Görüş nələrlə yadda qaldı? Yaxud nələri eşitmək istəyirdik, nələri gördük, nələrdən narazı qaldıq?
23 dekabr 2022-ci ildə Masallıdakı “İlqar Plaza” Şadlıq Sarayında 100-dən artıq qonağın iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüş reallaşıb. Paytaxtda və digər məkanlarda sahibkarlıqla məşğul olanlar və digər tanınmışlar Masallıda bir araya gəldilər. Çıxışlar, qarşılıqlı təriflər, bir sıra təkliflər, təltiflər bir-birini əvəzlədi.
Tədbirin xoş arzulu, Masallı üçün daha faydalı olacaq niyyəti göz qabağında idi. Məni də tədbirə dəvət etdikləri üçün rayon rəhbərliyinə təşəkkür etməklə yanaşı, bəzi iradlarımı, görmək istədiyim, lakin görə bilmədiyim məqamları da qeyd etmək məcburiyyətindəyəm.
(Düzü, çox çalışdım ki, iradlardan yan keçim. Çünki yazıram, inciyirlər, əksər tədbirlərə çağırmırlar, telefon zənglərimə, mesajlarıma cavab vermirlər, hirsləri soyuyandan sonra, yenə dəvət olunuruq. Ona görə tədbirdə danışmağa da “qorxdum” ki, bir də dəvət etməzlər).
Lakin sonda Gertsen demişkən “Rusiya mənə əzizdir, həqiqət ondan da əzizdir” fikrini əsas tutub yazmağa qərar verdim.
Tədbir gözlənildiyi kimi şəhidlərin xatirəsini yad etmək və icra başçısı Araz Əhmədovun əvvəlki kimi qısa, yığcam, əsas hədəflərə ünvanlanan çıxışı ilə başladı.
Belə ki, İcra başçısı cənab Araz Əhmədov, əsasən, problemlərdən danışdı.
Xüsusilə, vurğuladı ki, Masallıda
işsizlik, 2-3 min nəfərin mənzilsizlik, Mololon, Sirəbil və sair kəndlərdə yol, bəzi kəndlərdə su, qazlaşma və digər problemləri qabartdı, sahibkarları Masallının inkişafı üçün səylərini bildirməyə səslədi.
Tədbirdə daha çox deputatlar çıxış etdilər – Anar İsgəndərov, Məşhur Məmmədov
(hər biri 2 dəfə), Musa Quliyev, Razi Nurullayev. Ən çox yaddaqalan da Məşhur Məmmədovun təklifləri, gətirdiyi nümunələr oldu. O, xüsusilə, vurğuladı ki, Masallıda xeyriyyəçilərin vəsaiti ilə çoxlu və təmirli məscidlər, mərasim evləri olsa da, məktəblərə münasibətdə həmin qayğı arzu olunan səviyyədə deyil.
Tədbirdə, həmçinin, Qardaş Fətullayev, Arzu Bağırova, İldırım Allahyarov, Əhməd Rəhimov, Cəlil Xəlilov, Əliməmməd Nuriyev, Hacı Fuad, Ağa Rəşid Talıbov, Məftun Hüseynov və başqaları çıxış etdilər.
Ən maraqlı çıxış isə, rayon və doğma kəndi üçün daha çox xeyirxah işlər görüb, amma az danışan iş adamı Xudayar Rəhimovun çıxışı oldu. Bir cümləlik çıxışında dedi:”Təbrik edirəm və uğurlar arzulayıram”.
Tədbirdə icra başçısı bir neçə millət vəkilini - Məşhur Məmmədov və Anar İsgəndərovu, eləcə də sahibkarlardan Xudayar Rəhimov, Ramazan Zeynalov, Ramazan Mirzəyev, Üzeyir Salayev, Saleh Ağayev, Arzu Bağırovanı, eləcə də Rusif Kərimov və Mahmud Bağırovu Fəxri Fərmanla təltif etdi.
