Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı” – Masallının ilk ictimai-siyasi qəzetinin bu gün 30 yaşı tamam olur


Zahir Əmənovun ilk  redaktoru və yaradıcısı olduğu qəzetin sonrakı rəhbərləri kim oldu?

Masallının mətbuat tarixi 90 ildən çox deyil. Belə ki, sovet hökumətinə qədər, daha doğrusu,   1930-cı ilə qədər, (1921-ci ildə çıxan Qubanın “Əxbar” (hazırda “Şəfəq” qəzeti istisna olmaqla) demək olar ki, əyalətlərdə qəzetlər olmayıb.

Bəlli olduğu kimi,  1840-ci ildə çar hökuməti tərəfindən yaradılmış

 idarəçilik - Quberniyalar daxilində  sovet hökuməti qurulandan sonra da, 1930-cu ilə kimi, qəzaların bazasında rayonlar təşkil olunana qədər  Azərbaycanda davam etmişdir.

Lənkəran Qəzasının Dəştvənd və Uluf (bir hissəsi) mahallarının əsasında 1930-cu ildə indiki Masallı rayonu təşkil edilib. Və bundan sonra rayonlarda qəzetlər yaranmağa başlayıb. Eləcə də Masallıda 1932-ci ildə rayon qəzeti kimi “Yeni həyat” qəzeti nəşrə başlamışdır. Sonralar bu qəzet “Çağırış”, “Yeni qəzet” adlansa da, 2002- ci ildən  yenidən ilkin adı – “Yeni həyat” adı  ilə çıxmağa başlayıb. El arasında “Hökumət qəzeti” adlanan bu qəzetlər o vaxtkı Rayon Partiya Komitələrinin,  sonralar İcra Hakimiyyəti Aparatlarının  təmsilçisi kimi fəaliyyət göstərib.  Hazırkı MEDİA haqqında yeni Qanununa uyğun olaraq yerli icra hakimiyyəti qurumları qəzet təsisçisi ola bilməz. Yəni, faktiki olaraq rayon icra hakimiyyətlərinin qəzetləri fəaliyyətlərini dayandırıb. 

    Masallıda “hökumət” qəzeti olmayan, el dilində “samizdat”, qeydiyyatdan keçmədən fəaliyyət göstərən ilk müstəqil qəzet “Honi” (talış dilində “Bulaq” deməkdir) olub. “Honi” 1989-cu ildə Bədəlan kəndində nəşrə başlamışdır. Talış dilində olan qəzetin cəmi 4 sayı işıq üzü görmüşdür.

Həmin illərdə Masallıda daha bir qəzet – Məmməd Kazımın rəhbərliyi ilə “Qala” qəzeti çap olunub. “Qala” qəzetinin redaksiyası Masallıda olsa da, bu qəzet əslində ölkə miqyaslı qəzet idi. İctimai-siyasi yox, ədəbi- bədii qəzet kimi fəaliyyət göstərən “Qala” əsasən Azərbaycanın bölgələrində fəaliyyət göstərən yazarların yaradıcılığını   işıqlandırmışdır.

Nəhayət, 1992-ci ildə, oktyabrın 29-da Masallıda “Masallı” adlı ilk ictimai-siyasi qəzet işıq üzü görmüşdür.

Həmin vaxt rayonda  qeyri-rəsmi fəaliyyət göstərən Demokratik Qüvvələr Qurumunun təmsilçisi kimi yaradılan  bu qəzet, necə deyərlər, qanun çərçivəsində heç bir sərhəd tanınmamış, yerli hakimiyyətin və onun digər strukturlarının neqativ hərəkətləri çox kəskin və Mirzə Cəlilin dili ilə desək, “keçəl-küçəl” qardaşlarının “dilində”, olduqca maraqlı bir dillə sakinlərə təqdim olunmuşdur.

Qəzetin ilk redaktoru Zahir Əmənov bu qəzetin yaradılmasında müstəsna xidmətləri olmuşdur. 4 min tirajla çıxan qəzetin  ilk 9 sayları da Zahir Əmənovun redaktorluğu  ilə işıq üzü görmüşdür.

Bir qədər geriyə qayıdaraq deyim ki, həmin qeyri - rəsmi Demokratik Qüvvələr Qurumunda rayonun ən dəyərli, mübariz və fəal şəxsləri - Zakir Abuşov, Mehman Əliyev, Ağadədə Quliyev, Məmmədağa Eynullayev, İslam Xalıqov,  Məmmədhüseyn Şükürlü, Rafiq Rəsulov, Çingiz Həşimov, Ramiz İslam oğlu, Vaqif Şükürov, Hekayət Nəzərov və başqaları birləşmişdi.

1993-cü ilin aprelindən isə  daha müstəqil fəaliyyət göstərmək üçün Zahir Əmənov qəzetin redaktorluğundan gedib özünün təsisçisi və redaktoru olduğu “Masallı xəbərləri” qəzetini yaratmış, 1993-2002-ci  illərdə qəzetin 20-dən artıq nüsxəsi işıq izi görmüşdür.   2002-ci ilin sonlarında isə  həmin qəzetin bazasında regional “Cənub xəbərləri” qəzetini yaratdıldı.  Zahir Əmənovun rəhbərliyi ilə “Cənub xəbərləri”  qəzeti fəaliyyət göstərdiyi 15 il (2002-2017) ərzində nəinki regionun, ölkənin ən qabaqcıl, ən obyektiv, ən cəsarətli əyalət qəzetinə çevrilmişdir. Qəzetin əlavəsi kimi “Xudayar İmamyarov”, “Viləş”, “Masallı səhiyyəsi”, ölkənin ilk kənd (indi qəsəbə) “Ərkivan” və sair qəzetlər, bülletenlər çap olunmuşdur.

