--Ruslar XIX əsrin əvvələrində Azərbaycanı işğal edən zaman Talış torpağında hansı qalaları tikmişdir?
--“Talış-Muğan” arxeoloji ekspedisiyası Masallıda neçə möhtəşəm şəhər yeri, qalalar və kurqan aşkar edilmişdir”
-- Çaxırlı - çakar, çakirli və ya çakərli ?
Lənkəran rayonun ucqar Havzava kəndində yaşayan və müəllim işləyən İldırım Şükürzadə tariximizlə bağlı yorulmadan dəyərli araşdırmalar aparır. Onun son araşdırmalarından biri də Masallı rayonunun Çaxırlı kəndi və bu kənddə yerləşən Çaxırlı qalası haqqındadır. Həmin yazıları sizə təqdim edirik.
Çaxırlı - çakar, çakirli və ya çakərli ?
Çaxırlı Kəndi Masallı şəhərindən 15 km şimal-qərbdə, rayonun Muğan hissəsində, Lənkəran ovalığında yerləşir. (Inzibati ərazi dairəsi kimi Çaxırlı, Kəlbhüseynli, Sarıcəfərli, Bala Təklə və İmanlı kəndlərini əhatə edir .) Ərazisi 1200 hektar, əhalisi 2014 nəfərdir (2013).
Xalq etimologiyasına görə, Çaxırlı toponimini bəziləri çaxır (şərab) sözündən yarandığı qənaətinə gəlsə də, əslində bu heç də inandırıcı deyildir. Çünki, çaxır, çaxırlı anlayışları daha qədim tarixə söykənir.
Çaxırlı etnotoponimdir, yəni tayfa adı ilə bağlı olan yer adıdır. O, gah çakar, gah çakirli və gah da çakərli tayfasının adı ilə əlaqələndirilir.
Qiyasəddin Qeybullayev Çaxırlı toponiminin bulqar tayfa birliyinə daxil olan çakar tayfasının adından yarandığını yazır (Azərbaycan toponimiyası (rus dilində). B., 1986, səh. 36). Bu fikir “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında da (I cild. B., 2007, səh. 180) öz əksini tapmışdır.
“Masallı toponimləri” kitabında isə coğrafiya elmləri doktoru, professor Nadir Məmmədova istinad edilərək yazılır: “Çaxırlı adı Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsr mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin adı rusdilli xəritələrdə səhv olaraq Çakirli, Çaxurlu və s. şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanuna tabe edilərək Çaxırlı şəklinə düşmüşdür” (Musarza Mirzəyev, Şahrza Ağayev. B., 1992, səh. 55).
Toponimin çakirli tayfasının adından yaranması fikrinə “Masallı” (Novruz Novruzov. B., 1990, səh. 68), “Mənim Masallım” (Musarza Mirzəyev. B., 1991, səh. 38) və “Talış toponimlərinin qısa izahlı lüğəti” (Musarza Mirzəyev. B., 1993, səh. 54) kitablarında da rast gəlinir.
“Azərbaycanın coğrafi adları” kitabında oxuyuruq: “Çakirli – XVI əsrin axırlarında Anadoludan Azərbaycana köçmüş səlcuq türklərinə mənsub nəsil adıdır” (Rəmzi Yüzbaşov, Kamal Əliyev, Şəmsəddin Sədiyev. B., 1972, səh. 44).
“Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitanından isə oxuyuruq: “Çaxırlı kəndi. Masallı r. Çaxırlı oykonimi (oykonim yunan dilində yaşayış məntəqəsi adı deməkdir – İ.Ş.) Çakərli kənd adından təhrifdir. Çakərli türk dilli tayfalardan birinin adıdır” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2007, səh. 23).
Çaxırlı adında kəndlər Masallıdan başqa İmişli, Göyçay və Cəbrayıl rayonlarında, Göycə mahalında da vardır. Atəş Verdiyev “Cəbrayıl rayonunun toponimləri” kitabında Çaxırlı toponimi haqqında yazır: “Çaxırlı – Cəbrayıl rayonunda kənd. Arazboyu düzənlikdədir.
Toponim çaxırlı, yaxud çakərli tayfasının adı ilə bağlıdır. Oykonim qazax tayfa ittifaqına daxil olan 57 ailədən ibarət çaxır (çakər, çakar) tirəsinin adını özündə əks etdirir. Bu tayfanın müəyyən hissəsi erkən orta əsrlərdə Cəbrayıla gələrək burada məskunlaşmışdır” (B., 2012, səh. 165).
Göründüyü kimi Çaxırlı adının geniş ariala yayılması onun etnotoponim olub, çakar, çakirli və ya çakərli tayfasının adından yarandığını bir daha sübut edir.
Çaxırlı qalası niyə, həm də Kazetski adlanırdı?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Masallı rayonu ərazisində qeydə alınmış 211 tarix və mədəniyyət abidəsindən 12-i qaladır. Həmin qalalardan biri Çaxırlı qalasıdır.
