Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tərk edilmiş və zibilliyə çevrilmiş məzarlar – Kimsəsizlər qəbiristanlığından reportaj


uGünəş Mərdin "Kimsəsizlər qəbiristanlığı"ndan hazırladığı reportajı təqdim edirik.

Buzovnanın “Xrustalnı” qəsəbəsində yerləşən “Kimsəsizlər qəbristanlığı”na getmək üçün taksi sifariş edirəm. Sifarişdə məkanı qeyd etməyimə baxmayaraq, biz yola düşdükdə sürücü təkrar soruşur. Beləcə aramızda kiçik bir dialoq baş tutur :

- Xanım, hara gedirik?

- “Kimsəsizlər qəbiristanlığı”na .

- Üzr istəyirəm, amma məkanın adı mənə maraqlı gəldi. Bir halda ki, bu dünyada hər kəsin bir-biri ilə birbaşa və ya dolayısıyla əlaqəsi var, insan necə kimsəsiz ola bilər?

- Bu haqda fikirləşməmişəm.

- Ziyarətə gedirsiniz?

- Əslində, yox. Düzü, düşünmürəm ki, ora ziyarətə gedən olsun. Adı üstündə, bu adamlar kimsəsizdirlər.

- Məncə, yanılırsınız. Dəfələrlə tanımadığı adamların məzarını ziyarət edib, onların qəbirlərinin ətrafını təmizləyən, onlar üçün dualar edən adamlar görmüşəm.

- Ümid edirəm ki, mən də görəcəm.

Məkana çatanda günəş artıq qürub edirdi. Onun sönməkdə olan şüaları qəbristanlığın giriş qapısından bir neçə addım uzaqlıqda olan mərmərdən hazırlanmış məzar daşlarının bir neçəsinə dəyib səmaya geri qayıdırdı. Göz qamaşdıran bu mənzərə fikrimi dağıdır, eyni zamanda, məni qəbirlərin mərmərlərinə fokuslayırdı.

Çox keçmədən gözümü bu mənzərədən alıb irəli addımlayıram. Bura ümumi qəbiristanlıq olsa da, bir kənarında kimsəsizlər dəfn edildiyi üçün, hamı buranı “kimsəsizlər qəbiristanlığı” kimi tanıyır. “Ölülər arasında da ayrı-seçkilik edirikmi?” sualına veriləcək ən yaxşı cavabdır bura.

Gözətçidən kimsəsiz qəbirlərin yerini xəbər alıram. O, bildirir ki, həmin məzarlar qəbiristanlığın lap qurtaracağındadır. Təşəkkür edib yoluma davam edirəm.

Budur, artıq həmin məzarların yanındayam. Yanındayam deyəndə ki, burada ayaq qoyulan hər yerdə məzar var. Hansısa qəbirin üzərinə ayaq basmamaq üçün də çox ehtiyatlı olmalısan. Hər məzarın yuxarı hissəsinə başdaşı kimi paslı dəmirlər qoyulub və daşların üzərində tabaşirlə onların sıra nömrələri yazılıb. Məsələn, 51, 52, 53 , 89 və s. Yağış bəzi nömrələri yuyub, aparıb.

Bəlkə ziyarətə gələn olar deyə, məzarların arasından kənara çəkilib bir qədər gözləyirəm. Kimsə gözə dəymir. Bu məqamda yadıma Ramiz Rövşənin misraları düşür. (Düzü bura gəldikdə də yol boyu ağlımda olub):

“...Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var”.

Düşünürəm, görəsən, bu məzardakıların ümidi kimədir? Onlar da ziyarətçi gözləyir, yoxsa, artıq kimsəsiz talehləri ilə barışıblar? Bilmirəm... Bu qəbirlərdə uyuyanların cinsiyyətinin belə bəlli olmadığını düşünəndə isə insan bütünlüklə duruxub qalır.

Diqqətimi çəkən məqamlardan biri də qəbirlərin cərgə ilə düzülməməsidir. Qəbiristanlığın girişində gördüyüm qəbirlərin səliqə ilə düzülüşündən burada əsər-əlamət yoxdur. Elə bil bu adamların cansız bədənlərini bir ovuca yığıb atıblar bura. Və hərəsinə də düşdüyü yerdəcə bir daş qoyublar. Buna baxmayaraq, bu məzarlar digərlərindən daha səmimi görünürlər. Dağınıq görüntü onlara bir səmimiyyət qatıb sanki. Biri digərinə arxasını çevirib, digəri o birinə söykənib. Hətta bəziləri elə bil qucaqlaşıblar da. Bu yaxınlaşma nə qədər isti olsa da, ümumi mənzərə soyuqdur: səssiz və kimsəsiz.

