Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Yaralıları yerə uzadıb, üstlərindən tankla keçdilər…” – İTKİNLƏR – VÜSALƏ MƏMMƏDOVA YAZIR


“Dedilər, Ələddin tankla bir yerdə yanıb”

 “İtkinlər” layihəsində Hüseynov Ələddin Əbil oğlunu yad edirik. Onu anası Asya Hüseynova ilə qardaşı Vələddin Hüseynov xatırlayır:

Ələddinin böyük qardaşı Vələddin Hüseynov

– Qardaşımın sənədlərində doğum tarixi 1968-ci il, may ayının 28-i yazılıb deyə elə sevinirdi ki, Respublika Günündə anadan olmuşam.

Ələddinin anası Asya Hüseynova

– Ancaq əslində elə deyil. Ələddin sentyabrın 28-də dünyaya gəlib. Biz Bakıda yaşayırdıq. Anam dedi uşaq doğulana yaxın gəl Qafana, gözüm üstündə olsun. Beləcə, Ələddin Qafanda dünyaya gəldi. Anam da sənədləri götürməyə gedəndə deyib ki, “ayın 28-də olub”. Orada “ayın” sözünü “mayın” kimi başa düşüb, belə də yazıblar… Ələddindən əvvəl də bir oğlum, bir qızım var idi, ondan sonra da bir qızım, sonra yenə bir oğlum dünyaya gəldi. Üç oğul, üçü də Qarabağda döyüşdü. Bir də qızımın həyat yoldaşı. Onun da iki körpə balası var idi…

– Ümumiyyətlə, ailəmiz çox vətənpərvərdir. Tərbiyəmizdə, düşüncəmizdə atamın atası Mehdi babamın rolu böyük olub. Babam 120 il ömür yaşadı. 1852-ci ildə anadan olmuşdu, 1973-cü ildə vəfat etdi. İki dünya müharibəsi görmüşdü, Qaçaq Nəbini tanıyırdı… Sovet İttifaqını isə görməyə gözü yox idi…

– Uşaqlarım türkçüdür. Rəhmətlik ataları da elə idi. Səmimi deyirəm, mən vətəni sevməyi həyat yoldaşımdan öyrəndim. Millət nədir, ondan öyrəndim…

– Hələ 70-ci illərdə biz Qafana gedəndə atam sərhədi bizə göstərib deyirdi ki, tikanlı məftillərin o üzü də Azərbaycandır. Ələddinlə məəttəl qalırdıq ki, Arazın o üzü də, bu üzü də necə Azərbaycan ola bilər? Sonra görürdük ki, bu tərəfdən bir nəfər, o üzdən də bir nəfər qışqıraraq bir biri ilə azərbaycanca söhbət edirlər. Biz Ələddinlə azərbaycançılığı onda başa düşdük…

– Ələddinin ən böyük arzusu bütöv Azərbaycan idi! Çox gözəl heykəltəraşlıq, rəssamlıq bacarığı var idi. Hələ 85-87-ci illərdə arzulayırdı ki, Kirovun heykəlinin yerində Babəkin heykəlini ucaltsın. Günəşlidə isə Koroğlunun… əlində də böyük qılınc…

– Ədəbiyyatı, şeri çox sevirdi. Dünya Ədəbiyyatının 100 cildliyinə abunə olmuşdu. O müəlliflərin hamısının heykəlini hazırlamağı düşünürdü. Əvvəlcə Homerdən başlamışdı, davam etmək qismət olmadı…

– Homerin kiçik büstü övladımın ilk əl işi idi… Bu günə qədər də qoruyub saxlayıram. Balkonun qapısı üzərində mükəmməl bir rəsm çəkmişdi. Əslində, o şəkil kitabda çox balaca idi, onu böyüdüb çəkmişdi. Ana, uşağın biri qucağında, biri də ayağında… Ancaq qızın üzünü kitabdakı kimi çəkməmişdi… Sevdiyi qızın üzü idi, bir sinifdə oxuduğu qızın…

– Açığını deyim, Ələddin bizim içimizin ən ağıllısı idi. Ən az danışan, ən çox bilən, ən müdrik. Həm də çox yaraşıqlı… Mən tarixçiyəm, ancaq vallah, Ələddin tarixi məndən də yaxşı bilirdi. Ədəbiyyatı sevirdi. O vaxtlar “Vətən” Cəmiyyətinə çox gedib-gəlirdi. Ramiz Rövşən ilə Məmməd Araz qardaşımın ən sevdiyi şairlər idi. 