“1986-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA – İ.Ş.) Tarix İnstitutu respublikamızın cənub-şərq bölgəsinin tarixi-arxeoloji abidələrini öyrənmək məqsədilə tarix elmləri namizədi Qoşqar Qoşqarlının rəhbərliyi altında “Talış-Muğan” arxeoloji ekspedisiyası yaratmışdır. 1989-cu ildə ekspedisiyanın tərkibində rəhbəri tarix elmləri namizədi Abuzər Ələkbərov olmaqla “Masallı” dəstəsi yaradılmışdır. “Masallı” dəstəsinin fəaliyyəti nəticəsində rayon ərazisində 10-dan artıq möhtəşəm şəhər yeri, qalalar, 30-dan artıq kurqan aşkar edilmişdir” (Novruz Novruzov. Masallı. B., 1990, səh. 11-13).
Aşkar edilmiş qalalardan biri də Çaxırlı qalası olmuşdur. Çaxırlı qalası torpaqla əhatələndiyindən torpaq qala sayılır. Səidəli Kazımbəyoğlu Talış xanlığının tarixindən bəhs edən və 1869-cu ildə fars dilində qələmə aldığı “Cavahirnameyi-Lənkəran” (digər adları “Talışın gözəllikləri”, “Səidiyyə” – İ.Ş.) əsərində Çaxırlı qalası haqqında da məlumat vermişdir.
Hacı Etibar Əhədovun redaktorluğu ilə 2005-ci ildə işıq üzü görmüş “Səidiyyə” kitabından oxuyuruq: “Onlar (ruslar – İ.Ş.) Talış torpaqlarında dəniz sahilinə yaxın üç yerdə gildən və daşdan yaşayış məkanı üçün qala tikdilər.
Ruslar tərəfindən birinci qala Muğan səhrasının aşağı hissəsində Çəndəğ adlı məkanın bərabərliyində, Xəzər dənizinin şimal-qərb küncündə tikilmişdir.
İkinci qala Çaxırlı adlanan məkanda tikilmişdir. Bu həmin qaladır ki, hal-hazırda Sankt-Peterburqdan olan mənsəb sahibi “Nadvornı sovetnik”, yəni “saray müşaviri” adı ilə məşhur olan Kazetski orada yaşayır və həmin qalanı özünə iqamətgah seçmişdir.
Üçüncü qala Uluf mahalının Cil kəndində tikilmişdir” (Səh. 131-132).
Bu qala Rusların 1-ci, ya 2-ci işğalı zamanı tikilib?
Səidəli Kazımbəyoğlu Çaxırlı qalası haqqında daha sonra yazır: “Çaxırlı qalası haqqında belə danışırlar ki, Şah Təhmasibin (Səfəvi hökmdarı II Təhmasib nəzərdə tutulur. II Təhmasib 1722-1732-ci illərdə hakimiyyətdə olmuşdur – İ.Ş.) şahlığı zamanında Rusiya qoşunlarının bu torpaqlara birinci dəfə girdiyi zaman
(I Pyotorun 1722-1723-cü illərdə Xəzəryanı bölgələrə yürüşü nəzərdə tutulur – İ.Ş.) tikilmişdir.
Əksinə, rus imperiya qoşunlarının bu ölkəyə ikinci dəfə istila məqsədilə girib, mövqelərini möhkəmlədəndən sonra bu vilayətin ətraf əhalisinin köməkliyi ilə tikilmişdir.
Qalada yaşamağa adamların niyə hövsələsi çatmırdı?
Belə ki, qalanın tikiliş üslubu elə tərzdə icra olunmuşdur ki, qala daxilinə təzə daxil olub yaşayanlar bu qalada yaşamağa hövsələləri çatmır. Çünki o qala qəribə bir gözəlliyə malikdir. Həmçinin qeyri adi bir layihə əsasında tikilmişdir. Belə ki, qala ətrafında olan qalalara məxsus xəndək və qorunması üçün adəti nizam-intizam yox idi. Bundan əlavə bu qalanın daxilindəki torpaqla xaricindəki torpağın səviyyəsi bərabərdir. Qalanın hasarının üst hissəsinin eynilə on beş arşın, yəni 16 metrdən də çoxdur.
Bu qalanın torpağını bu məkana uzaq olan yerlərdən daşıyıb gətirmişlər. Belə ki, indinin özündə də ətraf yerlərdə xəndək və çuxur, çalaların çoxluğu həmin fikrin doğruluğuna sübutdur.
Çaxırlı qalası hansı mahalların köməyi ilə tikilib?
... Çaxırlı qalasını da Dəştvənd mahalının və Muğanatın əhalisinin köməkliyi ilə tikmişlər. Bu mahalın əhalisi Rusiya hökumətinin tabeçiliyini qəbul etdilər” (“Səidiyyə”. B., 2005, səh. 133).
Beləliklə, Səidəli Kazımbəyoğlunun verdiyi məlumatdan Çaxırlı qalasının XVIII əsrin əvvəllərində (1722-1723) yox, rusların ikinci yürüşü zamanı, yəni XIX əsrin əvvəllərində (1804-1813) tikildiyi məlum olur.
Çaxırlı torpaq qalası arxeoloji cəhətdən öyrənilməmişdir. Torpaq sədlə əhatələnmiş qaladan hal-hazırda idman meydançası-stadion kimi istifadə olunur. Çaxırlı qalası həm arxeoloji və həm də memarlıq abidəsi hesab olunur. Belə ki, Çaxırlı qalası orta əsrlərə aid 5967 invertar sayı ilə yerli əhəmiyyətli arxeoloji, 4928 invertar sayı ilə isə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizəyə götürülmüşdür. Çaxırlı qalası el arasında Kazetski qalası da adlandırılır.
İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi