Bir az da səyyar kitabxanalar barədə
Ölkə başçısı struktur islahatlarına start verib-bir nazirlik, 3 agentlik, mərkəz-filan ləğv edilib. Daha bir neçə nazirliyin, komitənin birləşəcəyi gözlənilir.
Bu prosesləri izləyərkən nəzərimdə əksər yerlərdə ölü canlar kimi fəaliyyət göstərən mədəniyyət evləri, klublar, kitabxanalar, eləcə də onlara rəhbərlik edənlər düşdü?
Bunları saxlamaq bizə nə verir, yaxud bu qurumları başqa formada necə inkişaf etdirmək olar?
Mən kimi, yaxud kimlərisə bu işlərdə günahlandırmaq istəmirəm? Ay filankəsin savadı filandır, kitabxanası yararsız binadadır, filan-filan... Ortada olan reallıq ondan ibarətdir ki, əksər mədəniyyət evlərini və klubların fəaliyyəti iflic vəziyyətindədir - ya bina yararsızdır, ya kənar məqsədlər üçün istifadə olunur, ya oturacaqları yox, ya qapının qıfılını pas atıb və sair və ilaxır.
Belə bir vəziyyətdə elə bir tamaşada deyildiyi kimi “Biz neyləyə bilərik. Ağabala”.
Bir balaca kadrlardan söz açaq. Kənd yerində ən pis müğənni toyda 2-3 saatlıq çıxışına gör ən az 200 manat alır. İndi bu adam gəlib ayı 150 manata hər hansı klubda, mədəniyyət evində bədi rəhbər, dənək rəhbəri işləyərmi? (Hansı ki, indi yalançı iş stajı pensiya işinə də yaramır)
Təkcə mədəniyyət işçilərinin əmək haqqını artırmaqla iş bitirmi? Ya bütün mədəniyyət evlərin, klubları ya əsaslı təmir, ya sökməklə, ştatları ləğv etməklə, hər şey qaydaya düşərmi? Əlbəttə ki, yox.
İlk baxışda bu sahədə dəyişiklik çox qəribə mənzərələr yaradır.
Bir balaca müqayisələr aparaq.
Hələ sovet dövründə “Aqrarpromlar”-Aqrar İstehsalat Birliyi deyilən təşkilat var idi. Arada bu idarələr elə gücləndi ki, az qala o vaxt rayonlarda ən güclü qurum olan “Raykomlar” kölgədə qalmışdı. Kim nə qədər xiyar, badımcan, taxıl və sair əkməlidir, biçməlidirsə bu qurum sərəncam verirdi. İndi 30 ildən çoxdur ki, bu “aqropromlar” yoxdur, insanlar xiyar, pomidor yemir? Fermalar ləğv edilib, insanlar süd, qatıq içmir?
Gələk mətləb üstünə. Mədəniyyət ocaqlarını nələr əvəz etməlidir? Bunların alternativi varmı?
Yaradıcı insanlara tam müstəqillik verilsə, onlar üçün qrantlar ayrılsa, ardıcıl müsabiqələr, sərgilər təşkil edilsə, qaliblər layiqincə dəyərləndirilsə, mükafatlandırılsa başqa mənzərələr yaranar.
Məsələn.
Hər 6 aydan bir rayonda ən yaxşı musiqi kollektivləri, ən yaxşı ifaçılar, ən yaxşı rəssamlar, heykəltəraşlar... üçün müsabiqələr keçirilsə və kifayət qədər sanballı mükafatlar ayrılsa, qaliblər nəinki pul qazanacaq, həm də MÜSABİQƏ QALİBİ kimi fəxri ada layiq görüləcəklər.
Onsuz da tanınmış müğənnilərin hər birinin öz ansamblları, qrupları və sair var. Yaxud da tanınmış müğənnilərdən kim hansı mədəniyyət evinin üzvüdür ki?
“Səyyar kitabxanalar”
Eyni mənzərə regiondakı, xüsusən kəndlərdəki kitabxanalara da aiddir.
Bəlli olduğu kimi, hər rayonda - istər ərazidə, istər məktəblərdə yüzlərlə kitabxana var. Tək-tük istisnaları çıxmaq şərti ilə əksəriyyətinin fəaliyyəti sıfıra bərabərdir. Həmin kitabxanalara vaxtaşırı yeni kitablar verilsə də, yeni, nisbətən hətta nisbətən müstəqil qəzetləri kitabxanalarda tapmaq müşkül işdir. Kitabxanalarda mətbuat adına əsasən Mədəniyyət nazirliyinin nəşrləri abunə edilir.
Nəzərə alsaq ki, bizlər kitab oxumağa elə də meyilli deyilik, əksər statistik məlumatlarda kitab oxuyanların sayına görə nəinki dünyada, hətta qonşularımızdan geri qalırıq, o vaxt vəziyyətin qəlizliyi də daha da aydın olar.
Bəs vəziyyətdən necə çxmaq olar?
Məncə, yeganə əlac Səyyar Kitabxanalardır. Kitabxanalar tikmək, yaxud təmir etməkdənsə, Xüsusi quraşdırılmış maşınlar təşkil edib, onları məhəllə-məhəllə, kvartal-kvartal gəzdirib əhaliyə kitabxana xidməti mümkündür. Hər rayon 10 ədədə belə maşın verilsə, məncə kifayət edər.
Məlumdur ki, hətta rayon mərkəzindəki kitabxanalara gələn oxucuların sayı orada işləyənlərin sayından çox olmur. Hansı kitabxanaya gedirsənsə, qış aylarında kitabxanaçıların soyuqdan büzüşüb bir küncdə oturduğunu görürsən.
Təsəvvür edin ki, məhəlləyə elan vurulur ki, həftənin filan günü bura səyyar kitabxana gələcək. Kitab oxumaq istəyənlər, misal üçün 5 manat “zaloq” qoyub arzuladığı kitabı götürür. Nəzərdə tutulan vaxtda kitabı qaytarırsa, yeni kitab əldə edir, kitabı gətirmirsə, korlayırsa, həmin 5 manatla vidalaşır. Hələ ən yaxşı oxucu üçün mükafatlar, arabir keçirilən kitab bayramları-filan da təşkil etmək olar. Respublikanın bir sıra yerlərində “Açıq kitabxana” günləri təcrübəsi də var. Ən yaxşı halda rayon mərkəzlərində kafe-çayxana-kitabxanalar təşkil etmək də mümkündür
İndi şəhər mərkəzində və kəndlərin əksəriyyətində onlarla Mərasim evləri və Şadlıq Sarayları tikilib. Elə Masallıda 20-yə yaxını Mərasim Evi, bir o qədər də saray. Onun bir küncüdə kitabxana təşkil edilsə nə olar ki? Molla, yaxud tamada da insafa gəlib, elmin, kitabın əhəmiyyətindən danışıb, digər tərəfdən insanları həvəsləndirər.
Hələ mən elektron kitablardan, şeirlər, hekayələr yazılmış disklərdən, nəşriyyatlarla, kitablarla bağlı saytların təbliğindən və s. danışmıram.
Ola bilsin ki, hansı məqamda sadəlövhlük edirəm. Sizin də təklifləriniz çox dəyərlidir.
Zahir Əmənov