idi…

Prezident birinci torpağı öpdü

“Atatürk hava limanında təyyarədən enər-enməz o, əyilib torpağı öpdü. Onu qarşılamağa gələnlərə “Ana vətənimiz, ata vətənimiz” dediyi “Türkiyədə bulunmaqdan böyük mutluluq duyduğunu” söylədi.

Elçibəy hava limanından birbaşa Çırağan Sarayına getdi. Azərbaycan Prezidenti üçün iqamətgah olaraq ayrılmış otaqdan İstanbul Boğazını və Anadolu Yakasının ehtişamını seyrə daldı. Ertəsi günün səhəri Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının bölgə toplantısında ölkəsini təmsil edəcəkdi. Gecə saatlarında istirahətə çəkildi. 

Beləcə, 25 iyunun səhəri Çırağan Sarayı tarixi günlərindən daha birini yaşayırdı. Bu toplantıya Türkiyənin Baş naziri Süleyman Dəmirəl ev sahibliyi edirdi. Azərbaycan Prezidenti Əbülfəz Elçibəy, Rusiyanın, Ermənistanın, Gürcüstanın, Yunanıstanın, Bolqarıstanın, Rumıniyanın, Moldovanın, Ukraynanın, Albaniyanın dövlət başçıları Boris Yeltsin, Levon Ter-Petrosyan, Eduard Şevardnadze, Konstantin Mitsotakis, Jelyu Jelev, İon İliesku, Mirça Snequr, Leonid Kravçuk və Sali Berişa tədbirə qatılmaq üçün İstanbula gəlmişdilər. Koordinasiyanı Dövlət naziri Şərif Ercan həyata keçirirdi. 

Zirvə toplantısına az qalmış qonaqlar otaqlardan çıxıb, iclas salonuna yönəldilər. Amma içərilərində bir nəfər yox idi. Bu, “İki dövlət, bir millət” deyilən qardaş Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy idi.

“Bəyəfəndi, sayın Elçibəyi tapa bilmirik”

Çırağan Sarayında hər yan axtarıldı. Prezidentin harada olduğu Azərbaycan rəsmilərindən də soruşuldu. Amma bilən yox idi. Dövlət naziri Ercan durumu dərhal digər nazir Cavid Çağlara məruzə etdi. Çağlar az qala qaça-qaça baş nazir Dəmirəlin yanına gəldi və dedi: “Əfəndim, sayın Elçibəyi tapa bilmirik. Öz ətrafı da harada olduğunu bilmir. Zirvə toplantısı başlamaq üzrədir. Elçibəysiz olurmu? Əfəndim, nə əmr edərsiniz?”

Baş nazir Dəmirəl hər zamankı soyuqqanlığını itirmədi:

“Məsələni burada müzakirə etməyək. Necdətə tapşırın (Necdət Menzir onda İstanbulun əmniyyət müdiri idi – red.), vəzifəsini yerinə yetirsin.”

Cavid Çağlar tədbirlə əlaqədar Çırağan Sarayında təhlükəsizliyi təmin edən əmniyyət müdüri Necdət Menzire vəziyyəti danışdı. Menzir yubanmadan araşdırmaya başladı. İlk ipucunu bir otel işçisi verdi. Bəlli oldu ki, Prezident Elçibəy sabahın erkən saatlarında otağından çıxıb birbaşa Sarayın qapısına tərəf yönəlmiş, heç kimə heç nə demədən baxçadakı taksilərdən birinə minmiş və otelden ayrılmışdı.

İstanbul polisi bir anda səfərbər edildi. Qısa zamanda Elçibəyin Anadolu Yakasında, Salacak sahilində, Saraya tərəf hərəkət edən bir taksinin içində olduğu barədə məlumat gəldi.

“Türkiyə aşiqiyəm, İstanbula heyranam”

Polis müdirləri Azərbaycan Prezidentini çaşqınlıqla izləyirdilər. Çünki Elçibəy adi bir taksinin içində ətrafı seyr etməkdəydi. Polislər yavaş-yavaş taksiyə yaxınlaşdılar. Taksinin pəncərəsi açıqdı. Elçibəyə özlərini təqdim edib, bir xidmətə ehtiyacı olub-olmadığını soruşdular. Elçibəy polislərə bunları söylədi:

“Türkiyə aşiqiyəm. İstanbula heyranam. Ana vətənimizə gəlmişkən, atalarımızın yaşadığı Topkapı Sarayını uzaqdan da olsa seyr etmək istədim”.
Azərbaycan Prezidenti tapılmış, durum İstanbul əmniyyət müdiri Necdət Menzirə bildirilmişdi. Menzir bu sevindirici xəbəri Dövlət naziri Cavid Çağlara çatdırdı, Çağlar da Baş nazir Dəmirələ ərz etdi. Elçibəy bir polis maşını ilə Çırağan Sarayına qayıtmış, tarixi toplantının keçirildiyi salonda yerini tutmuşdu. Həyəcanlı gözlənti bitmiş, ev sahibi Dəmirəllə nazir yoldaşları Çağlar və Ercan dərin bir nəfəs almışdılar”. 

