Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Almasdır, zümrüddür, dürdür Lənkəran”- bəs bu zibil poliqonu nə demək?


“Onlar burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, onların qarşısında ağır şərtlər qoyublar. Onlar bir də buraya gəlmədilər!”

Lənkəran şəhərinin zibil poliqonu köhnə Bakı-Astara yolunun yaxınlığında, rayonun Göyşaban kəndinin ərazisində yerləşir. Ərazisi 5 hektardan çoxdur. Yerli sakinlərin dediklərinə görə, 40 ildən çoxdur ki, şəhərin və ətraf kəndlərin məişət tullantıları buraya gətirilir. Poliqon tullantılarla qalaqlanıb. Zibillik ərazisi  3-4 yerdə yanır,  tüstü  ətrafa yayılır. 

Biz burada xeyli mala-qara gördük, donuzlar isə zibillikdə eşələnirdilər. Zibillyin hasarı yoxdur, hər tərəfi açıqdır. Zibilliyi digər yerlərdən kanallar ayırır. Buralar cəhənnəmi xatırladır. Yaxınlıqda gözətçi otağı diqqəti cəlb edir. Gözətçi isə suallarımıza cavab vermək istəmədi. Aydınlaşdrdıq ki, bura Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin nəzarətindədir. 

Göyşaban kənd sakini Füzuli  Məmmədov deyir ki, zibil poliqonu xəstəlik mənbəyinə çevrilib:

“Oradan gələn zəhərli tüstüdən evdə qala bilmirik. Xüsusən, axşamçağılar. Biabırçılıqdır. Həmişə belədir. Dəfələrlə müraciət etmişik. Dəfələrlə gəlib baxış keçiriblər. Tüstünün altındayıq. Üfunət qoxusu da bir tərəfdən. Ölmüş itlər,mal cəmdəkləri, nə istəsən, orda tapmaq olar. Şəhərin yaxınlığında yerləşir. Belə biabırçılıq olar? Başqa yer versinlər, köçək burdan.”

Kəndin digər sakini Qəşəng Əkbərova isə deyir ki, illər keçir, problem həllini tapmır:

“Kəndimizdə  xəstələr var. Onlar kənara çıxa bilmir, tütstünün əlindən də həyətə düşmək mümkünsüzdür. Həytlərdə uşaqlar var, hərəsi də bir cür xəstə. Təmiz hava yoxdur. Avtobusla bazara gələndə pəncərəni bağlayırıq ki, tüstü içəriyə girməsin. Bir çarə qılsınlar”.

Adının çəkilməsini istəməyən bir Lənkəran ziyalısının sözlərinə görə, problem dəfələrlə müzakirə olunub:

“İcra hakimiyətinin bir tədbirində oldum. Bu məsələ müzakirə olunurdu. Poliqon dolub. Yeri dəyişilməlidir. Dedyildi ki, investisiya proqramı var, zavodun (zibil emal edən) tikilməsi orda nəzərdə tutulub. Doğurdan da orda ekoloji vəziyyət yaxşı deyil. Söhbət ondan gedir ki, müasir tələblərə cavab verən yeni zibil poliqonunun tikintisi böyük vəsait tələb edir. Lənkəran şəhərinin 50 min əhalisi var. Ətraf kəndlərlə birlikdə əhalinin sayı 60 min nəfərə çatır. Əhali artır. Söhbət ondan gedir ki, bu zibillik yaşayış evlərilə əhatə olunub. İntensiv hərəkət olan asfalt yolun kənarındadır. Buradan yüksək vəzifəli adamlar keçir. Bizim üçün utancverici haldır”.

Lənkəran Şəhər Mənzil İstismar və Kommonal Müəssisələri İdarəsinin müdiri Emin Şahzadənin dediyinə görə, bu sahəyə  investisiya qoyulandan sonra məsələ həllini tapacaq.

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov sözügedən məsələ ilə bağlı mətbuata bildirmişdi ki, ərazidə məişət tullantılarını utilizasiya etməkdən ötrü regional zavodun tikilməsi məsələsi investisiya proqramına salınıb. Burda 10 min kub metr məişət tullantıları utilizasiya ediləcək.

Göyşaban kənd sakini Füzuli Məmmədov deyilənlərə inanmır. Onun bildirdiyinə görə, hər dəfə belə vədlər verirlər, amma problem yerində qalır.

Zibil poliqonuna yaxın ərazidə yaşayan, adının çəkilməsini istəməyən bir sakinin dediyinə görə, bununla bağlı Yapon mütəxəssisləri ərazidə olublar:

“Onlar burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, onların qarşısında ağır şərtlər qoyublar. Onlar bir də buraya gəlmədilər. Lənkəran şəhərinin iki böyük problemi var. Kanalizasiya yoxdur, zibl paliqonu da dolub daşır. 30 ildə bu iki problemlə bağlı dəfələrlə müzakirə gedib. Amma problemin həllindən ötrü əllərini ağdan-qaraya vurmayıblar”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10