“Unudulan məşhurlar” rubrikasında həm 1970-ci illərdə türk pop musiqisinin ən güclü və ən rəngarəng müğənnilərindən hesab olunan, həm də aktrisa Hümeyra Akbay haqqında məlumatları təqdim edirik:
1947-ci ildə Türkiyənin paytaxtı Ankarada dünyaya göz açan Hümeyra Akbay avstraliyalı dayəsinin kəskin qayda-qanunları ilə böyüyüb. İntizamlı bir uşaqlıq keçirən qızcığaz 5 yaşında baletə gedib. Atası 10 yaşında vəfat edib. Bundan sonra anası ilə birgə İstanbula köçüb. Hümeyra sonra Londona dayısının yanına gedib. Elə o vaxtlar musiqiyə marağı daha da üzə çıxmağa başlayıb.
İlk dəfə səsini insanlara Trafalqar Meydanında gitara ifa edib mahnılar oxuyaraq çatdırıb. Eyni zamanda mahnılar yazıb, özünü inkişaf etdirib. 18 yaşında İstanbula qayıdıb. Burada "İstanbul Ekspres" qəzetində müxbir işləyib. Anası razı olmasa da, 18 yaşında ilk evliliyini Haluk Aşkınla edib. Lakin bu evlilik tez başa çatıb. Bundan sonra o dövrün ən güclü plastinka şirkəti olan “Melodi Plak”da albom dizayneri kimi işə başlayıb. Bu iş onu musiqi dünyası ilə birləşdirib. İşdə boş vaxtlarında gitarası ilə “Olmasaydı” mahnısını oxuyanda şirkətin sahibi Hümeyranı kəşf edib.
Bunun da maraqlı bir tarixçəsi var. 1969-cu ildə Hümeyra çəkdiyi plastinkanın üz şəklinin qurumasını gözləyir. Gitarasını götürür və mahnısını zümzümə etməyə başlayır. Şirkətin sahibi bu an qəfildən içəri girir. Gənc qız ona “Özüm bəstələmişəm, özüm də oxuyuram”, - deyir. İfa müdirin o qədər xoşuna gəlir ki, Hümeyraya “Sabah bunu plastinkaya yazdır”, - deyir. Məhz “Güzelliğin on para etmez, bendeki bu aşk olmasa” ifaçının ilk çıxartdığı plastinka olur.
Şirkətin sahibi sonra onu böyük kütlələrin qarşısına və peşəkar səhnələrə çıxmağı üçün bir körpü rolu oynayır. Hümeyra ona “Altın plak” mükafatı qazandıran “Kördüğüm” və “Sessiz gemi” adlı mahnılarını təqdim edir. Onun uğurları Türkiyə sərhədlərini də aşır. Hümeyra 1971-ci ildə Parisdə fransızca ön şəkli olan iki ədə “45”lik çıxartdıracağı zaman razılaşdığı şirkət son anda bundan imtina edir. Ancaq plastinka kolleksiyaçıları satışa çıxarılan “45”likləri əldə edir və kopyalarını tirajlayırlar. Müğənni səhnə həyatında Emel Sayına, Gönül Yazara və Sevim Çağlayana assolistlik edir.
Həmin il Hümeyra karyerasından əlavə sevgi həyatında da irəliləyiş əldə edir. Belə ki, ifaçı Fikret Hakan ilə ailə qurur. Lakin bu evlilik 1 ay çəkir və onlar ayrılırlar. Bir il sonra Mithat Bigatla evlənən müğənninin 1973-cü ildə Sadık adlı oğlu dünyaya gəlir. Oğluna və ailəsinə bağlı olan Hümeyra musiqiyə qısa müddətlik ara verir. İfaçı 1977-ci ildə ilk türk dilində “Anlatamıyorum” adlı pop albomunu çıxardıqdan sonra Türkiyənin ilk real pop ulduzuna çevrilir. "Tutkulardan İntihar", "Beyhude" kimi albomlarını təqdim edir və kifayət qədər populyarlıq qazanır.
Artıq mədəniyyət sahəsində ona “yaşıl işıq” yandırılır. Kino sahəsinə ilk addımını “Talihli amele” filmi ilə atır. 2000-ci illərin əvvəlində Çağan Irmakın rejissorluq etdiyi “Babam ve oğlum” filmi və Ömer Faruk Sorakın “Sınav” filmində rol alır. Bundan əlavə, “Asiye Nasıl Kurtulur” filmindəki obrazına görə 1986-cı ildə “Ən yaxşı yardımçı aktrisa” və “Ödüller Kimin İçin” teatr işinə görə “Ən yaxşı qadın oyunçu” mükafatlarına layiq görülür. Bundan başqa, “Unutursam fısılda”, “Dedemin insanları”, “Ulak ve kabuslar evi” filmlərində, “Melekler Korusun”, “Üzgünüm Leyla”, “Avrupa yakası”, “Şahsiyyet seriallarında da unudulmaz rollar ifa edir.
Hümeyra xanım gələcək həyat yoldaşı, rejissor Ömer Kavurla “Kırık aşk hikayesi” filmində oynayarkən tanış olur. Sevgililər 1981-ci ildə ailə qursa da, onların da sevgisi qısa müddətlik olur. İllərlə tənha yaşayan aktrisa 1999-cu ildə Cimmi adlı caz ifaçısına aşiq olur və onunla nikah bağlayır. Bu, onun sonuncu evliliyi olur...
Evlilikləri uğursuz nəticələnən sonlanan Hümeyra xanım 2020-ci ildə yeganə oğlunu itirəndən sonra dərin sarsıntı keçirir. O, oğlu Sadıkın cansız bədəni ilə qarşılaşdığı üçün bu acını heç unuda bilmir. Hümeyranın indi övladının yadigarları iki nəvəsidir.
Hümeyra, oğlu və onun ailəsi/lent.az