Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BANBAŞI KƏNDİ- Cəm-Cəm yaşayış yeri isə buranın 500-600 il əvvəl şəhər olduğunu söyləməyə əsas verir


  Banbaşı Masallı rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzi – Masallı şəhərindən 5 km qərbdə, Viləş çayının sahilində yerləşir. Cənub-şərqdən Masallı şəhəri və Kosagül kəndi (Kosagül kəndi 2013-cü ildə ləğv edilərək Masallı rayonunun yaşayış məntəqələri sırasından çıxarılmış və ərazisi Masallı şəhərinə birləşdirilmişdir), cənubdan Yeyənkənd, qərbdən Köhnə Alvadı, şimaldan isə Böyük Xocavar kəndləri ilə həmsərhəddir.

    Banbaşı kəndinin ərazisi 399 hektardır. 

Kənddə 1849-cu ildə 309 (ev 42), 

1859-cu ildə 278 (ev 52), 

1863-cü ildə 341 (ev 49), 

1873-cü ildə 349 (ev 53), 

1886-cı ildə 412 (ev 62), 

1911-ci ildə 406 (ev 44), 

1933-cü ildə 629, 

1999-cu ildə 2177, 

2009-cu ildə 2240,

 2018-ci ildə 2550 nəfər yaşamışdır. 

Hal-hazırda Banbaşı kəndində 2560 nəfərdən çox əhali yaşayır.

    Banbaşı toponiminin izahı ilə bağlı müxtəlif mülahizələr vardır. “Masallı toponimləri” kitabından oxuyuruq: “Professor Afət Qurbanov Banbaşı toponimini hibrid onomastik vahidlər sırasına daxil etmişdir. Məlumdur ki, dilçilikdə iki müxtəlif dilə məxsus olan sözün birləşməsi nəticəsində əmələ gələn leksik vahidlər hibrid söz adlanır. Bu mülahizəyə əsasən belə bir qənaətə gəlmək olar ki, professor Afət Qurbanov Banbaşı toponimindəki “ban”ı ərəb sözü kimi qəbul etmişdir. Bu ölçüyə əsaslanaraq, belə bir nəticə hasil olur ki, Banbaşı toponiminin mənası “söyüdlüyün başı” deməkdir (Musarza Mirzəyev, Şahrza Ağayev. B., 1992, səh. 120.

    Budaq Budaqov və Nadir Məmmədov Banbaşı toponimi haqqında yazırlar: “Toponim qədim türk dilindəki bona (ban) “çay sahilində hündür yer” və “başı” Azərbaycanca başlanğıc mənasındadır. “Yüksəkliyin başlanğıcında salınan kənd” deməkdir (Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. B., 2008, səh. 22).

Kənd əhalisinin fikrincə isə Banbaşı hündür yer, hündür təpə mənasındadır. Xalq etimologiyasında Banbaşı toponimi “xoruzların banladığı yer” kimi də izah olunur.

    Banbaşı qədim tarixə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Banbaşı kəndində 6 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Bu abidələr aşağıdakılardır:

Ölkə əhəmiyyətli arxeoloji abidələr: - “İki kurqan” (inv: 1570;  Tunc dövrü), Mirsadıq bəy təpəsi (inv: 1571;  Tunc və Dəmir dövrü), Cəm-Cəm şəhər yeri (inv: 1588;  XIV-XV əsrlər), Mir Heydər Ağa ocağı (inv: 1619);

Yerli əhəmiyyətli memarlıq abidələri: - Məscid (inv: 4871;  XIX əsr) və Mirzəbaba dəyirmanı (inv: 4872;  XIX əsr).

    Tunc dövrünə aid (e.ə. IV – II minillik) “İki kurqan” və Mirsadıq bəy təpəsi hələ 6-4 min il bundan əvvəl Banbaşı ərazisində yaşayışın olduğunu, Cəm-Cəm yaşayış yeri isə buranın 500-600 il əvvəl şəhər olduğunu söyləməyə əsas verir.