Daha sonra qəzet fəaliyyətini dayandıraraq cenub.az, masallıda.az, arkivan.az, cənub-xəbər tv internet resursları ilə fəaliyyətini davam  etdirmiş və etdirməkdədir.

Bəs Zahir Əmənov “Masallı” qəzetindən ayrılandan sonra qəzetə kimlər rəhbərlik edib?  

1993-cü ildə Zahir Əmənov “Masallı” qəzetinin redaktorluğunu tərk edib “Masallı xəbərləri” qəzetini təsis etdikdən bir necə ay sonra  “Masallı” qəzetinə  dəyərli  müəllim və şair Məmmədhüseyn Şükürlü  rəhbərlik edib. “Masallı” qəzetinin 3-cü və sonuncu redaktoru isə yazıçı-jurnalist Nurəddin Ədiloğlu olub. Həmin qəzet hazırda çıxmır.

“Masallı” qəzeti nədən yazırdı?

 Bu qəzet qaranlıqdan işığa doğru bir yol olub.  indi   qəzet buraxmağın su içmək kimi asan olduğu məqamı  həmin vaxtları   müqayisə  etdikdə,  icra başçısının,  polis rəisinin, prokurorun və digər yuxarı çinli məmurların tənqid edilməsi  camaata möcüzə kimi görünürdü.  Bu gün bəlkə də ən asan iş icra başçısını tənqid etmək olduğu vaxtda,  həmin vaxtlar Zahir Əmənovun rəhbərliyi ilə çıxan qəzet icra başçılarının pis yuxusuna çevrilmişdi.

4 min   tirajla Bakıda çap olunan bu qəzetin ilk saylarının rayona gətirilməsi ilə satışı heç 1 saat çəkmirdi.

Bu qəzetin fəaliyyətinə müxtəlif vaxtlarda  kölgə salmaq istəyənlər olsa da, 30 yaşlı “Masallı” qəzetinin çapı rayonda və bölgədə bir hadisə idi.

Təzyiqləri, şantajları, məhkəmələri... sadalasaq, böyük siyahı alınar.

“Masallı” qəzetinin “Hacıleylək Masallıda” rubrikası çoxlarının böyük  həvəslə izlədiyi yazılar idi. Bura çoxlu kəskin replikaları, karikaturaları   da  əlavə etsək, mənzərə bir qədər də aydınlaşar.

Elə qəzetin birinci sayında  “Şəbeh xan biçin biçir, heç “tayası” bilnmir”, “Biz desək, qan düşər” və sair yazılar olduqca maraqla qarşılandı. Qəzetin ilk müsahibi Masallı İH Başçisinin o vaxt ki üzrə nümayəndəsi Şirəli Əhədov oldu. 

Qəzetin sonrakı saylarında “Bir aşıq üçün qıfılbənd”,  “Masallı hansı idmançıları ilə öyünür?”, “Prezident aparatından gəlmişdilər”, “Üşüdüm, ay üşüdüm...”,  “Müxalifətçilərin iştirakı ilə konsert”, “Allah fərəc versin”, ”Bəlkə açaq sandığı?”,  “Şah Qanun deyil, Qanun Şahdır”,  “İcra başçısı qanunun yanından keçir”,  “Köhnə məhəbbətlər qara geyəndə”, ”Keçmiş büro üzvləri, haradasınız?”,  “Hay salırıq oyanmır”, ”Ağdam hərbi xəstəxanasında”, “Viləşçay” dəryaçası – qiymətli xəzinə, ya göz dağı”, “Belə sessiyanın nəyindən küsüm?”. “Yurdumuza bahar gəlib, Masallıda isə payızdır”, “Keçmiş müdirlərin “canlı” sərgisi”,  “Masallıda, Kürəbənddə, işlər yaman düşüb bəndə”, “Qazın canı harada çıxır?”, “Təsərrüfatlarımız ağlar gündədir”, “Dünənin “raket oğrusu” bu gün komandirdir”, “Talış lətifələri” və sair yazılar hələ də çoxlarının yaddaşındadır.

Həmin vaxt qəzetlə əməkdaşlıq edən həkim Mehman Əliyev, Məmmədhüseyn Şükürlü, İsrail Tağıyev, Nurəddin Ədiloğlu, Zabil Nemətov, Yasər Əliyev və başqalarının yazıları qəzeti daha da oxunaqlı edirdi. Qəzetin hər sayında Zahir Əmənovun “Hacıleylək Masallıda” silsiləsində  yazıları və onun təqdim etdiyi mövzular əsasında Mətləb Peronun və Tapdıq Həşimovun çəkdiyi karikaturalar isə “Masallı”nı daha da “şirinləşdirirdi”. Daha sonra bu satirik yazılar silsilə, 300-ə yaxın sayı olan, hamının heyranlıqla oxuduğu, hələ də unudulmayan  “Çəpərüstü söhbətlər” yazıları ilə davam etdi

Xatırladaq ki, qəzetin həmin illər üçün nüsxələri M. F. Axundov  adına kitabxananın və redaksiyanının arxivində saxlanılır.

İldırım Şükrzadə, tarixçi-tədqiqatçı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Redaktə Zahir Əmənova məxsusdur






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10