-Sütəmurdov kəndində 13 ağsaqqal qılıncdan keçirilərək yaxınlıqdan axan Lənkərançaya atılmışdır.
-Mamustada 30 nəfərədək insan (7 nəfəri diri-diri yandırılmaqla) qətlə yetirilmişdir,
-Nuru Paşanın yanına Lənkərandan kimlər və niyə getmişdi?
Soyqrıma bəhanə “Elvina” gəmisinin tərk-silah edilməsindən başladı
Milli qırğını başlamaq üçün bəhanə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin bolşevik-daşnaklar tərəfindən tərk-silah edilməsi oldu. Belə ki, milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev silahla xoşagəlməz hərəkətə yol verdiyindən həlak olmuşdur. Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən “Evelina” gəmisinin müsəlman dəstəsi mərhumu dəfn edib Lənkərana qayıdarkən gəmi bolşevik-daşnak qüvvələri tərəfindən tərk-silah edilmişdir.
Ermənilər şəhərdə hansı şayiəni yaymışdılar?
...“Kərpicxana”, “Məmmədli” və “Zibilli dərə”
məhəllərindən başlanan qırğınlar.
Ermənilər şəhərdə belə bir şayiə yaymışdılar ki, guya “Evelina” ilə gedən zabitlər tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etsinlər. Ermənilər bu bəhanə ilə özlərinin vəhşiliklərini həyata keçirməyə başladılar. Soyqırım “Daşnaksütyun” partiyası, Erməni Milli Şurası və Bakı Sovetinin rəhbərliyi altında həyata keçirilmişdir. Beləliklə, martın 31-də Bakıda Şaumyanın başçılığı ilə bolşevik-daşnak qüvvələri müsəlman əhaliyə qarşı qırğına başladılar. Xəzər hərbi donanmasının topları müsəlman yaşayan məhəllələri şiddətli top atəşinə tutdular. Şəhərin “Kərpicxana”, “Məmmədli” və “Zibilli dərə” (İndiki adları) məhəllələrində yaşayan müsəlman əhali tamamilə məhv edildi. Müsəlman əhali qırğının kütləviliyinin qarşısını almaqdan ötrü martın 31-də müqaviməti dayandırsa da, müsəlmanların soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etmişdir.
Öncə hansı mətbəələr,
redaksiyalar.... məhv edildi?
Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” Xeyriyyə binasını, “Dağıstan”, “İsgəndəriyyə” mehmanxanalarını yandırmış, “Təzə pir” məscidinin minarələrini top atəşləri ilə deşik-deşik etmişdilər. Üç gün ərzində Bakıda 12 mindən çox müsəlman əhali öldürülmüşdür.
Hansı ərazidə neçə kənd dağıdıldı
və neçə min əhali qırıldı?
Soyqırım təkcə Bakıda deyil, Şamaxı, Quba, Lənkəran, Cavad (Salyan) qəzalarında, Qarabağ, Kürdəmir və digər ərazilərdə də həyata keçirilmişdir. Qırğın Şamaxıda Lalayan, Əmiryan, Qubada Hamazasp, Qarabağda Andronikin birbaşa rəhbərliyi altında icra olunurdu. Ermənilər
Quba qəzasının 162,
Şamaxı qəzasının 72,
Qarabağ və Zəngəzurun 75 kəndini dağıtmış,
Şamaxı qəzasında 8 min,
Quba qəzasında 16 mindən çox müsəlman əhalini qətlə yetirmişlər.
Soyqırımı 1918-ci il sentyabrın ortalarınadək davam etmişdi. Bu soyqırım zamanı
erməni cəlladları 50 minə qədər azərbaycanlı-müsəlman əhalini qətlə yetirmişlər. S. Şaumyan aprelin 13-də V.İ.Leninə yazdığı məktubunda daşnakların milli qırğında iştirakının bolşeviklər tərəfindən qəsdən təşkil olunduğunu etiraf etmişdir.
Bəs soyqırıma Lənkəran qəzasına
hansı bəlalar gətirmişdir?
Lənkəran qəzasında erməni, bolşevik və denikinçilər tərəfindən həyata keçirilən qətliam siyasəti 1920-ci ilin axırlarına qədər davam etmişdir. Lənkəran qəzasında müsəlman əhaliyə qarşı soyqırıma
denikinçi ermənipərəst Şıvkunov,
polkovnik Avetisov, Akopyan, Makarov,
ermənipərəst eser Sinayev rəhbərlik etmişlər.
Şıvkunov Lənkəran şəhərində Mir Əhməd xanın evini ələ keçirib oranı özünə qərargah etmişdir.
Hələ 1918-ci ilin əvvəllərində Xəzər dənizi sahilində Qızılağac, Lənkəran və Astara istiqamətindəki müsəlman kəndləri
“Aleksandr Jander” gəmisi və “Avetisov” teploxodu vasitəsilə top atəşinə tutulmuşdur (M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh. 420).
Qəzanın 40-a qədər yaşayış məntəqəsi suyqrıma məruz qalmışdır.
Sütəmurdov kəndində 13 ağsaqqal qılıncdan keçirilərək yaxınlıqdan
axan Lənkərançaya atılmışdır.