Bəs bizi narazı salanlar nə idi?
1. Tədbirdə şəkildən göründüyü kimi qonaqlar kiril əlifbasındakı П hərfi formasında əyləşmişdilər.
Nə özləri özlərini, nə də təşkilatçılar onları təqdim etmədi. Adı tanışlıq tədbiri olsa da, necə deyərlər, tədbirə gələnlərin bir çoxu bir-birini tanımadı.
2. Monitor da yox idi ki, qonaqların təqdimatı elektron qaydada təşkil olunsun.
2. Hiss olundu ki, bəzi natiqlər rayondan xəbərsizdirlər. Biri deyir ki, Boradigahda uşaq bağçası təmir olunacaq. (Bu qəsəbədə uşaq bağçası var ki, hələ təmir də olunsun). Daha sonra millət vəkili Anar İsgəndərov Masallıda uşaq bağçasının tikintisindəki uğurlardan danışdı. Xatırladım ki, Masallının Səmidxan kəndində tam təmirli 100 yerlik uşaq bağçası 5 ildir ki, istifadəyə verilə bilmir. Göyəçöldə 140 yerlik bağçanın cəmi 2 qrupu (40 yerlik) fəaliyyət göstərir. Son 3 ildə Masallıdakı uşaq bağçaları üçün əlavə bir qrup belə alınmayıb. Qısası, Masallıda 103 yaşayış məntəqəsindən, şəhərdəki bağçaları çıxmaq şərti ilə cəmi 14 qəsəbə və kənddə uşaq bağçası var. Məktəb yaşlı uşaqların təxminən 6 faizi uşaq bağçası ilə təmin olunub.
3. Dünya 4-cü sənaye inqilabına hazırlaşır. Masallı yetirməsi olan onlarla İKT ustaları var ki, yeni texnologiyalar sahəsində olduqca böyük uğurlara imza atıblar. Onlar az qala möcüzə sayılan layihələrdə iştirak edir, olduqca maraqlı layihələri reallaşdırırlar. Heyf ki, belələri bu tədbirdə yox idi.
4. Tədbirə 10-a yaxın dindar, eləcə də bu tədbirə heç dəxli olmayan şəxslər dəvət olunsa da, Masallıda fəaliyyət göstərən 10-a yaxın qeydiyyatdan keçmiş QHT-nin heç biri bu tədbirə dəvət almamışdı. Masallıda dayaq məntəqəsi olan 26 partiyanın rayon şöbələrinin rəhbərləri, eləcə də böyük auditoriyası olan blogerlər tədbirdən kənarda qalmışdı. (Bu isə açıq cəmiyyətə, vətəndaş cəmiyyətinə seyrçi münasibətin göstəricisi idi).
5. Yaxşı olardı ki, slaydlar vasitəsi ilə nəinki Azərbaycanda, eləcə də dünyada olan masallılı alimlər, sahibkarlar, məsul vəzifədə, dünyanın mötəbər beynəlxalq təşkilatlarında çalışanlar iştirakçılara təqdim oluna idi. Ən faydalısı isə o olardı ki, ölkədən kənarda yaşayan masallılı tanınmışlar müxtəlif internet resursları vasitəsi ilə tədbirə qatıla idi. Bu tədbirə xüsusi rəng qatardı.
6. Eləcə də Masallının məşhur sənət adamlarının əksəriyyəti – tanınmış rəssamlar, arxitektorlar, müğənnilər, şairlər... iştirakçılar arasında görünmədilər.
7. Hörmətli millət vəkili Anar İsgəndərov böyük şövqlə həmkarı Məşhur Məmmədovun təsis etdi “Masallı Elm Fondundan” danışdı. Lakin bildirmədi ki, bu fond ancaq M. Məmmədovun seçildiyi 70 saylı seçki dairəsini əhatə edir və niyə Anar müəllimin seçildiyi 71 saylı dairənin kəndlərini – Ərkivan və Boradigah qəsəbələrini, digər onlarla kəndi əhatə etmir? O kəndlərdə iş adamları yoxdur, ya onlara təşkilatçılıq edən?
