Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda kanalqazanlar – sən demə, onların əməyi nəticəsində minlərlə insanın dərdi yüngülləşib


Dünənə qədər ətrafında yüzlərlə tülkünün, çaqqalın ulaşdığı kanallarda bu gün ördəklər üzür.

Kanal qazmaq çoxumuza bəlkə də olduqca adi, maraqsız iş kimi görünür. Bir də baxır ki, onu nə üçün və nəyə görə qazırsan?

Öncədən xatırladım ki, təkcə bu kanalqazanların zəhməti hesabına hazırda Masallının əsasən Muğan kəndlərinin həm texniki, həm də içməli su təminatında əsaslı dönüş yaranıb. Təsərrüfatçılar isə bundan əməlli-başlı faydalanır.

Öncə diqqət edək ki,  bir il öncə Masallıda bu sahədə vəziyyət necə idi, bu gün necədir. Bir neçə məqamı müqayisə edək.

Bu səfərdə bizə bələdçi olan Rövşən bəy: -“Ötən il Muğan kəndlərinə normal su veriləndən  sonra Sığıncaq kənd sakini  Farid adlı gənc 1 hektar sahədə 1000 manata yaxın xərc çəkərək qarğıdalı əkmişdi. Satış vaxtı gələndə təsərrüfat sahibinə elə qapısında 10 min manat ödəyib bu məhsulu  aldılar. Təsəvvür edirsiniz- maya dəyərinin 10 qatı qədər qazanc. Həm də xatırladım ki, Farid kimi təsərrüfatçılar az deyil.

Mərhum xalq şairi Qabilin

Muğan həsrət yağışa, 

Buludlar xəsis...

Yağış tökür Talışa

Hey-hey gərəksiz.

misralarını yəqin ki, çoxları eşidib.

Doğrudan da, Muğan torpağının illərlə yağışa həsrət qaldığı vaxtlar olub. Əkin sahələri, eləcə də insanlar susuzluqdan min bir əziyyət çəkib.

İnsanlar torpağı böyük əziyyətlə, ürəkləri əsə-əsə əkib-becərib. Sonda susuzluqdan əkin-biçin – yonca, kartof, tərəvəz sahələri ya məhv olur, ya da sel daşqınları həmin əkin biçini yuyub-aparıb, ayların əziyyətini hədər edirdi.

Bəs nələr oldu ki, bu problem öz əksini tapdı?

Açığını desək, hər şey gənc mütəxəssis Rusif Kərimovun Viləşçay Su Anbarı İstismar İdarəsinə rəhbər gələndən sonra başladı.

Rusif Kərimov kimdir?

Ali təhsilli mühəndisdir. Uzun müddət Rusiyada tikinti-sənaye sahəsində çalışıb, Moskvanın əksər səhiyyə ocaqlarının təmir və tikinti  işlərinə rəhbərlik edib, Yaponiyada bir aylıq peşəkar kurs keçib. Hazırda Bakı İnşaat Universitetinin meliorasiya  fakültəsində təhsilini davam etdirir. Təbiət etibarı ilə onu çoxları kifayət qədər cəsarətli, işgüzar və xeyirxah bir insan kimi xarakterizə edir.

İdarənin sahə rəisi Rövşən Sarxanlı onunla bağlı deyir: - “Rusif Kərimov bu kollektivə rəhbər gələndən sonra burada özgə bir ab-hava yarandı”.

Rusif müəllimin bizə ilk sözü bu oldu – “Sizə işdən çıxın, demirəm”. “İşə çıxın, deyirəm. Çıxın və yaxşı işinizlə özünüzü sübut edin. Özünüzü əməlinizlə təsdiq edin”.

Sanki Rusif müəllim uzun illər çalışdığımız bu idarəni bizə yenidən sevdirdi, nə qədər faydalı iş gördüyümüzə bizi inandırdı. Düzü, əvvəllər bu işlərin bir çoxu kağız üzərində görülürdü. Bu əmələ görə yüzlərlə insan əziyyət çəkirdi. Açığı özümüz də gördüyümüz, daha doğrusu, görməli olduğumuz, lakin görmədiyimiz işlərə görə utanır, əziyyət çəkirdik.

