Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda 30 min manata qəbir yeri satılır - Pul kimin cibinə gedir? - APA TV



Bu gün əsas anlaşılmazlıqlardan biri də qəbiristanlıqla bağlıdır desək yəqin ki, yanılmarıq. Ölkədə hamı bilir ki, qəbir yerləri pulla satılır. Bu qəribə bazarda qiymətlərin təyin edilməsindən, pulların hara getməsindən tutmuş qəbir daşlarının ölçülərinə, qəbiristanlıqların səliqə sahmana salınmasına qədər bir özbaşınalıq mövcuddur. Bəs bu qədər özbaşınalıq və qeyri müəyyənlik nəylə bağlıdır. Bu qara bazarın arxasında kimlər dayanır.


İlk getdiyimiz yer Yasamal qəbiristanlıq oldu. Nə müdiriyyətdən, nə də qəbiristanlıq işçilərindən heç kəs açıqlama vermədi. Kameraya danışmaq istəməsə də, sakinlərdən bir neçəsi burada qəbir yerlərinin 10000 manatdan 30000 manata qədər dəyişdiyini bildirdilər. Onların sözlərinə görə, qiymətlər məzarın yola nə dərəcədə yaxın olması, dikdə, yoxsa çökəkdə yerləşməsinə görə dəyişir.


Keşlə qəbiristanlığında isə bir qəbir yeri 5000-6000 manat arasında dəyişir. Qəbiristanlıq işçiləri müdiriyyətin icazəsi olmadan danışmağın qeyri-mümkün olduğunu söylədilər.


Təxminən eyni vəziyyətlə Günəşli qəbiristanlığında da qarşılaşdıq. İşçilərdən heç kəs danışmaq istəmədi. Sadəcə onu öyrənə bildik ki, burda qəbir yerləri 4000-5000 manat arasında dəyişir.


Bakıətrafı kəndlərdəki vəziyyəti öyrənmək üçün Bilgəh qəbiristanlığında da olduq. Digər qəbiristanlıqlardan fərqli olaraq, burda müdiriyyəti yerində tapdıq. Bilgəh qəbiristanlığının müdiri Adil Mirzəyev iddia elədi ki, bu məzarlıqda qəbir yeri pulsuzdur: “Bir qəbir yeri burda hal-hazırda 200 manata başa gəlir. Yəni qəbirin qazılmağı, tikilməyi, mərhumun orda basdırılmağı 200 manata başa gəlir. Əgər bir adamın rəhmətə gedəni varsa, biz özümüz o adamın yanında bir nəfərlik yer veririk ki, gələcəkdə onun yoldaşı var, ya oğlu var, ya bir adamı var. Bu bineyi qədimdən belədir. Buna hökumət də icazə verir ki, bir qəbirin yanında bir nəfərlik də əlavə yer pulsuzdur.


Sadəcə burda pul qəbir qazdırmağa gedir?


Ancaq qəbir daşı, nöşün ki, bunun kubik daşı var, onun tavası var, fəhlənin zəhmət haqqı var, sementi var. Təxmini 200 manat”.


Daha sonra sexlərin birindən qəbirüstü abidələrin qiymətini də öyrəndik.


Sex müdiri Anar Qafarov bildirdi ki, qəbirüstü abidələr hər qiymətə var:


“Baxır istehsalın növünə, rənglərin növünə. Qiymətlər dəyişir.


Ən ucuzu neçəyədir?


Ən ucuzu yerli maldır. 400-500 manatdan başlayır. Üzü yuxarı gedir.


Bahası neçəyə çıxır?


Bahası 3 minə də var, 4 minə də var, 5 minə də var. Hər qiymətə var.


Mərmər olur?

Bəli, qranit olur. O uje yerli istehsal deyil də. Ukrayna daşı var, Hindistan daşı var. Avropa daşı var, Türkiyə daşı var. İran daşı var.


Bir neçə ay öncəylə müqayisədə, nə qədər artım var qiymətlərdə?


Ukrayna daşında qiymət artımı var. Müharibə ilə əlaqədar olaraq. Ukraynada daşında qiymətlər qalxıb, fərq eləyir. Köhnə qiymətini nəzərə alanda 600-700 manat qalxıb”.


Millət Vəkili Fazil Mustafa APA TV-yə bildirib ki, qəbiristanlıqlarla bağlı məsələ heç bir qanunla tənzimlənmir. Qanunla qəbiristanlıqların bələdiyyələrə verilməsi nəzərdə tutulurdu. Onların da pulu olmadığı üçün bunu nəzarətə götürə bilməyiblər: “Ona görə də burda da bir boşluq var, özbaşınalıqdır. Müəyyən bir şəkildə qiymətləri artıq ayrı-ayrı şəxslər qeyri rəsmi şəkildə müəyyən edirlər və satırlar. Ayrı-ayrı insanlar da ağır vəziyyətdə olduğuna görə bununla hesablaşmalı olurlar. Ona görə də burda qayda qanun yaratmaq mümkün olmadı. Çünki mənfəətlər varsa, onlar artıq qanundan önə keçməyə başlayırlar. Məsələnin çətinliyi burasındadır. O baxımdan indi qəbiristanlarda hansısa bir ritualların yerinə yetirilməsi qaydaları da adət ənənə üzrə keçirilir. Hansısa bir qurum buna xüsusi nəzarət eləmir”.


Qanun layihəsinə gəlincə, millət vəkili bildirib ki, bununla bağlı müəyyən fikirlər bildirilsə də müzakirəyə çıxarılmadı. Layihədə nümunəvi qəbiristanlıqların salınması və digər məsələlər nəzərdə tutulurdu. Lakin bütün bunların heç biri öz həllini tapmayıb: “Qanunla bağlı da hələ bir yenilik yoxdur. Bu istiqamətdə müsbətə doğru irəliyə bir addım atılacağı da gözlənilmir. Elə belə xaos formasında qalacaq. Kim harada necə istəyir qəbir yerlərini, qəbir daşlarını satacaq. Vətəndaşlar da bundan əziyyət çəkəcəklər. Həm də orda nizam intizam yaradılmadı, səliqəlilik yaradılmadı. Bunlar hamısı ciddi məsələlərdir. Kaş ki, bütün bunları vaxtında tənzimləmək mümkün olsaydı. İnsanların xeyli dərəcədə sıxıntıdan azad olunması mümkün görünəcəkdi. İndiki şərtlərdə konkret tabeçiliyi hələ də həll edə bilməmişik”.


Məlumat üçün onu da bildirək ki, mövzumuzla bağlı 3 gün boyunca İcra Hakimiyyətlərindən və Bələdiyyələrdən münasibət öyrənməyə çalışsaq da, heç birindən cavab ala bilmədik. Odur ki, mövzuya yenidən qayıdacağıq./apa






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10