Bir-iki nəfəri çıxmaq şərti ilə heç kim tədbirə xüsusi layihə ilə gəlməmişdi. Hansı ki, tədbirdən bir neçə gün öncə təklif edilmişdi ki, tədbirə dəvət olunanların rəy və təklifləri, konkret olaraq Masallı üçün nə edə biləcəkləri öyrənilsin. (Xatırlasaq ki, biz mətbuat vasitəsi ilə icra hakimiyyətinə 10-dan artıq təklif ünvanlamışıq, hamısı da bəyənilib və heç biri reallaşmayıb, onda bəzi məqamlara aydınlıq gələr).
Masallının bu günkü həyatını, sabahkı mənzərəsini əks etdirən detallar ekran görüntüsü vasitəsi ilə iştirakçılara təqdim olunsaydı, bu daha effektli olardı.
Təəssüf ki, bu tədbirdə də şablon, boğazdan yuxarı təriflər daha çox oldu. Sanki bəziləri sadəcə “mən də danışdım” xətrinə danışır, sadəcə “mən də varam” deyə, özünü göstərirdi.
Bir neçə nəfər, Masallının son 5 aydakı (Araz müəllimin icra başçısı təyin olunduğu vaxtdan bəri) uğurlarından danışdı. İlin o biri 7 ayından söz açan isə yox idi. Elə bil Masallıda il 12 ay yox, 5 aydır. Görəsən, belələri hələ də başa düşmür ki, 21-ci əsrin 3-cü on illiyinə qədəm qoymuşuq? Nə qədər şablon, nimdaş fikirlərin arxasında gizlənəcəyik?
İ. Allahyarovun Masallının keçmiş Viləş futbol klubu ilə bağlı ötəri tənqidi istisna olmaqla, rayondakı əksəriyyəti yarıtmaz halda olan idman meydançalarından, bərbad gündə olan tarixi abidələrindən, məktəblərdəki “ölü laboratiyalardan”, rayonda baş alıb gedən narkomaniyadan, oğurluqdan, bir sıra ənənəvi rüşvətxorluq məkanlarından, bələdiyyələrin cansız fəaliyyətindən və digər taleyüklü məsələlərdən söz açan olmadı.
Görəsən, son 5 ayda Masallıda neçə obyekt tikilib, qarşıdakı illərdə nələr olacaq?
Xeyriyyəçilərdən də söhbət açıldı. Heç kim demədi ki, niyə 40 min əhalisi olan Masallı şəhərində bir xeyriyyə cəmiyyəti, işlək, nümunəvi bir icma yoxdur. Şəhərin mərkəzində aclıqdan ölən, 12 gün sonra evində meyiti arzuolunmaz vəziyyətdə tapılan 51 yaşlı şəxsin ölümü həyəcan təbili deyilmi?
Yeri gəlmişkən, tədbirdə ölkə başçısı İlham Əliyev cənablarının bu günkü ad günü də xatırlandı və rəhbərin ünvanın təbriklər söylənildi.
Son əvəzi: Bu tədbirin bir sıra müsbət cəhətlərini qeyd etməklə yanaşı, düşünürəm ki, format heç də arzu olunan deyildi. Tədbir köhnə çərçivələrdən kənara çıxa bilmədi. Əksəriyyət tədbirə “əliboş gəlmişdi”, rayonun bu günündən tam məlumatlı deyildi. Ən azından rayonun mədəniyyət və tarix saytı olan “masalıda.az”-ı, “cenubxəbərtv”-ni izləsəydilər, bilərdilər ki, bu rayonda kim kimdir, rayonda nələr baş verir.
Cenub.az üçün hazırladı: Zahir Əmənov