Rayondakı suötürücü kanallar nəinki gündən-günə bərbad vəziyyətə qalır, bəzi hallarda tam istifadəsiz vəziyyətə düşürdü.

Nəticədə, yonca bahalaşır, insanlar mal-qara saxlamaq istəmir, süd məhsulları əlçatmaz qiymətə olurdu.

Sonra Rövşən Sarxanlı birgə gəzdiyimiz Çaxırlı yolunun ətrafındakı yonca sahələrini göstərdi.

Baxın, nə gözəl görünür. İş təkcə gözəllikdə deyil. İllərdir bu sahələr ya susuzluqdan yanır, ya daşqın sularının altında qalırdı. Nəticədə, yonca bahalaşır, insanlar mal-qara saxlamaq istəmir, süd məhsulları əlçatmaz qiymətə olurdu. Yaxşı ki, bu problemlər arxada qaldı. İndi təkcə Çaxırlıda yox, Şərəfə, Ağakişibəyli, Xocavar, Təklə, Həsənli və digər onlarla kənd kanallarında yüksək səviyyəli təmizləmə işləri aparılmış və onlar tam işlək vəziyyətə gətirilmişdir.

Bütün bu işlər əziyyətsiz olmadı – Rövşənlə söhbətimiz davam edir- Bəzən gecə yarısına qədər idarənin rəhbəri Rusif müəllimlə sahələrdə qaldıq. Suyun yolunu açır, evləri, mal-qaranı sel sularından xilas edirdik.


Yəqin ki, yaxın illər yadınızdadır. İnsanlar su çatışmazlığı ilə bağlı dəstə-dəstə icra hakimiyyətinə, digər qurumlara şikayətə gedirdi. Az qala bəzi yerlərə suyu xüsusi tanışlıqla verirdilər.

Bircə Ərkivan qəsəbəsinin yoldan aşağı torpaq və əkin sahələrinə nəzər salaq. 4 kilometrdən artıq sahədə kanallar təmizlənib. 40-50 il əvvəl çəkilmiş, 2 metr dərinlikdə olan kanallar indi 3-4 metrlikdədir. Həm də məcrası genişləndirilib. Nəticədə nəinki onlarla ev, təsərrüfat sel-sudan xilas olub, həm də ətraf zibilliklərdən təmizlənib, insanlar bu təmizlik sahəsində yeni torpaq sahələri əldə ediblər. Ərkivan qəsəbəsinin Qızılaküçə, Həsənəküçə, Ramazanlı və sair məhəllələrinin sakinləri bu işdən daha çox faydalanıb. Əvvəllər burada çaqqal, tülkü, ilan sürüsü məskən salırdısa, indi təmizlənmiş göllərdə ördəklər üzür.

Ərkivan qəsəbəsinin əksər əhalisi kəndin yuxarı, hündür hissəsində yerləşib. Burada 7 dərə olduğu üçün onların sel-su problemi yoxdur. Lakin qəsəbənin Ərkivan-Boradigah yolunun sol sahilindəki yaşayış evləri, xüsusən Qızılaküçə məhəlləsinin aşağısındakı evlər payız-qış aylarında əksər vaxtlarda sel sularından əziyyət çəkirdi. 

Bütün bunlar nəzərə alınaraq qəsəbənin Ramazanlı, Həsənəküçə, Qızılaküçə və sair ərazilərində, bir qədər əvvəl dediyimiz kimi ümumilikdə 4 kilometrdən artıq yerdə kanallar təmizlənib, zərərsizləşdirilib, yararlı hala salınıb.

Problemlər də var.

Lakin bu sahədə problemlər də az deyil. Bəziləri kanal qazmaq üçün həyətindən yol vermir, ağacları kəsmək üçün imkan yaratmır. Təsəvvür edin- kanal ortasında tövlə, yardımçı tikili qurur, yaxud burada çəpər çəkir və s.