    Səidəli Kazımbəyoğlu 1869-cu ildə fars dilində qələmə aldığı və Talış xanlığından bəhs edən “Cəvahirnameyi – Lənkəran” (digər adları “Cəvahirnameyi-Talış”, “Səidiyyə”) kitabında Cəm-Cəm (Cüm-cümə) şəhər və qalası haqqında da məlumat vermişdir (“Səidiyyə”, B., 2005, səh. 122-123). 

    Banbaşı kəndi xanlıqlar dövründə Talış xanlığının Dəştvənd mahalının, qəzalar 91840-1930) dövründə isə Lənkəran qəzasının əvvəl Ərkivan nahiyəsinin (pristavlığının), daha sonra isə Masallı dairəsinin tərkibində olmuşdur.

    Banbaşı kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

 Sovet dönəmində 91920-1991) kənddə əvvəl Molotov, daha sonra isə Cəfər Cabbarlı adına kolxoz fəaliyyət göstərmişdir. 1964-cü ildə kolxozlar sovxozlarla əvəz edildiyindən burada sovxoz yaradılmış və təsərrüfat “Sovet ” sovxozu adlandırılmışdır. “Sovet Azərbaycanı” sovxozu tərəvəzçilik və taxılçılıq üzrə ixtisaslaşmışdır. 1997-ci ildə həyata keçirilən Aqrar islahata əsasən kolxoz və sovxozlar ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə verilmişdir.

    Banbaşı kəndində tam orta məktəb, mədəniyyət mərkəzi, kitabxana, feldşer-mama məntəqəsi, məscid, çörəkbişirmə sexi, yanacaq doldurma məntəqəsi, maye qaz dolduran məntəqəsi, elektrik yarımstansiyası, stadion, mağaza-dükanlar, bərbərxana və digər sosial obyektlər vardır.

    Bölgənin tanınmış ziyarətgahlarından olan Mir Heydər Ağa ocağı burada yerləşir.

    Kənddə Banbaşı mərkəz olmaqla icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Banbaşı kənd inzibati ərazi dairəsinə Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndləri daxildir. Banbaşı kənd inzibati ərazi dairəsinin ərazisi 837 hektar, əhalisi 6480 nəfərdir. İnzibati ərazi dairəsindən əvvəl burada Banbaşı kənd sovetliyi və banbaşı kənd şurası fəaliyyət göstərmişdir. Banbaşı kənd sovetliyi Banbaşı, Böyük Xocavar, Binə Xocavar, Cəbili, Köhnə Alvadı və Kosagül, Banbaşı kənd şurası isə Banbaşı, Böyük Xocavar, Bala Xocavar, Binə Xocavar, Əmirtürbə və Kosagül kəndlərini əhatə etmişdir.

    Banbaşı kəndində bələdiyyə 2000-ci ilin yanvar ayında yaradılmışdır. Bələdiyyə tək Banbaşı kəndini əhatə edir.

    Banbaşı kəndinin tanınmışlarına misal olaraq texnika elmləri doktoru, professor Soltanağa Ağayev, tibb elmləri doktoru Məmmədhəsən Ağayev, biokimya üzrə fəlsəfə doktoru Eldar Əliyev, böyük din alimi Əhmədağa Əhmədov (Nəcəfdə 25 il təhsil alıb, 1937-ci ildə repressiyaya məruz qalmışdır), müxtəlif vaxtlarda Masallıda rəhbər və məsul vəzifələrdə çalışmış Yasər Mirzəyev, Fail Mirzəyev, Mədət Bağırov, gömrük xidməti general-mayoru, tibb üzrə fəlsəfə doktoru Fikrət Qədiməliyev, polkovniklər Xanlar Bəşirov, Rəsul Qurbanov və digərlərini göstərmək olar.

                                                                    Cenub.az, İldırım ŞÜKÜRZADƏ,

 Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10