Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda əlil uşaqların payın kimlər yeyir?


Doğrudanmı, 3-12 yaşlı əlil uşaqların adı ilə hər ay 1,5-2 min manat pul mənimsənilir?

Bu günlərdə QHT.az saytında kiçik bir xəbərə rast gəldik. Həmin xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

“Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılıb - FOTOLAR

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılmışdır.

QHT.az xəbər verir ki, mərkəzlərin hər birində çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 3-12 yaş arası 30 nəfərdən çox uşağa xidmət göstərilir. Burada uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər görülür, onlar maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilir, eyni zamanda məktəbdə oxuyan uşaqların ev tapşırıqlarının hazırlanmasına köməklik göstərilir. 

Uşaqların psixi-sosial inkişafı məqsədilə mərkəzlərdə sosial işçilər, pedaqoqlar, tərbiyəçilər, psixoloqlar çalışırlar.

Vətəndaşların Sosial Rifahi Naminə ictimai birliyi

Göründüyü kimi, olduqca maraqlı xəbərdir. Bir rayonda 30-dan artıq əlil uşağa hərtərəfli qayğı göstərilməsinə kim sevinməz ki?

Onu da xatırladaq ki, GünƏrzi mərkəzi “loru dildə”, təxminən əlil uşaqlar üçün Uşaq Bağçası kimi bir yerdir. Rayon mərkəzində, yəni çoxlarının əlil uşaq gətirə biləcəyi bir ev, ya ofis kirayələnir, 4-5 işçi ayrılır-müdir, müavin, təbiyəçi, aşbaz, xadimə, eləcə də nəqliyyat xərci-filan. Həmin əlil uşaqlar gün ərzində burada rahatlıq tapırlar, yuxarıda qeyd olunan işlərlə məşğul olurlar.

Bunlar təlimata görə belədir. Bəs reallıqda?

Reallıqda bəzi vicdanlı adamları çıxmaq şərti ilə bir qrup adam sövdələşir, yalandan qohumlarının, tanışlarının adlarına ştatlar yazıb, yenə yalandan gözdə-qulaqdan uzaq yerdə bir ofis  sənədləşdirib, hər ay 1,5-2 min manat pulu bala-bala  çırpışdırırlar.

Qayıdaq, QHT.az-ın məlumatına. Bu məlumatı oxuyandan sonra maraqlandıq ki, bu xeyirxah məkan Masallıda haradadır. Hara əl atdıqsa, bilən olmadı. Hətta bəzi xanım rəhbərlər hədə-qorxu da gəldilər-nəyinizə lazımdır, kimin ixtiyarı var bununla maraqlansın və sair. (Guya hökumətin bu xeyirxah  addımı dövlət sirr, kəşfiyyat məlumatıdır).

 Zaqataladkı dostlarımız vasitəsi ilə də maraqlandıq ki, orada vəziyyət necədir? Bəlli oldu ki, bu işdə ağıllı-başlı məlumatı olan yoxdur.

Bəs normalda necə olmalıdır. Hər bir İctimai Biliyin, istər QHT, istər xeyriyyə fondu, istər icma olsun... işi tam aşkar şəkildə təşkil olunmalıdır. Onlar  çalışdıqları rayonun qəzetində, o rayondakı saytlarda, özlərinin sosial səhifələrində bu barədə detallı məlumat verməlidilər. Yəni, təntənəli açılış olmalı,  layihənin məqsədləri, ayrılan qrantın məbləği, yerləşdiyi ünvanı göstərilməli, işçilər üçün müsabiqə elan olunmalı, hansı uşaqların bura cəlb olunması şərtləri bildirilməli və digər retallar tam açıqlanmalıdır.

Bunların heç biri yoxdur. İnternetdə axtarış verirsən, heç nə tapılmır. Bu işlə məşğul olanların səhifəsinə baxırsan, heç nə tapmırsan. Tam qapalı bir dairə.

Bəs bu layihəni reallaşdıran hansı təşkilatdır?

Xəbərdən də göründüyü kimi “Vətəndaşların Sosial Rifahi Naminə ictimai birliyi”.  

İkinci sual-bu Birliyiə rəhbərlik edən kimdir? Rizazadə İradə Bağır qızı.

Bəs bu xanım daha hansı vəzifənin sahibidir?

ƏƏSMN yanında İctimai şuraya rəhbərlik edən 15 nəfərdən  biri.

 Yəni, İradə xanım Riszazadə İctimai Şuranın üzvü kimi özü bu işlərə nəzarət edənlərdən biridir. Bəs hanı?

Bəs Masallıda bu yer haradır, rəhbər kimdir?

Hara əl atdıqsa, ya hədələdilər, ya da bilmirik dedilər. Məcbur olduq ƏƏSMN-nə, nazir Sahib müəllimin saytı vasitəsi ilə ona müraciət ünvanladıq.  Görək, tv-lərdə haqdan, düzlükdən danışan nazirin reaksiyası nə olacaq?

Həmin məktubu sizə də təqdim edirik:

“Hörmətli nazir

Biz sizin əlillərə diqqət sahəsində işlərinizi yüksək dəyərləndiririk. QHT.az saytından (15-2-2019) məlumat aldıq ki, Zaqatala və Masallıda 3-12 yaşlı əlil uşaqları birləşdirən Günərzi qrupu yaranıb. Lakin bu qrupun Masallıda harada, necə fəaliyyət göstərməsi barədə məlumat yoxdur və gizlədilir. Kim bununla maraqlanırsa onu top-tüfənglə qarşılayırlar, aşkarlıqdan qaçırlar. Görünən odur ki, bu iş kağız üzərində sənədləşdirilir, əlil uşaqların haqqı yeyilir. Xahiş edirik, bizə məlumat verilsin ki, bu GÜNƏrzi Masallıda nə vaxtdan, harada fəaliyyət göstərir. Bu qurum üçün nə qədər vəsait ayrılıb, Masallıda rəhbəri kimdir, neçə işçisi var? Bizdə olan məlumata görə nazirlikdə də bəziləri bu işdə əlbirdir.

Qısa müddətdə məlumat almasaq, məcburuq ki ictimailəşdirək.

Zahir ƏMƏNOV

Cenubxeberlerri.com saytının redaktoru

Necə olur ki, bir qrup xeyriyyəçi xanım, az qala yalvara-yalvara imkansız, əlil uşaqlar üçün əlil arabası, ərzaq, geyim təşkil edir, bunlar isə hökumətin  bu olduqca xeyirxah niyyətlə ayırdığı pulu basıb yeyir. Nəinki  yeyir, digər xeyriyyəçilərin işlərini də öz adlarına çıxmaqdan  utanmırlar.

Yazı uzun alındı  deyə, hələ hər şeyi yazmıram.

Amma, biz bu işin sonuna kimi getməkdə israrlıyıq. Nazirliyə göndərdiyim məktubun surətini  də hüquq mühafizə orqanlarına, digər əlaqədar təşkilatlara da göndərəcəyik ki, bu işə aydınlıq gətirsinlər.

Bir mahnıda deyilmişəkən “bəlkə mən düz eləmirəm”?.

 

 Qeyd: Yəqin ki, bu yazıdan sonra yalandan bir ev tapıb, ora qonum-qonşudan 5-6 uşaq yığıb, adın qoyacaqlar “Günərzi”.

Qeyd: Onu da xatırladaq ki, rayonlarda bu Günərzi-lərdən başqa da guya əlillərlə işləyən, əmək haqları özündən yuxarılarla ən azı yarıbayarı bölünən təşkilatlar, layihələr var. Onlara da nəzər salmağa çalışacağıq..

 

Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10