Su keçidləri də normalara uyğun deyil.

  Təmizlənmiş, genişlənmiş kanallar lazımınca qorunmur, ətrafı zibillənir. 

      Yəni normalda borunun diametri 800-1000 ölçüdə olmalıdır, amma faktiki 300-400 diametr ölçüdə olur ki, bu da suyun normal axınına əngəl törədir.

Bu sahədə bələdiyyələr, məhəllə komitələri, icmalar, xeyriyyəçilər, iş adamları birləşib birgə iş görsələr, hamı üçün faydalı olar.

Yeni rəhbərliyin diqqəti

Yeri gəlmişkən onu da deyək ki, Masallıya yeni icra başçısı gələndən sonra yerli ərazi nümayəndələri, bələdiyyə sədrləri kanalqazanlara daha çox dəstək olmağa çalışdı. 

Sığıncaq, Təklə, Çaxırlı, Kolatan, Boradigah, Bədəlan, Mahmudavar, Şıxlar, Yeddioymaq, Qızılağac... ərazilərində ciddi işlər görüldü

Ümumilikdə kanalqazma işləri rayonun 80-ə yaxın qəsəbə və kəndini əhatə edib, nəticədə 170 kilometrə yaxın ərazidə kanalların təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır.

İndi yol boyu yoncalıqlar, kartof, qarğıdalı, çiyələk, bostan bitkiləri və çəltik sahələri göz oxşayır.

Açığını desək, bu işlər birbaşa bizim səlahiyyətimizə daxil deyil. Lakin bu problemin rayonun təsərrüfatları üçün ciddi çətinliklər yaratdığını nəzərə alan Viləşçay Su Anbarı İstismar İdarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə bu işləri daxili imkanlar hesabına reallaşdırır. Nəticə, uğur da göz qabağındadır. Onu da qeyd edim ki, rayonun yeni icra başçısı Araz Əhmədov bu işə ciddi dəstək verir. 

R. Sarxanlı həm də qeyd etdi ki, bu sahədə əsas işlərlə bərabər yardımçı işlər də tam sürətlə davam edir.

Son nəticə.

Bütün bu işlər bizə nə verdi və nə verəcək? Bu sualın bəzi məqamlarına yuxarıda cavab verdik. Ən əsası isə odur ki, davamlı su təminatı bol olduqca ot sahələri bol olacaq, ot bol olacaqsa, ucuzlaşacaqsa, mal-qara çoxalacaq, heyvandarlıq məhsulları artacaq .

Bəzi müqayisələr aparmaq istəyirəm. Ötən illərlə müqayisədə yonca bağlaması (presi) 4-5 manat idisə, bu il 3 manat, 3 manat 50 qəpik arası oldu. Bu isə 5-10 inək saxlayan adamın yem tədarükündə 700-1000 manat irəli düşməsi deməkdir.

Boradigah Qəsəbə Ərazi Dairəsində ən çox 30-35 hektarda çəltik əkilirdisə, bu il suvarma imkanları əsaslı şəkildə artığından əvvəlki ildən 5 dəfə artıq, 150 hektar sahədə çəltik əkildi. Eyni artım Şıxlar kəndində də baş verdi. Bu isə 100 min manatlarla qazanc, yüzlərlə iş yeri deməkdir. Onu da deyim ki, su təminatının yaxşılaşması nəticəsində haşimi adlanan düyünün qiyməti 6 manatdan 3 manat 50 qəpiyə, 4 manata düşüb.

Növbəti illərdə bu artımlar daha çox olacaq. Kənd təsərrüfatı ilə məşğul olanlar su problemindən əziyyət çəkməyəcək.

Əvvəllər deyirdilər ki, çörək olsa, mahnı da olacaq. İndi obrazlı da olsa deyim ki, su bol olsa, çörək də olacaq, mahnı da olacaq.

Cenub.az. Zahir  Əmənov

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10