O cümlədən, Lənkəran, Astara şəhərləri, Gərmətük (1971-ci ildən qəsəbədir), Sütəmurdov, Mamusta, Kərgəlan, Şağlakücə, Şıxəkəran, Xolmili, Girdəni, Viravul, Vilvan, Pensər, Şahağac, Təngərud,
Qızılağac, Mahmudavar, Boradigah (1966-cı ildən qəsəbə), Ərkivan (2007-ci ildən qəsəbə) və digər kəndlərində soyqırımı həyata keçirilmişdir.
Sütəmurdov kəndində 13 ağsaqqal qılıncdan keçirilərək yaxınlıqdan axan Lənkərançaya atılmışdır.
Kərgəlanda 70-dən çox,
Gərmətükdə 70-dək, Şağlakücədə 40-dək,
Mamustada 30-dək (7 nəfəri diri-diri yandırılmışdır),
Girdənidə 20-dən çox,
Viravulda 20-dək,
ümumilikdə isə qəzada 2 min günahsız insan qətlə yetirilmişdir.
Bundan başqa yüzlərlə insan yaralanmış, çoxlu sayda ev yandırılmışdır. İnsanlar qırğından qurtulmaq üçün meşələrə qaçaraq sığınacaq tapmışlar.
Əlibala Nurullayev
“Gərmətük”kitabında yazır:
1918-ci ilin mart-aprel qırğınından söhbət gedərkən Mirzəhüseyn Məmmədov dedi: - Moskva qatarının yola düşməsinə az qalırdı. Yükdaşıyan bir erməni yükümü qatara yükləyərkən məndən haralı olduğumu soruşdu. Lənkərandan olduğumu söylədikdən sonra yenə də sual edərək şəhərin özündən, yoxsa kəndindən olduğumu soruşdu. Gərmətükdən olduğumu bilən erməni kəndimizdəki məscidin yanında olan iki mərtəbəli evi sahibi qarışıq yandırdığını söylədi... Onda mən (Əlibala Nurullayev – müəllif) ”Denikinçilər Gərmətükdə” başlıqlı bir məqalə üzərində işləyirdim. Bu söhbəti eşidəndə 1989-cu ildə Bakıya getdim. Bakı dəmiryol vağzalında yükdaşıyanlar arasında həmin ermənini axtardım. Məlum oldu ki, Rostom Xaçaturyan adlı bu erməni Montində yaşamış və Qarabağ hadisələrindən əvvəl vəfat etmişdir” (B., 2007, səh. 25-26).
Nuru Paşanın yanına Lənkərandan
kimlər və niyə getmişdi?
Nuru Paşanın rəhbərliyi ilə Osmanlı qoşunu Azərbaycana gəldikdən sonra burada erməni-bolşevik vəhşiliklərinə son qoyulmuşdur. Lənkəran camaatı tərəfindən kömək üçün dövrünün tanınmış ziyalılarından olan
Teymur bəy Bayraməlibəyov Bakıya Nuru Paşanın yanına göndərilir. Lənkəran ziyalıları Nuru Paşaya göndərdikləri məktubda yazırdılar: “Avetisov Lənkəranda ermənilərdən ibarət tərəfdarlar toplamışdır. O, 1919-cu il fevralın 1-də lənkəranlı Əkbər Qəribovun, Xəlil Nəcəfqulu oğlunun evinə quldur kimi basqın etmiş, evdəki qiymətli şeyləri aparmışdır. Belə biabırçılığa türk oğlu, müsəlman dözə bilməz. Xahiş edirik köməklik göstərəsiniz” (Hacı Etibar Əhədov. Unudulmaz tarix. “Aşkarlıq” qəzeti, 29 mart 2018).
Lənkərana göndərilən
türk hərbi birləşmələrinə
Camal Paşa adlandırılan Yusif Camal bəy rəhbərlik etmişdir. Camal Paşanın qərargahı Gərmətük kəndində Kərbəlayı Nurullanın evində yerləşmişdir. 1920-ci ilin dekabrında Astaranın Kələdəhnə kəndi yaxınlığında öldürülən Camal Paşa Astaranın Pensər kəndində, Hacı Teymur məscidinin həyətində xeyriyyəçi Hacı Osmanla yanaşı dəfn edilmişdir.
Soyqrım faciəsi
abidələri
Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə ermənilərin törətdikləri bu qətliamlara hüquqi-siyasi qiymət verilərək, 31 mart azərbaycanlıların soyqırım günü elan edilmişdir. Erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətə və gənc nəsillərə çatdırmaq üçün soyqırım qurbanlarının xatirəsi əbədiləşdirilərək onlara abidə - komplekslər ucaldılmış, Quba Soyqırımı Memorial Kompleksi (2014) yaradılmışdır. 2002-ci ilin martında Lənkəran şəhərində də soyqırımı qurbanlarına həsr edilmiş Xatirə-park kompleksi açılmışdır. Eyni zamanda qətlə yetirilmiş 13 sütəmurdovlu ağsaqqala da adları yazılmaqla kənd qəbiristanlığında Xatirə-abidə (obolensk) qoyulmuşdur. Mart soyqırımından 101 il ötsə də, erməni vəhşilikləri bu gün də davam etməkdədir.
İldırım ŞÜKÜRZADƏ
tədqiqatçı-tarixçi
Redaksiyadan: Bu mövzuda 2-ci yazını, əsasən Masallının kəndlərində törədilən qırğınlarla bağlı Tarix üzrə Fəlsəfə elmlər doktoru Mürvət Abbasovla müsahibəni sizə yaxın günlərdə təqdim edəcəyik.