Məqalənin sonunda “bu olayın günümüzə qədər dövlət sirri kimi” qorunub saxlanıldığı deyilirdi.

“Hurriyet”in yazısı həm Türkiyədə, həm Azərbaycanda müzakirələr doğurdu. Anadolu türkləri Azərbaycan liderinin qardaş ölkəyə səmimi və ölçüsüz məhəbbətini önə çəkir, bundan təsirlənirdilər. Azərbaycanda isə nəql edilən əhvalat birmənalı qarşılanmadı. Bir tərəfdən “Elçibəyçilər”, digər tərəfdən “Əliyevçilər” burada o zamankı Azərbaycan rəhbərinin rəsmi protokola zidd davranışına eyham gördülər. Hətta başqa xoşagəlməz fikirlərə də rast gəlmək mümkün idi. 

Eks-prezidentin köməkçisi olmuş Oqtay Qasımov məsələyə belə münasibət bildirdi:

“Məqalədən görünür ki, müəllif Əbülfəz bəyin Türkiyə sevgisini qabartmaq istəyib. Amma bəlkə özü istəmədən, bəlkə də oxucu marağını artırmaq xatirinə təhrifə yol verib, necə deyərlər, qaş düzəltdiyi yerdə göz çıxarıb. Jurnalist yazır ki, Elçibəy 24 iyunda təyyarədən enər-enməz Atatürk hava limanında torpağı öpdü. Belə bir şey olmayıb. Prezident şəhərə gedib, onun üçün ayrılmış iqamətgahda yerləşib. Gecə saat 3-4 radələrində öz mühafizəsindən rəhmətlik İlqar Qədirquliyevi, ümumi mühafizədən isə türk zabitlərindən birini götürüb, onlarla iqamətgahın təxminən 1,5 kilometrliyindəki Boğaziçi körpüsünün yanına gedib. Mühafizəçilər kənarda dayanıblar, Elçibəy İstanbulu oradan seyr edib, torpağı da gecə orada öpüb. Buna yalnız iki nəfər mühafizəçi şahidlik edib. Sonra geri dönüblər. Səhərisi də tədbirdə iştirak ediblər. Amma jurnalist yazır ki, guya Eıçibəy heç kimə xəbər verməyib, taksi ilə gedib, polis ayağa qaldırılıb, onu tapıb qaytarıblar, axırda da prezident az qala toplantıya gecikib. Əlbəttə, cəlbedici süjetdir, amma istənilən halda, yanlışdır. Türkiyəyə səfərin əsas məqsədi toplantıda iştirak etmək idi, İstanbulu görmək yox, bunu başqa vaxt da etmək olardı. Tədbirdən əvvəl Elçibəyin gecə gəzintisindən isə Süleyman Dəmirəl və Türkiyənin digər rəhbər şəxsləri sonradan xəbər tutublar. Əbülfəz bəy özü belə niyyəti olduğu barədə öncədən demək istəməyib. Desəydi, şübhəsiz, şərait yaradacaqdılar. Amma böyük mühafizə heyəti qurulacaq, prezidenti müşayiət edəcəkdi. Nəticədə narahatlıq yaranacaq, özü-özüylə qısa müddətə də olsa, tək qala bilməyəcəkdi. Həmin anda isə ömrünü bu körpüyə gətirib çıxaran yolda mübarizəyə sərf etmiş Elçibəyə başqa bir şey gərək deyildi.  Bunu rəhmətlik Elçibəyin özü bizə danışmışdı”.

Deyilənlərdən hansının daha dəqiq olduğunu müəyyənləşdirmək üçün biz yalnız məntiqə deyil, faktlara əsaslanacağıq. İstanbuldakı böyük toplantı başlanmazdan əvvəl 11 ölkə rəhbərinin Çırağan sarayının fonunda çəkdirdiyi yuxarıdakı şəklə diqqət yetirin. Elçibəy onların arasındadır. Deməli, Azərbaycan prezentinin “Çırağan sarayına qayıdıb tarixi toplantının keçirildiyi salonda” yalnız son anda “yerini tutması” barədə “Hürriyet” müəllifinin sözlərində ən azı şişirtmə var.

Digər tərəfdən, həmin tədbirdə iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvlərinin dediklərinə görə, 25 iyun iclası səhər yox, günorta saatlarına təyin olunmuşdu. Odur ki, Azərbaycan prezidentinin gecə gəzintisi tədbirin vaxtında açılışına heç cür təsir göstərə bilməzdi.

Prezidentlərin şəkli əlimizə düşdüyü zaman onun tarixçəsini araşdırarkən aşkar etdiklərimizin oxucularımız üçün də çox maraqlı olduğunu düşündük.

Press Klub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10