– Yazıçı Fəxri Uğurlu ilə eyni sinifdə oxuyurdular, yaxın dost idilər…

– Fəxri ilə qardaş kimi idilər, heç bizimlə o qədər yaxın deyildi. Rəhmətlik Ağa Laçınlı həmişə deyirdi ki, mən Ələddinə çox borcluyam, çünki o, Fəxriyə müsbət təsir edir.

– Məktəbi qurtarandan sonra hərbi xidmətini Ukraynada çəkdi, tankçı idi. Qayıdandan sonra dəmir yollarında işləyirdi, rəssamlıqda da oxumaq istəyirdi. Ancaq qismət olmadı…


– Kiçik qardaşım həqiqi hərbi xidmətdə idi, Füzulidə döyüşürdü. Mən isə tarix müəllimi idim, kirayədə yaşayırdıq. Oğlum Turalın hələ bir yaşı olmamışdı, qızımız dünyaya gələcəkdi. 1992-ci ilin yayı yeni başlamışdı, televizorda müharibədə dörd oğlu öldürülən ananı göstərdilər. Adı yadımda dəqiq qalmayıb, ya Gültəkin, ya da Gülçöhrə idi. Qadın silah götürüb döyüşürdü… Düşündüm ki, mən kişiyəm, niyə evdə oturmalıyam? Müəllim olaraq sabah uşaqların qarşısında nə danışacağam? Elə oradan da durub getdim hərbi komissarlığa. İyunun 12-si idi, oradan evə zəng etdim ki, cəbhəyə gedirəm… Dərslər başlayana qədər 708-ci hərbi hissədə döyüşdüm. Ağdamda idik, Naxçıvanik, Aranzəmin, Pircamal, Papravənd, Canyataq, Gülyataq istiqamətlərində çox ağır döyüşlər gedirdi…


– Həmin günlərdə də atası Ələddinə deyirdi ki, qardaşların döyüşür, sən niyə evdəsən? O da cavab verirdi ki, dövlət nə vaxt çağırsa, gedəcəyəm. Hələ ki, çağırmır. 1992-ci ilin noyabr ayında hərbi komissarlıqdan çağırış vərəqəsi gəldi və getdi…


– Vaqif Cabbarovun Laçının Güləbirddəki batalyonunda tankçı idi. Bibioğlu Qubadlıda artilleriya komandiri idi, Ələddini yanına gətirmək istəyirdi. Bütün sənədlərini hazırladı, ancaq Ələddin dedi mən burada qalıram. Burada 4 erməni tankı ilə 4 Azərbaycan tankını söküb, bir yerə yığıb, 8 tank eləmişəm. Düzəltdiyim tankların komandiri özüməm, heç yerə getmirəm. Ona görə də elə oldu ki, adı bibioğlunun yanında getdi, özü isə Vaqifin dəstəsində…




– Yayda məzuniyyətə gəlmişdi. Özü ilə bir dəftərçə də gətirmişdi, içində yoldaşlarının ev ünvanları, telefon nömrələri… Həm də xatirələrini yazırdı… Elə çox danışan uşaq deyildi, ancaq gələndə məndən plov istəmişdi… Plovu çox sevirdi…


– Onda soruşdum ki, Əli, heç erməni öldürmüsən? Dedi yox… Təəccübləndim, qayıtdı ki, sən öldürmüsən? Dedim, əlbəttə! Döyüşdə o qədər olub ki… Sözümü kəsdi ki, imkan olub, ancaq atəş atmamışam. Çox inanclı idi, dedi, mən insan öldürə bilmərəm, onu da Allah yaradıb…