Burada qəbirlərin üzərini bir yandan alaq otu basıb, bir yandansa onların baş ucuna qoyulan daşlar və ya dəmir parçaları uçub-tökülüb. Ən dəhşətlisi isə bilirsiniz nədir? Gözdən uzaq olduğunu, heç kimin görmədiyini düşünən adamlar bura çoxlu zibil torbaları atıblar.

Nəticədə ərazidə həmin zibillər, otlara və bu məzarların yeganə göstəricisi olan kiçik baş daşlarına qarışıb, ətrafa səpələniblər. Yaranmış mənzərə adamı çox kədərləndirir. Əlimlə az da olsa, həmin zibillərdən bir qismini kənara çəkib atıram. Elə bilirəm, onlar bundan xoşnut olurlar.


Bir yerdə cəmlənən sahibsiz qəbirlərin aşağı tərəfində qalaqlanmış güllər görürəm. Çox güman ki, onlar köhnəldiyi üçün təmizlik məqsədi ilə digər məzarların üzərindən yığılıb.




Deməli, bir yandan yaxınlıqdakı sakinlər bu əraziyə zibil atır, digər yandan da qəbristanlığın təmizlik işçiləri lazımsız nə varsa, bura yığırlar. Görünən odur ki, burada dəfn olunan adamlar kimsəsizliklə bərabər haqsızlığın da dibini yaşayırlar. Təəssüf...


Sevindirici məqamlar da var. Məsələn, burada təbəqələşmə yoxdur. Bir qəbir digərindən çox bəzədilməyib. Birinin baş daşı digərindən daha sanballı görünmür. Bu məzarlar gözəllik üçün bir-biri ilə yarışmırlar. Hamısı eyni dərəcədə səssiz, kimsəsiz və baxımsızdır.




Burada dəfn olunan adamların keçmişdə kim olduqlarını düşündükdə, istər-istəməz Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsi yada düşür. Bəlkə elə burda uyuyanların arasında Esteban kimi biri də var? Bəlkə elə bayaq bilmədən üzərinə ayaq basdığım məzarda Markesin təsvir etdiyi o möhtəşəm cəsəd kimi bir cəsəd var idi? Ahhh , İlahi, belə olsa, heç cür özümü bağışlaya bilmərəm.

Bura daxil olduqda çox istədim ki, taksidə sürücünün dediyi mənzərə ilə rastlaşım. Tanımadığı adamların məzarını ziyarət edib, onların qəbirlərinin ətrafını təmizləyən, onlar üçün dualar edən adamlar görüm. Təəssüf ki, bir nəfər belə gözümə dəymədi. Sürücü burada olan zibilləri, qəbirlərdəki dağınıqlığı və dərin səssizliyi görsə idi yəqin ki, xəyal qırıqlığı yaşayardı. Məncə, onun bəhs etdiyi qəbirlər bu qəbiristanlığın girişində ön cərgədə duranlar olub. Hansı ki, günəşin şüaları da ən çox onların mərmərlərində əksini tapır, edilən duaları da ən çox onlar eşidir. Kimsəsizlərin məzarlarında isə bu duaların sadəcə zəif pıçıltısı eşidilir və insan buradakı dərin səssizliyi iliklərinə qədər hiss edir.




Biz insanların sosial mühitlə, eləcə də öz zamanında yaşayan insanlarla bağlı olduğunu qəbul edirik. Bu baxımdan “kimsəsiz” anlayışı bizim üçün “tərk edilmiş” kimi başa düşülür. Hər bir halda, tərk edilmə səbəbləri nə olursa olsun, biz bir insan kimi bu adamların ölüsünə hörmət etməyə borcluyuq. Ziyarət etməsək belə, ən azından əlimizdəki zibil torbalarını “Onsuzda kimsə görmür” deyib onların məzarlarının üstünə atmamaqla bu borcu ödəyə bilərik./kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10