– Mənim oğlum belə insan idi… Elə oğulun başına nə gəldi, bir Allah bilir…


– 1993-cü il sentyabrın 23-ü idi. Xərçəngdən vəfat edən xalam qızının qırx mərasimindən gəldim, evdə dedilər dostum rəhmətə gedib. Getdim dəfnə… Çox hüznlü qayıtdım və evə çatar-çatmaz bibim qızının yoldaşı gəldi ki, Ələddindən nə xəbər? Heç bir xəbər yoxdur dedik, başladı ağlamağa… “Ələddin tankla bir yerdə yanıb” dedi…

– Sən demə, baldızım oğlu bizdən gizlədib, yeznəsinə deyib, o da durub gəlib bizə…


– Xəbəri alan kimi dərhal atamla yola düşdük. Məlum oldu ki, hadisə Qubadlı işğal olunan günü, avqustun 31-də baş verib. Həm də oğlum Turalın ad günündə…


– O vaxtdan nəvəmin ad gününü qeyd etmirik.


– Ələddingil tankda üç nəfər olublar. Qubadlının Bala Soltanlı kəndində üzərində Azərbaycan bayrağı olan bir tankın gəldiyini görüb, ona tərəf gediblər. Sən demə, erməni tankı imiş. Döyüşçü yoldaşlarının dediyinə görə, maşinist düşüb meşəyə qaçıb, Ələddinlə o biri əsgəri isə əsir götürüblər. Dedilər ki, yaxınlaşmaq mümkün deyildi, biz uzaqdan binoklla baxırdıq. Əsirlərin başının tanka döyüldüyünü, silahın boğazlarına dayandığını görüblər…


– Bacım uşaqlarının Qafanda dost-tanışı çox idi, əlaqə yaratmağa çalışdılar. Ümid etdik ki, bəlkə əsirlərin arasında axtarıb taparlar… Heç bir xəbər almadıq.


– Atamla dəfələrlə Qırmızı Xaça getdik. Əsirlikdə olduğu rəsmi təsdiqini tapmadı. Bilirsiniz, ermənilər çox amansız idi, əsgərləri sağ saxlayacaqlarına inanmıram. Açığı, işğaldan azad olunan ərazilərdə kütləvi məzarlıqlar tapıldıqca, nəhayət, bizə də bir xəbər veriləcəyini gözləyirəm. Ancaq həmişə də içimdən bir səs deyir ki, bəlkə gəldi…


– Yox, oğul, gözləmə… Mən onun yuxusunu görmüşdüm. Hələ xəbəri gəlməzdən əvvəl yuxuda gördüm tikanlı bir yerə girib. Tikanlar da çox böyük, qara, yoğun… Oğluma batır… Deyirəm, bala, sən ora niyə getdin, bəs o tikanları görmürsən? Onun içinə adam girər? Bir də gördüm yatmışam, o da əsgər paltarında yanımda yatıb, oyanmırdı, möhkəm yatmışdı… Ancaq o qədər böyük idi ki… İnsanı yuxuda çox böyük görmək yaxşıya əlamət deyil… Bilirsiniz, bir dəfə ANS kanalında göstərdilər… Düzəngah yer idi, ermənilər bizim yaralı əsgərləri yerə uzadıb, üstlərindən tank sürdülər. Yaralılardan biri də mənim övladıma oxşayırdı. Mən bunu efirdə gözlərimlə görmüşəm. Həmin günü çox pis hala düşdüm…


– Müharibədə düşmənə belə atəş açmağa əli gəlməyən bir insanın başına gələnlərə baxın…


– O qədər həssas, diqqətli insan idi ki… Görəndə ki, mən bir az xəstələnmişəm, elə gözəl ev yığışdırardı… Heç qadında elə səliqə yox idi. Hər yeri gülə döndərərdi ki, anam xəstədir…


– İkimiz də işləyirdik, mən maaşı özümə xərcləyirdim, o isə gətirib anama verirdi ki, nə istəyirsən, al…


– Mən də anayam axı, onun üçün yığırdım. Toy tədarükü görürdüm. Zinət əşyaları da almışdım. Ələddinin adına aldığım hər şeyi indiyə qədər saxlayıram. Gəlinə aldığım hədiyyələri də, Ələddinin bir kostyumu ilə köynəyini də… Son günümə qədər də saxlayacağam…


Vüsalə Məmmədova /pressklub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10